10.09.2020, 12:22 - Baxış sayı: 1079

Hüququn fəlsəfəsi: hüququn fəlsəfi anlayışında məntiqi qaydaların təsiri


UOT 321. 01; 340. 11:1
Əntiqə Paşayeva
AMEA-nın Fəlsəfə İnstitutunun “İslam Fəlsəfəsi” şöbəsinin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru
pashayeva.ph@mail.ru


Müqəddimə

Hüququn fəlsəfi anlayışını və mahiyyətini təhlil edərkən qeyd etmək lazımdır ki, hüquq ictimai əlaqələri tənzimlədiyi üçün ictimai elmlər sırasına daxildir; hüquq insanın ictimai varlığını araşdırır. Elə bu səbəbdən də hüquq ictimai bir elm olaraq öyrənilir. Ümumiyyətlə, hər hansı bir mövzu barəsində tədqiqat apararkən nəzərə almaq lazımdır ki, hər bir elmin araşdırılması üç hissəyə bölünür ki, bunun iki hissəsi müqəddimə və ümumi məsələlərdən (külliyyat) ibarətdir; bunlardan biri həmin elmin (xüsusi məsələlərin) mövzusudur. Məsələn, insan bədəni tibb elminin mövzusudur və elm də bu mövzunun predmetlərindən bəhs edir. Amma burada isə əsas mövzu hüquqi ixtisasların başlanğıcıdır. Digəri isə elmin başlanğıcıdır ki, həmin külliyyatda bəhs olunur və daha çox hüququn növlərinə diqqəti yönəldir. Üçüncü hissə isə elmi məsələlərdir, yəni elm mövzusuna aid olan cüzi məsələlərdir ki, bu hissə hüquqi ixtisasların funksiyasını bəyan edir. Məhz bu baxımdan hüququn fəlsəfi anlayışını və mahiyyətini öyrənmək üçün ilk növbədə hüquqi qaydalara və onların funksiyalarına diqqət etməliyik. Bu qaydalar nəyi etmək və nəyi etməmək kimi məsələlərlə bağlı olaraq hüququn fəlsəfi anlayışını və mahiyyətini əks etdirməklə yanaşı, həm də hüquqi məsələləri düşüncə əsasında tədqiq edir. Bundan əlavə, hüquqla bağlı olan qayda-qanunların vəziyyətini, onların şərtlərini, bütünlüklə prinsiplərini tədqiq etməklə yanaşı, həm də hüququn hansı şöbəyə aid olmasını araşdırır. Hüququn fəlsəfi anlayışını və mahiyyətini tədqiq etmək üçün hüquq filosofları (philosophers of law) ilə yanaşı, bu barədə filosofların düşüncələrinə də diqqət etməliyik. Burada filosofun məqsədi ondan ibarətdir ki, insanın mövcud aləm barədə olan düşüncə və agahlığı dəyərləndirilsin. Çünki bizi əhatə edən aləm insana məxsusdur və filosof çalışır ki, insan düşüncəsinin təsvirini yaratsın. Bu cür dərketmə ictimai quruluşu hazırlayır və bu ictimai quruluşda hətta adi bir insan da çalışır ki, təbiət və onun insani keyfiyyətləri barədə olan təsəvvürünü, rəftar və fəaliyyətini təbiətə uyğunlaşdırsın və onunla birlikdə ölçsün. Elə buna görə də filosoflar hüquq, dövlət, siyasət, əxlaq və bununla bağlı olan digər məfhumlara daha çox diqqət edərək ümumi təsəvvürü tədqiq etmişlər.

