27.12.2019, 11:30 - Baxış sayı: 1112

Din və Hüquq: İslam dinində hüququn fəlsəfi təhlili


UOT 321. 01; 340. 11:1

Əntiqə Paşayeva

Mədəniyyətin tərkib hissəsi olan dini və hüquqi normativlər bütün dövrlərdə mövcud olmuşdur. İnsan və insanlığı trənnüm edən və humanistliyi müdafiə edən bu normatilərin tarixi kökləri nəinki islam dövrünə, hətta ondan daha qədim zamanlara aiddir. İnsanın yaranışından və onun yer üzərində hakim olmasından məqsəd insanlığın və mövcud olan bütün dəyərlərin qorunmasıdır. Bu baxımdan islam dini bütün canlılara mənsub olan haqlara (normalara) müxtəlif tərəflərdən və daha dərindən yanaşaraq bu məsələlərə xüsusi diqqət etmişdir.
Məqalədə yəhudilik, xristianlıq dinlərində olan hüquqi normativlərə işarə olunmuş və ən əsası isə islam dinində olan hüquqi məsələlər həm islam hüququşünaslarının (fəqih-islam hüquqşünası) və həm də islam və qərb filosoflarının nəzəriyyəsinə əsasən fəlsəfi istiqamətdə təhlil olunmuşdur.
Açar sözlər: Din, İslam dini, Qurani-Kərim, İslam hüququ, Hüququn fəlsəfəsi, İctimaiyyət.

Giriş
Din insan fitrətinə əsasən yaranmış ilahi qanun və qaydaların məcmuəsidir. İlahi elçilərin və müqəddəs kitabların nazil olmasından məqsəd ictimaiyyət arasında ədalətin bərpa olunmasıdır və bu səbəbdən də insanlar arsında meyar və dəyərləndirməyə ehtiyac olmuşdur. Əsrlərdən bəri bəşəriyyəti qoruyan dini və hüquqi normativlər mədəniyyətin tərkib hissəsi olaraq bütün dövrlərdə özünü göstərir. İnsan ictimai bir varlıq olaraq topluda yaşamağa can atır və əsas məqsədi də odur ki, təkcə atifi duyğularla deyil, ağıl, daxili və zahiri hisslər vasitəsilə İlahi tərəfindən insan üçün mövcud olan gözəllikləri seyr etsin və bunları həyatının mənasına çevirsin.
Din və hüquq arasında olan bağlılıqdan danışarkən islam dinində bütün canlılar üçün müəyyən olunan normativlərə diqqət etmək olduqca zəruridir. Çünki bu normativlər müxtəlif prinsiplər əsasında təhli olunur. İslam dininə əsasən islam mədəniyyəti tam olaraq dünyəvi və əbədi bir mədəniyyətdir. Elə buna görə də islam insana və insan hüquqlarına müxtəlif tərəflərdən yanaşaraq bu məsələlərə xüsusi diqqət etmişdir. Burada əsas hədəf ədalətili və hüquqi bir quruluşu yaratmaqla ictimai-siyasi tələbləri yerinə yetirməkdir. İslam baxımından fərdi, ictimai və siyasi hüquq imtiyaz və istedadın məcmuəsidir ki, hər bir şəxs üçün rəsmi olaraq tanınmış və digrlərinin də buna riayət etməsinə təkid olunmuşdur.

Tədqiqatın hədəfi
İslam dini hüquqla bağlı olan məsələlərdən, xüsusilə insana mənsub olan haqlardan geniş bəhs etmiş və müxtəlif dövrlərdən asılı olmayaraq bütün zamanlarda bu haqların qüvvədə olduğunu təkidlə bildirmişdir. Hazırkı dövrdə mövzunun mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, islamda hüquqi məsələləri fəlsəfi aspektdən təhlil etməyi zəruri hesab etdik. İnsani dəyərləri özündə birləşdirən belə məsələləri tanımaq və tanıtdırmaq həm bu günümüz və həm də gələcəyimiz üçün olduqca zəruridir.

