06.12.2019, 11:26 - Baxış sayı: 698

Sağlığında əfsanələşən lider


İlham Məmmədzadə,
AMEA Fəlsəfə İnstitutunun direktoru

Tarixdə elə şəxsiyyətlər yetişib ki, onlara nəinki təmsil etdikləri xalqın taleyində, eləcə də dünya siyasətində son dərəcə böyük missiyanı həyata keçirmək səadəti nəsib olub. Ümummilli liderimiz Heydər Əliyev də məhz belə bir tarixi şəxsiyyət, dünya siyasətinin mahir bilicisi idi. Azərbaycanın müasir tarixinin yarıməsrlik bir mərhələsi, eləcə də müstəqil dövlətimizin dinamik inkişafı və dünyaya inteqrasiya prosesi onun adı, fəaliyyəti və zəngin irsi ilə bağlıdır. Ulu öndərimiz Azərbaycan tarixində yeni parlaq səhifə açan nadir şəxsiyyət olmuşdur. Bu dahi, müdrik insan xalqımızın əsrlərin sınağından çıxmış özünəməxsus milli xüsusiyyətləri ilə yanaşı, bəşəri düşüncələrin də daşıyıcısı idi.
Ümummilli liderimizə xas olan digər nadir keyfiyyət onun bir-birinə əks qütbdə dayanan müxtəlif ictimai-siyasi formasiyalarda ən yüksək idarəçilik üsuluna üstünlük verməsi idi. Heydər Əliyevin tarixi xidmətlərinə, xilaskarlıq və quruculuq missiyasına müasir dünyanın görkəmli dövlət xadimləri, siyasətçiləri çox yüksək qiymət veriblər. Azərbaycanın 50 ilə yaxın bir tarixi mərhələsi yaddaşlarda məhz Heydər Əliyev dövrü, böyük quruculuq illəri kimi qalıb.
İrimiqyaslı qlobal siyasi dəyişikliklərlə müşayiət olunan tarixi dönəmlərdə xalqın mənafeyinə uyğun iradə nümayiş etdirmək iqtidarında olan şəxsiyyətlərə daha böyük ehtiyac duyulur. Müstəqil dövlətimizin timsalında ötən illəri təhlil edərkən bir daha əminliklə söyləmək olar ki, həqiqətən də, tarixin millətə verdiyi şansı yalnız böyük tarixi şəxsiyyətlərin iştirakı ilə reallaşdırmaq mümkündür. Bu mənada Mustafa Kamal Atatürkün Türkiyə, Konrad Adenauerin Almaniya, Şarl de Qollun Fransa üçün etdiklərini Heydər Əliyev ən çətin məqamda Vətəni və xalqı naminə edib.
Heydər Əliyev Azərbaycanı inkişaf etmiş dövlətlərin, millətini firavan həyat sürən xalqların cərgəsində görmək istəyirdi. O, ömrünün son anınadək xalqının gələcək taleyi haqqında düşünürdü. Ulu öndər Vətən üçün, xalq üçün doğuldu, Vətənin, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün cəsarətlə çalışdı. Bununla da xalqın gözündə, qəlbində dahi kimi ucaldı. Ona görə də xalqın öz dahi övladına məhəbbəti sonsuzdur, əbədidir. Ulu öndər əsl ümumxalq məhəbbəti qazanmış nadir siyasətçilərdən, dövlət xadimlərindəndir. Bu dahi şəxsiyyət Azərbaycanı yox olmaqdan qurtardı, müstəqilliyimizi dönməz etdi, sabitlik və təhlükəsizliyin qarantı oldu, Azərbaycanı inkişafa, firavanlığa doğru addımlayan, dünya birliyində layiqli yerini tutmuş bir dövlətə çevirdi.
Azərbaycan filosofları hesab edirlər ki, bu mütərəqqi dəyişikliklərin əsas tərkib hissələri bunlardır:
- ictimai-siyasi həyatın sabitləşdirilməsi, birliyin mədəni ənənələrinə uyğun olan demokratik prinsip və təsisatların yaradılması və təkmilləşdirilməsi;
- dövlət aparatının möhkəmləndirilməsi və fəaliyyət göstərə bilən dövlət idarəetmə institutlarının formalaşdırılması;
- konstitusion, hüquqi dövlətin yaradılması;
– yeni-açıq və demokratik, ənənələrlə, tarixi yaddaş ilə əlaqələri üzməyən – vətəndaş mədəniyyətinin formalaşdırılması;
– 1994-cü ilin ortalarından başlayaraq Qarabağ cəbhəsində atəşkəs rejimi şəraitində iqtisadi inkişafın mühüm prioritetlərinin formalaşdırılması;
– müstəqil dövlətin neft strategiyasının yaradılması;
– “Böyük İpək Yolu” layihəsində fəal iştirakı ilə bağlı Azərbaycanın regional logistika mərkəzi kimi rolunun dəyişməsi;
–respublikanın həyat qabiliyyətli tarazlaşdırılmış, çoxvektorlu xarici siyasət modelinin formalaşdırılması;
– müasir və döyüş qabiliyyətli ordunun yaradılması və s.
