09.09.2020, 08:27 - Baxış sayı: 727

Azərbaycanda etika məsələlərini sistemli şəkildə araşdıran alim


Azərbaycanlı filosof Ziyəddin Göyüşov - 100


AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Ziyəddin Göyüşov (1920-1985) Azərbaycanın elm və fəlsəfəsi tarixində xidmətlər göstərmiş bir alimdir.
Ziyəddin Göyüşov Ağdamın Boyəhmədli kəndində doğulub, həmin kəndin orta məktəbini bitirmişdir. Tədqiqatçı-jurnalist Orxan Zakiroğlunun (Baharlı) “Ağdamda təhsil (1883-1993)” (Bakı, 2018. səh. 516-517) kitabında yazılmışdır ki, Boyəhmədli kənd orta məktəbinin tarixi haqqında məlumat da alim tərəfindən 1975-ci ildə Ağdamda çap edilən yerli mətbuatda verilmişdir. Bu mənada məktəbin yaranma tarixinin tədqiqi Ziyəddin Göyüşovun adı ilə bağlıdır. Boyəh­məd­li kəndində ilk dəfə birsinifli məktəb 1 sentyabr 1913-ci ildə açılmışdır. 1935-1936-cı dərs ilində orta məktəbə çevrilmişdir. Boyəhmədli Ağdam rayonunun ilk kənd onillik orta məktəbidir. Ziyəddin Göyüşov da bu orta məktəbin ilk məzunudur. Ziyəddin Göyüşov Boyəhmədli kənd orta məktəbində və Ağdam pedaqoji məktəbində təhsil aldığı illərdə yerli mətbuatda məktəb həyatına aid silsilə məqalələri, şeirləri çap edilmişdir. Ziyəddin Göyüşovun vəfatından sonra məzunu oldu­ğu məktəb onun adını daşımışdı. Ağdamda alimin adına küçə var idi.
Məktəb illərindən bədii yaradıcılıqla məşğul olan Ziyəddin Göyüşov 1945-1950 illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinin nəzdindəki Fəlsəfə şöbəsində təhsil almışdır. Universiteti bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyasının (indiki Azərbaycan Milli Elmlər Akademiyası) Fəlsəfə sektorunda (indiki Fəlsəfə və Sosiologiya İnstitutu) çalışmağa başlayan alimin ömrünün axırına kimi elmi yaradıcılıqla məşğul olmuş, fəlsəfi-etik əsərlər qələmə almışdır.
XX əsrdə Azərbaycanda Marksist-Leninçi ideologiya ilə yanaşı milli-mənəvi dəyərlərin və düşüncə tariximizin tədqiq edilməsinə də xüsusi maraq vardı. Bu dövrdə Azərbaycanda fəlsəfənin müxtəlif sahələrində fəaliyyət göstərmiş alimlərin – akademik Heydər Hüseynovun, akademik A.O.Makovelskinin, professor Ə.K.Zəkuyevin, professor Ənvər Əhmədovun, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, professor Ziyəddin Göyüşovun, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, professor Məqsəd Səttarovun, professor Midhət Ağamirovun, professor Cəmil Əhmədlinin, akademik Fuad Qasımzadənin, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Zakir Məmmədovun və başqalarının elmi yaradıcılıqları xüsusilə təqdirəlayiqdir.
Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Ziyəddin Göyüşov fəlsəfi-etik fikir tarixi problemlərinin görkəmli tədqiqatçısıdır. Alim etikanın həm tarixi, həm də nəzəri məsələlərini tədqiq etmişdir. Ziyəddin Göyüşov “Azərbaycan maarifçilərinin etik görüşləri” (1960), “Sadəlik və təvazökarlıq haqqında” (1961), “Zərdabinin dünyagörüşü” (1962), “XX əsrin əvvəllərində Azərbaycan maarifçilərinin əsərlərində əxlaq məsələləri” (1964), “Əxlaqi sərvətlər” (1966), “XIX-XX əsrlərdə Azərbaycanda etik fikir”, “Həzz və iztirab” (1969), “Fəzilət və qəbahət” (1972), “Daxilə pəncərə” (1978) və b. dəyərli əsərlərin müəllifidir.
Alim Azərbaycanda etika məsələlərini sistemli şəkildə araşdırmışdır. Tədqiqatçı Həsən bəy Zərdabinin seçilmiş əsərlərini ilk dəfə tərtib və çap etdirmişdir. Azərbaycan maarifçilərinin etik görüşlərini hərtərəfli tədqiq edən Ziyəddin Göyüşov göstərmişdir ki, Azərbaycanda etik fikrin çoxəsrlik zəngin tarixi və mütərəqqi ənənələri vardır. Çoxəsrlik Azərbaycan mədəniyyəti dünyaya orta əsrlərdə Nizami, Xaqani, Bəhmənyar, Nəsimi, Füzuli, Şeyx Mahmud Şəbüstəri kimi dahi mütəfəkkir və şairlər, XVIII əsrdə Vaqif və Vidadi kimi şairlər, XIX əsrin I yarısında Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh, Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Mirzə Kazımbəy, Mirzə Cəfər Topçubaşov kimi şairlər, yazıçılar, elm və mədəniyyət xadimləri vermişdir. Bunlar dünya mədəniyyəti xəzinəsinə başqa sahələrdə olduğu kimi, etika sahəsində də zəngin irs qoyub getmişlər. Maarifçilərimiz bu zəngin və çoxəsrlik ideya irsinin qanuni varisləri olmuşlar.
