27.01.2020, 10:22 - Baxış sayı: 1063

Böyük sufi alimi Baba Neymətullah Naxçıvaninin dini-fəlsəfi görüşləri


Sakit Hüseynov
AMEA Fəlsəfə İnstitutunun
Davamlı inkişafın fəlsəfəsi
şöbəsinin müdiri, f.e.d., prof.


Açar sözlər: Baba Neymətullah Naxçıvani, sufizm, təriqət, kamil insan, fəlsəfi baxış.
Key words: Baba Neymatullah Nakhchivani, Sufism, sect, perfect man, philosophical view.
Ключевые слова: Баба Нейматулла Нахчывани, Суфизм, секта, совершенный человек, философский взгляд.

Azərbaycanımızın gözəl güşələrindən biri olan Naxçıvan bölgəsi xalqımıza bir çox tanınmış alim, şair, yazıçı və mütəfəkkirlər bəxş etmişdir. Bunlardan biri də XV əsrin görkəmli sufi alimi Baba Neymətullah Naxçıvanidir (1452 (54)-1514). Lakin təəssüf ki, Naxçıvan mənşəli digər alimlərimizlə müqayisədə Baba Neymətullah Naxçıvanın həyat və yaradıcılığı haqda məlumatlar çox azdır.
Lakin çox təəssüf ki, Baba Neymətullanın azərbaycan dilində həyat və yaradıcılığı haqqında sadaladığımız bu mənbələr qənaətbəxş deyildir. Bu səbəbdən azərbaycan tədqiqatçılarının dahi sufi alimimiz haqqında məlumatı çox azdır. Digər tərəfdən müxtəlif səbəblərdən Naxçıvaninin həyat və yaradıcılığının çox hissəsinin Naxçıvandan kənarda (Təbriz, Konya və s.) cərəyan etməsi, eyni zamanda əsərlərinin ərəb və fars dilində nəşr olunması böyük mütəfəkkirin öz vətənində az tanınmasına zəmin yaratmışdır.
Böyük sufi alimi, mütəfəkkir, təfsir ustadı, Baba Neymətullah Naxçıvani, XV əsrin 1-ci yarısında 1452, yaxud 1454-cü il Naxçıvanda dünyaya gəlmişdir. (4) Onun əsl adı Nimətullah İbn-i Mahmud ən-Naxçıvanidir. O Naxçuvani, Nəxçıvani, Naxçıvani ... və daha sonra isə Şeyx Ülvan (Alvan) tərəfindən Ər-Rumi ləqəbi ilə tanınmışdır. Hələ gəncliyində Naxçıvani yaxşı təhsil almış və öz dövrünün görkəmli alimləri tərəfindən yaxşı biliklər əldə etmişdir. Gəncliyində təsəvvüf və hikmət elminin sirlərini öyrənmişdir.
Tarixdən məlumdur ki, XII və XIV əsrlər arasında Naxçıvan Moğollar və Xarəzmşahlar tərəfindən işğal edilmişdir. Əmir Teymur 1405-ci ildə vəfat etdikdən sonra, Naxçıvan da Moğol istilasından xilas olmuşdur. Lakin bundan sonra Naxçıvan əvvəlcə Qaraqoyunlu, daha sonra Ağqoyunlu dövlətinin tərkibinə daxil olmuş, Ağqoyunlular dağıldıqdan sonra isə Naxçıvan bölgəsi Səfəvilərin hökmranlığı tabeçiliyinə keçmişdir. Neymətullah Naxçıvani Qaraqoyunlu və Ağqoyunluların hakimiyyəti dövründə bu bölgədə yaşayırdı. Tarixdən məlum olduğu kimi yuxarıda qeyd edilən dövrlər bu bölgədə lokal müharibələrin ən çox baş verdiyi bir dövrlər olmuşdur. (10)
Naxçıvanda baş verən bu cür çaxnaşmalara və qarışıqlığa dözə bilməyən Neymətullah Naxçıvani 1453-cü ildə Təbrizə köçərək öz yaradıcılığını 1498-ci ilə qədər orada davam etdirmişdir. Uzun Həsəndən sonra hakimiyyətə gələn Sultan Yaqub elm və alimlərə böyük əhəmiyyət verirdi. Naxçıvani həmin dövrdə (1496-cı ildə) Təbrizdəki Təfsir sahəsindəki ən qiymətli şərhini başa çatdırmışdır. Elmə, üləmaya bütövlükdə elm əhlinə əhəmiyyət verən Yaqub dövründən sonra, Naxçıvani daha rahat bir mühitdə öz yaradıcılığına davam etmək üçün 1499-cu ildə Konya şəhərinə, oradan da Akşehir şəhərinə gəldi və orada öz yaradıcılığını davam etdirdi.