Dini ayinlərdə hüquqi normativlər
İstər islamda və istərsə də dünyəvi hüquqda olsun insana və digər canlılara mənsub olan normalardan bəhs edərkən ilk növbədə təbiət, insanın keçmişi və gələcəyi düzgün təhlil olunmalıdır; yəni burada təbiət və insan arasında olan bağlılıq dərindən öyrənilərək həm də dərk olunmalıdır. İnsan elə bir varlıq deyil ki, tənha olaraq qayda-qanunlara və digər qurluşlara bağlılığı olmadan yaşasın. Belə bir varlığı tanımaq üçün təbiidir ki, həmin qaydaları və quruluşları tanımaq və bunların bütün xüsusiyyətlərini bilmək lazımdır, çünki insan varlığının bunlara ehtiyacı vardır. Müqəddəs kitabların birincisi olan “Tövrat”da qanunvericilik, insan varlığının müəyyən hədlər əsasında qorunması və insanla bağlı olan əməllərin dəyərləndirilməsi qanunlar əsasında bəyan olunmuşdur. “Tövrat” təkcə dini kitab deyil, bu həm də bütün canlıların varlığını əvəlldən sona qədər normativlər əsasında açıqlayır və bəşəriyyəti bu normativlərə riayət etməyə sövq edir; yəni burada təkcə ilk yaranışdan, əşyadan, mühacirətdən və digər məsələlərdən bəhs olunmur; əgər diqqətlə təhlil etsək görərik ki, burada insanın yaranmasından məqsəd onun yer üzərində bütün canlıların başçısı olmasıdır (1. 1/26 & 28). Burada başçı dedikdə, hökmranlıq iddiasından söhbət getmir, bəlkə əsas məqsəd insanlar arasında olan əlaqələrin normalar əsasında tənzimlənməsi və inkişaf etdirilməsidir. Bu normalar bir xalq və bir qrup üçün nəzərdə tutulmamışdır, bunlar insan şəxsiyyətini yüksəlişə doğru aparan bəşəriyyət üçündür ki, bütün insanların da bunda payı vardır. Almaniyanın məşhur sosioloqu Maks Viber müəllifi olduğu “Dini Sosiologiya” (Maximilian Karl Emil Weber (1864-1920). Sociology of Religion) əsərində bu məsələyə işarə etmiş və yəhudi dininin prinsiplərini “Qanunların şərhi” adlandırmışdır (2. s. 29).
Yəhudi dinində mövcud olan mənəvi dəyərlər xristian dinində də özünü göstərir. Hüquqi normalar əsasında xristian dinini təhli etdikdə məlum olur ki, belə mənəvi məsələlər yəhudilikdən xristianlığa irs olaraq keçmişdir. Çünki xristianlıqda Tanrı insanların qanun mənbəyi hesab olunur. Həzrət İsa (Ona salam olsun) “İncil”də (Yeni Əhd) buyurur: “Mən qanunları məhv etmək üçün deyil, bəlkə onları təkmilləşdirmək üçün gəlmişəm” (3. pp. 8 & 10). İlahi tərəfindən müəyyən olunan normalar təkcə insanlar üçün deyil, bütün canlılar üçün nəzərdə tutulmuşdur. Çünki hər bir canlının özünə xas normaları mövcuddur ki, bunlar mövcud aləmin qorunması və inkişafı üçün nəzərdə tutulmuşdur (4. Book 1. part 1, pp. 1 & 2). Dövrdən asılı olmayaraq, bəzən mövcud qanunlar düzgün öyrənilmədikdə və yerində tətbiq olunmadıqda əks nəticə verir. Çünki bəzi hallarda dini normativlərdən müəyyən şəxsin və qrupun mənafeyinə xidmət olunmasında da istifadə olunur və bunun da nəticəsində insanların dünyagörüşündə din və dinin prinsipləri mənfi xarakter daşıyır. İstər dində və istərsə də dindən kənarda olsun, bütün hallarda insan onun üçün təyin olunan normativlərə tabe olmalıdır.

