07.09.2020, 09:13 - Baxış sayı: 537

Müasir təfəkkür və idarəetmənin modernləşdirilməsi



Hüseyn İbrahimov,

AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, “Respondent” jurnalının baş redaktoru

İdarəetmənin modernləşməsi, şübhəsiz, insan kapitalının inkişaf etdirilməsindən başlanır. ­Prezident İlham Əliyevin hər zaman əsas diqqətin məhz insan kapitalının inkişafına yönəldilməsi barədə çağrışları yeni təfəkkürlü şəxslərin idarəetməyə gətirilməsinə yol açmışdır. Ölkə Prezidentinin siyasi iradəsi bu istiqamətdə həm də mövcud maneələri dəf etməyə, yeni siyasi mədəni kursu, modernləşmə tələblərini pozmaq istəyənlərə qarşı mübarizənin aparılmasına yönəlmişdir. Subyektiv maneələr idarəemədə insan kapitalından istifadə üçün maneəyə çevrilsə də ölkə başçısı bu problemləri dəf edərək, modernləşməyə yol açmışdır.
Fərdi təfəkkürün müasir həyatda dəyişdirici funksiyaları günbəgün artır. Liberal-informasiyon, komunikativ cəmiyyətdə fərdi şüurun ictimai şüur çərçivəsində azadlığı çox zaman müəyənləşdirici amilə çevrilir. Müasir pandemiya dövrünün tələbləri isə fərdi təfəkkürün imkanlarına şəxsi yanaşmaların aktuallığını tələb edir.
Bəs fərdi təfəkkür nədir, onun formalaşma prosesi haradan başlanır ? Biz hər birimiz doğulub böyüdüyümüz ailədən ilkin bilik və davranışlarımızı müəyyənləşdiririk. Bu yaxşıdır, o pisdir, bu ola bilər və ya əksinə. Sovet Azərbaycanında oğlanlar hərbi xidmətə getməyə daha həvəsli olur, qızlar isə daha erkən ailə həyatı qurmağı arzulayırdılar. Uşaq tərbiyəsinin formalaşmasında əsas rolun ailə, ikincisinin məktəb, üçüncüsünün ətraf mühit olduğunu iddia edən akademik Azad Mirzəcanzadəyə əsaslansaq, o zaman sovet vətəndaşının fərdi şüurunda ailə və məktəbdə ciddi tabelilik iyerarxiyasının şahidi olarıq. İqtisadi paradiqmanın qəfil və sürətli dəyişikliyi isə bəzən fərdi mədəni şüurun böhranını yarada bilir.
Hələ sovxoz və kolxozların fəaliyyətinə sürətlə son qoyulması, fermer şüuru inkişaf etməmiş şəxslərə çoxlu torpaqların verilməsi iqtisadiyyatda, istehsalatda və eləcə də idarəetmə proseslərində fərdi şüurun müəyyən böhranlarını müəyyənləşdirməyə başladı. Bu, idarəetmə proseslərində uzun zaman işləmiş rəhbər şəxslərin də fəaliyyətində özünü göstərməyə başladı. Son zamanlar ölkə Prezidenti İlham Əliyevin vəzifədən kənarlaşdırdığı şəxslərin fəaliyyətlərinin təhlili göstərir ki, bu şəxslərin fəaliyyətlərinin “pozitiv” tərəfləri, həm də onların fərdi təfəkkürlərinin mədəni səviyyəsi ilə ölçülməlidir. Vəzifə səlahiyyətini şəxsi qazanc və varlanma hərisliyinə yönəldən səlahiyyətli fərdi təfəkkürün hansı mədəni səviyyəsindən bəhs etmək olar?
Sovet ideoloji maşını uzun illər bundan əvvəl sıradan çıxsa da ideoloji əsasları insanların bir çoxunun fərdi şüurunda itməmiş qalır. Qlobal mədəni çağırışlarda ölkəmizin beynəlxalq aləmə inteqrasiyasına, eyni zamanda, dünya ictimaiyyəti maraqlarını cəmiyyətimizin inkişafına səfərbər etməkdə olan Prezident İlham Əliyevin və Birinci vitse-prezidentin fəaliyyətləri xalq və dövlət maraqları ilə gizli manipulyasiya edən bəzi vəzifəli şəxslərin fərdi mədəni təfəkkürünün yaratdığı problemlərin aradan qaldırılmasına yönəlmişdir.