Məlumdur ki, Naxçıvani sufizmin Nəqşibəndi təriqətinə mənsubdur. O, bir nəqşi şeyxi olmuşdur. (11) Ancaq, ilk təriqət dərsini harda və nə zaman aldığı kimin tərəfindən aldığı məlum deyil. Prof. Məmməd Rzayev "Baba Neymətullah Naxçıvaninin həyat və fəlsəfəsi" adlı məqaləsində qeyd etmişdir ki, Naxçıvan bölgəsi, müxtəlif sufi təriqətlərinə aid olan dərvişlərin fəaliyyət göstərdiyi bir bölgə idi. Xüsusilə bu bölgədə, Qələndəriyyə, Bəktaşi, Səfəviyyə, Nəqşibəndiyyə təriqəti təsirli idi. Orta əsrlərdə Naxçıvanda, Şeyx Əbu Səid, Şeyx İslam, Şeyx Nurəddin, Pir Eyvaz, Şeyx Hacı Hilalullah, Əmir Xəlifə kimi o dövrdə tanınmış məşhur sufi şeyxləri fəaliyyət göstəriblər. Bu sufi şeyxlərdən biri də Nimətullah Naxçıvani olmuşdur. (6)
Məlumdur ki, Naxçıvaninin doğulduğu Naxçıvan xüsusilə Bektaşiyyə təriqətinin geniş yayıldığı bir yerdir. Naxçıvanda Bektaşi nəsli hələ də yaşayır. Bunlardan biri də Bektaşi təriqətinin irəli gələnlərindən fizika-riyaziyyat üzrə dosent Məmməd Bektaşi atalarından eşitdiyinə görə Baba Neymətullah Naxçıvaninin onların babalarından olduğunu qeyd edir. Əgər bu doğrudursa əvvəllər Baba Neymətullah Naxçıvaninin Bektaşi olduğu və Bektaşiyyə təriqətinə mənsub olduğu fərz edilə bilər. Digər tərəfdən onun “baba” ləqəbi ilə şöhrət qazanması bektaşi təriqətinə mənsub olduğuna bir işarədir. Çünki baba ləqəbi adətən Bəktaşi dərvişləri adlanırdı. Bektaşi dərvişləri təriqətlərindən beş mərhələ keçirmişlər: 1-Aşiq, 2-Mühib, 3-Dərviş, 4-Baba, 5-Xəlifə.
Aşiq təriqətə daxil olmaq istəyəndir. Təriqətə girənə mühib deyilir. Sonra dərvişlik gəlir. Dərvişin başına xəlifə tərəfindən sarıq sarılar, ona '' baba '' rütbəsi verilirdi. Xəlifə Bektaşilərin ən yüksək nöqtəsidir. Bu məzmunda nəticə olaraq bunu deyə bilərik: Baba Neymətullah Naxçıvani Naxçıvanda yaşadığı dövrdə əvvəllər Bektaşiyyə təriqətinə mənsub olmuş və “baba” rütbəsinə qədər yüksəlmiş, sonralar Naxçıvanda yayılan Nəqşibəndiyyə təriqətinə daxil olmuşdur. (6, 11)
Yuxarıda Bektaşilik təriqəti ilə bağlı deyilənləri nəzərə alaraq qeyd etmək lazımdır ki, Fikrət Bektaşi və Etimad Bektaşinin birgə yazdıqları “Keçmişdən günümüzə Naxçıvan Bektaşiləri” adlı kitabın çap olunması (Naxçıvan, “Əcəmi” NPB- 2018, 272 səh.) bir daha sufizm fəlsəfəsinin Azərbaycanda, o cümlədən Naxçıvanda geniş fəaliyyət göstərdiyinin əyani sübutudur.