İslam hüququnun fəlsəfi təhlili
İslam dini hüququn fəlsəfi təhlilindən daha çox fiqhi məsələlərə yer verilmişdir və fiqh islam hüququnu öyrənmək üçün ilk başlanğıc hesab olunur. Buna şəriət məsələləri və ərəb dilində isə “Usulul-fiqh” (اصول الفقه) deyilir. Fiqhin prinsipləri rəsmi bir elm olaraq islam hüquqşünasları tərəfindən tədqiq olunmuşdur. İslam hüquqşünasları dini mətnlərdə “fəqih” adlanır. Burada təhlil olunan əsas mövzular ibarətdir: huquq nəzəriyyəsi, gətirilən arqumentlərin metodologiyası, hüquqla bağlı olan mətnlərin şərhi, hüquqi qaydaların elmi sübutları və hüquqla bağlı olan digər mühüm məsələlər təhlil olunur. İslam hüququ dini mətnlərdə müqəddəs, sabit və dəyişməz bir hüquq kimi tanıdılır.
Hüququn fəlsəfəsində təhlil olunan əsas məsələlərdən biri də ictimai dəyişiklik mövzusudur. Burada bir sual yaranır: əgər islam hüququ sabit və dəyişməzdirsə, onda necə ola bilər ki, hüquq nəzəriyyəsində dəyişən ictimai məfhumlarla uyğun olsun? Ümumiyyətlə sabit olan hüquq dəyişə bilərmi və əgər qeyri-sabitdirsə, onda ictimai zərurəti dəyişməklə və yaşayış vasitələrini qəbul etməklə birlikdə yaşamağın metodlarını göstərə bilərmi? İslam hüququ sabit olmasına baxmayaraq, hüququn fəlsəfi məfhum və nəzəriyyəsini istinad etdiyi biliklərdə göstərmişdir. Bütün dini mətnlərdə islam hüququ ilahi vəhy, ictimai-siyasi, elmi, mədəni və həmçinin adət-ənənə olaraq tanıdılır. Bundan başqa, bir çox özünəxas məsələləri təkcə dini baxımdan deyil, həm də ictimai yönümdə təhlil edir. İslam hüququnun sabit və dəyişməz olduğu dedikdə bu o demək deyildir ki, islam zühür etdikdən sonra bu günə qədər onun müddəaları olduğu kimi mövcuddur, islam dinində elə məsələlər vardır ki, bunlar zaman və dövrə uyğun olaraq izah olunur. Elə buna görə də mövcud məsələlərin bəziləri qəbul olunur, amma bəziləri isə sabit və dəyişmədiyi üçün müzakirə olunmur.
Mövzunun əsas tədqiq mənbəyi “islam” və “hüquq” olduğu üçün təhlilə başlamazdan əvvəl bu terminlərin elmi tərəfləri açıqlanmalıdır. İslam hüqüqunu təhlil edərkən burada iki məfhumla, yəni “islam” və “hüquq”la üzləşirik. “Hüquq” ərəb sözü olaraq “haqq”ın cəm formasıdır. Haqq sözü isə mövzuda belə izah olunur: “haqq xüsusi bir iqtidar və məqamdır ki, qanunvericilik əsasında o şəxslərə verilir ki, onlar bu qanuna əsasən şəxslərin özləri və mənsub olduğları mülkiyyət barəsində düzgün qərar çıxartsınlar” (5. s. 51). Amma məşhur ərəb hüquqşünası, qazi Həsən Keyrin fikrincə: “haqq hər bir ölkənin fiziki və hüquqi şəxsləri üçün nəzərdə tutulan imtiyazı deməkdir” (6. s. 441). Haqqın mövcudluğu hər hansı bir şəxs və toplu üçün rəsmi olaraq tanınır. Haqq və vəzifə insanın digər məsələlərdən faydalanması üçün bir-birinə bağlı olan bir imtiyazdır. Əgər hər hansı bir haqq şəxs üçün müəyyən olunursa, onda digərlərinin də buna riayət etməsi lazımdır və bu vətəndaş vəzifəsi olaraq müəyyən edilir. Hər bir fərd hüquq daxilində onun üçün nəzərdə tutulan imtiyazları dərk edərək, ictimaiyyətdə bir sıra vəzifə və öhdəliklərə diqqət edir. İcimai əlaqələrdə hüquq öhdəliklər qarşısında olaraq ikitərəfli əlaqəni yerinə yetirir. Bütün canlılar üçün müəyyən edilən haqlar bəşəriyyətin ictimai-siyası və fərdi azadlıqlarını təmin edən qanunları özündə birləşdirir. Bu normalar insanların ictimai-mədəni, iqtisadi-hüquqi, siyasi hüquqi, ümumi və şəxsi azadlıqlarına həsr olunan qanun mənbəyidir.
Əgər hüququ məfhum baxımından təhlil etsək onda hüquq məfhum olaraq iki hissəyə- ictimai və şəxsi hüquqa bölünür. İslam mətnlərində buna “eyni” və “fərdi” hüquq da deyilir.. İctimai hüquq ədalətin bərpası, maddi və mənəvi dəyərlərin inkişaf etməsi üçün səlahiyyətli şəxs tərəfindən yaradılan qanun və qaydaların məcmuəsidir. Şəxsi hüquq isə imtiyaz və bacarığın toplusudur ki, hər bir fərd üçün nəzərdə tutulmuşdur və islam baxımından digrlərinin də buna riayət etməsi vacib hesab olunur. Amma hüquq elminin hüquqa verdiyi tərifə gəlincə isə, ictimaiyyətə və insanların hüquq və vəzifələrinə başçılıq edən qayda və qanunlar nəzərdə tutulur. Bu elm, qayda və qanunların təhlilindən, inkişafından və məsələlərin dəyərləndirilmsindən bəhs edir. Hüquq elmi alan şəxs “hüquşünas” və islam hüququnda isə bu məqam “fəqih” adlanır (7. s. 561).
Islam hüququndan bəhs edərkən, islam hüquq quruluşlarına xüsusi diqqət olunmalıdır. Çünki islam hüquq quruluşu islam hüququnun özəyini təşkil etməklə, həmçinin islamın bütün ayinlərinə dəlalət edir. Elə buna görə də müsəlmanlar hüquqi quruluşlarda və qanunvericilikdə dinin üstünlüklərindən danışarkən ilk olaraq dinin xüsusiyyətlərindən bəhs etmişlər və bu xüsusiyyətlərin ən əsası ədalətdir.

