27.01.2020, 13:02 - Baxış sayı: 784

Tariximizin yenilməzlik səhifəsi


Günel MƏLİKLİ
siyasi elmlər üzrə fəlsəfə doktoru.

1990-cı il yanvarın 20-də gecə xüsusi qəddarlıqla, misli görünməmiş vəhşiliklərlə Bakının Sovet ordusu tərəfindən zəbt olunması təmin edildi. Bu qanlı aksiya nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə həbs olundu. Bu, sözün həqiqi mənasında ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş qanlı cinayət idi.
1990-cı il yanvarın 22-də xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan Ali Sovetinin 20 Yanvar hadisələri ilə bağlı sessiyası çağırılsa da, respublikanın əksər siyasi və dövlət rəhbərləri orada iştirak etmədi. Respublika rəhbərliyinin hətta şəhidlərin dəfn mərasimində də iştirak etməməsi, zənnimizcə, təkcə öz vətəndaşlarına laqeyd-biganə münasibət məsələsi deyildi, həm də mənəviyyat məsələsi idi. Və xalqımıza qarşı törədilmiş cinayət əslində açılmamış qalmışdı. Bu azmış kimi Sovet hakimiyyəti dövründə 20 Yanvar hadisələri ilə bağlı olan, müxtəlif şəxslər tərəfindən toplanıb Dövlət İstintaq Komissiyasına konkret sənədlər, dəlil və sübutlar Azərbaycandan çıxarılıb aparılmışdı. Müvafiq orqanlar o zaman nəinki zəruri istintaq tədbirlərini həyata keçirdilər, hətta həmin hadisələrlə bağlı bir sıra məxfi sənədlər, o cümlədən əhəmiyyətli arxiv sənədləri bütövlüklə və ya qismən məhv edildi. Eyni zamanda, 20 Yanvar hadisələri şüurlu surətdə müəyyən təhriflərlə, yanlış yozumlarla respublika əhalisinə çatdırılmışdı.
Bu hadisələrin iştirakçısı Adilə xanım Abbasova yazır:
“... 1990-cı ilin 20 yanvarında Bakıda baş verən faciədən xəbər tutan kimi biz dərhal Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin qarşısına getməyi qərara aldıq. Yanvarın 21-də yəqin ki, Moskvada yaşayan bütün azərbaycanlılar daimi nümayəndəliyin qarşısına gəlmişdilər. Çoxlu adam var idi! Elə həmin vaxt mən Mixail Qorbaçov tərəfindən sanksiyalaşdırılan insanlığa zidd aksiyaya qarşı hiddət və etirazını bildirmək üçün daimi nümayəndəliyə gələn Heydər Əliyevi gördüm. O, bizim qarşımızda çıxış etdi. Onun yaxınlığında durmuşdum. Kəskin danışırdı, ilk dəfə məhz bu mitinqdə söylədi ki, Mərkəz Azərbaycan xalqına qarşı əsl təcavüz etmişdir. O, heç kimdən və heç nədən çəkinməyərək danışırdı:
“İndi yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş və bu gün də davam edən faciənin üstündə dayanmaq istəyirəm. Hesab edirəm ki, Azərbaycandakı vəziyyəti öz axarına salmaq, siyasi həyatdakı qeyri-sabitliyi nizamlamaq üçün kifayət qədər imkan olmuşdur. Təəssüf ki, Azərbaycan rəhbərliyi, həmçinin ölkənin ali siyasi rəhbərliyi bu imkanlardan istifadə edə bilməmişdir. Sərhədlərə edilən təcavüzü vaxtında aradan qaldırmaq mümkün idi. Axı üç ay əvvəl sərhəd zolağı ilə bağlı camaat öz tələblərini irəli sürmüşdü. Fəqət heç kəs onlarla görüşmək, izahat işi aparmaq və lazımi ölçü götürmək istəməmişdir”.
Ulu öndər Heydər Əliyev “1990-cı ilin yanvar ayında törədilən Bakı hadisələrinə qiymət verilməsi haqqında” qərar layihəsini hazırlayaraq 1990-cı il noyabrın 21-də Naxçıvan MR Ali Məclisinin müzakirəsinə təqdim etdi. Naxçıvan MR Ali Məclisi tərəfindən qəbul edilən qərarda 20 Yanvar hadisələrinə siyasi qiymət verilir, kütləvi qırğın təşkilatçılarının məsuliyyətə cəlb olunması tələb edilirdi. Həmin qərarda 20 Yanvarın hər il Naxçıvan MR-də matəm günü kimi qeyd olunması məsələsi də öz əksini tapmışdı.
Xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə tövsiyə olundu ki, 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilsin. Milli Məclis həmin məsələyə xüsusi sessiya həsr etdi, geniş və əsaslı müzakirələr apardı, hadisələrin əsl səbəblərini açıqladı, həqiqi günahkarları müəyyənləşdirdi. Milli Məclisin 29 mart 1994-cü il tarixli qərarı ilə 1990-cı ilin 20 Yanvarında törədilmiş faciəli hadisələrə siyasi-hüquqi qiymət verildi.
1995-ci il 20 Yanvar faciəsinin 5-ci ildönümü ilə bağlı çıxışında Heydər Əliyev söyləmişdir: “Azərbaycan xalqı üçün bu gün həm qəhrəmanlıq səhifəsidir, həm də böyük faciə səhifəsidir. 20 Yanvarda Azərbaycanın azadlıqsevər, vətənpərvər insanları o dövrdə xalqımıza qarşı göstərilən ədalətsizliyə görə, Azərbaycan torpaqlarına erməni silahlı qüvvələrinin təcavüzünün qarşısı alınmadığına görə və milli azadlığa nail olmaq üçün ayağa qalxdılar, etirazlarını bildirdilər. üsyan etmək istədilər. Onları boğmaq üçün, əzmək üçün Sovet İttifaqının qoşunları, sovet ordusunun hissələri ölkəmizə basqın etdi, Azərbaycanı sıxmaq, xalqımızı bölmək istədi. Azərbaycan xalqı qurbanlar verdi. O gün faciəli gün oldu, biz şəhidlər verdik, qan töküldü. Azərbaycanın torpağı, Bakı şəhəri qana bələndi. Ancaq eyni zamanda bizim qəhrəman övladlarımız özünü qurban verərək Azərbaycan xalqının milli azadlığı üçün, Azərbaycanın müstəqilliyi üçün yol açdılar.
O şəhidlər burada - Azərbaycanın, Bakının ən mötəbər, gözəl guşəsində əbədiyyətə qovuşublar. Biz onların məzarları qarşısındayıq. Biz bu məzarları daim yad edəcəyik. Bura Azərbaycan xalqı üçün böyük bir ziyarətgaha çevrilibdir. Xalqımızın tarixində çox əzəmətli, qiymətli abidələr var. Ancaq Şəhidlər Xiyabanı, XX əsrin sonunda Azərbaycan xalqının milli azadlıq uğrunda özünü qurban vermiş şəhidlərinin məzarları, Azərbaycan Respublikasının, Azərbaycan torpağının ən müqəddəs yeridir və ən qiymətli abidəsidir...”.
1990-cı ilin soyuq yanvar günlərində azərbaycanlılara qarşı törədilən misilsiz vəhşiliklər, nə qədər amansız və dəhşətli olsa da, xalqımızın iradəsini sındıra, onun azadlıq istəyini boğa bilmədi. 20 Yanvarın ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi kimi böyük tarixi əhəmiyyəti var. Vətən uğrunda özlərini qurban verən şəhidlərin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Azərbaycan Respublikası müstəqilliyin əldə edilməsi və möhkəmləndirilməsi, əbədiyaşar olması istiqamətində qətiyyətlə, əzmkarlıqla irəliləyərək XX əsrin sonlarında yenidən öz müqəddəs amalına - müstəqilliyə qovuşdu, onu qoruyub möhkəmləndirməyi bacardı, bütün dünyada nüfuzunu artıraraq qüdrətli dövlət oldu.
Bu gün ümummilli lider Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün üstünlüklərə sahib olan ölkə kimi öz ərazi bütövlüyünü bərpa etməyə hazırdır, buna qadirdir və geostrateji şərtlərə əsasən yeri gələndə bu istiqamətdə qəti addımlar atacaq. Ermənistan da bunu dərindən dərk edir. Anlayır ki, onun Azərbaycana qarşı hər hansı bir addımının qarşısı ordumuz tərəfindən kəskin şəkildə alınacaqdır. Ermənilər anlayırlar ki, Azərbaycan Ordusu bugünkü qüdrəti və peşəkarlığı ilə Ermənistan ordusunu qısa müddətdə darmadağın edə bilər. Burada bir faktı qeyd etmək vacibdir ki, Azərbaycan öz ordusunu ən müasir NATO standartlarına uyğunlaşdırmaqdadır. Hərbi peşəkarlıq, ən müasir silahlarla təminat artıq ordumuzu nəinki bölgədə, hətta MDB məkanında ən güclülər cərgəsinə çıxarmışdır. Xalqımız öz Prezidentinə inanır və işğal altındakı torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi ilə azad ediləcəyi, ərazi bütövlüyümüzün təmin olunacağı, bayrağımızın Şuşada, Xankəndidə və işğal altındakı digər əzəli torpaqlarımızda dalğalanacağı günün uzaqda olmadığına qəti əmindir.

"Respublica-news.az"