Qeyd etmək lazımdır ki, sufiliyin nəqşibəndlik təriqəti xüsusən XV əsrdə Azərbaycanda daha geniş şəkildə yayılmağa başlamışdır.
Bu təriqətin Azərbaycanda, xüsusən Naxçıvanda yayılmasında Baba Neymətullah Naxçıvaninin də mühüm rolu olmuşdr. Elmi ədəbiyyatda qeyd olunur ki, bu “təriqət Azərbaycanda XV əsrdə yayılmağa başlamışdır. Naxçıvanda Neymətullah Naxçıvani (ö.1497), İrəvan və Urmiya ətrafında Əziz Mahmud Urməvi (ö.1974) və Təbrizdə isə Nəcməddin Bərqbafdər (ö.1506) və Əbu Səid ibn Sünillah (ö.1572) bu təriqəti təbliğ etmiş, xeyli tərəfdar toplamışdır. Lakin XVI əsrdən sonra Azərbaycanda təsəvvüf cərəyanları dini-siyasi təzyiqlər nəticəsində, həmçinin meydana güclü təmsilçilərin çıxmadığı üçün zəifləmişdir” (1. səh. 66). Mənbədə qeyd olunmuşdur ki, təsəvvüf cərəyanlarıın nümayəndələri “... məmurların və mollaların təhdidlərinə məruz qalaraq Hindistan, Anadolu, Misir və Türküstana köçməyə məcbur olmuşlar” (1. səh. 66).
Məhz bu hadisələrdən sonra Baba Neymətullah da öz doğma yurdu Naxçıvanı tərk edərək Mövlana Cəlaləddin Ruminin məmləkəti olan Konyada yerləşən Ağşəhər qəsəbəsinə gedərək orada məskunlaşmışdır.
Azərbaycanlı tədqiqatçı, tarix üzrə fəlsəfə doktoru Əkbər Nəcəf Baba Naxçıvaninin sufiliyin Nəxşbəndi təriqətinə aid olduğunu qeyd edərək yazmışdır: “Baba Naxçıvani nəqşibəndi təriqətinin xəlvətiyyə qoluna mənsubdur. Xəlvətiliyin xüsusiyyəti “cəmiyyət içində xəlvətdə” yaşamaq olduğundan, Baba Naxçıvani də həyatının çoxunu tənhalıqda keçirmişdir. Onun haqqında məlumatların azlığı da bununla əlaqədardır.” (2)
Məlumdur ki, Nəqşibəndilik təriqəti əsasən Orta Asiyada geniş yayılmışdır. Bu təriqətin banisi hesab edilən Məhəmməd Bəhaəddin (1318-1389) Buxara şəhəri yaxınlığında yerləşən “Kəsri-Arifan” adlanan kənddə anadan olmuş və öz doğma kəndində də dünyasını dəyişmişdir. Qeyd edək ki, Özbəkistanın Buxara şəhəri yaxınlığında Nəqşibəndi təriqətinin banisi olan Orta Asiyada məşhur sufi alim kimi tanınan M.Bəhaəddin və onun məsləkdaşlarına geniş muzey-məqbərə tikilmişdir. Hazırda bu sufi məqbərəsinə, həm ölkə daxilindən, həm də xarici ölkələrdən xeyli ziyarətçilər gəlməkdədir. M.Bəhaəddindən sonra bu təriqətin müxtəlif bölgələrdə geniş yayılmasında Ələddin Əttar, Zahid Bədahşi, Məhəmməd Parsa və başqalarının mühüm rolu olmuşdur.
