01.09.2020, 13:06 - Baxış sayı: 1639

FƏZİLƏT VƏ QƏBAHƏT – HƏYATIN ƏZƏLİ VƏ ƏBƏDİ MÖVZUSU


Görkəmli alim-filosof, AMEA-nın müxbir üzvü Ziyəddin Göyüşovun anadan olmasının 100 illiyinə həsr olur

Afaq Rüstəmova,
“İnformasiya cəmiyyətinin fəlsəfi problemləri”
şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru


Sovetlər dövründə etika özünün elmi və metodoloji əsaslarılə tarixi və dialektik materializm kontekstində marksist-leninçi fəlsəfəsini əks etdirirdi. Bu mövqe əxlaqi problemlərin öyrənilməsinin ümumi istiqamətini səciyyələndirirdi. Marksizm əxlaqı ictimai münasibətlər sisteminin mürəkkəb bir elementi kimi şərh edirdi və son nəticədə onu bütövlükdə ictimai-tarixi münasibətlərin inkişafının dialektikası ilə müəyyənləşdirirdi. XX yüzillikdə yaranan sovet etik düşüncəsi konkret tarixi dövrün məhsuludur. Bunu onun əldə etdiyi həm nailiyyətləri, həm də uğursuzluqları ilə izah etmək olar.
Təbii ki, sovetlər dövründə əldə edilmiş elmi nəticələri bir növ Sizif əməyi, mənasız və faydasız, səhvlər və zərərli çağırışlar yığını kimi dəyərləndirmək obyektivliyi əhatə edə bilməz. Yəni bu məqam qəti ittihamdan, tənqiddən daha çox ölçülüb-biçilmiş münasibət tələb edir. Sovet etika məktəbi, ilk növbədə, özünün marksist "mənşəyi" səbəbindən inkar edilirdi. Əslində, marksist doktrinası, o cümlədən onun etik konsepti, dünyəvi düşüncədən kənarda yaranan mənəvi provinsializmin məhsulu deyil. Əksinə, marksizm dünya mədəniyyətinin nailiyyətlərinə çox diqqətlə yanaşıb, bir çox məsələlərdə Avropa maarifçiliyi və alman klassik fəlsəfəsi kimi böyük fəlsəfi cərəyanların ənənələrinə əsaslanıb.
Bununla belə sovet etik məktəbinin mövcudluğunun ilk onilliklərində onun inkişafı üçün ideoloji şərtlər mürəkkəb, eymi zamanda olduqca zəif olub. Onun dünyagörüşü bazasını 1930-1940-cı illərdə marksizmin bəsitləşdirilmiş, dogmatik variantı təşkil edib. Bu istiqamət kəskin şəkildə qeyri-kommunist cərəyanlara qaşı dururb və özünü etik düşüncənin inkişafının ən yüksək mərhələsi hesab edib. Bütün bunlara baxmayaraq, bütövlükdə sosial elmlər sistemində etikanın möhkəmlənməsi, nəzəri işlər üçün zəruri intellektual əsasların yaranması o dövrün müsbət nəticələri kimi qiymətləndirilə bilər.
Sonrakı illərdə sovet ictimai elmi tərəfindən belə bir proqram irəli sürüldü ki, kommunist quruculuğu dərinləşdikcə cəmiyyət həyatında əxlaq amilinin rolu artır. Qərarın nəzəri əsaslandırılmasının və onun reallaşdırılmasının formalarını qiymətləndirməyə cəhd göstərmədən, bu hadisənin etik tədqiqatların inkişafına güclü təkan verdiyini vurğulamaq lazımdır. Əxlaq məsələlərinin öyrənilməsinə yeni intellektual qüvvələr yönəldi, ona dair nəzəriyyələrin yeni aspektlərinin hazırlanması üçün müxtəlif mərkəzlər yarandı.
Təbii ki, biz burada sovet etikasını idealizə etmək və ya onu tarixi tənqiddən uzaqlaşdırmaq fikrində deyilik. Sovetlər dövrünün etikasının özünəməxsus çatışmazlıqları var idi. İlk növbədə o, öz dövrünün ictimai praktikasını həddindən artıq şişirtmək, insan varlığının bir çox tərəflərini diqqətdən kənarda qoymaq kimi tendensiyaları ehtiva edirdi.