Prezident İlham Əliyevin “məddahlığın sonu satqınlıqdır” kəlamı hələ bir neçə illər öncə aydın mesaj idi. Xüsusən, cənab Prezidentin yerlərdə əhali ilə görüşərkən məktubları şəxsən qəbul etməsi faktları da “yeniliyi” qəbul etmək, inkişafı ləngitmə xarakterini mənimsəmiş şəxslər üçün təfəkkürün mədəni dəyişikliyinə çağırışlar idi. Bu cür mədəni inkişafı ləngitmə xətti götürmüş, əslində isə başqa maraqları aqreqirləşdirmə xətti götürən bəzi vəzifə sahiblərinin fəaliyyətləri nəinki digər iqtisadi, mədəni, həm də xalqımızın ən ağrılı problemi olan, ölkə başçımızın xarici siyasətdə əsas prioritet hesab etdiyi Dağlıq Qarabağ probleminin həllini ləngitmişdir.
Mədəni təfəkkürün açıq və gizli böhranlarının daşıyıcısı olan şəxslərin vəzifədən uzaqlaşdırılması anında yaşadıqları küskün “fəaliyyətsizlik” dilemması daha faciəvi səhnədir. Bu səhnədə onların tamaşaçısı seyrçi mövqedən başqa heç nə edə bilməz.
Sosial-siyasi dinamikada yaranma, yüksəliş, yetişmə, dəyişmə ardıcıllığının yeni mərhələsinin ideoloqu da cənab İlham Əliyevdir. O, bu mərhələnin uğurunu təmin etməkdə yeniliyə meydan açan əsas potensial siyasi xadimdir.
Bir çox alim və tədqiqatçılar fərdi şüurun komponentlərini ictimai şürurun tərkib hissəsi kimi qeyd edərək, bunların sərhədlərini müəyyənləşdirmişlər, bəzən isə fərdi şüurun ictimai şüurdan asılılığı məsələsini qaldırırlar. Ancaq fərdi şüur daha sabit xarakterli şüur formasıdır. Onun komponentini təfəkkürün mədəni səviyyəsi ilə ölçmək lazımdır. Bu səviyyəyə insanı əhatə edən kompleks mədəni təfərrüatların sistemi daxildir. Ölkə Prezidentinin bir neçə il öncə əsas prioritet sahələrdən birini – insan kapitalını müəyyən etməsi və bununla bağlı çağırışlar etməsini bəzi səlahiyyətli şəxslər və aidiyyati qurumlar öz fərdi mədəni təfəkkürləri süzgəcindən keçirməyi kifayət qədər bacarmamışlar. Məhz fərdi mədəni təfəkkürün səviyyəsi müasir pandemiya şəraitində bir çox təfərrüatları aydınlaşdırır. Bizim hər birimizin nümunəviliyi, karantin qaydalarında həmrəylik göstərməyimiz qeyd olunan təfəkkür səviyyəsinin məhsulu olacaqdır. Bu gün həm də vəzifə səlahiyyətlərini aşan, ölkənin siyasi sistemini zəiflətməyə xətt götürən ideoloji xaos yaratmaqda həvəsli olan şəxslərin aktivləşməsinin də şahidi oluruq. Belə şəxslər həm ölkə daxilində həm də xaricdə mövcuddur. İctimaiyyətdə onlara münasibət birmənalı deyildir.
Bu gün ictimai və kollektiv təfəkkürə daxil olan informasiya bolluğu stereotipləri düzgün müəyyən etmək problemlərini də yaradır. Məsələn, jurnalistikadan xəbərsiz bir haker mötəbər şəxs cildində təqdim oluna bilir. Əsl həqiqətin ölçü vahidinin fərdi təfəkkürdə olan mədəni inkişafa hesablamaq isə bu və ya digər kollektiv və ictimai problemləri aşmaqda mühüm rol oynaya bilər.
Fərdi təfəkkürün mədəni səviyyəsi, eyni zamanda, yüksək idarəetmə mədəniyyəti olaraq hüququn aliliyi və ictimai-dövlət maraqlarının təmin edilməsini tələb edir. Son günlər DTX əməkdaşlarının həyata keçirdikləri, əhali arasında da diqqətəlayiq qiymətləndirilən əməliyyatları idarəetmə mədəniyyətində mövcud problemlərin pis nəticələrini nizamlamaqla bərabər gələcək üçün əhəmiyyətli nümunələrdir. Bütün bunları təhlil edərək söyləyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müasir siyasi kursu daha güclü dövlət, daha firavan xalq konsepsiyasını əhatə edərək gələcəyə rakurs götümüşdür.