Hüquq və fəlsəfə terminlərinin lüğətdə və mövzuda işlənmə mənaları

Tədqiqatın əsas mövzusu hüququn fəlsəfi anlayışı və mahiyyəti olduğu üçün bunların lüğətdə və mövzuda işlənmə mənalarının açıqlanmasına ehtiyac vardır. Hüquq fransız dilində “Droit”, inqilis dilində “Right” və ərəb dilində isə “حقوق” deməkdir. Əsası yunan dilinə aid olan “Fəlsəfə” termini iki sözün birləşməsindən-“filo” (Φιλο-sevmək) və “sofiya” (Σοφι΄σ-hikmət) sözünüdən alınmıış və ərəb dilində düzəldilmiş formasıdır. “Fəlsəfə” sözünün mövzuda işlənmə mənasına gəldikdə isə bu mövcud aləmin həqiqətini əqli (reasonable) yolla öyrənən elmdir. Filosof çalışır ki, əqli və elmi sübutlara istinad etməklə mövcud aləmin reallıqlarını bəyan etsin. Amma “hüquq” sözünün mənasına gəldikdə isə hüquq cəm mənasındadır və tək mənası “haqq” deməkdir. Buradan məlum olur ki, hüquq haqq sözündən götürülmüşdür. Dilçi alimlər bu sözün lüğəti mənasının dərin kökləri olduğunu izah edirlər. Onların fikrincə,“haqq” sözü ibri (ivrit) dilində “qupartmaq”, bir şeyin üzərinə “həkk etmək”, “yapışdırmaq” (daşın, ağacın, metalın və s...) deməkdir (1.p.82). Amma ərəb dilində isə “yaradan”, “doğru-düzgün”, “ədalət”, “ədalətsizliyə qarşı” deməkdir. Bu sözün digər mənası “başçı”, “qanun”, “göstəriş” və “qayda” deməkdir. Haqq kəlməsinin mövzuda işlənmə mənasına gəldikdə isə bu termin mövzuda belə izah olunur: haqq xüsusi bir iqtidar və ya məqamdır ki, qanunvericilik əsasında o şəxslərə verilir ki, onlar qanuna əsasən subyektin özü və mənsub olduğu mülkiyyət barəsində düzgün və ədalətli qərar çıxartsınlar (2.s.49-50; 3.s.125). Digər mənbələrdə isə hüquq belə tərif olunur: “hüquq hər bir ölkənin fiziki və hüquqi şəxsləri üçün nəzərdə tutulan imtiyazı deməkdir. Hüquq demək olar ki, bütün zamanlarda və məkanlarda beynəlxalq hüquq normalarının, bəşəriyyətin ictimai-siyası və fərdi azadlığını təmin edən qanunlar məcmuəsindən ibarətdir” (4.s.441). Hüquq, insan həyatının davamlılığı və inkişafı üçün zəruri olan faktorların ən önəmlisidir(5.s.23). Hüquq, ictimai asayişi və ədaləti bərpa etmək üçün ümumi qanunların toplusundan ibarət olmaqla, ictimaiyyət üzərində məsuliyyət daşıyır və bu qanunların yerinə yetirilməsi dövlət tərəfindən tənzimlənir. Hər bir hüquqi quruluşda qruplar və hətta tək-tək şəxslər üçün ictimai təhlükəsizlik, insanlar arasında əlaqələri tənzimləmək, qanun əsasında normativlər və imtiyazlar təyin olunur ki, bunların hər biri haqqa əsaslanır. Hüquq bu imtiyazların toplusudur ki, dövlət onun yerinə yetirilməsi zəmanətini öz üzərinə götürür.

