04.10.2019, 14:02 - Baxış sayı: 1087

Dialoq mədəniyyəti və kommunikasiya müasir inkişafın hərəkətverici qüvvəsi kimi


Şölət ZEYNALOV
AMEA Fəlsəfə İnstitutu, böyük e. i., fəlsəfə f.d.

Məqalə dialoq mədəniyyətinin formalaşması, kommumikasiya, elmi-texniki tərəqqi, insan inkişafı və s. kimi həyati əhəmiyyətli problemlərin nəzəri tədqiqinə həsr edilmişdir. Müəllifin qənaətinə görə, istər humanitar, istər ictimai-siyasi və s. münasibətlər kontekstində dialoq mədəniyyətinin formalaşması müasir inkişafın, insan inkişafının, mədəniyyətlərarası, dinlərarası, sivilizasiyalararası əlaqə və münasibətlərin əsas hərəkətverici qüvvəsi kimi çıxış edir. Müəllifə görə, dialoq mədəniyyətinin formalaşması epoxanın qlobal zərurətindən əmələ gələn məntiqi prosesdir, ondan imtina müasir dünyaya, sivilizasiyaya problemlər gətirə bilər və gətirməkdədir.
Məqalədə qeyd olunur ki, dialoq mədəniyyəti yüksək təfəkkür, yüksək humanizm, siyasətdə praqmatik və rasional strategiya, yüksək ruh tələb edir ki, bu da hazırda bilavasitə Azərbyacan Respublikasının ən yüksək səviyyədə həyata keçirdiyi dövlət siyasətinin strategiyasını təşkil edir.
Məqsəd: dialoq fəlsəfəsi və dialoq mədəniyyətinin müasir inkişaf və problemlər kontekstində insan, mədəniyyət, sivilizasiya və cəmiyyət həyatında fəlsəfi əhəmiyyətini göstərmək;
Metodologiya: müqayisəli təhlil, elmi metod, tarixi və analiz metodları.
Elmi yenilik: dialoq fəlsəfəsi və dialoq mədəniyyətinin müasir inkişaf və problemlər kontekstində “terapevtik” əhəmiyyətini göstərmək.
Acar sözlər: dialoq, dialoq mədəniyyəti, insan, kommunikasiya, elm, inkişaf.

Giriş
Nəzəri fikirdə “İnsan problemi” ilə məşğul olan filosofların əksəriyyəti öz əsərlərində bildirirlər ki, müasir insan “böhran epoxasına” daxil olmuşdur. Problem o qədər geniş və dərindir ki, hətta filosoflarla bərabər hər bir tədqiqatçı, mütəxəssis mədəniyyətlərin, sivilizasiyaların, bir sözlə, bəşəriyyətin mövcud “böhranından” bəhs edərkən bu problemi ən müxtəlif şəkildə təfsir etməkdədirlər. Lakin məsələ ondadır ki, həm keçmişdə, həm də bu gün problemdən nəzəri kontekstdə bəhs olunması ciddi şəkildə “dəbdə” olsa da, müşahidələr göstərir ki, müasir münasibətlər sistemində ziddiyyətlər azalmır, əksinə, daha da inkişaf edərək həyatın bütün sahələrində öz mənfi tendensiyasını silsilə ilə artırmaqdadır. Bütün bunlar göstərir ki, bu tendensiya bir tərəfdən sivilizasiyanın qanunayuğunluğu kimi qəbul edilə bilsə də, digər tərəfdən onların daha da dərinləşməsi və “həllolunmazlığı” gec-tez bəşəriyyətə total fəlakətlər də gətirəcəkdir. Qeyd olunan faktlar məqalədə bizə aşağıdakı mülahizəni irəli sürməyə imkan vermişdir: müasir insan əgər bu sürətlə öz mahiyyətindən uzaqlaşaraq, dünyada “dialoqsuz” bir varlığa çevrilərsə, onun məhvi zaman məsələsidir. Bütün bunlar digər sualın yaranmasına imkan verir: həqiqətənmi sivilizasiya yolunda “texniki qurğuya” çevrilən insan dialoqdan -seçimdən, həm də ki, ekzistensional mahiyyətdən məhrum olmaqdadır?! Nədən elm, fəlsəfə və din problemlərin bəzən statistikası, bəzən də yalnız təfsiri və təsviri ilə məşğul olmaq “ənənəsindən” uzaqlaşa bilmir?! Yaxud fəlsəfəyə nihilist münasibət, insanlararası kommunikasiyaya və yaxud dialoq mədəniyyətinin inkişafına müasir biganəliyin səbəbi nədir? Bütün bunlara fəlsəfi kontekstdə “aydınlıq” gətirmək bilavasitə müasir nəzəri fikrin ən ciddi problemi kimi aktualdır.