Aydındır ki, Azərbaycan fəlsəfəsi də sovetlər dövründə marksist-leninçi fəlsəfəyə əsaslanırdı, lakin elə o dövrlərdə də Azərbaycan fəlsəfəsi özünəməxsus istiqamətdə inkişaf etmiş və Heydər Hüseynov, A.O.Makovelski, Midhət Ağamirov, Əddin Şakirzadə, Firudin Köçərli, Zakir Məmmədov, Ziyəddin Göyüşov və digər görkəmli filososflar Azərbaycan fəlsəfəsinə dəyərli əsərlər töhfə verə bilmişlər.
Əxlaq elə bir ümumbəşəri fenomendir ki, onu zamanla, siyasi durumla çərçivələndirmək düzgün metodoloji yamaşma ola bilməz. Yəni onu ideoloji semantikadan uzaqlaşdırdıqdan sonra yerdə məğz qalır və bu məğz öz təməl mahiyyətinə sadiq qalaraq hər bir dövrün şərait və təblərinə cavab verə biləcək prinsiplər ortaya qoyur. Yəni nə qədər insan var, cəmiyyət var, həyat var əxlaqi dəyərlər də dövrün düşünən beyinlərinin diqqət mərkəzində olacaq. Çünki həyat məhz əxlaqi prinsiplər əsasında təşəkkül tapır.
Tarix boyu münasibətlər sistemində xeyrin və şərin, yaxşının və pisin, fəzilətin və qəbahətin müəyyən edilməsi bugünkü qədər aktual olmayıb. Çünki müasir texniki tərəqqinin sürətli inkişafı sayəsində insanı insan edən mənəvi və əxlaqi dəyərlər zamanın tapdağı altında qalıb. Erix Fromm “Sahib olmaqmı, Olmaqmı?” kitabında yazır ki, Alman filosofu Albert Şveytser 1952-ci ildə Osloda Nobel Sülh mükafatı alan zaman bütün dünyaya bu sözlərlə xitab etdi: “Gəlin, həqiqətin gözünə düz baxaq. Əsrimizdə insan tədricən fövqəltəbii gücə sahib bir varlığa çevrildi ... Lakin o, fövqəladə dərrakəyə sahib ola bilmədi ... Etiraf etmək istəmədiyimiz bir şey aydın olur: insanın fövqəlbəşər gücü artdıqca o, daha çox bədbaxt bir insana çevrilir ... çünki fövqəlbəşər güc olmaq onu insan olmaqdan uzaqlaşdırır, əslində biz bunu çoxdan dərk etməli idik!”
Görkəmli Azərbaycan filosofu, fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Ziyyəddin Göyüşov Azərbaycanda fəlsəfi-etik fikir tarixi problemləri ilə məşğul olmuş və bu sahəyə aid Azərbaycan fəlsəfəsinə əvəzsiz töhfələr verə bilmişdir. Azərbaycanda etik fikrin qədim dövrdən XX əsrə qədərki inkişaf meylləri və əsas aspektləri Ziyəddin Göyüşovun tədqiqatlarının aparıcı istiqamətlərindən olmuşdur. O, müasir Qərb əxlaqının böhran məsələlərini də ətraflı tədqiq etmişdir. Həmçinin araşdırmalarında etik fikir tarixində dəyərli söz sahibi olan M.Sidqinin, eləcə də,yazıçı və dramaturq, Azərbaycan dramaturgiyasının inkişafı və onun ideya-estetik keyfiyyətlərinin zənginləşdirilməsində, milli teatrın yaradılmasında və inkişafında müstəsna rolu olmuş Nəcəf bəy Vəzirovun yaradıçılığının təhlilinə də xüsusi yer vermişdir. Onun ən böyük elmi nailiyyətlərində biri də Həsən bəy Zərdabinin seçilmiş əsərlərini ilk dəfə tərtib və çap etdirməsi olmuşdur. Dərin əxlaqi mahiyyət daşıyan problemlərin araşdırılması isə filosofun tədqiqatlarında aparıcı mövqe tutub. Alim Azərbaycanda etik baxışların inkişafının mərhələlərini tarixi-xronoloji və məntiqi baxımdan sistemli şəkildə təsvir etmişdir.
Ziyəddin Göyüşov “Azərbaycan maarifçilərinin etik görüçləri”, “Müasir burjua əxlaqının iflası”, “XX əsrin əvvəllərində Azərbaycan maarifçilərinin əsərlərində əxlaq məsələləri”, “Əxlaqi sərvətlər”, “XIX – XX əsrlərdə Azərbaycanda etik fikir”, , “Həzz və iztirab”, “Fəzilət və qəbahət”, “Daxilə pəncərə” və s. kimi sanballı fəlsəfi-etik əsərləri ilə dəyərli irs qoyub getmişdir.