Hüququn anlayışına və mahiyyətinə məntiqi yanaşma

Nəzərə almaq lazımdır ki, hüququn fəlsəfi anlayışı və mahiyyəti təkcə hüquqi təhlillə məhdudlaşmır, burada dövlət, siyasət və əxlaq normaları da mühüm əhəmiyyət kəsb edir. Almaniyanın məşhur filosofu İmanuel Kant hüququn fəlsəfi və əxlaqi aspektlərindən bəhs edərkən, hüququn ümumi şöbəsinə işarə edərək, ictimaiyyətin birliyi əsasında yaranan dövləti qanunların nəzarəti altinda olduğunu bildirir. Onun fikrincə, məhz qanunlar vasitəsi ilə dövlət idarəçilik sistemini yaradır, inkişaf etdirir və hüququn ümumi şöbəsi ictimaiyyət üçün qanuni bir quruluşun (hüquqi dövlətin) yaradıcısıdır(6.p.63). Burada digər və mühüm məsələlərdən biri də budur ki, fəlsəfə digər elmlərdən ayrı deyil, fəlsəfə bütün elmləri özündə birləşdirən və onların üzərində üstün dərəcəyə malikdir. Burada onun üstün dərəcəsi isə hüquq və hüquq daxilində olan qanunların fəlsəfi baxımdan tədqiq və təhlil olunmasıdır. Burada sual yaranır: nəyə görə hüquq məhz fəlsəfi aspektdən təhlil olunmalıdır? Ümumiyyətlə, nə üçün filosoflar hüququ fəlsəfəyə daxil etmişlər? Yuxarıda deyilənləri nəzərə alaraq demək olar ki, fəlsəfə hər hansı bir şeyin əsasını, daha dəqiq desək başlanğıcını axtarmaqla məşğuldur. Bundan başqa, fəlsəfə ədalət və ictimai asayişi yaradan və təmin edən ümumi qanunların toplusu olan düşüncə tərzindən (reflection system), təbiət aləminin şərhindən (external universe explanatory) və tənqidi düşüncə tərzindən (critical reflection system) ibarətdir. Filosoflar təbiətə və hüquqi quruluşların qaydalarına istinad etməklə hüququ təkcə dəyərlər baxımından deyil, həm də irad və tənqidi yanaşmalar əsasında tədqiq edirlər(7.p.459). Digər bir arqument isə ondan ibarətdir ki, fəlsəfə bütün elmlərin mənbəyidir, yəni bütün elmlər öyrənilməsində fəlsəfəyə ehtiyacı vardır, məhz fəlsəfədir ki, bunları köklü şəkildə təhlil edir. Amma hüququn əsaslandığı praktika bu üstünlüyə cavab verə bilmir, çünki praktikanın işi əməllə bağlıdır nəinki ruhla. Hüquq ilk növbədə insanın ruhuna və sonra isə əməlinə bağlıdır; daha aydın desək, hüququn prinsipləri ruha əsaslanır və hüquq müstəqil olaraq insan ruhuna hakimdir. Məsələn, əgər hər hansı bir şəxsin itmiş haqqı özünə qaytarılırsa bu təkcə onun cisminin sakitliyi deyil, bu həm də onun ruhunun rahatlığıdır və əgər ruh rahat olmasa cisim də rahat deyil. Ümumiyyətlə, fəlsəfi baxımdan hüquqi anlayışlar əsasən iki mühüm hissəyə-iradə və şəxsiyyətə ayrılaraq əməli (praktiki) məsələlərə bağlanır. İradə və şəxsiyyət praktikada üç əsas məfhumun meydana gəlməsinə səbəb olur. Elə buna görə də Fredrik Hegel bu üç məfhuma daha çox diqqət etmişdir. Bunlar “hüquq”, “dövlət” və “əxlaq” məfhumlarıdır. Bu məfhumlar tarixi inkişafın təkamülüdür ki, insanların ruhunu ifadə edir və bu ruh nəhayət dünyəvi ruhiyyənin başlanğıcı hesab olunur. Dünyəvi ruh həmin müqəddəs və ya mütləq (absolute) ruhdur ki, bütün insanlarda vardır və onların varlığında təcəssüm olunur. Hüquq qeyri-maddi olan ruha bağlıdır, elə bir ruh ki, təbiətdə yatmışdır və onun ayılmağı vicdan və dünyəvi şüurla bağlıdır. İctimaiyyətin ruhu dedikdə, insanların ehtiyacı olan mənəvi dəyərlər nəzərdə tutulur. Hüquq mənəvi dəyərləri müəyyən olunmuş qaydalara əsasən nizamlayan çox güclü və qüdrətli bir sistemdir; hüquq eyni zamanda ictimai varlığın əsas göstəricisidir. Bu barədə Hegel yazır: “Hüquqla bağlı olan hər nə varsa həqiqətdir” (8.p.431).
