11.09.2020, 22:00 - Baxış sayı: 734

Ziyəddin Göyüşov yaradıcılığında azərbaycançılıq və siyasi-fəlsəfi paradiqmalar


Rəna MİRZƏZADƏ,
AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, professor, AMEA Qadınlar Şurasının sədri

AMEA-nın müxbir üzvü, fəlsəfə elmlər doktoru, professor Ziyəddin Göyüşov Azərbaycanın XX əsr etik-fəlsəfi, tarixi-fəlsəfi, fəlsəfi-siyasi, mədəni-mənəvi və s. istiqamətlərini tədqiq, təhlil edən, araşdıran görkəmli filosofdur.
Müasir Azərbaycanda istər Ulu Öndər Heydər Əliyev, istərsə də Prezident İlham Əliyev zaman-zaman ölkənin görkəmli nümayəndələri, alim və ziyalılarının yubileylərinin qeyd olunması ilə bağlı fərmanlar imzalayır. Növbəti belə fərmanlardan biri də məhz filosof Ziyəddin Göyüşovla bağlıdır. Bu fərman həm də Azərbaycan fəlsəfə elminə, filosof Z.Göyüşova verilən dövləti qiymətdir. Z.Göyüşov kimdir? Məhz bu suallara da böyük ziyalı Ziyəddin Göyüşov özü cavab verir: “Hər bir şəxsiyyət özü öz tərbiyəsində bilavasitə yaxından iştirak etməlidir, öz xarakterin üzərində müntəzəm və təkidlə işləməlidir. Bunsuz fəal həyat mövqeyi tutmaq mümkün deyildir”. (Z.Göyüşov, “Daxilə pəncərə” 1978 B.,s.5). Qeyd edək ki, Z.Göyüşov öz əsəsrlərində özü sual qoyur və cavablandırır. Bu baxımdan Göyüşov fəaliyyətinə bir neçə istiqamətdən baxaq:
- Həqiqətən də fəal həyat mövqeyi, prinsipial elmi məntiqi olan Z.Göyüşov fəlsəfi-etik elmində yeri olan mənəviyyat, mədəniyyət daşıyıcılı filosofdur. Onun əsərləri istər XX əsr, istərsə də bu gün öz aktuallığı ilə bir milli-mənəvi dəyərimizi, milli-əxlaqi sərvətlərimizi inikas etdirən elmi irsimizdir. Reallıqdır ki, Prezident İlham Əliyevin də Z.Göyüşovun yubileyinin keçirilməsi ilə bağlı imzaladığı fərmanda məhz bu mənəvi-mədəni irsin yenidən öyrənilməsi, qorunması məğzinin göstəricisidir.
-Bu gün dünya virtuallaşıb, real dünya İKT-ləşibsə milli-mənəvi, əxlaqi dəyərlər də sanki bir “texnoloji” informasion aləmdə, sosial şəbəkələr fonunda “internetləşibdir”. Bu zəmində Z.Göyüşovun məhz “Daxilə pəncərə” kimi mükəmməl fəlsəfi-etnik, mədəni-siyasi aspektli kitabında real aləmə indiki terminlə yanaşsaq hazırki “virtuallaşmış dünyada” alimin dili ilə desək “öz daxilinə səyahət heç də bir anda baş verən akt deyildir. Həyat,ömür daim dəyişib irəlilədikcə daxilə səyahət də müntəzəm xarakter daşımalıdır. Hər belə səfərə çıxarkən biz özümüzdə bəyənməli və ya tənzimlənməli yeni hallar, vəziyyətlər və mənzərələr tapırıq ki, bunlar bizim həyatımız üçün son dərəcə faydalıdır”. (“Daxilə pəncərə” s. 39)
Məhz bu nöqteyi nəzərdən Alim yenə sual verir: - “Bəs daxili azadlığı, mütləq sərbəstliyi necə əldə etmək olar?” Z.Göyüşov bu suala fəlsəfi-siyasi nəzərdən belə cavab verir: “ Daxili azadlığa nə fəal ictimai mübarizə yolu ilə, nə ictimai həyatda fəal iştirak etməklə, nə mövcud ictimai quruluşu, mövcud şəraiti dəyişdirmək yolu ilə, nə də özünüdərketmək, öz həyatı üzərində düşünmək yolu ilə nail olmaq mümkün deyildir.” Daxili azadlığa, “əsl mövcudluğa” ancaq “daxili fəaliyyətlə”, “daxili hərəkətlə” nail olmaq olar. (“Daxilə pəncərə” əsəri. s. 13)