1. Problemin nəzəri fikirdə qoyuluşu
Müasir fəlsəfi fikirdə bilavasitə mövcudluq, insanın gələcəyi, dünyagörüşü, psixika, mədəniyyət, din, sivilizasiya, kommunikasiya, həyat problemləri, ekzistensializm və s. bu kimi elmi problemlərin içərisində insanın taleyi, müasir sivilizasiya, cəmiyyətin dinamikası, dünyagörüşü və s. kimi fundamental anlayışlarla məşğul olan filosof, tədqiqatçı və mütəxəssislər elmi-nəzəri mülahizələrində qeyd edirlər ki, müasir insan – “böhran epoxasına” daxil olmuşdur, “proses qarşısıalınmazdır” [1]. Fakt odur ki, “İnsan problemi” ilə məşğul olan filosofların əksəriyyəti öz əsərlərində bildirirlər ki, bu “paranoid vəziyyətdə” nəyin necə, hansı üsullarla davam etdirməsini “qarışdırmaqla” insan, bir növ özünü labirintdə “itirmiş” kimidir: O bu vəziyyətdə yalnız qida, qənimət, daha çox sərvətə malik olmaq və s. kimi ifrat asosial meyillərə, ifrat nihilizmə o dərəcədə yuvarlanmışdır ki, tendensiyanın qarşısını almaq, istiqamətini normal məcraya yönəltmək ya mümkün deyildir, ya da ki, son dərəcə çətindir. Bəzi filosoflara görə isə, ümumiyyətlə, insan – müasir sivilizasyanın yaratdığı “texniki insan” yalnız “bioloji varlığa” [2] cevrilmək istiqamətində “vuruşduğundan” onun üçün ən ali məqsədlər və “məna” problemi əhəmiyyətsiz bir şeyə çevrilmişdir. Və bununla İnsan, milyon illər ərzində formalaşdırdığı təbii və mənəvi seçimdən məhrum bir vəziyyətə düşərək yaşamaqdadır ki, bu da sanki onu “xoşbəxt” edir. Halbuki, müasir psixoanaliz sübut edir ki, seçimdən məhrumolma insan faciəsinə aparan yoldur, burada nəinki xoşbəxtlikdən, hətta adi ruhi tarazlıqdan belə söhbət gedə bilməz.
Qeyd olunan bu faktlar bizə aşağıdakı mülahizəni irəli sürməyə imkan verir: müasir “texniki” insan və siyasi varlıq əgər bu sürətlə öz mahiyyətindən uzaqlaşaraq dünyada “dialoqsuz” bir varlığa çevrilərsə, onun məhvi zaman məsələsidir; istər növ kimi, istər ruhi-mənəvi-sosial-etik varlıq kimi. Bütün bunlar isə digər bir sualı irəli sürməyə imkan yaradır: Həqiqətənmi sivilizasiya yolunda “texniki qurğuya” çevrilən insan dialoqdan – seçimdən, həm də ki, ekzistensional mahiyyətdən məhrum olmaqdadır? Burada isə biz yenidən fəlsəfi refleksiyaya, yaxud filosof fikrinə müraciət etmək məcburiyyətində qalırıq. Və bizə aydın olur ki, “fəlsəfədə dialoq həm söhbətdir, həm də kommunikasiyanın vasitəsi, həm də həqiqətə gedən yol kimi səciyyələndirilir” [3,s.140]. Göründüyü kimi, dialoq – seçimdir, yüksək mədəniyyətdən – dialoq mədəniyyətindən, əxlaq və etikadan doğan və onları özündə birləşdirən son dərəcə zəruri antropoloji seçim və kommunikasiyadır.