Əslində, xalq millətin müasir şəraitdə inkişafı strategiyası və fəlsəfəsini cəmiyyətə təklif edən liderə etimad göstərdi. Ulu öndərin konkret hərəkətləri, tədbirləri, qəbul etdiyi qərarlar, onun xarizması, bəsirəti, iradəsi, təcrübəsi ölkə vətəndaşlarının müasir ümummilli dəyərləri dərk və qəbul etməsində mühüm rol oynamışdır.
Dövlətçilik, idarəetmə sistemi, vətəndaş cəmiyyəti, inkişaf etmiş iqtisadiyyat, milli mədəniyyət, mənəvi dirçəliş, transformasiya, tarazlıq və həmrəylik, mədəni müxtəliflik – bu anlayışlar müstəqil və güclü dövlət, cəmiyyət və millət dəyəri konseptinin mahiyyətini açıb göstərir. Bu dəyərli konsept azərbaycançılıq, milli ideologiya və multikulturalizm siyasəti adlanan fenomenin əsasını təşkil etdi.
Heydər Əliyevin mənəvi irsində milli ideya və ideologiyanın bir-birinə necə qarşılıqlı təsir göstərdiyi, dəyərlər və başqa mədəniyyətlərlə birgə dinc yaşayış və qarşılıqlı əlaqələr mədəniyyətinin cəmiyyətin inkişafı və zənginləşməsində hansı rol oynadığı dərindən və nəzəri cəhətdən əsaslandırılmış şəkildə öz əksini tapmışdır. Ulu öndər həmişə hesab edirdi ki, hər bir millətin mədəniyyətində ziyalılar xüsusi vəzifə yerinə yetirir. Lakin öz vəzifəsini həyata keçirməsi üçün onlar öz milli dəyərləri və tarixinə ehtiramla yanaşmaqla bərabər, digər xalqların mədəniyyətinin ən yaxşı xüsusiyyətlərini mənimsəməlidirlər.
Heydər Əliyevin hakimiyyətə qayıdışı, bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də tənəzzülün qarşısını aldı. Milli tərəqqiyə xidmət edən təhsilimizin inkişafı üçün əlverişli şərait yaradıldı. O, milli dövlət quruculuğu prosesində “Elmə, təhsilə göstərilən yüksək qayğı xalqın xoşbəxt gələcəyinə qoyulan təminatlı sərmayədir” meyarı ilə çıxış edirdi. Xalqımızın milli oyanışında və özünüdərkində misilsiz rol oynayan elm və təhsilin inkişafı ulu öndər Heydər Əliyevin nəhəng dövlətçilik fəaliyyətinin çox mühüm istiqaməti olmuşdur. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə reallaşdırılan təhsil siyasəti özünün məqsədyönlülüyü, müasirliyi, dünyəviliyi və milli dəyərlərə söykənməsi ilə diqqəti cəlb edirdi.
Ümummilli lider Heydər Əliyev siyasətçi və dövlət xadimi kimi ən uca missiyanı gerçəkləşdirərək müstəqil Azərbaycan dövlətinin memarı oldu və tarixi öz əməlləri ilə yazdı. Onun həyatı və fəaliyyəti Azərbaycan tarixinin bir hissəsi və bəlağətsiz deyə bilərik ki, ən şanlı səhifələrindəndir. Bu şəxsiyyətin həyatını öyrənmək, onun gördüyü işlərin, başladığı layihələrin tarixi əhəmiyyətini dərk etmək özü böyük bir məktəbdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrdə ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oynayıb ki, bu, əsrlər boyu unudulmayacaqdır. Azərbaycanın hər bir bölgəsində ulu öndərin quruculuq fəaliyyətinin silinməz izləri vardır.
Heydər Əliyev həyatı boyu xalqa arxalanmışdı: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.
Müstəqil Azərbaycan dövlətinin keçdiyi sınaqlar, dövlətçiliyimizin ən ağır günlərində Heydər Əliyevin göstərdiyi qətiyyət bu sözlərdəki gerçəkliyi dəfələrlə təsdiqləyib. Heydər Əliyevin Azərbaycan üçün gördüyü işləri sadalamaqla bitib-tükənən deyil. Dahi şəxsiyyət bu gün sıralarımızda olmasa da, onun möhtəşəm əməlləri, misilsiz xidmətləri hamımıza bəllidir və bu gün də gözümüz önündədir. Milyonlarla insanın ümid çırağına çevrilərək, qəlblərdə əbədi yurd qurmaq heç də bütün rəhbərlərə, liderlərə nəsib olmur. Sağlığında canlı əfsanəyə çevrilmiş Heydər Əliyevin zəngin irsi hələ uzun illər xalqımızın müstəqillik yolunu işıqlandıracaq.
