21.08.2020, 18:27 - Baxış sayı: 775

Ekzistensial böhran, pandemiya və humanizm


Şölət Zeynalov
Fəlsəfə İnstitutu, Davamlı inkişafın fəlsəfəsi şöbəsinin elmi işçisi

Bəşəriyyətin hazırda total bir böhran şəraitində imtahan verməsi hər kəsə bəllidir. İndi hər bir sivilizasiyanın, dövlətin, cəmiyyətin inkişaf və texniki tərəqqi səviyyəsindən asılı olmayaraq böyük bir imtanan qarşısında olması faktdır. COVİD- 19 pandemiyası insan nəslini ölüm və olum dilemması ilə üz-üzə qoyub. Nəzəri fikrin tarixən irəli sürdüyü həyəcan fakt olaraq gerçəkləşdi: böyük texniki tərəqqinin gətirdiyi imkanlar fonunda insan nəsli total olaraq planetar səviyyədə pandemiya və digər bəşəri fövqəladə prosesə hazır deyildir. Əlbəttə, baş verən prosesin bir sıra fundamental səbəbləri vardır və biz burada onlara geniş toxunmayacağıq. Ancaq bir şeyi qeyd etmək lazımdır: Bu və bunun kimi onlarla problem fəlsəfənin həyati əhəmiyyətli məsələlərindəndir. Nəzəri fikirdə bu – “İnsan dəyişməlidir”, “əsrimiz total fəlakətlər əsridir”, bu gedişatla “sivilizasiyanın qürubu” labüddür və s. – qorxunc proseslər barədə tarixən fəlsəfə, xüsusilə ekzistensial fəlsəfə həyəcan qaldırılmışdır. XX əsrdə elmi-texniki tərəqqinin və sivilizasiyanın görünməmiş həddi kontekstində bu, Qərb fəlsəfəsi üçün daha aktual olmuşdur – insan fəaliyyəti, gedişat “sivilizasiyanı total fəlakətə sürükləyir”. Sivilizasiyanın böhran həddinə yaxınlaşmasını hiss edən Alman filosofu O. Şpenqler sivilizasiyanın “qürubundan”, ekzistensialist filosoflar M. Haydegger və K. Yaspers fəlakətin zaman məsələsi olmasından, A. Kamyu tarixin unudulmasından, J. P. Sartrı insan varlığının heçliklə münasibətindən, heçliyin əslində ekzistensial anlamda “var” olmasından bəhs edirdilər. Bütün bunlar isə insanın bir varlıq kimi, xüsusilə şüurlu varlıq kimi taleyinin yalnız ağıl, elm, biliklə məhdudlaşdırıla bilməyəcəyini onun mənəvi-ruhi varlıq kimi mövcudluğunu bir daha da ekzistensial anlamda ortaya qoyurdu. Lakin təəssüflə qeyd edək ki, filosofların irəli sürdüyü bu orijinal fikirlər insanın total, qısa ifadə etsək daha çox “mənimsəmə”, “genişlənmə”, “gedonist” istəkləri qarşısında bir növ aktuallıq qazanmadı: Humanizm və insani duyğular bəzi məqamlarda söz oyunu, siyasi, ideoloji, iqtisadi və s. ritorikadan başqa bir şey olmadı.
Odur ki, indi etiraf edək ki, nəzəri fikri hətta bir kənara qoysaq belə praktikada baş verən fəlakətlər, məsələn elə milyonların həyatına son qoymuş ötən əsrdə baş verən İspanka pandemiyası, ikinci dünya müharibəsi kimi olum və ölüm savaşından sonra da planetdə baş verənlər sübut etdi ki, bəşəriyyət daima humanizm, yüksək etik təfəkkür, birlik və təhlüksəsizlik problemlərindən bəhs etsə də müəyyən ifrat maraqlar səbəbindən ümumi bir təhlükəsiz dünya qurmaq iqtidarında deyildir; bu iqtisadi, sosial, humanitar, səhiyyə və s. sahələrinə də eyni dərəcədə aiddir. Konkrekt olaraq indi planetdə baş verən ölüm kabusu – koronovirus pandemiyası da bu qəbildəndir. Covid 19 –un “hərəkət” trayektoriyası və ilkin şokları sübut etdi ki, heç bir cəmiyyət və dövlət ən ideal şəkildə bu kimi faciələrdən sığortalanmamışdır. Epidemiyanın yaratdığı qorxu, həyəcan və nəticələr göstərdi ki, furoloqlar, iqtisadçılar, siyasət və digər sahənin mütəxəssisləri, hətta bəşəriyyətin gələcəyi barədə ən yaxın perspektivdə dünyamızın hansı problemlərlə üzləşə biləcəyini proqnozlaşdıra bilmirlər: Problemin yalnız biri – ancaq ən əhəmiyyətlilərindən biri buradan gəlir – adi bir naməlum virus proqnozlaşdırmaları alt-üst edir. Fransız ekzistensialisti J. P Sartır izah edirdi ki, “dünyanın gələcəyi mənim gələcəyimdə açılır” (1. 316) bu anlamda əgər mənim və deməli, dünyanın da gələcəyi hər hansı bir “naməlumluqlardan” asılıdırsa buradakı “açılım” yaratdığımız texnikanın, elmin, humanizm dəyərlərinin mahiyyətinin yenidən dəyərləndirilməsini aktual deyilmi?
