29.07.2020, 12:15 - Baxış sayı: 631

Ordumuza zəfər arzusu


Eynulla MƏDƏTLİ
AMEA Fəlsəfə institutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir

Pandemiya ucbatından beşinci aydır ki, Vətəndən uzaqlarda, nə zaman uçuşlar açılacaq və ölkəmizə dönəcəyəm intizarında günləri sayarkən iyulun 11-də məlum oldu ki, ayın sonlarında Bakıya uçmaq imkanı yaranacaq.
Bunun sevinci içində ikən iyulun 12-də təcavüzkar Ermənistanın silahlı qüvvələrinin ölkəmizin Tovuz bölgəsinə xaincəsinə hücumu, ordumuzun bunu qəhrəmancasına dəf etməsi və düşmənə sarsıdıcı zərbə endirməsi xəbəri gəldi. İgid əsgər və zabitlərimizin, cəsur generalımızın döyüşdə həlak olması hər bir vətəndaş kimi, məni də dərindən üzdü. Amma özümə təskinlik verib düşündüm ki, bu, müharibədir, onun sərt üzüdür, qurbansız qələbə olmur. Şəhid olmağı bacaran xalq, qələbə çalmağı da bacarar. "Torpaq əgər uğrunda ölən varsa Vətəndir" - deyilib, buna görə Vətən üçün canlarını fəda edənlər vətən övladlarının qəlbində həmişəlik yaşayırlar.
Həmin günlərdə ordumuza ümumxalq dəstəyini də, dövlətlə xalqın bütün təbəqələrinin, hətta əks qütblərdə yer alan partiya və təşkilatların indiyədək misli görünməmiş həmrəyliyini, ölkə daxilində və xarici ölkələrdə torpaq bütövlüyümüz uğrunda vətəndaşlarımızın və soydaşlarımızın əzmkarlıqla çıxış etdiklərini, Azərbaycan dövlətinə və onun ordusuna dəstək aksiyaları keçirdiklərini həyəcanla izlədim. Eyni zamanda, daxildəki satqın "5-ci kolon"un təxribatçı hərəkətlərini, xarici ölkələrdəki erməni terrorçularının dinc azərbaycanlı nümayişçilərə qarşı etdikləri planlı vəhşilikləri də sosial şəbəkələrdə izlədim. Vətənsevər övladlarımızla qürur duydum, satqınlara görə də üzüldüm. İçimizdə olan bu xəyanətkarlar marıqda dayanıb məqam gözləyən, milli heysiyyətdən uzaq, Vətən və millət şərəfini daşımayan, özgəsinə xidmət edən soysuz məxluqlardır. Böyük şairimiz Fikrət Qocanın babalarımızın şücaətini yada salan məlum şeirindən bir bəndi yadıma düşdü:

Biri qaçaq olub, mərd olub,
Biri qoçaq olub, mərd olub.
Bəs bu namərdlər hardan?
Bax bu mənə dərd olub.

