11.09.2020, 21:57 - Baxış sayı: 669

NƏRİMAN NƏRİMANOV ƏDƏBİ İRSİNİN ARDICIL VƏ CİDDİ TƏDQİQATÇISI


Arzu HACIYEVA,
AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri,
fəlsəfə elmləri doktoru.

“Nəriman Nərimanov ədəbi irsinin ardıcıl və ciddi tədqiqatçılarından biri olan Teymur Əhmədov yeni kitab üçün nə qədər böyük əmək sərf etdiyini qeyd etməyə bilmərik. Müəllif-tərtibçi axtarış aparmış, çoxlu sənəd və fotoşəkil toplaya bilmiş, hadisələrlə zəngin, olduqca geniş diapazonlu bir həyatı oxuculara layiqli təqdim etmişdir. Ən yaxşı, diqqətəlayiq cəhət budur ki, Nəriman Nərimanovun həyat və fəaliyyəti ictimai-siyasi hadisələr fonunda, dövrlə sıx əlaqədə göstərilmişdir. Bu cəhət kitabı fərdi fotoalbomluqdan çıxararaq, elmi-tədqiqat xarakterli, tarixilik baxımından əyani vəsait mahiyyəti kəsb edən faydalı bir əsərə çevirir...”.
Düşünməyin ki, burada söhbət filologiya elmlər doktoru, professor Teymur Əhmədovun xalqımızın böyük oğlu Nəriman Nərimanova həsr etdiyi növbəti yeni kitabından gedir. Əslində bu iqtibas atamın, yazıçı, publisist Əşrəf Hacıyevin 1977-ci ildə yazdığı, o vaxt yenicə çapdan çıxmış “Nəriman Nərimanov” albom-kitabı haqqında “Tarixin qiymətli yadigarları” (“Təşviqatçı” jurnalı, №16) başlıqlı resenziyasındandır. Məqalənin işıq üzü gördüyü vaxtdan düz 43 il keçir, mənsə onu, demək olar, yaxınlarda, atamın biblioqrafiyasını tərtib edərkən aşkara çıxarmışam. Müəllifin avtoqrafı ilə atama və ailəsinə ünvanladığı “qardaşlıq hədiyyəsi” olan albom-kitabın özü isə elə uzaq 77-ci ildən kitabxanamızın “Nərimanov guşə”sinin ən şərəfli yerində saxlanılır...
Görkəmli ədəbiyyatşünas alim Teymur Əhmədovun fəaliyyət dairəsi olduqca genişdir, o, tədqiqatçı, publisist, tərtibatçı, elm təşkilatçısıdır, mətbuatımızın inkişafında öz sözünü demiş mühərrir, redaktor, ədəbiyyatşünaslıq sahəsində elmi kadrlar yetişdirmiş müəllimdir. Ədəbiyyatşünaslığın müxtəlif problemlərinə həsr edilmiş əsərləri, Süleyman Rüstəm, Səməd Vurğun, Mirzə İbrahimov, Xəlil Rza Ulutürk haqqında dəyərli monoqrafik tədqiqatların müəllifidir. Bununla belə, diqqətlə nəzər saldıqda, onun yaradıcılığının əsas mövzusunun Nəriman Nərimanov şəxsiyyəti, həyat, fəaliyyəti, ədəbi irsi olduğunu görməmək mümkün deyil. Biz onun yarım əsri aşan bir zaman içində, mütəfəkkirin irsinin tədqiqi, təbliği, əsərlərinin nəşri ilə müntəzəm və ardıcıl məşğul olub, böyük işlər gördüyünün şahidiyik.
Teymur Əhmədovun həm namizədlik, həm də doktorluq dissertasiyası bu mövzudadır. Yazdığı “Nərimanov Nərimanovun dramaturgiyası” (Elm, 1971), “Nərimanov Nərimanov: həyatı, mühiti, ədəbi yaradıcılığı” (Yazıçı, 1982), “Nərimanov Nərimanovun yaradıcılıq yolu” (Elm, 1990) və digər monoqrafiya və çoxsaylı məqalələri ilə nərimanovşünaslığa öz layiqli töhfəsini vermişdir. Alimin “Nəriman Nərimanov” kitabçası dünyada yayımlanması üçün rus, ingilis, fransız, alman, ərəb, fars və digər dillərə tərcümə edilmişdir. Yeri gəlmişkən, 2018-ci ildə o, yuxarıda adını çəkdiyim N.Nərimanova həsr olunan albom-kitabın (1977) ideoloji təpkinin olmadığı günümüzün müstəqillik şəraitinin imkan verdiyi təkmilləşdirilmiş və yeni materiallarla zənginləşdirilib genişləndirilmiş ikinci nəşrini gerçəkləşdirmişdir.
