31.01.2020, 15:41 - Baxış sayı: 777

İslahatların əsas məqsədi iqtisadiyyatın dinamik inkişafı və vətəndaş rifahının yüksəldilməsidir


Günel MƏLİKLİ,
AMEA-nın Fəlsəfə İnstitutunun Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi şöbəsinin böyük elmi işçisi

Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına 2003-cü il 1 oktyabr tarixli müraciətində cənab İlham Əliyevi yeni mərhələdə ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət kimi gördüyünü bildirdi, bir çox işlərin onun tərəfindən uğurla başa çatdırılacağına dərin inamını diqqətə çatdırdı: “Üzümü Sizə-həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Burada onu qeyd etmək yerinə düşər ki, o zaman xalqımız dahi öndərin bu müraciətini böyük rəğbətlə qarşıladı. Azərbaycan cəmiyyətinin cənab İlham Əliyevi dahi şəxsiyyətin strateji islahatlar kursunun layiqli davamçısı kimi görməsi, əslində, bir sıra reallıqlarla şərtlənirdi. Belə ki, xalqımız yaxşı bilirdi ki, Moskva Beynəlxalq Münasibətlər İnstitutu kimi bütün dünyada məşhur bir ali təhsil müəssisəsində diplomatiya elminin incəliklərinə dərindən yiyələnən, bu sahədəki nəzəri biliklərini Heydər Əliyevin siyasət və idarəçilik məktəbində qazandığı təcrübi vərdişlərlə ümumiləşdirərək təcrübəli, peşəkar dövlət adamı kimi formalaşan cənab İlham Əliyevin yüksək intellekti, istedadı, şəxsiyyəti, dövlətçilik məharəti ümumi vəhdət təşkil edir. İntellektlə istedadın, ənənə ilə novatorluğun, keçmişlə gələcəyin üzvi bağlılığına, yaradıcı sintezinə nail olmaq qabiliyyəti, Azərbaycanın dünəni, bugünü və sabahına sonsuz, sarsılmaz sədaqət İlham Əliyev şəxsiyyətini hər kəsə sevdirən cəhətlərdir.
Son 16 ilin gerçəklikləri də ümummilli liderimizin uzaqgörənliyi və müdrikliyini təsdiqlədi. Bu gün tam əminliklə deyə bilərik ki, cənab İlham Əliyev prezidentlik fəaliyyətinin ilk günündən “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir”, – tezisini irəli sürərək, ötən müddətdə ona bəslənilən ümidləri doğruldub, cəmiyyətin bütün arzularını gerçəkləşdirməyə çalışmaqla, xalqın maraq və mənafelərinə cavab verən çevik, qətiyyətli qərarlar qəbul edib, mühüm uğurlara imza ataraq özünü ciddi siyasətçi kimi təsdiqləyib, beynəlxalq aləmdə böyük nüfuz sahibinə çevrilib.
Bu fikri bir qədər də konkretləşdirib vurğulamaq istərdim ki, ötən 16 il ərzində cənab İlham Əliyev siyasi, sosial-iqtisadi sahələrdə böyük uğurlara imza atmaqla ulu öndərin siyasi varisi, onun güclü dövlətçilik, Azərbaycançılıq ideologiyasının layiqli daşıyıcısı olduğunu təsdiqləyib.
Son 16 ildə iqtisadiyyata 250 milyard dollar məbləğində sərmayə qoyulub. Prezidentin rəhbərliyi ilə Azərbaycanda nəhəng transmilli nəqliyyat layihələri həyata keçirilib: Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Bakı-TbilisiCeyhan və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin təməli qoyulub. Dəyəri 40 milyard dollardan artıq olan sonuncu layihə yüksək sürətlə reallaşdırılıb və 2018-ci il mayın 29-da Bakıda Cənub Qaz Dəhlizinin, həmin il iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib. TAP layihəsinin reallaşdırılması da qrafik üzrə davam etdirilib.
Azərbaycan dünyada sayı çox olmayan kosmik ölkələr klubuna daxil olub: 2013-cü il fevralın 8-də Azərbaycanın birinci, 2014-cü il iyunun 30-da ikinci, 2018-ci il sentyabrın 26-da isə üçüncü telekommunikasiya peyki orbitə çıxarılıb.
2003-cü ildən sonrakı dövrdə 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilib və ya təmir edilib. Yüzlərlə tarixi bina, muzey, teatr və kitabxanada genişmiqyaslı yenidənqurma və təmir işləri aparılıb, onlar yeni avadanlıqla təchiz edilib. Ölkənin ali məktəblərində, elmi mərkəzlərdə, respublika Milli Elmlər Akademiyasının müəssisələrində də analoji işlər aparılıb. Ölkədə 16 il ərzində 15 min kilometrdən çox asfalt yol çəkilib, 443 körpü inşa edilib.
Bakı Metropoliteninin 4 yeni stansiyası istifadəyə verilib. Bu müddətdə Azərbaycanda altısı beynəlxalq olmaqla, 7 aeroport tikilib.