Hüququn fəlsəfi anlayışını və mahiyyətini həm fəlsəfi və həm də hüquqi aspektdə təhlil edərkən təkcə filosofların deyil, hüquqşünasların da fikirlərinə diqqət etmək zəruridir. Məlum olduğu kimi yuxarıda Hegelin verdiyi tərif, hüquqşünasların hüququn anlayışı və mahiyyəti barədə verdiyi təriflə uyğunluğu vardır. Hüquqşünaslar hüququ daha çox ictimai münasibətlərlə əlaqələndirir və həmçinin dövləti nizama salan bir sistem kimi tanıdırlar: “Hüququn anlayışı, mahiyyəti, əlamətləri və funksiyaları dedikdə nəzərə almaq lazımdır ki, hüquq şəxsiyyətin azad inkişafını, cəmiyyətdə mütəşəkkilliyi və qaydanı təmin edərkən, ictimai münasibətlərin dövlət nizamlayıcısı kimi çıxış edir (9.s.13.) Hər iki tərifdən göründüyü kimi hüquq praktikadan ayrı deyil, daha aydın desək, filosoflar hüququ praktikadan ayırmır, əksinə həm praktiki və həm də fəlsəfi mənalara istinad edərək hüququ həm məfhum və həm də məna baxımından izah edirlər. Hüquq elmində hüquq anlayışı davranış qaydalarının məcmusu kimi əsaslandırırlır. Hüquq-sözügedən cəmiyyətdə tanınan və rəsmi müdafiə ilə təmin olunan, bərabərlik və ədalət normativlərinin məcmusu olub, azad iradənin bir-biri ilə qarşılıqlı münasibətlərində mübarizəsini və vəhdətini tənzimləyir (10.s.32). Digər tərəfdən isə hüquq elmində hüquq anlayışı iki mənanı ifadə edir:
a).Obyektiv hüquq. Obyektiv hüquq dedikdə, yəni hüquq normaları sistemində ifadə olunan ümumməcburi davranış qaydalarının toplusu nəzərdə tutulur.
b).Subyektiv hüquq. Hüququn bu növü konkret şəxsə dəlalət edir. Subyektiv hüquq şəxsiyyətin azadlığını, davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Vətəndaş müstəqil olaraq öz bacarığından istifadə etməklə hər hansı bir sahəni seçib və bu sahədə fəaliyyət göstərmək hüququna malikdir. Amma hüquqi vəzifə dedikdə isə burada şəxsin mənsub olduğu davranışlarının növü və müəyyən olunmuş həddi nəzərdə tutulur (həmin mənbə, s. 36).
Bu mövzuda, yəni hüququn anlayışını və mahiyyətini fəlsəfi baxımdan araşdırarkən burada klassik məntiq elmində olan bəzi mühüm məsələləri nəzərdən qaçırmaq olmaz və bu məsələlərə diqqət yönəltmək olduqca zəruridir. Nəzərə almaq lazımdır ki, hüquq təkcə fəlsəfə ilə deyil, klassik məntiq elmi ilə də sıx bağlılığı vardır. Çünki hüquqşünas düzgün fikir yürütməyin yolunu bilmək üçün məntiq elminə ehtiyacı vardır. Hər hansı bir hüquqşünas sözlərin qaydasını düzgün bilərsə, bu həmin sözün düzgün və qanuni yerinə yetirilməsinə dəlalət edir. Məhz bu baxımdan hüquqi nəticənin doğru və ədalətlə alınmasında məntiq elminə yiyələnmək mühüm şərtdir. Məntiq bizə doğru və düzgün fikir yürütmək qaydalarını öyrədir. Mütəfəkkirlərin əsərlərində məntiq belə tərif olunur: “məntiq zehni yanlış fikirlərdən qoruyan qanuni bir vasitədir” (11.s.8-9). Məhz bu mənada, başqa elmlərdə olduğu kimi hüquq elminin də məntiqə ehtiyacı vardır.