Günümüzdə baş verən və ən müxtəlif şəkildə mənalandırılan informasiyalara əsaslansaq Çinin Uhan şəhərindən başlanan epidemiya tezliklə dünyanı iflic vəziyyətinə gətirdi. Bəziləri bu virusun bakterioloji silah, bəziləri təbii virus olması üzərində baş sındırarkən İtaliya, İspaniya, Fransa, ABŞ, Almaniya, İran, Rusiya və daha sonra digər dünya dövlətləri domino effekti ilə virusun gətirdiyi şokdan özlərini itirdilər – bəşəriyyət yeni eranın ilk total fəlakəti dövrünə qədəm qoydu: İqtisadi tənəzzül, sənaye, bank maliyyə böhranı, kütləvi işsizlər ordusu və s. meydana çıxdı. Və əslində, bu böhranın səbəbləri haqqında hələ uzün müddət danışılacaq KİV, siyasət, elm sahəsində ciddi araşdırmalar gedəcəkdir: sübutu mümkün olmayan iddia kimi səslənsə də irəli gedərək bir şeyi qeyd edək, böhranın fəlsəfəsi dərk edilməzsə bu əslində, gələcək fəlakətlərlə müqaisədə yalnız bir fraqment, yaxud total xaosun başlanğıcı hesab edilə bilər. Problem ondadır ki, bizim qurduğumuz sivilizasiya və münasibətlər sistemi elə konstruksiyaya malikdir ki, biz ancaq nəticələrlə vuruşuruq. Təfəkkürümüz elə bil ki, xalq məsəlində deyildiyi kimi: “biri ölməsə digəri dirilməz” inamına, refleksiyasına köklənib: dünyada insan nəinki ekzistensial anlamda böyük “birlikdən”, heç təsisatlar və təşkilatlar və həmrəylik anlamında böyük birliklərdən danışa bilmir.
Konkret faktlara müraciət etdikdə görürük ki, hazırda COVİD-19 virusuna yoluxanların sayı 4 milyona yaxınlaşır, həyatını itirənlərinsə sayı 200 mini keçib: bunlar ən sadə lakın fəlakətli bir statistikadır: Amma ekzistensial və humanizm anlamında yanaşdıqda bu, yüz minlərlə insanın məşəqqətlərini, həyat və ölüm arasında ekzistensial iztirablarını söz və yazı ilə ifadə etmək belə mümkün deyildir. Ekzistensial və humanizm anlamında yanaşdıqda görürük ki, biz və dünya əksər məqamlarda bu rəqəmlərdən yalnız statistika naminə istifadə edirik: Bu zaman sual yaranır: Bəs milyonlarla virusa yoluxanların, onların yaxınlarının, onlara həyatları bahasına qayğı göstərən tibb işçilərinin, təhlükəsizliyimizi təmin edən insanların və evdə təcrid şəraitində yaşayan dörd milyarddan artıq insanların həyacan və iztirablarını təsəvvür etmək mümkündürmü? Odur ki, gəlin etiraf edək, dünya indi bir “qırılma”, “sınma” anını yaşayır! Əslində, məsələ virusda da deyil, məsələ bəşəriyyətin bütövlükdə qurduğu münasibətlətlər sistemindədir. İndi insan nəsli artıq dördüncü sənaye inqilabından danışır. Lakin əvvəlki sənaye inqilabları bəşəriyyətə nələr verdi və onun mənəvi-ruhi aləmindən nələri aldı kimi suallar hələ də açıq qalmaqdadır. Fakt odur ki, elmi-texniki tərəqqinin gətirdiyi rifaha və üstünlüyə aludə olan insan yer üzündə özünü sənayeyə, hərbi üstünlüklərə, iqtisadiyyata, şöu-biznesə, idmana, bir sözlə yaratdığı, “başı üstə” qurduğu, qoyduğu sistemlərə qurban verməkdədir. Bütün bunlarla bərabər süni intellekt gələcəyin ən aktual hadisəsi kimi qarşımızdadır. Fransız filosofu J. P. Sartrı yenidən xatırlayaq: gələcək, dünya, yaratdığımız dəyərlər, bütövlükdə sivilizasiya – izah edirdi filosof – “dünya mənim gələcəyimdə açılır” mənəvi, ruhi dirçəlişimdə, varoluşumda açılır. Bütün bu dirçəlişlər isə bir şeyi yenidən aktuallaşdırır: humanizm, ekzistensial təfəkkür dünyada təntənəyə nail olmazsa, sivilizasiyamızda gələcəkdə nələrin baş verməsini proqnozlaşdırmaq o qədər çətin deyil – “gələcək gəlməyə bilər”.