İslam hüquq quruluşlarına fəlsəfi baxış
Dini və İlahi quruluşların sonuncusu islam hüquq quruluşudur ki, Qurani Kərimə, Sünnəyə və Ağıla istinad edir. Bu quruluşun əsas xüsusiyyətlərindən bəhs edərkən qeyd etmək lazımdır ki, islam hüquq quruluşu ilk növbədə dinə və ruhaniyyətə əsaslanır; yəni ilk olaraq qeyd etmək lazımdır ki, islam hüquq quruluşu ilahi və dinidir. Çünki onu İlahi tərəfindən seçilmiş peyğəmbər gətirmişdir nəinki adi rəhbərlər. İslam hüququ dinin mətnlərində və islamın ayinlərində mümüm yer tutur və ondan ayrı deyil; bunu həmçinin qərb hüquqşünasları da təsdiq edirlər. Fransız hüquqşünası Rena Devid (René David (1906-1990) bu barədə yazır: “heç bir islamşünas islam hüququndan xəbərsiz deyil. İslam dini yəhudi dinində olduğu kimi qanuna əsaslanan bir dindir”. Sonra davam edərək yazır: “Berq Straserin dediyi kimi, islam hüququ müsəlman ruhunun ifadəsi, islamın ən qəti fikri və həm də onun özəyidir” (8. s. 2). Rena Devidin demədiyi digər mühüm bir məsələ də ondan ibarətdir ki, bu ilahi və dini hüquq həm də vəhyə əsaslanır. Bu mənada ki, islamın hüquq qaydaları dinə etiqad edən müsəlmanlar tərəfindən deyil, Allah-Təala tərəfindən peyğəmbərlərə nazil olmuşdur. Bunlar Quranda və digər mötəbər mətnlərdə mövcud olan mühüm məsələlərdir ki, islam peyğəmbəri vasitəsilə yayılmışdır. Burada digər bir məsələ isə Rena Devidin xristian hüququ ilə islam hüququnu müqayisə etməsi yuxarıda deyilənləri tamamlayır. “İslam hüququnun hətta kiçik bir hissəsi islam dinindən ayrı deyil, çünki bunun əsası ilahi vəyhə əsaslanır və dünyada elə bir qüvvə yoxdur ki, onun səlahiyyətini dəyişmək qüdrətinə malik olsun. Hər bir müsəlmanın ictimai həyatda yaşamağı üçün mənsub olduğu islam qaydalarından başqa digər qaydalar mümkün deyil, elə bir qaydalar ki, bunların əsasını İlahi vəhy təşkil edir və islam hüququ məhz bu xüsusiyyətlərə görə xristian ictimaiyyətində kilsə hüququ qarşısında yer tutmuşdur. Məlum olduğu kimi kilsə hüququ vəhy vasitəsilə nazil olmamış və bu hüquq xristianların iman və əxlaq prinsiplərini əks etdirir, nəticədə bunlar ilahi kəlam deyil, bəşər düşüncəsinə əsaslanır. Elə buna görə də xristianların müxtəlif kilsə hüquqları uzun əsrlərdə inkişaf etməyə başladı və bu inkişaf davam edir. Amma islam hüququ isə islam dininin bir hissəsini təşkil etməklə həm də islam prinsiplərinə əsaslanır. Hər hansı bir hüquq şəriət qaydalarına uyğun olmasa qəbul edilməzdir”(8. s. 5). Burada mühüm bir məsələni nəzərdən qaçırmaq olmaz; yəni demək olmaz ki, bu gün istinad edilən hüquq hüquq hesab olunmur, əksinə burada Rena Davidin məqsədi təbii hüquqdur, nəinki pozitiv hüquq. Çünki təbii hüququn mahiyyəti səmavi dinlərə əsaslanır, nəinki sonradan tədqiq olunan (pozitiv) hüquqa və onun prinsiplərinə.
İslam hüquq quruluşunun digər xüsusiyyətlərindən biri də reallığa əsaslanan, çox əhatəli və ictimai olmasıdır (8. s. 5). Hüquqi quruluşlar bu reallığa can atsa da amma əsil həqiqətdə buna nail ola bilməmişlər. Ona görə ki, bu quruluşların prinsiplərini irəli sürən alimlər və bunun əsasını qoyan təşkilatçılar insan varlığına diqqət etməmiş və hətta onun varlığını tanımaqda səhvə yol vermişlər. Amma islam hüquq quruluşunda qanunverici Allah-Təaladır ki, insan varlığının bütün kateqoriyaları, onun mərifəti və kainat ilə əlaqəsi barədə tam elmə malikdir. Belə olan halda təbii ki, islam hüquq quruluşu reallığa əsaslanaraq çox əhatəli və həm də ictimai bir quruluş hesab olunacaq; yəni islam hüququ insanların hüquqla bağlı olan əlaqələrini tənzimləyir, ictimai məsələləri diqqət mərkəzində saxlayır və ilahi qanunları insan həyatının bütün sahələrinə həsr edir.
İslam hüquq quruluşunun digər xüsusiyyəti tam və kamil olmasıdır. (8. s. 7); yəni islam hüququnun real olması onun tam və kamil bir hüquq olmasına dəlalət edir. İslam hüququ təkcə çoxəhatəli və ictimai bir hüquq deyil, bu həm də hərtərəfli və tam bir quruluşdur. İnsan varlığına bağlı olan elə bir məsələ yoxdur ki, islam bu məsələlələrə münasibətini bildirməsin və hətta ən kiçik məsələlər belə islam hüququndan kənarda qalmamışdır. Bu quruluşun digər mühüm xüsusiyyətlərdən biri də birlik və əməkdaşlığa önəm verməsidir. İslam hüququnda birlik və əməkdaşlıq istər hüquqi və istərsə də qeyri-hüquqi olsun müəyyən bir sistemə və quruluşa söykənir və bu sistem və quruluş hər hansı bir ziddiyyətdən kənar bir-biri ilə əməkdaşlıq edir və ən əsası isə bu hərtərəfli əməkdaşlıq reallığa əsaslanır. Çünki, islamın hüquq sistemi real birlik və əməkdaşlıq üçün yaranmışdır (8. s. 8). Digər mühüm bir məsələ ondan ibarətdir ki, islam hüququ və quruluşu insan təbiəti və fitrəti ilə bağlıdır və bu müasir hüquqi qruluşlardan fərqli olaraq iki mühüm sütundan ibarətdir:
1.İslam hüquq quruluşu mahiyyət etibari ilə dünyəvi quruluş deyil, bəlkə bu quruluşun əsasını ilahi və müqəddəs dəyərlər, yəni insanla bağlı olan müqəddəs əməllər təşkil edir. İslam təkcə dini ayinlərdən və şəriət məsələlərindən bəhs etmir, islam ictimaiyyətdə insanların bir-birlərilə münasibətlərini, onların davranış qaydalarını, ümumiyyətlə əxlaqın formalaşmasında mühüm tənzimləyici vasitə olan qanunlar məcmuəsindən bəhs edir.
2.İslam hüquq quruluşu digər müasir hüquqi quruluşlardan fərqli olaraq ümumi və xüsusi şöbələrə bölünmür. Çünki bu quruluşun qanunları Quranı- Kərimin ayələrinə əsasən təsbit olunur ki, bütün zamanlarda və məkanlardada bəşəriyyətə xitab olunmuşdur. Başqa sözlə, bu bir qanun qöstəricisidir ki, təkcə ictimayyətə və ya bir toplantıya aid deyil, bu hətta tək bir şəxsə də şamil olunur: “Biz insanı dəyərləndirdik” (9. Əl-İsra, ayə 70). Bu onu göstərir ki, islamda ancaq bir qanun mövcuddur və bu həmin qanun göstəricisidir ki, dinindən və şəxsi etiqadından asılı olmayaraq bütün bəşəriyyətə aiddir.
İslam hüququnda hüquqi normalar geniş və ətraflı şəkildə təhlil olunur. Bunlar ibarətdir: “əhdə vəfa etmək”, “xüsusı qanun çərçivəsində məsləhətləşmələr”, “yaşamaq haqqı”, “azadlıq”, “bərabərlik”, “ədalət”, “ədalətə uyğun istəyin təmin olunması”, “su-istifadə qarşısında haqqın qorunması”, “işgəncədən qorunmaq”,“şərəf və ləyaqətin qorunması”, “sığınacaq haqqı”, “ictimai həyatda fəaliyyət hüququ”, “fikir, iman və söz azadlığı”, “din azadlığı”, “iqtisadi hüququn qorunması”, “ailə qurmaq hüququ”, “təlim və tərbiyə hüququ”, “şəxsi həyatın gorunma haqqı”, “yaşayış yerini seçmək və azadlıq hüququna malik olmaq haqqı” və digər normaları misal göstərmək olar. Göstərilən hüquqi əsaslar yaş həcmindən, tutduğu mövqeyindən, həmcinin tibbi şəraitindən asılı olmayaraq bütün insanlara şamil olunur (10. s. 457) və məhz bu qanunlar əsasında hökm irəli sürülür və nəticə alınır.

