27.01.2020, 10:31 - Baxış sayı: 857

Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddin kimdir...


Eynulla MƏDƏTLİ
AMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir

Tarix elmlər doktoru, polkovnik Mehman Süleymanovun adı Azərbaycan, İran, eləcə də bir sıra ölkələrin tarixçilərinə və hərb tədqiqatçılarına yaxşı tanışdır.
Onun "Şah İsmayıl Səfəvi", "Nadir şah", "Erməni millətçiliyi və təcavüzkarlığı tarixindən", "Azərbaycan Xalq Cümhuriyyətinin hərb tarixi. I-II cildlər", "Azərbaycanın hərb tarixi. Sovet dövrü. I-II cildlər", "Gülüstan müqaviləsi", "Türkmənçay müqaviləsi", Azərbaycanın qədim və orta əsrlər hərb tarixi", "Azərbaycan Ordusunun tarixi. I-V cildlər", "Azərbaycan Ordusu. 1918-1920", "Qafqaz İslam Ordusu və Azərbaycan", "Mehmandarov", "Nuru paşa və silahdaşları", "Azərbaycanda Ali Baş Komandanlıq institutunun Heydər Əliyev mərhələsi" və digər irihəcmli, dərin elmi əsaslı monoqrafiyaları ölkəmizin elmi ictimaiyyətinin haqlı hüsn-rəğbətini qazanıb. İxtisasca şərqşünas olan M.Süleymanov uzun illər İran İslam Respublikasında Azərbaycan Silahlı Qüvvələrinin hərbi attaşesi vəzifəsini daşıyarkən ardıcıl olaraq üzərində işlədiyi çox önəmli tarixi mövzuları o ölkənin arxiv və kitabxanalarında, muzeylərində yer alan tarixi sənədlər və qaynaqlar əsasında dərindən tədqiq etmək imkanından layiqincə bəhrələnib. Əldə etdiyi zəngin mənbələr, qazandığı tədqiqatçılıq təcrübəsi və tariximizə sonsuz sevgi son illərdə onun bir-birinin ardınca peşəkar tarixçilərin, həmçinin, geniş oxucu kütləsinin marağına səbəb olan dəyərli əsərlərinin yaranmasına səbəb oldu.
M.Süleymanovun elmi yaradıcılığında Azərbaycan Səfəvilər dövlətinin tarixinin tədqiqi xüsusi yer tutur. Nəzərə alsaq ki, Azərbaycanın dövlətçilik tarixinin bu şərəfli dövrü İran tarixçiləri və siyasətşünasları tərəfindən bütün dövrlərdə ciddi təhriflərə və saxtalaşdırmalara məruz qalmışdır, onda müəllifin nə üçün bu mövzuya bu qədər əhəmiyyət verdiyini layiqincə dəyərləndirməliyik. Bu baxımdan M.Süleymanovun "Maarif" nəşriyyatında yenicə nəşr edilmiş 700 səhifəlik "Səfəvilər - I, Şeyx Səfiəddin Ərdəbili" monoqrafiyasının xüsusi əhəmiyyəti vardır. Təqdirəlayiqdir ki, müəllif bütün Səfəvilər sülaləsini əhatəli şəkildə tədqiq etmək niyyətindədir və indi oxuculara təqdim edilən bu kitab, bunun ardınca yazılacaq ikinci kitab Şah İsmayılın Azərbaycanda hakimiyyətə gəlməsinə qədər keçən tarixi mərhələlərə işıq salacaq. Azərbaycan dövlətçiliyinin necə möhkəm mənəvi-siyasi dayaqlar üzərində qurulduğunu təsdiqləyəcəkdir.
Adıçəkilən kitab Azərbaycan xalqının və eləcə də islam mədəniyyətinin parlaq tarixi şəxsiyyətlərindən biri olan, Səfəvilər dövlətinin banisi olan Şah İsmayılın ulu babası, Səfəvi təriqətinin mürşidi Şeyx Səfiəddin Ərdəbilinin (1252-1334) həyat yoluna, onun dini və ictimai-siyasi baxışlarının təhlilinə, ondan miras qalmış zəngin irsin öyrənilməsinə həsr edilmişdir.