Biz etiraf etməliyik ki, müasir dövrdə, müxtəlif elm sahəsi ilə məşğul olan mütəxəssislər – siyasətçilərin, filosofların, mədəniyyət xadimlərinin, sosioloqların, iqtisadçıların, bioloqların, ekoloqlar və b. qeyd ediyi kimi həqiqətən də yalnış antropogen təsr bir tərəfdən təbiəti məhv edir, digər tərəfdən də təlabat adlı ifrat mənimsəməyə hərislik, ifrat utilitar təfəkkür insanları, xalqları, millətləri, dövlətləri istər-istəməz üz-üzə qoyur. Halbuki problemə mövcudluq və sivilizasiyanın inkişafı kontetekstindən yanaşdıqda görürük ki, müasir nəzəri fikirdə müasir rus filosofu A. Duginin təbirincə desək, “sivilizsiyanın müstəqil substansiya kimi nəzərdən keçirilməsi ona ontoloji üstünlük verilməsini nəzərdə tutur” (2 .41). Odur ki, əksər məqamlarda “ekzistensialistlər iddia edirlər ki, elm və mədəniyyətin inkişafı, müasir texnika insanın bəşəri keyfiyyətlərini məhv edir.” (3. 318). Məhz bu əsaslardan çıxış edərkən K. Yaspers izah edirdi ki, “təbiəti qaba güc yox, onun qanunlarını bilmə ram edir. Natura parendo vincitur (təbiətə ona ram olaraq qalib gəlirlər – lat)” (4 147). K. Yaspers haqlı olaraq Bekon və Dekart fəlsəfəsindən çıxış edərək – izah edirdi ki, yalnız “öz predmetini yenidən yaratmağa və bununla da öz doğruluğunu isbat etməyə qabil olan idrak həqiqidir” (4,147) çünki insanın özü də təbiət hadisəsidir. Müasir İnsanın “faciəvi” vəziyyətdə olmasından əndişələnən alman filosofu K. Yaspers izah edirdi ki, bir növ bütün bunların genizisində əsas amil kimi insanın ekzistensial böhranı dayanır, bu böhrandan onu yalnız fəlsəfə – həmrəylik və vəhdəti özündə birləşdirən fəlsəfə – filosofluqetmə çıxara bilər. Texnikanın məngənəsinə düşmək artıq bu fəlsəfi düşüncənin, fəlsəfi təfəkkürün təntənəsi deyildir. Təfəkkür – izah edirdi M. Haydegger – müasir təfəkkürün necə işləməsi barədə mən fikir belə yürüdə bilmərəm, ola bilsin ki, təfəkkürə, düşüncəyə bu gün yol “susmaqdan” keçir ki, indi düşünməklə keçmişdəkiləri də biz hansısa lazımsız nəsnəyə çevirməyək. Ola bilər ki, bizə üç yüz illərlə vaxt lazımdır ki, o – təfəkkürümüz yenidən “işə” fəaliyyətə düşə billsin (5. 245).