İslam hüquqnda insan haqlarının hədəfinə fəlsəfi baxış
İslam hüququnda insan haqlarının hədəfindən danışarkən Qurani-Kərimə müraciət etmək olduqca zəruridir, çünki islam hüquq quruluşu məhz müqəddəs kitabda öz əksini tapmışdır və həmçinin hüquqla bağlı olan bütün ayələrində hüququn hədfini başlıca amil hesab edir. Allah-Təalanın bəşər övladına buyurduqları nəsihətlər içərisində insana verilən haqq xüsusi yer tutur. İnsana verilən haqq dedikdə, yəni bu haqlar insana bağlıdır və onunla birlikdə yaranmışdır. İnsan yarandığı vaxtdan ona xas olan istəklər, tələblər (haqlar) onunla birlikdədir. Mütləq Varlıq kimliyindən və hansı millətə mənsub olmağından asılı olmayaraq hər bir insanın haqqına riayət olunmasını təkid etmişdir: “Elə ki, insanlar arasında qərar qəbul etdiniz, ədalətə riayət edin” (9.Ən-Nisə, ayə 58).
İslam hüququnda insan haqlarının hədəfindən danışarkən ədalət hissinə xüsusi diqqət etmək lazımdır. Ədalət hissi insan təfəkküründə insana xas olan haqların əsasını təşkil edir və bu hiss haqqın yerinə yetirilməsində mühüm hədəflərdən biri hesab olunur. Bu hədəf insana xas olan azadlığı və digər haqları qorumağa səy göstərir. Əlbəttdə burada ictimai hüquq da mühüm amildir, çünki ictimai hüquq fərdi hüquq qarşısında olmaqla ümumi mənafeyi və dövlət hüququnu hüququn hədəflərindən bir hesab edir. Quran təkcə ədalətdən bəhs etmir və həm də onun yerinə yetirilməsinə təkid edir. Ədalət hissinin təkcə əməllə deyil, həm də insan ruhu ilə bağlı olduğu göstərilir. Quran nəsihətlərində ədalətin bütün hallarda riayət olunmasına təkid edir: “Əgər hər hansı bir məsələ barəsində fikir yürüdürsünüzsə hətta qohum-əqrabanız olsa belə ədalətli qərar çıxarın” (9.Əl-Ənam, ayə 152).
İslamda insan haqlarının hədəfini təkcə ədalətlə məhdudlaşdırmaq olmaz, çünki ayələrin mənasını təhlil edərkən məlum olur ki, insan iki hissədən: ruh və cismdən ibarətdir. Hüququn əsas məsələlərindən danışarkən, yəni insanın təbiətə inamı və bağlılığı, insan dünyadan getdikdən sonara başqa bir aləmin varlığına inam (axirət aləminə), insanın Tanrı və özü ilə əlaqəsi, insanın digərləri ilə əlaqəsi, fərd və ictimaiyyətin özəyi və bu kimi digər məsələlər hüququn əsas qayəsi hesab olunmaqla hədəfin yaranmasına ehtiyac olduğunu göstərir. Bu məsələlərdən hər birinin özünəxas hədəfi vardır və bu hədəflər hüquqi normativlərdə mövcuddur. İslam baxımından ədalət nəfsə bağlı olan bir vəziyyətdir ki, insan bunun vasitəsilə əxlaqa zidd olan əməllərdən uzaqlaşır və əxlaqa xas olan yüksək keyfiyyətlərə sahib olur. İslam hüquqnun hədəfi təkcə ictimai rifah halının yaxşılaşması və ədalətin yerinə yetirilməsi deyil, bəlkə əsas hədəf ondan ibarətdir ki, insan əməldə ədalətə riayət etməklə ən üstün məqama nail olsun. Burada üstün məqam dedikdə, yəni haqqa riayət etməklə insan ruhunun nurlu olması nəzərdə tutulur. Əlbəttdə bunun başqa bir mənası da ola bilər, amma insan ruhunun nurlanması məhz əxlaqi dəyərlərə əməl etdikdən sonra mümkündür. İnsan hər hansı bir əməlin müsbət tərəflərini gördükdə məlumdur ki, həm cismən və həm də ruhən bundan şad və rahat olur. Normal insan etdiyi hər hansı bir əməlinə görə (istər bu əməl yaxşı və istərsə də pis olsun) həmin anda da olmasa sonradan onun barəsində düşünür və görəndə ki, pis bir iş tutub bunu biruzə verməsə də daxilən narahat olur. Amma yaxşı əməl sahibi əməlinin müsbət olduğunu duyduqca həm cismi və həm də ruhu rahatlaşır və etdiyi bu əməlin müqabilində vicdanı qarşısında daha da yüksəlir. İslam hüququnun üstünlüyü və əsas hədəfi ondadır ki, insana həqiqəti və onun kimliyini tanıtdırır, həmçinin ruh və cism arasında qırılmaz əlaqə yaradır. İslam mütəfəkkiri Muhəmməd Hüseyin Təbatəbai yazır: “insan daxilində olan bəzi qüsurlar onun həqiqəti dərk etməyə ehtiyacı olduğunu göstərir. Həqiqətən bu çatışmamazlıqların təsiri insan varlığının zəif tərəflərini təşkil edir və bu zəif tərəflər gərək iradə əsasında insanın üstün keyfiyyətlərə çatması ilə əvəz olunsun”. (11. s. 16). Burada digər mühüm bir məsələ ondan ibarətdir ki, hüquqla bağlı olan əsərlərdə və hüquqşünasların gəldiyi nəticədə fərdi azadlıq və fərdin mənafeyi hüququn hədəfi hesab olunur. Onların nəzərində hökumət hər hansı bir şəxsin güvəndiyi qurumdur; hökumət insan azadlığını təmin etməlidir; hökumət müəyyən hədd daxilində insanın digərləri ilə fəaliyyətinin genişlənməsinə şərait yaratmalıdır və ictimai fəaliyyəti məhdudlaşdıran problemlər aradan qaldırılmalıdır (12. s. 368).
Ümumiyyətlə, hüququn hədəfi və məqsədi istər islamda olsun və istərsə də müasir hüquqda insan varlığını dəryərləndirməkdir. İnsan varlığının dəyərləndirilməsi dini mətnlərdə geniş təhlil olunsa da qərb mütəfəkkirlərinin də bu barədə çox maraqlı fikirləri mövcuddur. Hüquq nəzəriyəçiləri hüququn fəlsəfəsində və digər elmlərdə hədəfin mühüm yeri olduğunu yazmışlar. Bunların arasında məşhur hüquqşünaslar bu məsələyə xüsusi diqqət etmiş və hədəfsiz hüququn mövcudluğuna şübhə ilə yanaşmışlar. Onların fikrincə, “hüquq hər hansı bir əməli araşdıranda və nizam-intizam tələblərini irəli sürdükdə həfdə söykənir” (13. s. 462-463). Digər mənbədə isə yazılır ki, “haqqın cövhərini məhz hüququn hədəfində axtarmaq lazımdır” (12. s. 116).
Burada mühüm bir məsələyə diqqət etmək lazımdır. Yuxarıda qeyd olundu ki, hüququn hədəfini təkcə ədalətlə məhdudlaşdırmaq olmaz. Əlbəttdə, hüququn hədəfini təkcə ədalətlə deyil, hətta hüquqla da məhdudlaşdırmaq olmaz, çünki dövlətin tənzimlədiyi hüquq və ona daxil olan qaydaların yaranması və necəliyi daha çox təsirə malik olmaqla dövlət və hüququn rəhbəri və yolgöstəricisidir. Hüquqi hədəfin üstünlüyü ondadır ki, həm hüququn və həm də dövlətin istiqamətvericisi omaqla, həm də bunlara rəhbərliyi öhdəsinə götürür. Elə buna görə də hüququn hədəfini müəyyən etmədən hüququn tələblərini tanımaq qeyri-mümkündür. Amma təssüflər olsun ki, hüququn mahiyyətini və onun prinsiplərini əsaslandıran belə bir mövzuya diqqət olunmur. Daha dəqiq desək, hüquqla bağlıı olan bir çox dəyərli əsərlərdə hüququn prinsiplərindən danışılır amma hüquq nəzəriyyəsinin əsil mövzusu olan hüququn hədəfi kənrda qalır. Əlbəttdə, burada təkcə hüququn hədəfi deməklə məsələ həllini tapmır; yəni bu mövzu, mövzu olaraq dərindən təhlil olunmalıdır. Mövzunun diqqət çəkməməsi bəlkə də hüquqşünasların daha çox praktiki məsələlərəin təhlilinə diqqət etmələridir, nəinki hüququn fəlsəfi tərəflərinə. Filosoflar hər hansı bir məsələnin kökün araşdırır və bu mövzu da (hüququn hədəfi) birbaşa olaraq hüququn daxilinə nüfuz etdiyi üçün filosofları daha çox düşündürmüşdür.