Hüquqi əmrlərdə məntiqi qaydaların təsiri


Hüquq və klassik məntiq arasında olan baglılıqdan bəhs etməzdən əvvəl qeyd etmək lazımdır ki, bir çox hallarda qanunun ədəbi formada şərh olunması onun icra olunması məsələsini həll etmir. Bəzi hallarda qanun qısa və natamam da ola bilər; həmin tamlıq təşkil etməyən natamam qanunların hökmlərində müxtəlif ziddiyyətlər mövcud olur. Belə bir vəziyyətdə hüquqşünas daha geniş və dolğun bir mənbəyə üz tutmalıdır və çalışmalıdır ki, digər maddələr arasında hökmün yaranmasını nəzərə alsın, həmçinin hökmlə bağlı olan bütün fəsillərə, bəndlərə, adlara diqqət yetirsin ki, hökmdə mövcud olan ziddiyyətləri aradan qaldıra bilsin. Əks təqdirdə bu mümkün deyil. Hüquqşünas hökmdə hər hansı bir ziddiyyətin mövcudluğunu görürsə, belə bir vəziyyətdə ziddiyyətli maddələri diqqətlə nəzərdən keçirtməli, təkcə özünün əsaslandığı təcrübəsinə və hüquq elminə deyil, ən əsası əqli qaydalardan (rational laws) istifadə etməklə maddənin məfhumunu tam olaraq aydınlaşdırmalıdır (12.cild.1.s.239). Amma əsas mövzuya gəldikdə isə, yəni hüquq və klassik məntiq arasında olan baglılıqdan bəhs edərkən, hüquqi əmrlərdə məntiq elminin əhəmiyyətini bilmək üçün hüquq və dövlət, dövlət və ictimaiyyət arasında olan əlaqəyə diqqət etmək lazımdır. Bəzi qərb hüquqşünasları hüquq və klassik məntiq arasında olan bağlılıqdan bəhs edərkən məntiqin qayda-qanunlarının hüququn arqumentləri ilə mütənasib olduğunu bildirmişlər (13.pp.5-15).
Məlum olduğu kimi dövlət tələb olunan məsələlərin icra olunması üçün əmrlər verir və bu əmrlər və ya göstərişlər heç də şəxsiyyətin formalaşmasında yetərli deyil. Nəzərə almaq lazımdır ki, ideal xüsusiyyətə sahib olan dövlətlərdə əsas hədəf qanunvericilik siyasətinin ədalətə əsaslanması, yaranmış qaydaların əhəmiyyəti, həmçinin iqtisadi nizamlama və siyasi ideyalardır. Buradan məlum olur ki, qanunverici orqan fəaliyyətində əsaslı sübutlara ehtiyacı vardır. Əgər hüquqi və siyasi dəlillər məntiqə əsaslanmasa, təbii ki, vicdan rahat ola bilməz və daim narahatçılıq insanda özünü göstərər. Amma diqqət etsək görərik ki, hüquqi və siyasi dəlillər (sübutlar) hətta məntiqə əsaslansa belə bu birinci mərhələdə özünü göstərmir və nəzərə çarpmır; daha aydın desək, qanunvericilik ilk olaraq qanunun yazılmasına çalışır, nəinki qanunun doğru və düzgün olmağını axtarır; qanunun doğru olub olmaması sonrakı mərhələlərdə özünü göstərir. Buna misal olaraq burada dövlətin arxalandığı siyasi qüvvəyə işarə etmək yerinə düşərdi. Məlum olduğu kimi dövlət öz gücünə arxalanır, zəif və mənafeyə uyğun olmayan fikirləri öz güc və qüdrəti əsasında pərdələyir. Siyasi məsələlərin təbliğində daha çox hissə əsaslanan fikirlər və aldadıcı vədlər özünü göstərir. Məhz bu mənada deyilən sözlərdə ziddiyyətlərin mövcudluğu danılmazdır və burada sözün düzgün ifadə formasına diqqətin az olması şübhəsizdir. İstər klassik və istərsə də müasir məntiq elmində olsun burada sözlərin düzgün ifadə forması əsas şərtdir.
Yuxarıda qeyd olundu ki, qanunvericilik qanunun doğru olub olmamasından daha çox qanunların yazılmasına səy göstərir və bu mərhələ başa çatdıqdan sonra hüquqşünas hüquqi göstərişlərin şərh olunmasında, həmçinin hüquqi qaydaların icra olunmasında tutarlı dəlillərə-məntiqə ehtiyacı vardır. Burada hüquqşünas əsas gəldiyi nəticəni bəyan etmək məcburiyyətindədir. Əlbəttə burada hakimin üzərinə düşən ən əsas vəzifələrdən biri də budur ki, qanuni sənədləri nəzərdən keçirərkən hüquqşünasın əsaslandığı arqumentlərə diqqət etsin. Bununla yanaşı, burada vəkilin işi hakimdən daha ağır və məsuliyyətlidir. Çünki hakim dövlətin qüvvəsinə arxalanaraq əmr verir, amma vəkil isə elə bir düzgün və tutarlı arqumentlər qarşıya qoymalıdır ki, hakimi qane edə bilsin. Burada məntiqdən başqa elə bir güclü qüvvə yoxdur ki, vəkilin köməyinə çatsın. Əlbəttə burada təkcə vəkil deyil, ümumiyyətlə, hüquq elmini tədris edən alimlər, hüquqşünas alimlər, həmçinin qanunvericiliyə mənsub olan məsul şəxslər ədliyyə sistemini və hüquqi bazanın nüfuzunun təkmilləşdirmək və möhkəmləndirmək üçün tutarlı mənbəyə-məntiqə üz tutmalıdırlar. Hər hansı bir haqqın inkişaf və tərəqqisi məntiqlə bağlılığı vardır. Qanunların düzgün həlli yolları üçün məntiq elminin əsas qanunlarından –“qiyas” (deduction, syllogism), “istiqra” (induction) və “təmsil”dən (reasoning by analogy) istifadə olmalıdır (12.cild.3.s.3).