“Fəzilət və qəbahət” filosofun “Əxlaqi sərvətlər”, “Həzz və iztirab” əsərlərinin davamıdır. Fəzilət və qəbahət kateqoriyaları xeyir və şər kateqoriyaları ilə üzvi surətdə bağlıdır. Z.Göyüşov “Əxlaqi sərvətlər” adlı əsərində bu barədə yazlr ki,: “Xeyir kateqoriyası etikanın əsas və müəyyənedici kateqoriyasıdır. Bu kateqoriyanın məzmunu düzgün müəyyən edilməzsə heç bir etik problemi həll etmək olmaz. Xeyir və şər elə mühüm anlayışlardır ki, bunlarsız əxlaqi hərəkət və davranışlara qiymət vermək reallaşa bilməz”.
Filosofun “Əxlaqi sərvətlər” əsərində etikanın əxlaqi qanunauyğunluqlar haqqında elm olduğu vurğulanır. Burada geniş şəkildə əxlaqi sərvətlərin yaranması haqqında fikirlər yer alır, həmçinin onların qorunub saxlanmasının zəruriliyi önə çəkilir və insanlara, xüsusilə gənclərə həyatı mənalı, dolğun şəkildə yaşamaq üçün, tarixin sınaqlarından keçmiş əxlaqi dəyərlərə istinad etməyin yolları göstərilir.
Qeyd etmək lazımdlr ki, özünüdərk Ziyyəddin Göyüşovun bütün yaradıcılığının ana xəttini təşkil edir. “Daxilə pəncərə” və bu qəbildən olan “Həzz və iztirab”, “Səadət düşüncələri”, “Fəzilət və qəbahət” və s. əsərlərdə özünüdərk əxlaq tərbiyəsinin ən mühüm amili kimi dəyərləndirilir. Müəllif qeyd edir ki,: “Qoy hər kəs öz daxilinə pəncərə aça bilsin və bu pəncərədən öz daxili aləminə nəzər salmağı, baxmağı, lazım gələndə orada təmizlik işləri apara bilsin... özünü görə bilməyən başqasını görə bilməz”.
Ziyəddin müəllimin “Fəzilət və qəbahət” əsərində fəzilət və qəbahət haqqında ətraflı elmi araşdırmalar yer alıb. Bu araşdırmalarda həm Şərq, həm də Qərb filosoflarının, mütəfəkkirlərinin, alim və yazıçılarının, dövlət xadimlərinin, həmçinin Azərbaycan elm, ədəbiyyat və mədəniyyət xadimlərinin fikir və düşüncələri təqdim olunub. Bu da onu göstərir ki, Ziyəddin müəllim həm Qərb, həm də Şərq filosof və mütəfəkkirlərinin yaradıcılığını dərindən bilib.
Təbii ki, əxlaqa, etikaya aid bir çox məsələlərdə olduğu kimi, fəziləti və qəbhəti də dəqiqliklə bir-birindən ayırmaq asan məsələ deyil. Bu baxımdan Ziyyəddin müəllim bu kontekstdə konkret postulatlar irəli sürmək niyyətində olmayıb və alim bildirib ki, fəzilət və qəbahət çox mürəkkəb və bir-biri ilə çarpazlaşan anlayışlardır. Burada hər kəs fəzilətini də, qəbahətini də özü seçməyi bacarmalıdır. Fəzilət və qəbahət haqqında təməl prinsipləri özündə ehtiva edən bu kitabdan kifayət qədər bəhrələnmək olar ki, bu da əsərin boyük dəyərə malik olduğunu gösrərir. Yəni bu kitabda irəli sürülən fikirlər quru nəsihənçilikdən uzaqdır. Burada fəzilət və qəbahət təməl fəlsəfi-etik kateqoriya olaraq araşdırılıb, problemin həm mahiyyəti, həm psixoloji məqamları, ən başlıcası isə ictimai münasibətlərdə təzahürləri ilə bağlı dərin fəlsəfi təhlillər yer alıb.