Yuxarıda qeyd etdiyimiz kimi məhşur sufi alimimiz Baba Neymətullah Naxçıvani də həm Azərbaycanda, həm də Türkiyədə nəqşibəndi təriqətinin əhali arasında təbliğ edilməsində mühüm rol oynamışdır. Akademik Vasim Məmmədəliyev Neymətullah Naxçıvaninin Nəqşibəndi təriqətinin nəinki Azərbaycanda, eyni zamanda Türkiyədə yayılmasındakı rolundan bəhs edərək yazmışdır: “Neymətullah Naxçıvani dövrünün məşhur sufilərindən olub Nəqşibəndi təriqətinə mənsubdur... Neymətullah Naxçıvani Anadoluda Nəqşibəndi təriqətinin yayılmasında mühüm xidmət göstərmiş, geniş xalq kütlələrinin rəğbətini nəqşibəndliyə yönəltmək sahəsində fəal rol oynamışdır. Naxçıvaninin “əl-Fəvatih əl-ilahiyyə” adlı məşhur sufi təfsirini Hicrətin 902-ci ilinin Ramazan ayının ortalarında (miladi tarixlə 1496-cı il) bitirdiyi ehtimal olunur.” (8. səh. 107)
Qeyd etmək lazımdır ki, Neymətullah Naxçıvani təsəvvüf sahəsində yaradıcılığı ilə yanaşı Quran təfsiri ilə də bağlı xeyli işlər görmüşdür. Bununla əlaqədar Vasim Məmmədəliyev böyük mütəfəkkir Neymətullah Naxçıvaninin Quranın təfsiri sahəsində mühüm işlər gördüyünü xüsusi qeyd edərək yazmışdır: “orta çağ və sonrakı dövr Azərbaycan alimləri də öz növbələrində Allah kəlamının təfsiri ilə ciddi məşğul olmuş, onun çətin anlaşılan surə və ayələrini Peyğəmbər əleyhissəlamın hədisləri və öz dövrlərinin elmi nailiyyətləri əsasında ümmətə izah etmək üçün əllərindən gələni etmişlər. Belə alimlərimizdən biri də XIV-XVI əsrlərdə yaşayıb-yaratmış Neymətullah Naxçıvanidir.” (8. səh.106)
Məşhur sufi alimi Naxçıvaninin Qurani-Kərimin təfsiri ilə bağlı əsərləri də o dövrün tədqiqatçılarının diqqətini cəlb etmişdir. Təfsirlə bağlı onun birinci kitabı “Quranın kəlmə və hikmətlərini açıqlayan qeybin açarı və ilahi fəthi” adlanır. Təfsirlə bağlı ikinci kitab – “Şərhi əsrarin – nöqtə”, üçüncü kitab isə “Hidayətül-ixvan” adlanır.
Naxçıvani öz təfsirlərində dini mövzularla yanaşı elmi mövzulara da yer vermişdir. Xüsusilə təfsirində astronomiya və coğrafiya haqqında məlumatlar var.
Naxçıvaninin astronomiya haqqında verdiyi məlumat elmə məlumdur. Məsələn, Bəqərə surəsinin 189-cu ayəsi ilə bağlı bunu belə ifadə edir: “(Ya Rəsulum!) Yeni doğan aylar (hilal) barəsində səndən sual edildikdə, söylə ki, bunlar insanların istifadəsi və həcc üçün vaxt ölçüləridir. Evlərinizə (Cahiliyyət dövründə olduğu kimi) arxa tərəfdən girməniz yaxşı iş deyildir. Yaxşı iş (pis əməllərdən) çəkinən kimsənin əməlidir. Evlərə qapılarından daxil olun və Allahdan qorxun ki, nicat tapasınız!”. (5,10)
Müasir elm tərəfindən göstərildiyi kimi, Əshab-i Kəhf mağarasında neçə il qaldıqları barədə aşağıdakı məlumatları verir. Onlar üç yüz il mağaralarında qaldılar. Onlar doqquz (il) əlavə etdi. Əshabi-Kəhf mağarada qaldıqları müddəti üzərindəki ixtilaf barəsində Quranda verilən bu rəqəmlərlə əlaqəli olaraq Naxçıvani '' Birinci il (üç yüz il) dən günəş təqvimi, ikincisindən (üç yüz doqquz il) də ay təqvimi nəzərdə tutulmuşdur. Hər ikisi birdir və bir-birinə uyğundur. Bu ikisi arasındakı fərq üç ildir (əslində). Buna görə Qəməri təqviminə görə artım üç yüz il əlavə doqquz il olacaq.
Göy cisimləri və təbiətdə baş verən hadisələri elmi cəhətdən şərh edən Naxçıvani qeyd edir ki, buludlar küləyin köməyi ilə yığılan buxarlardan ibarətdir. (O ki, küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi göndərir. Nəhayət onlar yüklənincə...) ayəsində Allahın “küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi olaraq göndərdiyini” ifadə etdikdən sonra buludların daşınmasından bəhs edər. Ayənin şərhində isə “yəni sıxlaşmış buxardan ibarət, bir araya gələn və yaxşıca ağırlaşan buludların (küləklər tərəfindən) daşındığını bildirir” deyir.