Nəticə
İslam dinində hüququn fəlsəfi təhlilindən bəs edərkən belə nəticəyə gəlmək olar ki, ümumiyyətlə bütün dinlərdə varlıqlara mənsub olan haqlar bəşər həyatının formalaşmasında və ictimai inkişafında mühüm şərtlərdən biri hesab olunur. Elə buna görə də din və hüquq arasında olan ayrılıq yolverilməzdir, çünki bunların ikisinin də hədəfi eynidir. İlahi tərəfindən bütün canlılar üçün yaradılan haqlar insana real həyatın qayda-qanunlarına yiyələnməkdə yardım edir, mənəvi dəyərləri və keyfiyyətləri anladır, insana azad düşüncəni, yüksək mədəniyyətə, elmə sahib olmağı aşılayır və ən əsası isə insanı yaşadığı dövr üçün şəxsiyyət kimi hazırlayır. İslam hüququna əsasən haqqa riayət etmək mənfi amillərin və insanlığa zidd olan məsələlərin qarşısını alır, insanlar arasında münasibətləri tənzimləyir və bunların həlli yollarını göstərir, ən əsası isə bütün bəşəriyyəti doğru, vahid birliyə sövq edir. Dini normativlərdən məqsəd təkcə o deyil ki, insanlar layiq olduğu haqqa sahib olsunlar, bəlkə əsas məqsəd ondan ibarətdir ki, bəşəriyyətə mənsub olan hüquqi normalar mövcud aləmdə hakim olsun. Bu normativlərin üstünlüyü ondadır ki, təkcə bunları deməklə kifayətlənmir, bunlara riayət olunmasını təkid edir. İslam hüququnun əsas hədəfi insana lazım olan yaşayış qaydalarını göstərmək, bunlara həm sözdə və həm də əməldə riayət olunmasına səy göstərməkdir. İslam dinində mövcud olan normativlər və bu normativləri əhatə edən məsələlər bəşəriyyətin dəyərləndirilməsi üçündür və ən əsası isə sabit və dəyişməz ayələrə müraciət etməklə ictimaiyyətdə insan varlığını inkişaf etdirmək və insan simvolunu yaratmaqdır.