Hələ vaxtilə Qərb filosofu Kirkeqor deyirdi ki, insan seçərkən mövcud olur, seçə bilməyəndə “vərəmə tutulur və məhv olur” [4, s. 5]. Alman filosofu K. Yaspers isə müasir tendensiyanın patologiyasından əndişələnərək qeyd edirdi ki, müasir “sivilizasiya qarşısıalınmaz fəlakətə doğru gedən yoldadır” [5]. A. Peççei isə qeyd edirdi ki, xoşbəxtlikdən, yaxud bədbəxtlikdən insan tərəfindən yaradılan texnika bütövlükdə Yer kürəsini dəyişdirməkdədir [6, s. 39]. Digər bir halda problemin patologiyasından söhbət gedərkən filosoflar izah edir ki, siviliza¬siyanın böhranının səbəbini texnikanı varlığın fövqünə qaldırmış “sağlam fikirdə”, bəzilərinə görə-“ünsiyyətin pozulmasında”, yaxud “dildə”, “dində”, bəzilərinə görə isə hətta dəyərlər və mədəniyyətdə axtarmaq lazımdır. Məsələn, XIX əsrdə F. Nitsşe qeyd edirdi ki, “idrakımızın həyatın saxlanılması üçün lazım olduğundan daha çox uzaqlara yayılması ağlasığmazdır” [7, s. 267]. Biz bütün bu mülahizələrdə bəzi məqamları inkar, bəzilərini isə müdafiə etməklə yanaşı, bir məsələni də qeyd etmək istərdik; problem bilik və kommunikasiya kontekstində meydana gəlir. Başqa sözlə, İnsan varlığından söhbət gedərkən dialoq fəlsəfəsindən kənar problemin həllindən danışmaq, onlara hansısa oriyentasiya vermək ya mümkünsüzdür, ya da ki, onların həlli ümumiyyətlə, dialoq fəlsəfəsindən kənar ağlasığmazdır.
Müasir zamanda “İnsan” problemindən danışarkən qeyd etmək lazımdır ki, həqiqətən də, elm, bilik, dünyagörüş və s. sahələr kontekstində insan zəkası o qədər inkişaf etmiş və dəyişmişdir ki, onun üçün hazırda planetin ölçüləri, ekoloji problemlər, yeraltı və yürüstü resursların miqdarı və s. barədə sanki biliklər kifayət qədərdir. Lakin filosofların da qeyd etdikləri kimi, təəssüf ki, bu biliklər, elmi-texniki tərəqqi, “dəyişmiş dünyagörüş” və s. bir növ insanın dünyada rifahı və sağlamlığını, maddi durumunu, mənəvi-ruhi sferasını inkişafa və harmoniyaya aparmaq əvəzinə bir növ onu daha da dərin, hətta elmin və biliklər sisteminin də izah edə bilmədiyi bataqlığa sürükləməkdədir. Fəlsəfi kontekstdən yanaşdıqda bəlli olan həqiqət budur ki, elə bil bu kimi “anomal” hadisələrin gedişi insan üçün heç təəccüblü də görünmür. Bu isə həqiqətən də faciədir. Bir növ epoxamızda fəlsəfəni “unutmuş” insan fərdi olaraq öz “mağarasına” çəkilərək utilitar və ekspansionist təfəkkürdən çıxış edərək, Yerin resurslarını tükənməz hesab etməklə, onu məhv etmək istiqamətində ölüm-qalım savaşına girişmişdir. Zira bu savaşda qalib olan yoxdursa da, məğlub tərəf məlumdur – İnsan! Halbuki alman fəlsəfəsinin dahisi İ. Kant yazırdı ki, dünyada elm və sənət üçün insandan vacib heç bir predmet yoxdur; O, – İnsan, fəlsəfənin, filosofluğun son məqsədidir. K. Yaspers filosofluğundan isə bizə məlum olur ki, filosofluğun zirvəsi “əbədi fəlsəfədir”. Əbədi