Qeyd etməliyəm ki, Teymur Əhmədov nərimanovşünaslığın bir elm kimi yaranışının başlanğıcında duranlardandır. Professor Yaşar Qarayev 60-cı illərin sonları 70-ci illərin əvvəllərində N.Nərimanova münasibətin hələ sabit olmadığı bir dövrdə onun dramaturgiyası, ictimai-siyasi fəaliyyətini araşdırmasını Teymur müəllimin cəsarəti, qətiyyəti kimi dəyərləndirmiş və bunu obrazlı şəkildə belə ifadə etmişdir: “Ümummilli miqyasda etiraf və təsdiq olunan N.Nərimanova o zamankı böyük abidə - müdrik dövlətçilik və rəhbər siyasi-ideoloji sahədə və səviyyədə monumental tunc heykəl, ədəbi-elmi aləmdə və fikirdə isə Vəli Məmmədovun və Teymur Əhmədovun əsərləri oldu”.
Yazıçı, dramaturq, publisist, həkim, maarifçi, pedaqoq, filosof, ictimai və dövlət xadimi Nəriman Nərimanovun bütün fəaliyyəti xalqına fədakar xidmətin parlaq nümunəsidir. Bununla belə, ona münasibət həmişə birmənalı olmamışdır. Sovet hakimiyyəti illərində yüksək dövlət vəzifələri tutmasına baxmayaraq, dövrün rəsmi ideologiyası çərçivəsinə sığmadığına görə milli təmayülçülükdə təqsirləndirilmiş, ölümündən keçən bir neçə onilliklər ərzində onun əsərləri çap olunmamış, adının belə dilə gətirilməsi yasaq edilmişdi. Şəxsiyyətə pərəstişin tənqidinin mülayim siyasi ab-havası keçən əsrin 50-ci illərinin ortalarından başlayaraq, N.Nərimanovun irsinin yenidən öyrənilməsinə və tədqiq olunmasına şərait yaratdı. Lakin siyasətin hər sahəyə nüfuz etdiyi ölkədə yaşayan tədqiqatçılar bu dəfə xoş niyyətlə N.Nərimanovun baxışlarını mövcud sovet ideologiyasına uyğunlaşdırmağa, onu mübariz marksist, materialist və hətta ateist obrazında göstərməyə çalışırlar. Onun ictimai-siyasi görüşlərinin təkamülü prosesi dövrlərə ayrılır, 1917-ci il fevral inqilabından sonra marksist kimi formalaşmasına qədər maarifçi-demokrat, inqilabçı-demokrat olduğu vurğulanır, sistemə uyuşmayan baxışları, o cümlədən dinə münasibəti onun barışdırıcı mövqeyi, maarifçi baxışlarındakı məhdudluq kimi tənqid edilir, bəzi hallarda isə “taktiki mülahizələr”lə əsl əqidəsini gizlətməsi kimi şərh edilirdi. 90-cı illərin qarışıq, faciəli siyasi hadisələri şəraitində kommunist partiyasının hörmətdən düşməsi, yeni partiyaların yaranıb, siyasət meydanına atılması Nəriman Nərimanovun yenə bəzi qəzet məqalələrinin tənqid hədəfinə çevrilməsinə, bolşevizmi ətrafında qaldırılan hay-küydə ağlasığmaz günahlarda ittiham edilməsinə səbəb oldu. Doğrudur, onun müdafiəsinə qalxan ziyalılarımız da az deyildi. Mən 1994-cü ilin iyununda AMEA Fəlsəfə İnstitutunda “N.Nərimanovun nəzəri-fəlsəfi irsində dinə münasibət” mövzusunda namizədlik dissertasiyasını müdafiə edəndə bu ittiham dalğası hələ səngiməmişdi. Dissertasiyaya nərimanovşünas, mərhum akademik Firudin Köçərli müsbət rəy vermişdi. Çox canlı, dialoqda keçən müdafiədə indi haqqa qovuşmuş müdafiə şurasının sədri, akademik Aslan Aslanov, üzvləri akademiklər Fuad Qasımzadə, Əfrand Daşdəmirov, birinci opponent akademiyanın müxbir üzvü Məqsəd Səttərov, professorlar Əddin Şakirzadə, Həsən Şirəliyev, Həmid İmanov, Elmira Zamanova, opponent Nurqələm Mikayılov, elmi rəhbərlərim Məmmədəli Zeynalov, Pənah Mahmudov, BDU-nun professoru kimi indi də pedaqoji fəaliyyətini davam etdirən İzzət Rüstəmov kimi bütöv bir dövrün görkəmli fəlsəfi simaları iştirak edirdilər. Düzü, o zaman mən belə nüfuzlu alimlər qarşısına çıxmağın məsuliyyətini yetərincə yaxşı anlamırdım, nədən məni cəsarətimə görə təqdir etmələrini də. Sadəcə dissertasiyada irəli sürdüyüm tezisləri, N.Nərimanovun ateizmi haqqında deyilənlərin bir mif olduğunu, mütəfəkkirin dinə sivilizasiyalı münasibət bəslədiyini cidd-cəhdlə əsaslandırmağa çalışırdım.