Qeyd etmək lazımdır ki, Şeyx Səfiəddin Azərbaycan xalqının və eləcə də bəşər tarixinin yetişdirdiyi elə nadir şəxsiyyətlərindən biridir ki, öz elmi, biliyi, fəlsəfi təfəkkürü ilə zəmanəsinin ictimai həyatında çox ciddi yeniliklərə yol aça bilmiş, minlərlə, on minlərlə və bəlkə də milyonlarla insanı öz ətrafında birləşdirərək onların düşüncəsində, əqidəsində və dünyagörüşündə bir oyanış yarada bilmişdi.
XIII-XIV əsrlərin kəsişməsində uzun bir ömür sürmüş bu dahi şəxsiyyət öz dərin zəkası və fitri istedadı ilə regionun ən kütləvi dini təriqətlərindən biri olan Səfəvi təriqətini təşkil etməklə Səfəvi dövlətinə aparan yolun başlanğıcını qoya bilmişdi. Müəllifin onun haqqında apardığı araşdırmalar və gəldiyi nəticələr bu fikirlərin söylənməsi üçün tutarlı əsas ola bilər.
Şeyx Səfiəddin Azərbaycanın və Şərqin ictimai fikir tarixinin zirvələrindən biridir. Onun həyatının öyrənilməsi XIII-XIV əsrlərdə Azərbaycanın ictimai fikrinin formalaşma və inkişaf tarixinin öyrənilməsi baxımından əhəmiyyətlidir. Bununla Azərbaycanda ictimai fikrin inkişaf xüsusiyyətlərini, ictimai fikrin bölgənin və islam dünyasının ictimai fikri ilə qarşılıqlı əlaqəsinin və qarşılıqlı təsir imkanlarının üzə çıxarılması mümkündür. Eyni zamanda, onu da əlavə etmək olar ki, Şeyx Səfiəddinin həyatı və fəaliyyəti Azərbaycanda təsəvvüfün inkişaf tarixinin öyrənilməsi baxımından aktuallıq kəsb edir. M.Süleymanovun adıçəkilən əsəri belə bir nadir şəxsiyyətin həyat və fəaliyyətinin öyrənilməsi sahəsində Azərbaycan tarixşünaslığında mövcud olan boşluğun aradan qaldırılmasında irəliyə atılmış qiymətli bir addımdır. Eyni zamanda, İranda Şeyx Səfiəddinin və bütünlüklə Səfəvilər sülaləsinin və dövlətinin mahiyyətini məqsədli olaraq təhrif edən xətti-hərəkətin indi də davam etməsi belə bir əsərin yazılmasını zəruri edirdi.
Qeyd edilməlidir ki, bir çox hallarda müştərək tarixə və mədəniyyətə malik olduğumuz İranda fars millətçiliyi ideologiyasına xidmət edən bir sıra tarixçilər, filoloqlar, fikir sahibləri Səfəvilərin etnik mənsubiyyətini, nəsil şəcərəsini, bu sülalənin banisi Şeyx Səfiəddinin həyat və mübarizə fəlsəfəsini qəbul etmək istəməyərək Səfəvilər dövlətinin tarixini və mahiyyətini təhrif etməyə səfərbər olmuşlar, İran tarixşünaslığında Əhməd Kəsrəvinin ortaya atdığı qərəzli və əsassız müddəaları təkrar-təkrar elmi həqiqət kimi qəbul etdirməyə çalışmışlar. Yeri gəlmişkən, dil, tarix, ədəbiyyat, fəlsəfə, hüquq və sair elmlər sahəsində əsərləri ilə panfarsist ideologiyaya xidmət edən Ə.Kəsrəvi azərbaycanlı olsa da, Təbrizdə xidmət etdiyi xristian missioner təşkilatlarının təsiri ilə türklərin etnogenezi, onların dili və dövlətçiliyi barəsində qeyri-elmi müddəalar irəli sürmüşdür və bu gün də həmin zərərli məktəbin İranda kifayət qədər davamçıları vardır. Əlbəttə, müasir İran tarixçiliyində də şahlıq zamanında olduğu kimi paniranizm (farsizm anlamında) təmayülü olduqca qüvvətlidir və bir çox hallarda bu tarix və mədəniyyət sahəsində obyektiv tədqiqatların aparılmasını əngəlləyir.