Belə ağır məqamda namərdlər, nakəslər, yad yalına hürənlər xalqımızın möhtəşəm birliyini pozmağa can atdılar, amma bacarmadılar. Ölkədən kənardakı güclər bizi istəmədiyimiz yerdə və zamanda müharibəyə çəkmək istədilər. Ancaq düşmənin başbilənlərinin və onların ağılverənlərinin bu məkrli planı baş tutmadı. Əgər xalqımızın düşmənə haqlı qəzəb və nifrət hisslərinin təsiri altında "ermənilərin yaratdığı fürsətdən" istifadə edən qoşunlarımız düşməni qovaraq Ermənistan ərazisinə girsəydi, bax onda düşmənlərin bu alçaq planı baş tutmuş olacaqdı. Dövrəyə plantökənlər də girmiş olacaqdı.
Lakin Azərbaycan Prezidenti İlham Əliyev hər zamankı kimi, yenə siyasi müdriklik göstərdi. Ali Baş Komandanın əmri ilə düşmən torpağına girmədən öz mövqelərimizdən ona sarsıdıcı zərbələr vuruldu. Ordumuz böyük müharibəyə girmədi. Çünki bu, bizim planladığımız, vaxtını və yerini bizim müəyyən etdiyimiz müharibə deyildi. Yanlış addım atılsaydı, bu, digər qüvvələrin ssenarisinə oynamaq olacaqdı. Burada vurğulamaq istərdim ki, vətənpərvər övladlarımızın müharibə çağırışları əlbəttə, haqlı və anlaşılandır, yüksək təqdirə layiqdir. Lakin Prezident İlham Əliyev "Biz nəyi, nə zaman və necə etməyi bilirik" bəyan etməklə öz strateq uzaqgörənliyini ortaya qoydu. Məhz buna görə də hiyləgər düşmənin şimaldan gözlədiyi müdaxilə baş vermədi. Ölkəmiz haqlı olduğu halda haqsız duruma düşmədi. Bu məkrli niyyət suya düşüncə düşmənin saysız iftira və hədələri ilə rastlaşdıq.
İndi, cəbhədə nisbi sakitlik dönəmində, düşünürəm ki, bizim 2016-cı ilin aprel və cari ilin iyul döyüşlərindən çıxarmalı olduğumuz dərslər vardır. Bu da ondan ibarətdir ki, düşməni kiçik və zəif görməməliyik, güvəndiyi gücləri də gözardı etməməliyik. 12 iyuldan sonra hər gün, hər saat olası müharibəyə hazırlaşmalıyıq. Ölkəmizin bütün imkan və vasitələri buna yönəldilməli, dost və müttəfiq ölkələrlə mövcud hərbi-siyasi əməkdaşlıq əlaqələri yaranmış yeni şəraitin tələblərinə uyğun daha da təkmilləşdirilməli, daha yüksək səviyyəyə qaldırılmalıdır. Ehtiyatda olan hərbi mükəlləfiyyətlilərin və könüllülərin lazım olan qədəri təlimlərə cəlb edilməli, düşmənin əldə edə bilməyəcəyi daha yeni və təsirli silah-sursatlar alınmalı, yerli müdafiə məhsullarının istehsalı da genişləndirilməlidir. Çünki bunun şahidi oluruq ki, ötən hərbi toqquşmalarda düşmənin aşkara çıxan zəif tərəfləri onların himayədarları tərəfindən dərhal gücləndirilir, adekvat silahlar və texnika ilə təchiz edilirlər. Təsadüfi deyil ki, son əməliyyatlardan dərhal sonra pilotsuz uçan aparatların, təyyarə və helikopterlərin vurulması üzrə onlara təlim verilir.
Buna görə arzu edərdim ki, Silahlı Qüvvələrimiz üçün bundan sonra da heç nə əsirgənməsin, dövlətimizin istədiyi zamanda, bütün işğal zonasında əsl Böyük Vətən Müharibəsinə qalxaq, torpaqlarımızı bu uzunsürən, hamımıza başaşağılığı və xəcalət gətirən işğaldan azad edək, mənfur düşməni qovub ölkəmizdən çıxaraq.
Məni hər zaman narahat edən və hafizəmdə tez-tez baş qaldıran bir əhvalatı xatırlatmaq isəyirəm. 2002-2010-cu illərdə Pakistanda ölkəmizin səfiri işlədiyim zaman bizə dərin hüsn-rəğbəti olan yüksək vəzifəli bir dövlət adamı diplomatik danışığı bir kənara qoyub dedi ki, qardaşcasına soruşmaq istəyirəm, Siz türklər böyük xalqsınız, şanlı keçmişiniz var, nə üçün torpaqlarınızı bir ovuc erməninin işğalından azad etmək üçün müharibəyə qalxmırsınız. Siz başlasanız, biz də, digər dostlarınız da yanınızda olarıq. Əlbəttə, o vaxt mən diplomatik cavab verməli oldum və mövcud geosiyasəti, digər amilləri nəzərə alıb sülh yolu ilə nəticəyə nail olmağa hələ ümid etdiyimizi bildirdim. Amma həmsöhbətimin sifət cizgilərindən məlum olurdu ki, cavabım qənaətləndirici olmamışdı. O zamandan 15 ildən çox keçir, düşünürəm ki, daha nə qədər sülh yoluna ümid etməliyik, həm də elə bir vəziyyətdə ki, bölgənin maraqlı super gücü ümumiyyətlə bu işğalın bitməsinin tərəfdarı deyildir, nə sülh, nə də müharibə ilə.
Bu səbəblə, bir tarixçi və 20 il yüksək diplomatik xidmətdə çalışmış vətəndaş olaraq düşünürəm ki, konkret maddəli və nəticəli müzakirələr üçün üç ay müddət tanıyıb mövcud danışıqlar çərçivəsində, ölkəmizin ərazi bütövlüyü prinsipi əsasında işğalın aradan qaldırılmasına son səyi etməliyik. Nəticə əldə edilməsə, Ali Baş Komandanın əmri ilə Azərbaycan ordusu və bütün Azərbaycan xalqı bu azadlıq müharibəsinə başlamalı, nəyin bahasına olursa-olsun torpaqlarımızı azad etməlidir. Tarixi haqqımız olsa da, bizim düşmənin torpaqlarında gözümüz yoxdur, beynəlxalq hüququn tanıdığı öz torpaqlarımıza sahib olub dövlətimizin suveren haqqını təmin etməliyik. Əminəm ki, çətin sınaqlardan keçmiş, həlledici anlarda həmişə coşqu ilə təzahür etmiş dövlət və xalq birliyimiz sayəsində buna nail olacağıq.
Bir sözlə, bu məktubumla əziz xalqımıza qələbə əzmi, diplomatiyamıza qəti və prinsipli mövqe, ordumuza qarşıdakı müqəddəs xilaskarlıq vəzifəsində zəfərlər arzulayıram!
"525.az"