Dissertasiya üzərində işləyərkən, Teymur müəllimin hədiyyə etdiyi “Nərimanov Nərimanov: həyatı, mühiti, ədəbi yaradıcılığı” kitabı da çox köməyimə gəlmişdi. “Nəriman Nərimanovun din haqqında fəlsəfi düşüncələr” adlı monoqrafiyamı 1998-ci ildə çıxan kimi bağışladığım ilk insanlardan biri də o oldu. Müdafiədən sonra fəlsəfi maraq dairəm genişlənsə də, təbii ki, ara-sıra doğma mövzuya qayıdıram, çünki ilk olan heç nə unudulmur.
Deyirlər ki, Teymur Əhmədovun doktorluq dissertasiyasının müzakirəsi zamanı akademik K.Talıbzadə opponent çıxışını bu sözlərlə yekunlaşdırmışdı: “Ömrünü N.Nərimanova həsr etmiş Teymur Əhmədov bu əsəri ilə həmin sahədəki işlərini bitirmişmi hesab edir? Yox, əgər belə deyilsə, onun N.Nərimanov haqqındakı gələcək tədqiqatları hansı istiqamətdə olacaq?” Həyat göstərdi ki, Teymur müəllimin “həmin sahədəki işləri” bitmədi və bitməyib, onların istiqaməti haqqında isə yazdığı əsərlər, o cümlədən “Nurlar” nəşriyyatında işıq üzü görən “Nəriman Nərimanov (həyatı, mühiti və ədəbi-bədii yaradıcılığı)” başlıqlı son sanballı monoqrafiyası gözəl təsəvvür yaradır.
Kitabın məzmunu altı fəsildə açılır. Birinci fəsildə “N.Nərimanovun bədii yaradıcılığının tədqiqi tarixi” Firudin Köçərlinin rus mətbuatında dərc edilmiş “Azərbaycan komediyaları” (1895) və “Azərbaycan tatarlarının ədəbiyyatı” (1903) adlı əsərlərindən başlayıb 1960-cı illərə qədər Azərbaycan, rus, xarici ölkə mətbuatında çıxan məqalələr üzrə izlənilir. “Nəriman Nərimanovun həyatı, mühiti, ictimai-siyasi fəaliyyəti” adlı ikinci fəsildə N.Nərimanovun 1918-ci ilə qədərki həyat və fəaliyyətindən bəhs edilir. Professor, N.Nərimanovun ədəbi-bədii irsini Azərbaycan “maarifçi-realist ədəbiyyat tarixində yeni mərhələ” kimi səciyyələnləndirir. Elə belə də adlandırdığı üçüncü fəslin iki paraqrafında müvafiq olaraq ədibin dramaturgiyası və nəsr əsərlərini təhlil edir. Dördüncü fəsildə (“Nəriman Nərimanov və teatr mədəniyyəti”) N.Nərimanovun Azərbaycan teatr sənətinin inkişafındakı rolundan, onun realist istiqamətinə təsirindən, həmçinin tatar teatrı ilə əlaqəsindən, inkişafında xidmətindən ətraflı bəhs edilir. Monoqrafiyanın beşinci fəsli “N.Nərimanovun ədəbi-nəzəri görüşləri”nə, altıncı fəsli publisistikasına həsr olunub.
Əsər bir çox məziyyətləri ilə diqqəti çəkir.