İngilis dilində istifadə edilmiş ədəbiyyatlar
1.(1).Ancient Hebrew Torah. (The Holy Scriptures). America. Lakeside Press, Chicago 1917.
2.(4).Charles de Secondat, Baron de Montesquieu. The Spirit of Law. Translated from the French by Thomas Nugent, New York 1900.
3.(3).Friedrich, Carl Joachim. The Philosophy of Law in Historical Perspective. The University of Chicago Press, Chicago 1969.
Ərəb və Fars dillərində istifadə edilmiş ədəbiyyatlar
4.(13).Klaude Du Pasquier. Ümumi nəzəriyyə və hüquq fəlsəfəsinin müqəddiməsi. Fransız dilindən fars dilinə tərcümə edən: Əli Muhəmməd Təbatəbai. Naşir: “Buzərcumhuru”, Tehran 1332.
5.(7).Fərəcullah Xudapərəsti. Maarifləndirmə lüğəti. Müasir mədəniyyət nəşiyyatı, İkinci nəşr Tehran 1388.
6.(6).Həsən Keyir. Qanunıarın başlanğıcı. İskəndəriyyənin maarifləndirmə mərkəzi, beşinci nəşr (tarixsiz).
7.(9). Qurani-Kərim. (Ayələrin tərcüməsi müəllifə məxsusdur).
8.(5).Məhəmməd Hüseyin Sakit. Hüquq elmi. Məşhəd 1371.
9.(8).Mustafa Daneşpəju və Qudrətullah Xusruşahi. İslam hüquq quruluşu. Tehran 1388.
10.(10).Müstafa Muhəqqeq Damad. Din, Fəlsəfə və Qanun. Tehran 1378.
11.(12).Nasir Katuzyan. Hüququn fəlsəfəsi. Naşir: Səhmdar şirkəti. Tehran 1388.
12.(2).Sakit Məhəmməd Hüseyn. Hüququn fəsəfəsinə tarixi baxış. Naşir: Müasir dünya, Tehran 1370.
13.(11).Seyyid Muhəmməd Hüseyin Təbatəbai (Əllamə Təbatəbai). Əl-Mizan (Qurani-Kərimin təfsiri). İsmail mətbuat mərkəzi. Qum 1386.