Kitabın “Fəzilət və qəbahət haqqında düşüncələr tarixindən” bölməsində müəllif bildirir ki, fəzilət və qəbahət haqqında təsəvvürləin qədim kökləri vardır və bu fəlsəfi-etik fikrin harada, nə zaman yaranması sualına dürüst cavab vermək çətindir. Filosof bununla əlaqədar olaraq qeyd edir ki, avropasentristlərin fikrinə görə, bütün fəlsəfi fikir kimi, etik fikir, o cümlədən fəzilət və qəbahət haqqında fikirlər də qədim Yunanıstanda yaranmışdır. Elmi araşdırmalara əsasən fəzilət və qəbahət haqqında fəlsəfi-etik fikrin ilk dəfə Nil sahillərində əmələ gəlməsi haqqında ideyalar da vardır. Digər tədqiqatlara əsasən isə qədim Babilistanda, Fələstində, İranda, qədim Çində, qədim Hindistanda və başqa Şərq ölkələrində də fəzilət və qəbahət haqqında zəngin fikirlər mövcud olmuşdur. Bu məsələyə Ziyəddin müəllim obyektiv münasibət göstərərək bildirir ki, fəzilət və qəbahət haqqında etik fikirləri hər hansı ayrıca bir xalqın nəzəri təfəkkürünün məhsulu hesab etmək yanlışdır. Etik fikir ümumbəşəri xarakter daşıyır. Hər bir xalq ümumi etik fikir xəzinəsinə öz payını vermiş və verməkdədir.
Əsərdə insanın daxili aləmini üzə çıxaran, demək olar ki, bütün keyfiyyətlər: eqoizm, alturizm və fəzilət, nəfs, tamah və qəbahət, məhəbbət, nifrət və əxlaqi fəzilət, elmi-texniki tərəqqi, həqiqət və fəzilər, insaniyyət, mədəni cəsarət, dəyanət, təmkinlilik, səbr və ümid, müdriklik və s. məsələlər ətraflı və dərindən təhlil edilmişdir. Ali insani keyfiyyət olan fəzilətin tərbiyəsini isə alim ən yüksək fəzilət hesab edir. Bu keyfiyyətin tərbiyə olunmasında Ziyyəddin müəllim bir çox məqamlara diqqət yetirir, lakin ən aparıcı rolu əxlaqi nümunəyə verir.
Əxlaqi dəyərlərin fəlsəfi mahiyyətini bu qədər əhatəli və dərindən araşdıran bir insanın özündə bu keyfiyyətlərin mövcud olması labüd məsələdir. Kitabı oxuduqca fəzilətlə bağlı bütün məqamların mərkəzində Ziyəddin müəllimin özünün öbrazı göz önündə canlanır − təvazökar, tələbkar, eyni zamanda özündə olan yüksək insani keyfiyyətləri qiymətləndirmək bacarığına malik müdrik filosof. Deyilənləri təsdiq etmək məqsədilə filosofun bir fikrinə diqqət çəkmək istərdik: “Filosof dostlarımdan biri lap bu yaxınlarda mənə dedi ki, XX əsrin dahilərinin siyahısı artıq dolmuşdur. Daha orada yeni adam adı yazmağa yer qalmamışdır. Az işlə, özünü hədər yerə yorma. Mən də zarafatla dostuma cavab verdim ki, bu doğrudur, lakin unutmaq olmaz ki, XX əsrin yalnız dahilərə deyil, eyni zamanda əsil, fəzilətli sıravi insanlara da ehtiyacı vardır. Mən də bu ehtiyacı ödəməkdə iştirak etmək üçün çalışıram. Bu mənim əqidəmdir. Dahilik səviyyəsinə qalxmaq nə qədər çətindirsə, əsil insan səviyyəsinə qalxmaq, “fəzilətlər səltənətinə” sahib olmaq da bir o qədər çətin və şərəflidir”.
Ziyəddin müəllim Azərbaycan xalqı üçün zəngin elmi-fəlsəfi irs qoyub getmişdir və onun fəlsəfi-etik fikir tarixində özünəməxsus yeri vardır. Mükəmməl Azərbaycan dilində əsil insan olmağın yolları haqqında fəlsəfi düşüncələrini rəvan, insanın qəlbinə nüfuz edəcək şəkildə təqdim etmiş filosof həyatı boyu milləti və ölkəsi üçün çalışmışdir.
100 illiyini qeyd etdiyimiz Ziyəddin Göyüşov hən insan, həm filosof olaraq örnək şəxsiyyət kimi həmişə xalqımızın xatirində yaşayacaq.

ƏDƏBİYYAT:
1. Göyuşov Z. Fəzilət və Qəbahət. Azərbaycan Dövlət Nəşriyyatı. Bakı, 1972.
2. "https://akravchenko.ru/uploads/Publikacii/00151724.a4.pdf