fəlsəfənin məqsəd və vəzifəsi insan və cəmiyyətin ən yüksək kommunika¬siyasıdır. Filosof inanırdı ki, əbədi fəlsəfədə – fəlsəfi inamda insan xoşbəxt olur: “İnsan fəlsəfə ilə məşğul ola-ola özünü və xoşbəxtliyini tapır, çünki həqiqətən də, biz inanırıq ki, fəlsəfə bizə “yaşaya bilmək”, “həyatı bilmək” kimi çox vacib biliklər verir. Kant sübut edirdi ki, fəlsəfə insana mənalı yaşamaq üçün paradiqma verir” [4, s. 10] Kontekstdən aydın olur ki, hər şeydən əvvəl insan fəlsəfi problemdir. Ola bilər ki, kimsə də deyər ki, o daha çox elmi problemdir, bu zaman din tərəfdarı da öz mülahizələrini irəli sürə bilər və müqəddəs mətnlərin arqumentasiyalarından çıxış edərək izah edə bilər ki, insan İlahiliyin “layihəsidir” və onun mövcudluğunda İlahilik dayanır. Əlbəttə, dialoqa apelyasiya edən fəlsəfəçi üçün hər üç tezisdə həqiqətin mövcudluğu öz təsdiqini tapa bilər, bu heç təəccüblü də deyildir. Bu qütblülükdə fəlsəfə ortaq bir məxrəc yaratmaq üçün aşağıdakı tezisini irəli sürür; İnsan bütün sferalardan tədqiq edilə bilər: istər elmi, istər dini və s. həqiqətəçatma üsulları dialoqdan, burada fəlsəfi kommunikasiyadan kənar dərk edilə bilmədiyi kimi, ona – həqiqətəçatma üsulları da ümumiləşdirilmiş və yaxud vahid deyildir. Yaxud filosof üçün bu kimi ekzistensional həqiqət də məlumdur ki, müstəsnalıq iddiası ilə – müstəsna “həqiqətə çatmaq” mümkün də deyildir.
2. Dialoq mədəniyyəti və kommunikasiya problemi
Fəlsəfi problem olaraq dialoq mədəniyyətinin formalaşması konsepsiyasından və ümumiyyətlə, davamlı insan inkişafının fəlsəfi problem kimi mahiyyətindən bəhs ediriksə unutmamalıyıq ki, bu problem mövcud nəzəri fikrin ən vacib məsələlərindən biri kimi çıxış etməkdədir: Bu problem bilavasitə insan-dünya, insan-cəmiyyət, insan-dünyagörüşü və s. kimi münasibətlərdən qaynaqlanan bir problemdir. Başqa sözlə desək, dialoq mədəniyyəti hazırda bir növ Yer üzündə yaşayan cəmiyyətin, sivilizasiyanın, dövlətin elə bir problemi kimi çıxış etməkdədir ki, onun metodoloji, fəlsəfi, qnoseoloji və s. kontekstdən izahı bilavasitə zamanın çağırışı kimi müasir fəlsəfənin qarşısındadır.
Hazırda bəşəriyyət, dünya insanı, insan elə bir nöqtəyə gəlib çatmış, elə bir epoxaya daxil olmuşdur ki, o anlayır ki, artıq mükəmməl inkişaf konsepsiyası olmadan dünyada yaşamaq mümkün deyildir. Lakin sivilizasiya tarixinə nəzər etdikdə digər bir məsələni də qeyd etmək lazımdır: bəzi nəzəriyyəçilərə görə, söhbət inkişafdan gedərkən elmi-texniki tərəqqini, maddi, mənəvi, sosial dəyərləri və s. inkişaf etdirmək, sosial-iqtisadi sıçrayışlara nail olmaq üçün insan və sivilizasiya münaqişəsiz də ötüşə bilmir. Bəlli olan həqiqət budur ki, istər resurslar uğrunda mübarizələr, istər müxtəlif – dini, milli, etnik, identiklik, ideologiyalar və s. naminə mübarizələr tarixən mövcud olmuş və belə də