Mövzunu təhlil etdikcə mühüm bir sual qarşımıza çıxır: hüquq və məntiq arasında olan bağlılıq dedikdə bu məntiq elminin hansı şöbəsinə aiddir? Burada riyaziyyata və təcrübəyə əsaslanan məntiq elmindən söhbət gedir ya humanitar sahəyə aid olan fərqli bir elmindən bəhs olunur? Suala cavab verməzdən əvvəl mühüm bir məsələni nəzərdən qaçırmamalıyıq. Nəzərə almaq lazımdır ki, hüquq məfhumu, əsasları və hədəfi düşüncə sahiblərinin nəzərində eyni deyil, bəzən müxtəlif fikirlər şübhəli sualların yaranmasına səbəb olur. Bunu hüququn fəlsəfəsində tədqiq olunan doktorinalarda görmək mümkündür. Məsələn, tədqiqi hüquq (pozitiv law) nəzəriyyəsində buna rast gəlmək mümkündür. Çünki bu məktəbdə bütün məsələlərin həlli qanunla əlaqələndirilir. Burada hüquqşünasın fəaliyyəti və hüquqi göstərişlər, həmçinin bütün məsələlərin həlli yolları qanunvericilik əsasında müəyyənləşir. Amma hüquq və məntiq arasında bağlılıq dedikdə isə icra olunması zəruri olan bir sıra funksiyalar nəzərdə tutulur ki, bunlar riyazi məntiqə daha çox yaxındır. Burada mətn və qanunun ruhunu ehtimal etməklə deyil, yəqinliklə qəbul etmək lazımdır. Bundan başqa, ictimai həyatda və hətta insanların bir-biri ilə əlaqəsində bu məsələlərin necəliyi, hansı formada icra olunması və ən əsası əldə olunan nəticə göstərilməlidir; daha aydın desək, hüquq yerinə yetirilməsi zəruri olan vəzifələri, qayda və metodları açıqlayır və bu vəzifələri və ya öhdəlikləri yerinə yetirən şəxs və ya şəxslər (mükəlləf) müəyyən olunmuş rəftar qaydalarının yerinə yetirilməsinə səy göstərirlər və bu qaydalar məhz insanlar üçün yaranmışdır. Elə bu səbəbdən də bəzi hüquq filosofları hüquq və məntiq arasında olan bağlılığı məntiqi vəzifə və ya məntiqi rəftar adlandırmışlar (14.pp.210-215). Əgər diqqət etsək məlum olur ki, hüququn məntiqi aspektləri təcrübi elmlərlə daha çox uyğunluq təşkil edir, çünki qanunlar ictimai əlaqələrin səbəb və nəticələrini bilməklə yanaşı, həm də ehtimal olunan məsələlərin və ən əsası məlumatların köməyi ilə yaranır (12.cild.3.s.17). Amma bir azda dərindən diqqət etsək və qəbul etsək ki, hüquqi məntiq mövcud olduğu xüsusiyyətlər baxımından müəyyən üstünlükləri vardır, bəs belə olan halda onu riyazi məntiqə və təcrübi elmlərə tabe etmək olmaz, əksinə hüquqla bağlı olan məntiqin xüsusi bir hədəfə tabe olduğunu qəbul etmək lazımdır ki, bu da tədqiqi metodlarda özünü göstərir. Nəzərə almaq lazımdır ki, hüquqla bağlı olan məntiq tədqiqi metoddan daha məhdud bir məfhumdur; yəni səhvsiz və sağlam düşüncəyə əsaslanır, ona görə də yaranması və tabeçiliyi tədqiqi metoda bağlıdır. Burada əsas məsələlərdən bir də budur ki, hüququn fəlsəfəsi bunların hər ikisini idarə edərək və həm də bunlara başçılıq edir, yəni bunların hər ikisi hüququn fəlsəfəsinə aid olan mühüm mövzulardır (15.pp.81-83). Amma Claud Pasquierin gətirdiyi arqumenti digər bir formada açıqlasaq demək olar ki, hüquqla bağlı olan təlim və tədqiqin metodu hüquqi məntiqin bir hissəsidir və ona tabedir necə ki, bir sıra tədqiqatçılar və hüquq filosofları, o cümlədən Claud Pasquier bu yolla getmişlər. Hər halda məntiq və hüququn metodu hətta bir məfhum olmasalar belə bir-birinə bağlıdırlar, yəni biri digərinin nəzarəti altındadır.
Nəticə. Filosofların və hüquqşünasların nəzəriyyəsinə əsasən hüququn fəlsəfi anlayışını və mahiyyətini həm fəlsəfi və həm də hüquqi aspektdə təhlil edərkən, buradan belə nəticəyə gəlmək olar ki, hüququn fəlsəfi anlayışı və mahiyyəti təkcə filosofların deyil, həm hüquqşünasların və həm də hüquq filosoflarının əsas tədqiq mənbəyi olmuşdur. Burada filosofun hüquqşünasdan fərqi ondadır ki, insan onu əhatə edən maddi aləmi və bu aləmin əsas göstəricisi olan dəyərləri – hüququ təkcə qanunlar əsasında deyil, həm də real düşüncə – məntiqi qaydalar əsasında araşdırsın və onun görünməyən tərəflərini ortaya qoysun. Çünki maddi aləmdə hər nə varsa insana məxsusdur və filosof səy göstərir ki, insana xas olan dəyərlər, yəni hüquq və hüquqa mənsub olan normalar təkcə praktiki göstərişlərlə deyil, həm də məntiqi düşüncə əsasında insanın fərdi və ictimai inkişafı üçün istiqamətlənsin. Əlbəttə, həm filosoflar, həm hüquqşünaslar və həm də hüququ fəlsəfi aspektdən tədqiq edən hüquq filosofları arasında müəyyən fərqin olmasına baxmayaraq, burada hüququn ictimai tələblərinin yerinə yetirilməsində fikir birliyi mövcuddur. Çünki filosoflar hüquq və dövlət, hüquq və siyasət, hüquq və əxlaq barəsində bəhs edərkən ümumi anlayışa və hüququn ictimai-siyasi mahiyyətinə xüsusi diqqət edərək, hüquqşünaslarla fikir birliyinə gəlmişlər. Məhz bu mənada filosoflar hüququn anlayışını və mahiyyətini həm fəlsəfi və həm də hüquqi aspektdə tədqiq edərkən, hüququ və onun əmrlərini klassik məntiqə nisbət verərək, bunların arasında olan bağlılıqdan bəhs etmişlər. Onların fikrincə, hüquqşünas hər hansı bir qərarında düzgün düşüncəyə – məntiqə ehtiyacı vardır. Çünki çıxarılan hökm və ya verilən hər hansı bir qərarın əsası düşünülmüş və müəyyən olunmuş qanuna – məntiqi qaydaya tabedir.