M. Haydegger təssüflə qeyd edirdi ki, Fəlsəfə tendensiyanın hansısa anlamda birbaşa olaraq müasir dünyanın indiki vəziyyətini dəyişmək iqtidarında deyildir. Bu həm də təkçə fəlsəfəyə aid deyildir, bu həm də təmiz insani düşüncə və insani fəaliyyətlə bağlıdır(Sinnen und Traxten) (5. 233). Çünki biz etiraf etməliyik ki, ekzistensial anlamda indi təmiz insani düşüncələrdən danışmaq o qədər də asan deyildir. “Özgələşmə” elə bil ki, həyat fəlsəfəmizə çevrilmişdir. Bu məqamda məqamda K. Yaspersin tarixin məqsədləri barədə fikrlərinin orijinallığına toxunmamaq sadəcə mümkün deyildir. Filosof bəşəri birliklərin– “tarixin məqsədi naminə” yaratdığı ümumi “sivilizasiya axınından” bəhs edərkən qeyd edirdi ki, “birliyin olmasına dəlalət edən və ya onu göstərən cürbəcür faktlar tarixin birliyini təşkil etmək üçün yetərli deyilsə, ola bilsin ki, başqa istinad nöqtəsi tapmaq gərəkdir”. Ona görə də ekzistensional anlamda tarixi mahiyyətə yanaşarkən görürük ki, bütövlükdə hətta müasir sivilizasiya və dövlətlərin, beynəlxalq təsisatların yaratdığı “birlik faktiki gerçəklik yox məqsəddir, ola bilsin ki, tarixin birliyi insanların vahid olanın ideyasında vahid həqiqətdə hər şeyin dərk olunmuş şəkildə bir-biriylə əlaqədə nə qədər yad olsalarda bir-birinə aidiyyətləri olduğu ruh aləmində bir-birini başa düşmələrində yaranır” .
Böyük qurtuluş yalnız o halda ola bilər ki, müasir insan bütün mənalarıyla ekzistensional olaraq dialoq fəlsəfəsi və dialoq mədəniyyətinə apelyasiya etmiş olsun. Özünün həyat fəlsəfəsi və gündəlik praktikasında dialoq, humanizm, multikulturalizm və s. kimi bəşəri əsasları prioritet edən ölkəmiz məhz başda ölkə prezidenti İlham Əliyev olmaqla bu gün pandemiya şəraitində sübut etdi ki, iqtisadi maraqlar insan naminə, bəşəriyyət naminə qurban verlməlidir: İnsan bütün mənalarıyla bütün digər həyat nəsnələrindən üstündür. Hər bir dövlətin ali məqsədi insan təhlüksəsizliyini həyata keçirmək, həmrəylik və vəhdəti qorumaq olmalıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi “Biz birlikdə güclüyük” Bütün bu kimi ideayalrın praktikaya tətbiqi məhz Azərbaycanda COVİD -19 pandemiyasının acı nəticələrini minumuma endirdi. Təsadüfi deyil ki, ÜST bu mübarizədə tutduğu düzgün strategiyaya görə ölkəmizə öz minnətdarlığını bildirdi.
Yuxarıda qeyd edilənlərdən konkret olaraq tezis kimi bu nəticələri çıxarmaq olar:
– Bəşəriyyət sizilizason böhranın son həddinə yaxınlaşmaqdadır.
– Humanizm, sülh və həmrəylik, yüksək etik təfəkkür Yer üzündə qalib gəlməzcə mövcudluq sual altına düşə bilər (pandemiyanın ilk günlərini xatırlayaq: ərzaq dükanlarına axınlar, bəzi ölkələrin başqa ölkələr üçün göndərilən tranzit humanitar yardımları mənimsəməsi, hərbi gücə, nüvə silahlarının aktuallaşmasına işarələr və s.).
– Dünya hərb sənayesinə yenidənqiymətverməyə nail olmalıdır.
– İdentikliklərin qorunması bəşəri birliyi təhdid etmir, əksinə bu irqlərin mədəni müxtəlifliyin “ekzotik” mozaikasını tərənnüm edir. Azərbaycan nümunəsi bu praktikanın təcəssümüdür.
– Postpidemiya insan nəsli qurduğu münasibətlər sisteminə yenidən baxmalıdır, nizam birliyi və vəhdəti ehtiva etməlidir.
– Virus, pandemiya sərhəd tanımır bu bəşəri bəladan yalnız insanı bilik, elm, həmrəylik, ekzistensial və mənəvi birlik çıxara bilər.

Ədəbiyyat siyahısı.
1. J. P. Sartr. Varlıq və heçlik: Fenomenoloji Ontoloji Təcrübəsi. Bakı, Qanun Nəşriyyatı 2012, 856. səh
2. Dygin A. G. “geosofiyaya giriş: sivilizasiya və onların loqosları. Elm və təhsil nəşriyyatı, (tərcümə, H. Babayev)Bakı 2018 s. 88
3. İsmayılov F. Q. Seçilmiş əsərləri, I cild. 576.
4. Yaspers K. “Tarixin mənası və təyinatı”. Bakı: “Zəkioğlu” nəşriyyatı, 764.
5. Философия Мартина Хайдеггера и современность. – М.: Издательство Наука, 1991. 253 c.