qalmaqdadır. Üstəlik buraya son zamanlar baş verən ifrat dini təəssübkeşlikləri, milli münaqişələri, sivilizasiya identikliklərini də əlavə edərkən görürük ki, bu mozaik münaqişələrin həllində həqiqətən də dialoq mədəniyyətinin əhəmiyyəti sanki hər şeyin fövqünə qalxmaqdadır. Əslində, S. Hantinqton və digərləri öz nəzəriyyələrini irəli sürərkən mədəniyyətlər, dinlər və sivilizasiyalararası toqquşmaların baş verəcəyini proqnozlaşdırarkən “Yeni dünya” kəşf də etmirdilər. Onlar sivilizasiyaların toqquşma ehtimallarından bəhs edərkən tarixi dinamikanı, sivilizasiya və dövlət tipinin təbiətindən, müasir insanın “malik olma”, “sahib olma”, ekspansionist və s. təfəkkürünü, psixoloji mahiyyətindən əmələ gələn “hakimiyyət əzmini”, [8] və s. refleksiyalarını əsas görürərək öz nəzəriyyələrini irəli sürürdülər. Və bu zaman onlar bəzən münaqişələr və müharibələr tarixinə – əslində, sivilizasiya tarixinə istinad edərək bəşər tarixində dialoji mühitin daha zəif inkişafından bəhs edir və sivilizasiya tarixini “müharibələr tarixi” [8], “sivilizasiyaların toqquşması” [9] kimi təsvir edirdilər. Düzdür, biz bu kimi fikirləri də prioritet hesab edirik ki, həqiqətən də, “dünya bu böhranlarla dəfələrlə qarşılaşıb və hər dəfə onun öhdəsindən gəlmişdir. Şübhəsiz, qlobal dünya münaqişəlidir və S. Hantinqton öz baxışlarında ideyaların, sivilizasiyaların qarşıdurmasının inkişafa impuls verdiyini göstərən A. Toynbi ənənəsini davam etdirir. Bizim fikrimizcə, mübarizə və toqquşmalar müasir dövrdə ara vermir, lakin bu, sivilizasiyaların dialoqunun inkişaf etdirmək imkanlarını, dialoqun yalnız qonşu mədəniyyətlər deyil, bir-birinə yaxın olmayan mədəniyyətlər arasında da mümkün olduğunu inkar etməyə əsas vermir [10, s. 17]. Və görürük ki, dialoq amili və dialoq mədəniyyəti həqiqətən də insan varlığının mahiyyətindən, onun dünya, insan və Tanrı təcəssümündən qaynaqlandığını əsas tutarkən “bütöv bir tam kimi, “düşünülən dünya ideyası” başqa mədəniyyətlərin əhəmiyyətinin etiraf edilməsini nəzərdə tutur” [10,s.17]. Eyni zamanda, dünyanın mövcudluğunun münaqişələr və müharibələr tarixi kimi səciyyələndirilməsinə baxmayaraq, “ayrı ayrı mədəniyyətlər daxilində mühüm əməkdaşlıq və qarşılıqlı yardım təcrübəsi toplanmışdır, hərçənd zəngin düşmənçilik təcrübəsi də vardır [10,s.17]. Problem ondadır ki, indi insan anlamır ki, elm və ya elmi-texniki tərəqqi bilavasitə dərketmədə müəyyən stimullar yaratmaq əvəzinə ona əngəl olan amillərə çevrilməkdədir. Bir növ sivilizasiyanın, mədəniyyətin, müəyyən cəmiyyətin – deməli, əslində, insanın biliyi artır, bu artım bəzən dialoqu deyil, “şər”i özündə ehtiva edir; “bilik şəri artırır” tezisini şüurlarda möhkəmləndirir. Başqa sözlə, elmi-texniki tərəqqi rifaha aparan yol hesab edilməklə, həm də insana bir növ “sizif” statusunu da qazandırmaqdadır.