Ölkəmizdə, İranda, Türkiyədə, eləcə də keçmiş SSRİ-də Səfəvilər tarixinin öyrənilməsi sahəsində bir sıra tanınmış tədqiqatçılar tərəfindən xeyli dəyərli işlər görülmüşdür. Tanınmış türk tarixçisi Faruk Sumer Səfəvilər dövlətini "İran milli dövləti" hesab edənləri ciddi tənqid edərək bu dövlətin yaranması və fəaliyyətində türklərin həlledici rol oynadığını vurğulamışdır. Bununla yanaşı, bu görkəmli alimin Azərbaycan türklərinin rolunu alçaltması, Şeyx Səfiəddinin etnik mənşəcə kürd olduğunu iddia etməsi tamamilə yanlışdır. Rus və sovet tarixşünaslığında Səfəvilər sülalasinin və onları dəstəkləyən tayfaların türk (Azərbaycan) mənşəli olduğunu ilk dəfə olaraq göstərənlər məşhur şərqşünaslar alman mənşəli Vasili (Vilhelm) Bartold və türk mənşəli Aqatangel Krımski olmuşlar. Tanınmış iranşünas İ.Petruşevski mötəbər tarixi qaynaqlara əsaslanaraq bir sıra əsərlərində Səfəvilər dövlətinin qurulmasında və onun fəaliyyətinin xüsusilə ilk yüzilində məhz Azərbaycan türklərinin müstəsna rolunu təsdiqləmiş, sarayda, mərkəzi dövlət rəhbərliyində, orduda, əyalətlərdə Azərbaycan əyanlarının və hərbçilərinin həlledici rolunu vurğulamışdır. N.Mikluxo-Maklay və V.Zaxoder kimi bir sıra tanınmış alimlər də bu dövlətin quruculuğunda İran (fars) amilini deyil, məhz Azərbaycan amilini əsas götürmüşlər.
Xüsusi qeyd etmək lazımdır ki, 1940-cı illərin əvvəllərində görkəmli Azərbaycan tarixçisi və filosofu, akademik Heydər Hüseynov I Şah İsmayılın qurduğu Səfəvilər dövlətini Azərbaycan dövləti kimi səciyyələndirmişdi. Sonrakı nəsil Azərbaycan tarixçiləri, xüsusilə akademik Yaqub Mahmudovun, tarix elmləri doktorları Oqtay Əfəndiyevin, Şahin Fərzəliyevin, Əbülhəsən Rəhmaninin və başqalarının əsərlərində bu dövlətin Azərbaycan dövləti olduğu hərtərəfli əsaslandırılmışdır.
M.Süleymanovun haqqında bəhs etdiyimiz əsərində isə Şeyx Səfiəddinin həyat və fəaliyyəti ilk dəfədir ki, sistemli və əhatəli şəkildə öyrənilmişdir. Burada mənbələrin məlumatları əsasında qeyd olunur ki, Şeyx Səfiəddin 1252-ci ildə Azərbaycanın Ərdəbil şəhəri yaxınlığındakı Kəlxoran kəndində anadan olmuşdur. Atası Seyid Cabbar Əminəddin dövrünün tanınmış alimi idi, anası Dövləti xatun da möhtərəm din xadimi Cəmaləddin Baruqinin ailəsində doğulmuşdu. Öz doğma yurdunda mükəmməl təhsil alan Səfiəddin elmini artırmaq məqsədilə Şiraza - məşhur din alimi Əmir Abdullanın yanına getmiş, lakin Səfiəddinin olduqca yüksək dini-elmi biliyə malik olduğuna əmin olan Əmir Abdulla ona öz yurduna qayıdıb orada Şeyx Zahidin yanında müridlik etməyi məsləhət bilmişdi. Səfiəddin Şirazda Sədi Şirazi ilə də görüşmüş və Sədi onun zəkasını yüksək qiymətləndirmişdi. Bu səfərdən Vətənə qayıdan Səfiəddin Şeyx Zahidin ən sevimli müridi olmuş, Şeyx Səfiəddin Ərdəbili olaraq nüfuz və ehtiram qazanmışdır. Mənbələrdə qeyd olunur ki, hətta ilahiyyatçı alimlər də ona "türk piri" deyirdilər. Onun mürşidi Şeyx Zahid Gilani (1215-1301) Lənkəranın Siyavurd (indiki Siyavar) kəndində doğulmuşdu. O, dövrünün ən tanınmış alimi idi. Hətta Şirvanşah Əxistan da onun müridliyini qəbul etmişdi. Şeyx Zahid sağlığında öz mürşidlik məqamını Şeyx Səfiəddinə vəsiyyət etmişdi.