XIX əsrin II yarısında yaşamış Azərbaycan maarifçilərinin etik görüşlərini xarakterizə edərkən alim onların insan həyatının mənasını, səadət və xoşbəxtliyinin məzmununu aydınlaşdırmağa və bunun əsasında da ən yüksək əxlaqi vəzifəni və əxlaqın meyarını müəyyən etməyə çalışdıqlarını bildirmişdir. Onlar bu məsələni həll edərkən, yekdilliklə belə bir əqidəni rəhbər tutmuşlar ki, bütün insanlar istisnasız olaraq xoşbəxtliyə doğru can atırlar, şəxsi xoşbəxtlik arzusu insanın əxlaqi davranışlarının və ümumiyyətlə onun bütün fəaliyyətinin hərəkətverici qüvvələrindən biridir.
Ziyəddin Göyüşov Azərbaycan maarifçilərinin etik görüşlərinin ideya mənbələri haqqında da yazmışdır. Tədqiqatçının fikrincə, maarifçilər şifahi xalq yaradıcılığından – nağıllarımızdakı, aşıq şeirlərindəki, tapmacalar və atalar sözlərindəki nəsihətamiz və hikmətli sözləri, çox dərin mənalı fikirləri öyrənmiş və öz etik görüşlərində bunlardan geniş istifadə etmişlər.
Qeyd etmək lazımdır ki, alimin əsərlərində A.Bakıxanov, M.F.Axundov, S.Ə.Şirvani və b. maarifçilik, ədəbi fəaliyyəti əhatəli şəkildə göstərilir, onların fəlsəfi-etik fikirləri araşdırılır.
Ziyəddin Göyüşov insanın mənəvi ehtiyaclarının ailəsinə, ətraf aləmə, vətənə məhəbbət hisslərilə ödənildiyini göstərmişdir. Alim vicdan, ədalət, sadəlik, təvazökarlıq, ləyaqət və b. kateqoriyalar haqqında əsərlərində bəhs etmişdir.
Sadəlik və təvazökarlıq kateqoriyalarını insanın ən gözəl və nəcib əxlaqi keyfiyyətlərdən olduğunu bildirən tədqiqatçının fikrincə, əxlaqın başqa prinsipləri kimi sadəlik və təvazökarlıq da şəxsiyyətin mənəvi inkişafında müstəsna dərəcədə mütərəqqi rol oynayır. İnsanların əxlaqi keyfiyyət və sifətləri bir-birilə sıx əlaqədə olduğundan bu sifətlər insanın başqa əxlaqi keyfiyyətlərinin aşılanmasına da kömək edir və ümumiyyətlə insanın mənəviyyatca və əxlaqca daha da kamilləşməsinə səbəb olur.
Ziyəddin Göyüşov əxlaqi şüur məsələsini işıqlandırarkən yazmışdır ki, əxlaqi şüurdan, bilikdən kənarda kamil şəxsiyyət düşünmək olmaz. Əxlaq, insanın öz hərəkətlərinin mümkün nəticələrini, ona xeyir və ya ziyan vurmasını əməli həyatda təcrübədən keçirib təhlil etməsi nəticəsində yaranmışdır. Başqa sözlə, insanın əxlaqi şüurunun çıxış nöqtəsi bilikdir, təcrübədir, əxlaqi hərəkətləri seçmək, bu hərəkətlərin mümkün nəticələrini irəlicədən görə bilmək, əxlaqi hərəkətlərin məqsədini və vasitələrini müəyyənləşdirmək, əxlaqi davranışlarda imkanı gerçəklikdən ayırd edə bilmək ancaq bilik vasitəsi ilə mümkün olur. Öz daxili mənəvi aləminə müntəzəm nəzər salmaq əxlaqi şüurun, özünü dərketmənin müqəddəm, ilkin şərtlərindən biridir. Əxlaqi şüurun yüksəldilməsində, mənəvi tərəqqi də özünəmüşahidənin, özünütəhlilin, özününəzarətin roluna müstəsna əhəmiyyət verir. Bunsuz özünütərbiyə, əxlaqca kamilləşmə mümkün deyildir.
Tədqiqatçı insanda mənəvi yüksəliş məsələsini araşdırarkən qeyd etmişdir ki, mənəvi yüksəlişi əxlaqi şüurdan kənarda təsəvvür etmək olmaz. İnsan yalnız öz şüuru, öz təbii hissləri ilə normaldır. Buna görə də əxlaqi təkmilləşdirmənin yeganə yolu məhz əxlaqi şüur, özünüdərketmə, xeyirxahlıq, xeyir əməllərdən məmnunluq və insana ən təmiz, ən saf məhəbbət hissləri üzərindən keçir.
Göründüyü kimi, alimin yaradıcılığında etkanın tarixi və nəzəriyyəsi ilə bağlı məsələlər öz əksini tapmışdır.
2020-ci ildə AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor Ziyəddin Göyüşovun doğumunun 100 illiyidir. Azərbaycanda ilk dəfə olaraq etika məsələlərini sistemli şəkildə tədqiq edən Ziyəddin Göyüşov ölkəmizin elm və fəlsəfəsi tarixində özünəməxsus yer tutur.

Aytək Zakirqızı Məmmədova
fəlsəfə doktoru, dosent