Bütün bu məsələlərin düyünü dünyagörüş problemində gizlənmişdir, onu da dəyişmədən nə özünü, nə də ki, dünyanı müsbətə, pozitiv istiqamətə dəyişmək olmaz. Zira bunlar bizdən bir şeyi tələb edir: insanla dünya, insanla insan arasındakı tarixi münasibətlərə yenidən baxmalı, onu ekspansionist təfəkkürdən – istismar edən, ifrat istehlak edən, dağıdıcı təfəkkürdən harmoniyaya, dialoji təfəkkürə, bəşəriyyətin ümumi mənafelərini qoruyan, inkişaf etdirən kontekstə istiqamətləndirmək zəruri bir işdir. Düzdür, biz onu da qəbul edirik ki, Y. Habermansın təbirincə desək: “ümumi mənafelərin təşəkkülü xoş məram yaxud bəd niyyət deyil, epistemologiya məsələsidir” [10,s. 24]. Bu, həqiqətdir. Zira burada epistamologiya üzərinə elə bir yük düşür ki, insan və kommunikasiya və hətta müəyyən anlamda metafizikanın dərkində belə epstamoloji refleksiya sezildiyindən o, bütüövlükdə ən vacib postulat kimi dərk edilməkdədir. Yəni burada, əslində söhbət ondan getməlidir ki, bilik və elm xoş mərama xidmət etmək məsələsində mütləq fəlsəfə ilə əməkdaşlıqda – dialoqda olmalıdır. Professor İ. Məmmədzadə haqlı olaraq bu kimi məsələlərdə “...xoş məramın heç də az vacib olmadığını” qeyd edir, lakin praktik və intellektual təcrübənin əhəmiyyətini inkar etmir. Xoş məram, ümid və gözləntilər hamı üçün məqbul və rasional olan, birliyin digər üzvlərinin də perspektivlərini nəzərə alan yol tapılması vəzifəsini ləğv etmir ” və o, həqiqətən də, dialoq problemini inkar etmir, həm də ki, ona bilik kontekstində istinad yaradır [10,s. 24].
Müasir filosof və mütəxəssislər belə bir tezisi təkzibedilməz şəkildə irəli sürürlər ki, insan həyatı– fəaliyyətdir, ancaq bu fəaliyyət elə bir mərhələyə çatmışdır ki, o həm özünü, həm də planeti məhv edə bilər; “həyati bir fəaliyyəti” ölümə – Planetin ölümünə çevirə bilər. Deməli, bu kimi vacib problemdən bəhs edərkən biz unuda bilmərik ki, paradiqmaların dəyişdiyi, “laxladığı”, məhv olduğu bir zamanda müasir nörmalar sisteminə yenidən baxış və təftiş mütləq zərurət kimi çıxış etməkdədir. Bütün bunlar isə bizim hər birimizdən bir şeyi tələb edir – dialoq fəlsəfəsinə apelyasıyanı. Bunun üçün müasir insan anlamalıdır ki, onun mahiyyətində dayanan məsələlərin içərisində zəka qanunları məhz insanın söykənəcəyi ən vacib postulatlardan olsa da, dialoqsuz zəka susuz çay yatağı kimi bir şeydir; fəqət müasir zəkanı dialoq istiqamətinə yönəltmək– zəmanəmizin ən böyük problemidir. Ona görə də burada sual belə qoyulur: Zəka nədir?
Əlbəttə, bu kimi suallar asan cavablandırıla bilsəydi, hər halda fəlsəfə və elm yaxud fəlsəfə və din çoxdan İnsan xoşbəxtliyinin “formulunu” tapmış olardı. Biz anlamalıyıq ki, sivilizasiya adına yaradılan hər bir sıçrayışın, uğurun, insan inkişafına – davamlı inkişafa nail olmaq istəyiriksə, mütləq, sivilizasiyalararası, mədəniyyətlərarası, dinlər və cəmiyyətlərarası dialoqa, dialoq mədəniyyətinin formalaşdırılmasına, əsl kommunikasiyaya əsaslı nail olmalıyıq. Bu, düşünən insanın, tarixən sülh və əminamanlıq arzusunda olan sələfələrimizin arzusudur. Bütün bunlar üçün hər şeydən əvvəl qəbul etməliyik ki, müasr insanda – “homo sapiensdə” dialoji idrakı ən yüksək səviyyəyə qaldırmaq, inkişaf