Hər şeydən əvvəl belə bir məqama diqqət yetirilməlidir ki, Şeyx Səfiəddin son dərəcə zəngin biliklərə malik olan bir insan idi. Xüsusi ilə, islam dininin dəyərlərinə, sirlərinə dərindən bələd olması, müqəddəs kitabın, habelə islam peyğəmbərinin hədislərinin təfsirində xüsusi zəka nümayiş etdirməsi onu dövrünün ən mahir arifləri sırasına yüksəldə bilmişdi. Bu mənada belə bir zəka sahibinin həyatının və elmi dünyagörüşünün öyrənilməsi tədqiqatçıdan universal fəlsəfi-dini biliklərə sahib olmağı tələb edir. Qeyd edilməlidir ki, bu dövrlərdə Azərbaycan həyatında baş verən proseslər Şeyx Səfiəddinin həyat yolunda da öz əksini tapırdı. Məlumdur ki, Şeyx Səfiəddin Azərbaycanın əksər bölgələrinə səfər etmiş, həmin bölgələrdə insanların ictimai-dini həyatı ilə tanış olmuş, yeri gəldikcə dövrünün hakimləri qarşısında yerli əhalinin gün-güzəranının yaxşılaşdırılması üçün məsələlər qal-dırmışdı. Şeyx Səfiəddinə həsr olunmuş mənbələrdə dövrünün bir sıra hakimlərinin adları da sadalanır, onlarla olan münasibətlərindən söhbət açılır. Bu görüşlər dövrün tarixinin öyrənilməsi baxımından da qiymətli tarixi faktlardır və onların açılması dövrlə bağlı maraqlı məlumatları üzə çıxarır.
Şeyx Səfiəddinin həyat və fəaliyyətini izləməklə onun yaşadığı dövrdə Azərbaycanın tarixi coğrafiyası, bütövlükdə Azərbaycan arealı haqqında maraqlı məlumatları da üzə çıxarmaq olar. Bu baxımdan Şeyx Səfiəddinin həyatına həsr olunmuş "Səfvətüs-səfa" əsərində çoxlu sayda coğrafi adlara, onların yerləşmə məkanlarına, bu məntəqələrdə yaşayan əhalinin ictimai həyatına aid olan xeyli məlumatlarla rastlaşırıq.
Müəllifin Səfəvi dini-ideoloji xəttinin necə formalaşmasını, bu dini-ideoloji xəttin inkişaf edərək sonradan dini-hərbi ideologiyaya çevrilməsini və nəhayət, Səfəvi imperiyasının yaranmasında mühüm rol oynadığını ətraflı şərh etməsi olduqca maraqlıdır. Şeyx Səfiəddindən Şah İsmayıla qədər təxminən iki əsrə qədər müddət ərzində Səfəvi təriqətinin zəifləməməsi, aradan çıxmaması, əksinə, dünya tarixində hadisə olan Səfəvi dövlətinin təşkilinə zəmin yaratması bir təsadüf idi, yoxsa Şeyx Səfiəddindən başlanan yolun məntiqi davmı idi? Belə suallara da M.Süleymanovun kitabında cavablar verilmişdir.
Şeyx Səfiəddinin Azərbaycanda yazılı ədəbiyyatın inkişafında da özünəməxsus xidmətləri vardır. Bu xidmətlərin üzə çıxarılması üçün də onun bədii yaradıcılığının, yazılı əsərlərinin öyrənilməsi zəruridir. Onun Azərbaycan dilinin inkişafındakı rolunun öyrənilməsi də bütünlükdə Azərbaycan ədəbi dilinin inkişafının, Azərbaycan ədəbi söz tarixinin hazırkı nəsillərə çatdırılması üçün gərəkli ola bilər. Təqdirəlayiqdir ki, müəllif bu geniş əhatəli kitabına Şeyx Səfiəddinin türkcə (azərbaycanca) şeirlərindən də maraqlı nümunələri daxil etmişdir. Aşağıda "Sevişməklər" başlıqlı bir nümunəni təqdim edirik:
Göyərçin yolladım yazdım sənə səndən şikayətlər
Qolunda ol qanadlardır başı bağlı kitabətlər.
Unudma aşiqi, namehriban olma, mənim canım,
İşıqsız sərvə oxşarlar vəfasız sərvqamətlər.
Səni tanrı, necə səndən şikayət etməyim axır,
Hanı ol nazlı baxmaqlar, hanı gizlin işarətlər...