Heydər Əliyev dünyanın nadir insanlarındandır. O, hamının qəlbinə yol tapmağı bacarır, yaddaşlarda dərin iz qoyurdu. Təkrarsız, heyrətamiz yaddaşa sahib Heydər Əliyev əsl rəhbərə xas olan ensiklopedik biliyə malik idi. Ulu öndər milli və bəşəri dəyərlərin daşıyıcısı idi. Bu görkəmli dövlət xadimi əsrimizin siyasi həyatında mühüm yer tutmuş, uzun və şərəfli yol keçmiş, ən yüksək vəzifələrin məsuliyyətini daşımış, insanlara həmişə dərin hörmət və ehtiram bəsləmişdir.
Ümummilli liderimizin xalqın birliyi yolunda göstərdiyi titanik fəaliyyəti hər bir soydaşımız üçün örnək olmalıdır. Biz Azərbaycanı sevməyi Heydər Əliyevdən öyrənməliyik. “Azərbaycan mənim ürəyimdir, nəfəsimdir” – deyən böyük öndərimiz millətimizin və dövlətimizin əbədiyaşarlığı üçün əvəzsiz bir siyasi xətt, ideoloji baza miras qoydu. Şükürlər olsun ki, ulu Tanrı xalqımızın taleyinə çətin, əzablı günlər yazsa da, bu əzablara sinə gərə bilən, bütün düyünləri açmağa qadir olan Heydər Əliyev kimi böyük şəxsiyyət də qismət edib. Millətinə xidmət nümunəsi olan bu böyük şəxsiyyət həmişə xalqa arxalanır və deyirdi: “Xalq mənim dayağım, gücüm və inamımdır”. Xalq yolunda canını fəda etmiş, bütün həyatı boyu Vətənini və millətini düşünmüş ümummilli liderimiz əbədiyaşarlıq qazanmışdır.
Allah Heydər Əliyevi sanki dünyaya xalq üçün, onun səadətə yetişməsi üçün göndərmişdi. Haqqın, ədalətin bərpası, ölkənin inkişaf etdirilib sivil cəmiyyətə çevrilməsi üçün çəkdiyi minbir əziyyət onun tale yolu, ömür yolu olmuşdur. Ümummilli liderimiz əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş Azərbaycan dövlətini bəxş etdi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Heydər Əliyevin uzaqgörən neft siyasətinin ilk konturları oldu. Məhz bu müqavilədən sonra inkişaf etmiş dünya dövlətlərinin Azərbaycana, burada cərəyan edən proseslərə marağı artdı. Ölkədə uğurlu islahatların bünövrəsi qoyuldu, kəmərlər çəkildi, turistik və nəqliyyat infrastruktu yaradıldı.
Dünya siyasətində nəhəng şəxsiyyət olan Heydər Əliyev qısa zaman kəsiyində ölkəmizi yetərincə tanıdıb. Məhz ulu öndərimizin səyi, zəhməti sayəsində respublikamız sürətli sosial-iqtisadi inkişaf yoluna çıxdı. Azərbaycan dövləti var olduqca, Heydər Əliyev dühası, ucalığı, böyüklüyü həmişə xatırlanacaq.
Ulu öndərimiz müqəddəs amalları və fəaliyyəti ilə xalqın gözündə, qəlbində dağ kimi ucaldı. Ona görə də xalqın öz sədaqətli, dahi övladına məhəbbəti sonsuzdur, əbədidir... Ümummilli lider respublikaya rəhbərlik etdiyi uzun illər ərzində gördüyü nəhəng işləri ilə xalqın qəlbində özünə əbədi abidə ucaldıb. Ona görə də nə qədər müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev də ürəklərdə yaşayacaqdır. Dahi və əzəmətli şəxsiyyətin yolunun davamı müstəqil Azərbaycan dövlətinin gələcəyi, onun daha da güclənməsi, ərazi bütövlüyünün bərpa olunması, hər bir vətəndaş üçün firavan və rahat həyat şəraitinin yaradılması deməkdir. Heydər Əliyevin başladığı işləri davam etdirmək, qurduğu dövləti yeni-yeni uğurlara çatdırmaq onun ruhu qarşısında ən ümdə borcumuzdur.
Azərbaycan xalqı, bütün türk dünyası Heydər Əliyevi heç vaxt unutmayacaq. Bütün ömrünü xalqımızın tərəqqisinə və türk dünyasının firavanlığına həsr etmiş ulu öndərin həyat və fəaliyyəti indiki və gələcək nəsillər üçün əsl örnək və güc mənbəyidir. Bugünkü Azərbaycanın sürətli inkişafının təməli məhz Heydər Əliyev tərəfindən yaradılıb. Bu siyasi kursa Azərbaycanda alternativ yoxdur.
Xalqımız xoşbəxtdir ki, ümummilli liderimizin strateji inkişaf kursu bu gün onun layiqli siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Dövlət başçımızın həyata keçirdiyi tədbirlər, imzaladığı fərman və sərəncamlar, islahatlar xətti xalqla birbaşa ünsiyyətdə olması ümummilli lider tərəfindən başlamış işlərin məntiqi davamıdır. Memarı və qurucusu Heydər Əliyev olan müstəqil dövlətimiz bu gün ulu öndərimizin Azərbaycan xalqına ən böyük töhfəsidir. Hər birimizin borcu isə Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikasını qoruyub yaşatmaqdır.
"Xalqqazeti.com"