etdirmək, yeni sarsılmaz paradiqma yaratmaq məhz fəlsəfənin qarşısında dayanan ən vacib problemdir. Bu həm də milli fəlsəfənin problemidir. Bu paradiqmanın adı isə, heç şübhəsiz, fəlsəfə – dialoq fəlsəfəsidir. Əlbəttə, biz onu da anlayırıq ki, müasir dünyada bir növ fəlsəfəyə hələ də nihilist münasibətdən xilas olmaq bəzən mümkün də görünmür. “Etiraf etmək lazımdır ki, bizdə hələ bir çox filosoflar vardır ki, fəlsəfəni, sosial elmləri elmə münasibətdə ikinci dərəcəli bir şey, təsir etməyə, araşdırıb nə isə tapmağa, şübhə altına almağa iqtidarı olmayan, yalnız “təkrarçılıqlarla” keçinən və ya dil sferası ilə məşgul olan, az və ya çox dərəcədə elməbənzər əlavə kimi nəzərdən keçirirlər [3, s. 14]. Halbiki biz bilirik ki, fəlsəfəsiz keçinmək, onu inkar etmək heç də onun olmamasına qətiyyən dəlalət edə bilməz. Varlığın, sivilizasiyanın bütün böhranları da, uğurları da fəlsəfədən gəlir, ondan uzaqlaşmaq, onu inkar etmək insanın, cəmiyyətin sivilizasiyanın bədbəxtliyinə səbəb olur. O. Şpenqler və bir sıra Qərb filosofları bu kimi məsələlərdən dərin təssüf hissi keçirmiş və bu haqda geniş yazmışlar. Zira insan anlamalıdır ki, tərəqqiyə nail olmaq üçün yeni etalon, yeni qaydalar fəlsəfədən gələ bilər; bu ona görə lazımdır ki, insan öz mənasını anlasın, K. Yasperin təbirincə desək, necə yaşamağı, necə olmağı, necə ölməyi öyrənsin, Yer üzündə olan cəmiyyətlər, dövlətlər öz mövcudluğunu inkişaf etdirməklə, davamlı inkişafa nail olsun. Kommunikasiyanın qurucu tərəfləri, harmoniyası, vəhdət ideyası Yer üzünə hakim olsun! Bu həm də o deməkdir ki, inasan ona tarixən verilən, “tabulara”, normalara əməl etməli – keçmişdən verilən “tapşırığı” yerinə yetirməlidir; bu, həqiqətən də, zəmanəmizin, daha doğrusu, fəlsəfəmizin ən aktual problemi kimi qarşımızdadır. Dialoq mədəniyyətinin sirri də məhz fəlsəfəmizdən gəlir, orada ehtiva olunur.
Məqalənin sonunda bir məsələni xüsusi vurğulayaq: biz dialoq fəlsəfəsinin timsalında görürük ki, müasir Qərb fəlsəfəsində, təfəkküründə dialoqa doğru əsaslı dönüş hələ Antik fəlsəfənin inkişaf etdiyi zamandan aktuallıq qazanmağa başlamışdır. Antik fəlsəfənin və filosofluğun müasir dünya sivilizasiyasının inkişafında oynadığı roldan bəhs etməmək, sadəcə, mümkün deyildir. Müasir insanın dialoqlu mahiyyətindən bəhs edərkən biz etiraf etməliyik ki, dialoq fəlsəfəsinin əsasları məhz Antik fəlsəfənin refleksiyası hesabına mümkün olmuş metod kimi, dünya mədəniyyətinə misilsiz hədiyyədir. Alman filosofu M.Haydegger deyirdi: “Böyük şeylər həmişə böyükdən doğur”. İnsan Zəkasının heyrətamiz funksiyalarından söhbət gedərkən qəbul etməliyik ki, dialoq, dogrudan da, təfəkkürdə böyük dönüşdür, ecazkar intellektual inqilabdır, belə olmasaydı onun inkişafı Platonları, Aristotelləri, Demokritləri və bunlar kimi bir çox Antik dühaları yetişdirə bilməzdi. Dialoqun inkişafı olmadan heç şübhəsiz antik fəlsəfə ensiklopedik zəkalar yetişdirə bilməzdi. Bu dialoqun, dialoq prosesinin fəlsəfi əhəmiyyətini göstərir. Təfəkkürdə əsl çeviriliş yaradan dialoq sosial həyatda, insanlararası münasibətlərdə ağlasığmazı ağlasığan etmiş, sivilizasiyanın tarixən inkişafına təkan vermişdir [11,s. 159].