Şeyx Səfiəddin bütünlükdə islam dünyasının çox böyük zəka sahiblərindən biri olmaqla, həm də islam mədəniyyətinin zirvəsi səviyyəsinə yüksəlmiş şəxsiyyətlərdən birdir. M.Süleymanovun Səfəviyyə təriqətinin əsaslarını geniş şərh etməsi, Şeyx Səfiəddinin elm və təhsil haqqında qiymətli fikirlərini toplayıb oxuculara təqdim etməsi də diqqətəlayiqdir.
Şeyx Səfiəddinin irsinin araşdırılması həm də bu mövzuda yol verilən təhriflərin, qeyri-elmi fikir və qənaətlərin aradan qaldırılması üçün elmi-tarixi əhəmiyyət kəsb edir. Çünki mövcud olan araşdırmalarda Şeyx Səfiəddinin həyat yoluna birtərəfli və səthi yanaş-maların, hətta müəyyən hallarda qərəzli münasibətin sərgiləndiyini də görmək mümkündür. Xüsusilə, Səfəvilərin Azərbaycan həyatından qoparılması, Səfəvi təriqətinin formalaşmasında Azərbaycan mühitinin yeri və rolunun inkar edilməsi, Şeyx Səfiəddinin ana dili və etnik mənsubiyyəti ilə bağlı qərəzli münasibət və qeyri-məntiqi qənaətlər İranda və bəzi xarici ölkələrdə bir sıra tədqiqatçıların araşdırmalarının əsasını təşkil etməkdədir. Əsərdə belə yanaşmaların əsassızlığının sübut edilməsi də, Şeyx Səfiəddin irsinin tədqiqinin elmi aktuallığına dəlalət edir.
Qeyd edilməlidir ki, Şeyx Səfiəddinin həyatının və fəaliyyətinin öyrənilməsi üçün istər Azərbaycan tarixşü-naslığında, istərsə də qonşu ölkələrin tarixşünaslığında müxtəlif vaxtlarda müəyyən cəhdlər göstərilmişdir. Bunun nəticəsi kimi, çoxlu sayda məqalələr, məqalə topluları, konfrans materialları işıq üzü görmüşdür. Amma Şeyx Səfiəddinin həyat yolunun sistemli və əhatəli şəkildə öyrənilməsi halına rast gəlmək mümkün deyildir. Bir tərəfdən bunun obyektiv səbəbi vardır. Çünki Şeyx Səfiəddinin həyatı haqqında türk (Azərbaycan) dilində kifayət qədər mənbə və məlumatlar mövcud deyil. Mövcud olan mənbə məlumatlarına isə müxtəlif prizmalardan yanaşılması və ya onların müxtəlif mövqelərdən dəyərləndirilməsi heç də obyektiv mənzərənin formalaşdıırlmasına imkan verməmişdir.
M.Süleymanov haqlı olaraq qeyd edir ki, Şeyx Səfiəddinin həyatı və fəaliyyəti ilə bağlı əsaslı mənbə İbn Bəzzaz (Dərvüş Təvəkkülü ibn İsmayıl ibn Hacı Məhəmməd) tərəfindən yazılmış "Səfvətüs-səfa" əsəridir. Kifayət qədər həcmli olan bu əsər hətta Səfəvilər dövründə və sonra da Şeyx Səfiəddin haqqında verilən məlumatların başlıca mənbəyi olmuşdur. Bu mənbədə verilən məlumatların obyektivliyinin yoxlanılması və ya tamamlanması üçün digər mənbələrdə elə də ciddi məlumatlarla rastlaşmaq çətindir. Qeyd etmək lazımdır ki, "Səfvətüs-səfa" əsəri Şeyx Səfiəddinin dünyasını dəyişməsindən sonra, onun oğlu Şeyx Sədrəddinin sifarişi və nəzarəti altında yazılmışdır. Əlbəttə,"Səfvətüs-səfa" əsəri Şeyx Səfiəddinin həyat yolunun öyrənilməsi üçün ilkin tarixi qaynaqdır və diqqətlə yanaşılacağı halda ondan dəyərli məlumatları əxz etmək mümkündür. Lakin təqdirəlayiqdir ki, M.Süleymanov həm dövrün, həm də sonrakı Səfəvilər zamanının əsas mənbə və sənədlərini müqayisəli şəkildə araşdırmaqla Şeyx Səfiəddinin azərbaycanlı - türk mənsubiyyətini ortaya qoymuşdur.