Aparılan siyasətin sürətli və daha əsaslı indikatorlarını müəyyən edən dövlət başçımız daxili və xarici siyasətdə informasiya cəmiyyətinin idarəetmə mədəniyyətinin tətbiqi mexanizmlərini konseptual olaraq qarşımıza qoymuşdur. Bu cəmiyyətin yalnız bacarıqları deyil, həm də fərdi mədəni təfəkkürümüzün davranış normalarının yüksək səviyyəsi ilə təmin etmək isə müasir idarəetmə elitasının əsas prioritetləri sırasında olmalıdır.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilən siyasətin əsasında həm də beynəlxalq mədəni-siyasi təfəkkürün diqqətini ölkəmizin maraqlarına yönəltməsi dayanmışdır. Bu sadəcə asan və tez başa gələn proses olmamışdır. Ölkə Prezidenti ilə bərabər Birinci vitse-prezident Mehriban xanım Əliyevanın beynəlxalq mədəni siyasət platformaları bu məqsədlərə nail olmağın aydın hipotezalarını müəyyənləşdirmişdir.
Bu gün Prezident İlham Əliyevin idarəetmə tələbləri, eyni zamanda, elitar mədəni siyasət platformasından çıxış etməyi tələb edir. Bu, həm hüquqi, həm də fiziki şəxslərin fəaliyyət mədəniyyətinin tərkib hissəsi olmalıdır. Yeni elitanın transformasiyasını aktuallaşdırır. Müasir elita transformasiya təfəkkürünə başlamalıdır. Bu kontekstdən təhlil olunan məsələlərə bir daha nəzər yetirdikdə mədəni təfəkkürün bilik və vərdişlərdən daha öndə dayanması faktlarının da şahidi oluruq. Təfəkkürün mədəni səviyyəsinin böhran həddi həm də qanunun tələblərini pozmaq, ictimai maraqları, dövlət maraqlarını pozmaq kimi mənfi steriotipləri yaratmışdır. Bu gün ölkə başçısı həm də məhz belə steriotiplərin aradan qaldırılması siyasətini davam etdirir.
Prezidentin müasir beynəlxalq sosio-mədəni siyasi transformasiyalar şəraitində qarşıya qoyduğu əsas hədəf də məhz budur. Təfəkkürün transformasiyası: fərdi mədəni təfəkkürün imtahan qarşısında olduğu müasir dünyada ölkə başçımız cavabların tapılmasına beynəlxalq səviyyədə axtarışlar edir. Bu gün Azərbaycanın pandemiya ilə mübarizə modeli çevik rakurslarla davam etdirilir. O, həm də özündə xəstəlikdən qorunma profilaktikası ilə bərabər iqtisadi dalğalanmalardan az risklərlə çıxış modellərinə əsaslanır.
Qətiyyətlə deyə bilərik ki, Azərbaycanın dövlət başçısının uzaqgörən siyasəti və analitik təfəkkürü yeni inkişaf və fəaliyyət hədəflərimizin konsepsiyasını müəyyənləşdirmişdir. Bu konsepsiyanın mühüm bölmələrindən biri də məhz fərdi mədəni təfəkkürün səviyyəsini artırmaq tələbidir. Məhz bu səviyyənin cəmiyyətdə tam qələbəsi həm də tezliklə Ermənistan üzərində zəfərimizin şərtlərindəndir.
Bu gün Ermənistanın Tovuz rayonu istiqamətində sərhədlərimizi pozan zaman aldığı cavab onlara həm hərbi, həm də ideoloji müstəvidə ciddi dərs oldu. Xalqın əzmi və dövlətlə həmrəyliyi bir daha sübut edir ki, yalnız Prezidentin həyata keçirdiyi siyasi-ideoloji kurs qarşıda duran bir çox problemlərin aradan qaldırılmasını təmin edə bilər. Bu kursun əsas bazisini isə müstəqilliyimizin əbədililiyi, xalqın sosial rifahı, düşmənlərin məğlubiyyəti kimi ali prioritetlər təşkil edir.
"Xalqqazeti.com"