Beləliklə, istər humanitar, istər ictimai-siyasi və s. münasibətlər konteksində biz görürük ki, dialoq mədəniyyətinin formalaşması müasir inkişafın, insan inkişafının, mədəniyyətlərarası, dinlərarası, sivilizasiyalararası əlaqə və münasibətlərin, kommunikasiyanın əsas hərəkətverici qüvvəsi kimi çıxış edir. Bu epoxanın qlobal zərurətindən əmələ gələn məntiqi prosesdir ondan imtina müasir dünyaya, müasir sivilizasiyaya problemlər gətirə bilər və gətirməkdədir. Dialoq mədəniyyəti yüksək təfəkkür, yüksək humanizm, siyasətdə praqmatik və rasional strategiya, yüksək ruh, iradə tələb edir ki, bu da hazırda bilavasitə Azərbaycan Respublikasının ən yüksək səviyyədə həyata keçirdiyi dövlət siyasətinin strategiyasını təşkil edir.

Nəticə
Məqalədə irəli sürülmüş problemin fəlsəfəsindən çıxış edərək nəticəni tezis formasında aşağıdakı kimi ümumiləşdirmək məqsədə müvafiqdir:
• Dialoq fəlsəfəsini XXI əsrin müdafiəyə layiq paradiqması kimi hər bir cəmiyyətin dünyagörüşünə çevirlməli.
• Dialoq mədəniyyəti fəlsəfi problem kimi dərk edilməlidir.
• Müasir insan, cəmiyyət və sivilizasiya kommunikasiyada ciddi böhran mərhələsindədir.
• Elm və bilik böhran epoxasında problemə fəlsəfədən kənarda “aydınlıq” gətirə bilmək gücünə malik deyildir.
• Dialoq fəlsəfəsi hər bir dövlətin, cəmiyyətin davamlı inkişafı, mövcudluğunu qoruyub saxlaması, inkişaf etdirməsi üçün həyati əhəmiyyətli paradiqmadır.
• Dünyada dialoq mədəniyyətinin formalaşması ümumbəşəri dəyər kimi, hər bir ölkənin milli şüurun inkişafına, onun dinamikasına təsir edən həyati əhəmiyyətli “qida” mənbəyidir.
• “Özünütəcrid” “Dialoq fəlsəfəsi” və “dialoq mədəniyyəti” konsepsiyalarının prinsiplərinə ziddir.
• Azərbaycan Respublikası rəhbərliyinin müasir dünyada həyata keçirdiyi humanitar strategiya dialoq mədəniyyətinin formalaşdırılması istiqamətində irəli sürülmüş kommunikativ müasir konsepsiyadır.

İstifadə olunmuş ədəbiyyat

1. Ясперс К. Смысл и назначение истории: Пер. с. нем. М: Политиздат, 1991, 527 с.
2. Шпенглер О. Закат Европы. В 2-х т. Т.1. Москва.: Айрис-пресс, 2006.
3. Məmmədzadə İ. Bir daha fəlsəfə haqqında. Müasir yanaşmalar. Təmayüllər. Perspektivlər. Ba kı: Təknur, 2012.
4. İsmayılov Fərman Qəhrəman oğlu. Seçilmiş əsərləri. Beş cilddə, I cild. Bakı, 2011.
5. Yaspers K. “Tarixin mənası və təyinatı”. Bakı: Zəkioğlu nəşriyyatı, 2008.
6. Печчеи A. Человеческие качества, М., 1980.
7. Nitsşe F. Hakimiyyət əzmi. Yolçu və kölgəsi. Bakı: Zəkioğlu nəşriyyatı, 2008.
8. Тойнби А.Дж. Постижение истории, М.: Прогресс. 1996.
9. Хантингтон С. Столкновение цивилизаций. Пер.сангл. Т.Велимеева, М.: АСТ, 2006.
10. Məmmədzadə İlham. Mədəniyyətlərin qarşılıqlı təsir fəlsəfəsi və almanların cənubi qafqazda məskunlaşması. Bakı: “ Print- E- servis” MMC, 2017.
11. Zeynalov Ş. Ə. Dialoq fəlsəfəsi. Bakı, Avropa, 2017.