Azərbaycan, ingilis, fransız, ərəb, fars və türk dillərində istifadə olunmuş ədəbiyyatlar

1.(2).Cəmaləddin İbn Mənzur əl-Ənsari əl-Rəvifi əl-İfriqi. Ərəbin dili. c.1, Beyrut-Livan: “Darul-fikir” müəssisəsi. hq. 1414/1993 m. 1006 s.
2.جمال الدين ابن منظور الأنصاري الرويفعى الإفريقى. لسان العرب. ج. 1، بیروت-لبنان: دار الفکر للطباعة، هق. 1414/1993 م. 1006 ص.
2.(15).Claude Du Pasquier. Introduction à la théorie générale et à la philosophie du droit. Neuchatel, 1948, 364 p.
3.(6).Dias R. W. Jurisprudence. New York: Butterworths, 1976, 709 p.
4.(11).Əbu Əli İbn Sina. Qeydlər və İstinadlar (Məntiq). Tərcümə və şərh: Mələkşahi Həsən. Tehran: Suruş. hş. 1369/1991 m. 564 s.
11.ابو علي بن سينا. اشارات و تنبيهات (منطق). ترجمه و شرح: ملكشاهي، حسن. تهران: سروش، هش. 1369/1991 م. 564 ص.
5.(5).Hayrettin Ökçesiz., Gülriz Uygur., Saim Üye. Hukuk felsefesi ve sosyolojisi arkivi. İstanbul: İstanbul Barosu yayınları, 2014, 508 s.
6.(7).Hoecke, M. V. Jurisprudence, The philosophy of Law. Edited by: Christopher Berry Gray. New York: Garland Publication INC, 1999, 1000 p.
7.(14).Husson Léon. Nouvelles études sur la pensée juridique. Collection Philosophie du droit 14. Dalloz Paris,1974, 441 p.
8.(4).Keyre Həsən. Qanun kitabı: Qanunlara giriş. İskəndəriyyə elmi nəşriyyatı. hq. 1414/1993 m. 326 s.
4.کیرة، حسن. الکتاب القانونيه: المدخل الی القانون. المعارف منشأه بالاسکندریه، هق. 1414/1993 م. 326 ص.
9.(10).Lazarev V.V. Ümumi hüquq və dövlət nəzəriyyəsi. Tərcümə edən: Əziz Rzabəyli. Bakı: Qanun, 2007, 491 s.
10.(1).Macdonald D. B. Hakk. The Encyclopedia of Islam. New York: Syracuse University Press, 1961, 1359 p.
11.(9).Məmmədov İ.S., Süleymanov C. A. Dövlət və Hüquq Nəzəriyyəsi: 100 suala 100 cavab. Bakı: Çaşıoğlu, 2005, 126 s.
12.(12).Nasir Katuzyan. Hüququn Fəlsəfəsi: hüququn tərifi və mahiyyəti. c.1, 3. Tehran: Nəşriyyat şirkəti. h.ş.1388/2009 m. 706 s.
12.ناصر کاتوزیان. فلسفه حقوق: تعریف و ماهیت حقوق. جلد اول و سوم، تهران: شرکت سهامی انتشار، هش. 1388/2009 م. 706. ص.
13.(8).Patterson E. W. Jurisprudence. Men and Ideas of the Law. New York: Brooklyn, The Foundation Press INC, 1953, p. 310.
14.(3).Raqib əl-İsfəhani Həsən bin Muhəmməd. Qurani-Kərimin ayələrinin izahı. c.1. Beyrut: “Darul-qələm” müəssisəsi. hq. 1430/2009 m. 1015 s.
3.الراغب الإصفهانی حسین بن محمد. مفردات ألفاظ القرآن. ج. 1، بیروت: دار القلم-الدار الشامیة، هق. 1430/2009 م. 1015 ص.
15.(13).Soeteman A. Logic in Law. Publication City/Country Dordrecht, Netherlands Publishers: Springer, 2010, 326 p.