Pashayeva A.N.,
PhD in philosophy, researcher at the Department " Islamic Philosophy", Philosophy Institute of NA of AR,
Religion and Law: Philosophical Analysis of Law in Islam religion

Summary


An integrated part of culture religious and legal norms have been existed for all times. The historical roots of these norms which glorified human and humanity and defended humanism belonging not only to Islamic era but also ancient times. The purpose of man's existence and domination over the earth is the protection of humanity and the existent values. In this regard Islam religion pays particular attention to rights (norms) belonging to all living things from different sides and deeper approach.
In the article, we denoted legal norms in Judaism, Christianity, as well as, the legal issues of Islam have been philosophically analyzed according to the theory of Islam lawyers (fagih) and Islam and Western philosophers.
Key words: Religion, Islam religion, The Holy Quran, Islamic right, Philosophy of Law, Community.
Пашаева А.Н.,
доктор философии по философии, научный сотрудник отдела «Исламская философия» иснститута Философии НАНА.
pashayeva.ph@mail.ru

Религия и Права: философский анализ вопросов права в исламской религии
Резюме


Во все времена существовали нормативы религии и права, которые являются составной частью культуры. Исторические корни данных кормативов, воспевающих человека и человечество и защищающих гуманизм, относятся не к исламскому периоду, на к более древним временам. Целью возникновения человечества и его власти на земле является защита всех существующих ценностей. С этой точки зрения исламская религия обратила особое внимание на данные вопросы, подходя к присущиму всему живому правам (нормам) с разных сторон и более углубленно.
В статье отмечаются нормативы права в иудаизме, христианстве и, что самое важное, правовые вопросы в исламской религии анализированы в философском направлении в теориях как исламских правоведов (факих-исламское юрист) так и исламских и западных философов.
Ключевые слова: Религия, Исламская религия, Коран, Исламское право, Философия права, Общественность.



Din və Hüquq: İslam dinində hüququn fəlsəfi təhlili. /Bakı Dövlət Universitetinin xəbərləri, sosial-siyasi seriyası jurnalı. “Bakı Universiteti” nəş. № 4, Bakı 2018, s. 65-74.