Müəlifin gəldiyi nəticə olduqca aydın və birmənalıdır: Şeyx Səfiəddin, hər şeydən əvvəl, Azərbaycan həyatının yetişdirdiyi böyük bir zəka sahibi olmuşdur. Onun formalaşmasında, dini-ictimai baxışlarının xarakterində Azərbaycan mühitinin təsirini inkar etmək mümkün deyildir. Milli yaşam və düşüncə tərzi, islami dəyərlər və milli-mənəvi qaynaqlar onun dünyagörüşünün forma-laşmasının əsas mənbələri idi. Azərbaycan arealı həm də onun fəaliyyətinin əsas məkanı idi. O, Ərdəbildə doğulub boya-başa çatmışdı, Azərbaycan türklərinin ailəsində tərbiyə almışdı və fəaliyyətinin əsasını da Azər-baycan çərçivəsində aparmışdı. Şeyx Səfiəddin Azərbaycanın bölgələrini davamlı şəkildə gəzmişdi, bu bölgələrdəki həyatla yaxından tanış olmuşdu və Azərbaycan xalqının dini baxışlarının saflaşmasında, bu dəyərlərin doğru-düzgün qəbul edilməsində kifayət qədər xidmət göstərmişdi.
Tədqiqatçı sənədlər əsasında göstərir ki, Şeyx Səfiəddinin zəkası, fəaliyyəti yalnız Azərbaycan sərhədləri ilə məhdudlaşmamışdı. O, haqlı olaraq islam dünyasının böyük zəkalarından biri sayılır və fəaliyyəti də ümumislam məzmunu kəsb edirdi. Şeyx Səfiəddin dini biliklərin ən böyük ariflərindən biri olmaqla, onun irşadı və təbliği sahəsində də ümumislam əhəmiyyətli işlər görməyi bacarmışdı. Şeyx Səfiəd-dində möcüzəvi bir fitri istedad var idi və bu istedadı ona imkan vermişdi ki, "Quran" biliklərinin və hədislərin təfsirində yeni bir səhifə açsın. Ona görə də onun ilk növbədə fitri istedadı və öz biliklərinin təmənnasız şəkildə insanlara irşad etməsi Şeyx Səfiəddini zirvə səviyyəsinə yüksəldə bilmişdi.
Müxtəlif məzmunlu mənbələrin məlumatlarıa söykənən müəllif də bir sıra tədqiqatçılar kimi bu qənaətə gəlmişdir ki, Şeyx Səfiəddin həm də kəramət sahibi olmuşdu. Onun haqqında mövcud olan məlumatlar onu deməyə əsas verir ki, Şeyx Səfiəddin hələ uşaqlığından seçilmiş bəndələrdən biri idi və təriqət yolçuluğu ilə Tanrının lütfünü qazanaraq kəramət sahibinə çevrilmişdi. Hələ sağlığında ikən Şeyx Səfiəddin kəramət sahibi olduğunu nümayiş etdirə bilmiş və neçə-neçə insanlara şəfaətçi olmaqla onların diləklərinin həyata keçməsinə səbəb olmuşdu. Mənbə məlumatları onu da deməyə əsas verir ki, Şeyx Səfiəddin dini inancları, dini dəyərlərə etiqadı və bu etiqadın əməli ifadəsi ilə Tanrı lütfünə layiq görülmüşdü.
Şeyx Səfiəddinin elm və bilik səviyyəsi, bu dəyərlərin həyatla uğurlu şəkildə əlaqələndirilməsi rəhbəri olduğu Səfəvi təriqətinin də əsasını təşkil edirdi. Bu təriqətin dərin islami biliklərə, bu biliklərin tətbiqində dönməz əqidəyə və sədaqətə arxalanması nəticəsində bu təriqət dövrün ən kütləvi dini-ictimai təşkilatlarından biri olmuşdu, Azərbaycanda və onun hüdudlarından kənarda böyük sayda tərəfdarları var idi.