Bütün bunlarla bərabər, 2003-2019-cu illərdə ölkədə 31 elektrik stansiyası tikilib istifadəyə verilib. Nəticədə Azərbaycan qonşu ölkələrə elektrik enerjisi ixrac etməyə başlayıb. Respublikanın yaşayış məntəqələrinin təbii qazla təmin edilməsi göstəricisi artaraq 51 faizdən 96 faizə çatdırılıb. OğuzQəbələ-Bakı su kəməri xətti çəkilib, ən iri sutəmizləyici qurğu tikilib, regionlarda çoxsaylı subartezian quyuları qazılıb, yüzlərlə modul tipli sutəmizləyici qurğu istifadəyə verilib, əhalinin içməli su ilə fasiləsiz təchizatı təmin olunub.
Son 16 ildə qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə böyük iş aparılıb. Ölkədə bütün çadır düşərgələri və “fin evləri”ndən ibarət qəsəbələr ləğv edilib, yüzdən çox yeni qəsəbə və şəhərcikdə 300 mindən çox insan yerləşdirilib. Şəhid ailələri, müharibə veteranları və əlilləri xüsusi qayğı ilə əhatə olunub. Onlara dövlət hesabına 5500-dən çox mənzil, 6 mindən çox minik avtomobili verilib.
Sosial sahədə islahatlar inqilabi xarakter daşıyıb. 2019-cu il sentyabrın 1-dən etibarən pensiyalar, əlilliyə görə müavinətlər, tədris müəssisələrində təqaüdlər yüz faizdən çox artırılıb. Dövlət qulluqçularının, hüquq-mühafizə orqanları işçilərinin, hərbi qulluqçuların və başqalarının əməkhaqqı artırılıb.
Ölkədə ictimai və sosial xidmətlər sahəsində ciddi institusional islahatlar aparılıb. Dövlət orqanları tərəfindən əhaliyə göstərilən xidmətləri vahid sistem şəklində birləşdirən “ASAN xidmət” və “DOST” Azərbaycanın brendlərinə çevrilib.
Ötən illər ərzində Azərbaycanın xarici siyasət kursu da milli maraqlar çərçivəsində bir sıra keyfiyyət dəyişiklikləri edilməklə uğurla həyata keçirilib. Dövlətimizin başçısının xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, özünün nümayiş etdirdiyi peşəkar siyasi məharət, milli məqsədlər naminə dünyanın ən nüfuzlu tribunalarından diplomatik bacarıqla istifadəsi Azərbaycan dövlətçiliyi və nüfuzu baxımından mühüm əhəmiyyət kəsb edib. Bu müddətdə Azərbaycan qonşu və uzaq dövlətlərlə mehriban dostluq və beynəlxalq hüquq normalarından irəli gələn şərtlər çərçivəsində münasibətlərini xeyli gücləndirib.
Avroatlantik məkana inteqrasiya istiqamətində mühüm nailiyyətlər qazanan, Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti proqramında uğurla iştirak edən ölkəmizin Şərq dövlətləri ilə də münasibətlərində yeni səhifələr açılıb. Əvvəllər münasibətlərimiz, ümumiyyətlə, mövcud olmayan və ya sadəcə diplomatik əməkdaşlığımız olan ölkələrlə hərtərəfli əlaqələr qurulub, münasibətlər daha da dərinləşdirilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son 16 ildə Azərbaycanın keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyduğu heç kimdə şübhə doğurmur. Ölkə rəhbərinin dövlətçilik təfəkkürünü, idarəçilik səriştəsini səciyyələndirən əsas amillər inkişaf, tərəqqi, siyasi sabitlik, sosial rifah, firavan həyat və güclü müasir Azərbaycandır. Məhz cənab İlham Əliyevin gərgin fəaliyyəti və ugurlu siyasəti nəticəsində qazanılan bu nailiyyətlərdən cəmiyyətin bütün üzvlərinə pay düşür. XXI əsrin başlanğıcında dünyada çox böyük dəyişikliklər baş verib. Fikrimcə, bu dəyişikliklər sırasında ən mühümü vətəndaş cəmiyyətinin inkişafında əsas amilə çevrilən insan kapitalıdır.
Əgər dünənə qədər həlledici amil hərbi güc, iqtisadi sistemin inkişafı, informasiya texnologiyası sahəsində nailiyyətlər idisə, hazırda bu, insan kapitalıdır. Sabitlikdən innovasiyalı, sosial orientirli mərhələyə keçən indiki Azərbaycanda bu, xüsusilə mühüm önəm daşıyır. Prezident İlham Əliyevin inkişaf strategiyasının əsas mahiyyəti də bundan ibarətdir. “Azərbaycan çox zəngin ölkədir. Bizim çox zəngin sərvətimiz vardır. Ancaq bizim ən böyük resursumuz insanların biliyidir, savadıdır. Öz imkanlarımızdan səmərəli istifadə edərək, maddi kapitalı insan kapitalına çevirməliyik və bunu edirik”.
Bu, o deməkdir ki, indiki mərhələdə Azərbaycan dövlətinin başlıca siyasi-ideoloji vəzifəsi, onun fəaliyyətinin əsası insan - vətəndaşdır və dövlət başçısı bu vətəndaşın yüksək intellektual səviyyəsinin təmin olunmasında israrlıdır.

"xalqqazeti.com"