Müasir elm də deyir ki, su buxarı ilə doymuş bir bulud qatının üstündə asılıdır. Buna görə yəni yağış yağacağı yağış yaxşı konsentrə olmalıdır deməkdir. Burada Naxçıvani də eyni şey deyir. (5, 11)
Naxçıvani Yasin surəsinin 38 və 39-cu ayələrində günəşin öz mənzili olduğu kimi, həmçinin ayın da eyni günəşdəki kimi dəyişkən mənzillərinin olduğunu bildirir. Bununla da orta əsrlərdəki Avropalı elm adamlarının əksinə olaraq dünyanın fırlandığını bildirir. (9, 10)
Buradan göründüyü kimi, Naxçıvani bu qədər illər öncə elmi dəlillər verən böyük bir alimdir. Dini elmlərdən əlavə, özünüidarəetmə elmlərində də Naxçıvani özünü isbatlamışdır. Nəticə olaraq o, əsrlər əvvəl, hələ Avropada bunlar bilinmədiyi, dünyanın döndüyünü, dağların dünyanın tarazlığı olduğunu, yağmur yüklü buludların küləklə daşındığını, ayın işığını günəşdən aldığını, ay tutulmasının dünyanın ayla günəş arasına girməsindən qaynaqlandığını, aya və günəşə ayrı-ayrı mənzillərin (orbitlərinin) olmasını söyləmişdir. Biz Naxçıvaninin ay tutulmasını ifadə edərkən “dünyanın ay ilə günəş arasına girməsi” sözündən dünyanın döndüyünü anlarıq. Halbuki 1453-ci ildə Kopernik (950/1543) “Dünya günəşin ətrafında fırlanır'' dediyi zaman Avropada fırtınalar qopmuşdu. Çünki zehniyyət o qədər geri idi ki, yer göylərin ortasında durub və bütün ulduzlar onun ətrafında dönür deyə düşünürdü.
Baba Neymətullah Naxçıvani yaradıcılığında kamil insan meyarlarını da müşahidə edirik. Naxçıvani hesab edir ki, bu aləmin bütün özəllikləri insanda mövcuddur.”
Naxçıvaniyə görə insanı-kamil mərtəbəsi Uca Allahın təcəlli etdiyi ən gözəl görüntüdür. Bu isə ən gözəl məqamdır. İnsanı-kamil yaxşı söz, gözəl əməl, gözəl əxlaq sahibi və elmi tam olan kimsədir. İnsanın vücudundakı hər şey dünyada var olan varlığa təkabul edər. Dünyada nə varsa insanda vardır. Varlığın özü kamil insandır. Naxçıvani hesab edir ki, İslam dini insanı kamil mərtəbəyə ucaltmaq üçün göndərilmiş bir dindir. Burda müəyyən əxlaqi prinsiplər müəyyənləşmişdir ki bunlar dünyəvi prinsiplərdir: sağlam iman, sağlam elm, hər zaman doğruluq, hər işdə dürüstlük, etibarlı olmaq, əhdə vəfa, nəzakət, hər işdə ədalət, cömərdlik və s. İnsanı-kamil dediyimiz insanların Quran əxlaqını daşımaları vacibdir. Naxçıvani kamil insanın həm dini, həm sosial elmlər baxımından tam elmə sahib olması gərəkliyini düşünür. Tam elmə sahib insan özü ilə bərabər ətrafındakılara da doğru yolu göstərəcəkdir. (7)
Naxçıvani mürşidi-kamilin necə olmasını belə açıqlayır: Mürşidi-kamilin məqamına hər kəs çata bilməz. Allahın lütfü və inayəti olmalıdır. Bir mürşidi-kamil tərbiyəsi səviyyəsində yetişmək lazımdır. Və sufilərə məxsus həyat tərzi keçirərsə bu yolda bişmiş olar. (9, 11)
Neymətullah Naxçıvani, Naxçıvanla Türkiyə arasında elm körpüsü olmuş bir alimdir. Bir tərəfini Naxçıvaninin, digər tərəfini Mövlanənin qurduğu körpünün gücünü və əhəmiyyətini düşünmək və bu baxımdan Naxçıvanini araşdırmaq çox vacibdir. Neymətullah Naxçıvaninin həyatı haqqında daha çox məlumat tapmaq vacibdir, lakin mövcud olan məlumatlarla mümkün deyildir. Gələcəkdə başqa əsərləri də üzə çıxarsa haqqında daha çox məlumat tapmaq mümkün ola bilər. Bu baxımdan bir digər vacib məsələ də budur ki, əsərlərin əksəriyyəti farsca yazıldığından onlar əvvəlcə azərbaycan dilinə tərcümə olunmalı sonra akademik səviyyədə araşdırılıb müzakirə olunmalı və təhlil edilməlidir.