Şeyx Səfiəddin dini etiqada, dini dəyərlərə inamı təbliğ edən bir arif idi. Lakin bu zaman Şeyx Səfiəddin fanatizmə yol verilməsinin tərəfdarı de-yildi. Şeyx Səfiəddinin təlimlərində və dini-ictimai görüşlərində elmilik və məntiqilik mühüm yer tuturdu. Onun nəzərində, islami dəyərlər düzgün dəyərləndirildikdə və düzgün izlənildikdə həyat normalarını təşkil edə bilərdi. Şeyx Səfiəddin birmənalı şəkildə insanların istismar edilməsini, insanlara yuxarıdan baxılmasını, insanların bir-birinə qarşı münasibətində halallıqdan kənar çıxılmasını qəbul etmirdi. Bu mənada Şeyx Səfiəddinin təlimi həm də ictimai birgəyaşayışın özünəməxsus və dövrdən irəli gələn bir proqramı idi.
Şeyx Səfiəddinin öz zəkası, dərin biliyi, təmənnasızlığı, xeyirxahlığı ilə əhali ilə birlikdə yerli hakimlərin də dərin ehtiramını qazanmışdı. Dövrünün hakimləri Şeyx Səfiəddinə böyük ehti-ramla yanaşır, onun xeyir-duasnı almağı özlərinə şərəf bilirdilər. Şeyx Səfiəddin isə öz növbəsində dövrünün hakimlərinə təsir etməklə onların insanların yaşayışına qayğı ilə yanaşmalarına nail olmağa çalışırdı.
Şeyx Səfiəddinin şəxsiyyətinin böyüklüyünə dəlalət edən məqamlardan biri də onun çoxlu sayda ardıcıllar yetişdirə bilməsi idi. Məlumdur ki, istər Azərbaycanda, istərsə də Azərbaycandan kənarda onun çoxlu sayda müridləri var idi. Şeyx Səfiəddin davamlı və ardıcıl şəkildə onların irşadı və yetişdirilməsi ilə məşğul olurdu. Buna nail də olmuşdu. İstər Azərbaycan daxi-lində, istərsə də Azərbaycandan kənarda onun çoxlu sayda xəlifələri də var idi. Bu xəlifələr həm özləri Şeyx Səfiəddinin biliklərini və əməllərini yaşadır, həm də bu bilik və əməlləri başqalarına təlim edirdilər. Nəticədə, Səfəvi təriqəti islam dünyasında qol-budaq atmış, bu təriqətin uzunömürlüyünə zəmin yaratmışdı.
M.Süleymanov haqlı olaraq yazır ki, Azərbaycanın və Şərqin tarixində yeni bir mərhələ olan Səfəvi dövlətinin həyata vəsiqə almasında da Şeyx Səfiəddindən başlanan yolun təsirini nəzərə almamaq mümkün deyildir. Səfəvi təriqəti nəinki uzunömürlü oldu. Bu təriqətdən irəli gələn dini ideoloji düşüncə və fikir sonradan hərbi-dini ideologiyaya qovuşdu və Səfəvi siyasi hərəkatının ideoloji bazisinə çevrildi. Yəni Şeyx Səfiəddindən başlanan təfəkkür vaxt ötdükcə dini-hərbi-siyasi təfəkkürün canlanmasına və bunun da cəmiyyət həyatında köklü siyasi dəyişikliklərin baş verməsinə yol açdı.
Onun ədəbi yaradıcılığının məhsulu olan bir sıra əsərləri dövrümüzə qədər gəlib çatmış, bəzilərinin mövcudluğu haqqında isə məlumatlarla qarşılaşmaq mümkündür. Bu məqam da Şeyx Səfiəddinin şəxsiyyətinin və istedadının istiqamətlərindən biridir. Həmin əsərlər həm də Azərbaycan ədəbi dilinin inkişafında Şeyx Səfiəddinin xidmətlərindən xəbər verir. Bu mənada Şeyx Səfiəddinin Azərbaycan həyatından qoparılmasına, onun etnik mənsubiyyətinin və ana dilinin danılmasına göstərilən cəhdlərin əsassızlığı da qeyd edilməlidir. Həmin mövzuya həsr edilmiş bəzi yazıların elə ilkin müşahidəsi onların qərəzli mövqedə olmasını nümayiş etdirir. Bir sözlə, Şeyx Səfiəddin Azərbaycanın ictimai fikir tarixində özünə çox yüksək bir məqam tutmuş zəka sahibidir və heç şübhə yoxdur ki, gələcəkdə davamlı şəkildə aparılan tədqiqatlar bu dahi insanın həyat və fəaliyyətinin yeni-yeni məqamlarının üzə çıxarılmasına imkan verəcəkdir.

"525-ci qəzet"