Xülasə
Hüququn fəlsəfəsi: hüququn fəlsəfi anlayışında məntiqi qaydaların təsiri
Məlum olduğu kimi hüquq zati (təbii) bir məfhumdur, yəni hüquq mövcud aləm üçün əsas faktorlardan biridir. Çünki haqlar sonradan deyil, məhz insan yarandığı vaxtdan onunla birlikdə yaranmışdır. Belə bir məfhumun təkcə ictimai-siyasi, iqtisadi, mədəni aspektlər əsasında öyrənilməsi hüququ tam olaraq əhatə edə bilməz. Hüququn anlayışını və mahiyyətini dərindən öyrənmək üçün təfəkkürü öyrənən elmə (əqli elmlərə) ehtiyac duyulur. Belə elmlərdən biri də məntiq elmidir ki, hüquqi prinsiplərlə sıx bağlılığı vardır. Qəbul etmək lazımdır ki, əldə olunan hər hansı bir hökm və qərarda məntiqi qaydalar özünü göstərir. Çünki hüquqşünas təkcə biliyinə və təcrübəsinə əsaslanaraq nəticəyə gələ bilməz, burada hər hansı bir maddənin doğru olub-olmaması əsas şərtlərdən biridir ki, bu da məntiqi düşüncəyə əsaslanır.
Hazırki tədqiqatda filosofların, hüquqşünasların və hüquq filosofların nəzəriyyəsinə istinad etməklə, hüququn fəlsəfi anlayışı və mahiyyəti təkcə fəlsəfi və hüquqi aspektdə deyil, həm də məntiqi qaydalara istinad etməklə təhlil olunmuşdur.
Açar sözlər: hüququn fəlsəfəsi, filosoflar, hüquq filosofları (philosophers of law), hüquq, anlayış, mahiyyət, klassik məntiq, ictimaiyyət.

Pashayeva A.N.,

PhD in philosophy, senior researcher at the Department " Islamic Philosophy", Philosophy Institute of NA of AR,
Summary
Philosophy of law: the influence of logical rules in the philosophical understanding of law
As it is already known, law is a natural concept, thus law is one of the most essential factors for the existing universe. Because rights were appeared not later, but since creation of human-being. The study of such a concept solely on the basis of socio-political, economic and cultural aspects can not fully cover law. In order to deeply study the concept and essence of the concept of law, mental sciences are needed. One of such sciences is the science of logic, which is closely connected with legal principles. It is necessary to accept that in any judgment and decision, logical rules manifest themselves. Because the lawyer can not come to the conclusion only on the basis of his knowledge and experience, whether any article is correct here is one of the main conditions, which is based on logical reasoning.
In the present study, the philosophical concept and essence of law, referring to the theory of philosophers, lawyers and philosophers of law, were analyzed not only in the philosophical and legal aspects, but also in reference to logical rules.
Key words: philosophy of law, philosophers, legal philosophers, law, concept, essence, classical logic, community.
Пашаева А.Н.,
доктор философии по философии, старший научный сотрудник института Философии НАНА.
Резюме
Философия права: влияние логических правил в философском понимании права
Как известно, понятие естественное понятие, а именно право является одним из основных факторов существующего мира. Так как права возникли не впоследствии, они появились вместе с человеком с момента его появления. Изучение подобного понятия лишь на основании общественно-политических, экономических, культурных аспектов не может полностью охватить право. Для более глубокого изучения понятия и сущности права чувствуется потребность в интеллектуальных науках. Одним из таких наук является также и логическая наука, которая тесно связана с принципами права. Следует отметить, что в вынесенном каком-либо приговоре и постановлении проявляются логические нормы. Поскольку правовед не может прийти к выводу, придерживаясь только своих знаний и практики, здесь достоверность какой-либо статьи составляет одно из ключевых условий, которое опирается на логическую мысль. В настоящем исследовании исследуется философское понятие и сущность права не только с философского и юридического аспектов, но и с точки зрения логических правил, ссылаясь на теорию философов, правоведов и философов-правоведов.
Ключевые слова: философия права, философы, философы-юристы, право, понимание, сущность, классическая логика, общественность.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası. Dövlət İdarəçiliyi: Nəzəriyyə və Təcrübə. “DİA”-nın nəş. № 1 (69). Bakı 2020.