Əvvəla, bu, əsərin mənbə təməlinin zənginliyidir. Müəllif mülahizə və təhlillərində mənbələrə və ədəbiyyata istinad edir. O, arxivlərdən aşkar etdiyi tarixi sənədlərdən geniş istifadə edib, elmi araşdırmasına çoxlu qəzet, jurnal materialı, müxtəlif xatirə və rəyləri cəlb edir. Müraciət etdiyi sənədlərlə tanış etməklə qalmır, onları ümumiləşdirir, münasibət bildirir. Bu cəhət birinci fəsildə, zənnimcə, daha qabarıq görünür. Alim N.Nərimanovun bədii əsərlərini təhlil edən filoloq və ədəbiyyat tənqidçilərinin hər bir məqaləsində gəldikləri qənaəti ortaya qoyur, bunlarda qəbul edib-etmədiyi mülahizələrə fikrini bildirir, mübahisə edir və məsələyə öz baxışını əsaslandırmağa çalışır. Burada bir məqamı xüsusi vurğulamaq istərdim. Teymur müəllimin tərifmi, tənqidmi etməsindən asılı olmayaraq, bir çox unudulan müəllifləri, məsələn, 20-30-cu illərin əliqələmlilərini yada salmaqla oxucuda onların da yaradıcılığına maraq, həvəs oyatmasının özü təqdirəlayiqdir. Belə ki, bu əsərlər müəlliflərə N.Nərimanovun ədəbi irsinə münasibətdə dövrün ideoloji təsirini izləməyə, bəzən bu günlə səsləşən doğru fikirlərini aşkar etməyə imkan verir. Bu baxımdan, məsələn, İsrafil Cahangirovun “Azərbaycan Dövlət Bədaye teatrosu” (1932) əsərində “Nadir şah” dramının “islamçılıq və türkçülük” ruhunda yazılmış əsər kimi qiymətləndirməsi, vətənpərvərlik “dövrünü keçirən” dramaturqun öz pyesi ilə “milli duyğu” oyatmaq istəməsi haqqında fikri diqqətimi cəlb etdi.
Elmi tədqiqat əsərində dəqiqlik, əsaslılıq vacibdir. Teymur Əhmədov da əsərində müxtəlif mətləblərə aydınlıq gətirərkən daima dəqiqliyə can atır, mövqeyini ciddi məntiqə söykənərək əsaslandırır, fikrini heç nədən çəkinmədən açıq bildirir. N.Nərimanovun “Nadir şah” (1898) dramının, zənnimcə, Azərbaycan ədəbiyyatında ilk tarixi faciə olmasını hamı, hətta məktəbli də bilir. Monoqrafiyadan öyrənirik ki, demə, “məlum səbəblərə görə” uzun müddət ədəbiyyatşünaslıqda Ə.Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” (1907) əsəri tarixi faciə janrında yazılan ilk əsər hesab edilirmiş. Hətta həqiqət bərpa ediləndən sonra belə X.Məmmədov tədqiqatında (1963) Sultan Məcid Qənizadənin “Qönçə xanım” (1891) əsərini ilk tarixi dram kimi təqdim etmişdir. Teymur müəllim bu fikrin yanlışlığını tutarlı dəlillərlə sübut edir.
Teymur müəllimin dəqiqliyi onun mənbələrlə işləmək səriştəsində də özünü qabarıq göstərir. Ədibin, mütəfəkkirin hansısa əsəri yazmaqda əsl mətləb-niyyətini anlamaqda, əsas ideyasını üzə çıxarmaqda, fikri inkişafını izləməkdə tədqiqatçıdan böyük zəhmət tələb edən əlyazmaların, qaralamaların öyrənilməsi, müxtəlif nəşrlərin müqayisəsinin böyük əhəmiyyəti məlumdur. Bu baxımdan, monoqrafiyada müəllifin dramaturqun öz yaradıcılığına qarşı tələbkarlığını nümayiş etdirdiyi “Nadir şah” tarixi faciəsinin ilk nəşrləri arasındakı nüsxə fərqləri”, “Bahadır və Sona” faciəsi avtoqrafının ilk və son nüsxəsi arasındakı fərqlər” adlanan yarımbölmələrini tədqiqatçı məsuliyyətini göstərən bir örnək hesab etmək olar.
Sonda onu da demək istərdim ki, Teymur müəllimin “Nəriman Nərimanov: həyatı, mühiti və ədəbi-bədii yaradıcılığı” adlı monoqrafiyası böyük ədib, mütəfəkkirimizin 150 illik yubileyinə dəyərli hədiyyədir. Biz isə onun doğma mövzuda yeni əsərlərini gözləyəcəyik.

"respublica-news.az"