Böyük sufi alimi Baba Neymətullah Naxçıvaninin dini-fəlsəfi görüşləri
Xülasə

Məqalədə Azərbaycanın məşhur sufi alimi Baba Neymətullah Naxçivaninin həyat və yaradıcılığı, dini-fəlsəfi görüşləri araşdırılmışdır. Baba Neymətullah Naxçivani sufizmin Nəqşibəndi təriqətinin Azərbaycanda, Təbrizdə və Türkiyədə təbliğində mühüm rol oynamışdır. O təsəvvüf və təfsirlə bağlı maraqlı yazıları ilə nəinki Azərbaycanda, hətta Türkiyənin Konya vilaətində geniş şəkildə tanınmışdır. Məqalədə Baba Neymətullah Naxçivaninin nəinki dini mövzularla bağlı, eyni zamanda Qurana əsaslanan elmi mövzularla bağlı da bir çox əsərlərinin şərh edilərək tədqiqatçılarımızın diqqətinə çatdırılması din və fəlsəfə tariximizdə mühüm elmi əhəmiyyət kəsb edir.

The religious-philosophical views of the great Sufi scholar Baba Neymatullah Nakhchivani
Summary
The article studies the life and creativity of Baba Neymatullah Nakhchivani, the well-known Azerbaijani sufi scholar, and his religious-philosophical views. Baba Neymatullah played an important role in promoting Nakhchivan's Naqshbandi sect of Sufism in Azerbaijan, Tabriz and Turkey. He has been widely known not only in Turkey but also in Konya in Turkey, with his interesting writings about misgiving and interpretation. In the article, Baba Neymatullah Nakhchivani's interpretation of many works related to religious issues, as well as of the Koran-based scientific themes, is of great scientific importance in our religion and philosophy history.

Ədəbiyyat
1. Cabir İsgəndərli. Azərbaycanda qeyri-ənənəvi dinlər və təriqətlər. Bakı, “apostroff” MMS, 2011, səh. 112.
2. Əkbər Nəcəf. “Gizlənən dərviş” – Baba Neymətullah Naxçıvani. Xalq qəzeti 13 noyabr, 2013-cü il, səh. 11
3. Fahreddin er-Razi, et-Tefsîru’l-Kebîr, c: 1, s: 226
4. Lamii Çelebi, Nefehat Tərcüməsi, (hazr. Süleyman Uludağ - Mustafa Kara), İstanbul 1995, s. 567
5. Nahçivani, el- Fevatihu’l-İlahiyye, c.I, s.31
6. Prof. Dr. Məmməd Rzayev, Baba Nemətullah Naxçıvani. Həyatı və fəlsəfəsi, (Məqalə) s.2
7. Şevki Saka, Kur’an-ı Kerim’in Davet Metodu, Seha Nesriyat, 2. Baskı, İstanbul 1991, s. 59.
8. V.Məmmədquliyev “Neymətullah Naxçıvani və onun Quran təfsiri”. “Dirçəliş XXI əsr” jurnalı. 2000-ci il. № 10.
9. Yaşar Kurt, Nimetullah Nahçivani ve Tasavvufi Tefsiri, ss. 179, 180
10. Ziya Musa Bünyadov, ‘’Azərbaycan’’ Md., DİA, Ankara 1991, c.IV, s.319
11. Zülfiqar Nəbiyev, a.g.e, s.49 vd.


"Dövlət və din jurnalı"