Alimə görə məhz ictimai-iqtisadi münasibətlərin təbiətindən, xarakterindən asılı olaraq insanın özünü dərk etməsi, əxlaqı azadlıq kəsb etməsi, “özünə ağalıq” dərəcəsi də müxtəlif olur (“Daxilə pəncərə” s. 27). Buradan bu fəlsəfi-siyasi baxışdan belə qənaət alınır ki, XX əsrin 70-ci illərindən Z.Göyüşov məntiqi, fikri necə də XXI əsrin bu zamanının dünyasının sanki real mənzərəsini əks etdirir. Məhz bu, alimin uzaqgörən “Daxili dünyasının” fəlsəfi-siyasi duyum amilidir.
Bəs insan kimdir? Z.Göyüşov məntiqi ilə desək, “elə bir adam ki bütün sınaqlardan çıxaraq özü də ideya inamını və böyük həyat əzmini, mədəniyyəti, biliyi və bunları tətbiq etmək bacarığını özündə birləşdirmişdir”. (bax: “Daxilə pəncərə” s. 4). Onun öz elmi təfəkkürü, özünün müntəzəm gərgin iş rejimi öz ağıl və daxili zəkasının gücü məhz bütün əsəsrlərinin leytmotivi olmuşdur. Z.Göyüşov düşüncələrində, fikirlərində siyasi-fəlsəfi yanaşma nədir? Onun bütün tədqiqat mövzusu hakim kommunist ideologiyasının kəskin hakimliyi dövründə yazılsa da, özündə Azərbaycançılıq ideyasını inikas edir. Məhz bu bir alimin milli təfəkkürünün, milli baxışlarının fəlsəfi-siyasi aspekti sətiraltı deyil, real, faktiki, məntiqi kateqorial paradiqmalardır. Halbuki, həm hakim sistem, həm də ideoloji struktur öz sərt repressiv siyasəti ilə böyük ziyalı ordusunun həm daxili, həm də xarici dünyasında əsas aparıcı yol daşıyırdı. Bu mətndə isə özünüdərk, özünəqiymət, özünənəzarət, özünütərbiyə, özünüdərk etmə, özünürealizə, əxlaqi məsuliyyət, ağıla himn, ağıla zərurət kimi etik-fəlsəfi elminə Alimin gətirdiyi kateqoriyalar bu gün reallığımızıdr.
Filosof-Alimin yazdığı fikirlər aşkarca yaşadığı sistemdə insanın daxili dünyasını, azadlığını açıb göstərən faktorlardır. Bu terminlərin hətta Qərb alimlərinə istinad belə olsa, keçmiş Sovet sistemində işlədilməsi özü, bir alimin daxili azadlığının bariz göstəricisidir, milli qətiyyətdir.
-Elə bu məntiqdən Z.Göyüşov fəaliyyətində digər bir amilə - vətənpərvərlik məsələsinə də nəzər yetirək. Z.Göyüşov əsərlərində Azərbaycanın böyük maarifçilərinə, ədib və yazarlarına xüsusi məhəbbət, hörmətlə bahəm yüksək Vətən sevgisi, Vətən övladı əqidəsi də öndə idi. Keçmiş Sovet rejiminin insanın hər xırda danışığında, hərəkətində “nə isə” axtardığını bilsə də, böyük ehtiramla H.B.Zərdabi haqqında tək tədqiqat yazmadı. Həm də H.B.Zərdabinin ikinci dəfə dəfn olunmasında məhz öz həyatını belə riskə qoyaraq, böyük vətənpərvər bir əmələ imza qoydu. XX əsrin 50-ci illərində müəllimi prof. Abbas Zamanovla və tələbələri ilə birlikdə H.B.Zərdabinin gizli saxlanılan sümüklərinin axtarılmasında iştirak etdi və onun sümüklərini taxta yeşiyə yığıb həyat yoldaşı Hənifə xanımın məzarının ayaq tərəfində basdırdılar. Sonradan isə Böyük Həsən bəy Zərdabinin sümükləri çıxarılıb ayrıca məzarlıqda dəfn edildi. Zaman o zaman idi ki, xalq doğmalarını itirəndə, milli adət-ənənələrlə, hətta dəfn edəndə belə, gizli saxlayırdılar. (bax: modern.az 22 iyul. 2015. H.B.Zərdabinin gizli saxlanılan sümükləri).
-Z.Göyüşovun bu addımı ictimai-siyasi-mənəvi bir hərəkət, vətəninə, onun böyül ziyalısına bir hörmət idi.
-Bu Z.Göyüşovun bir şəxsiyyət kimi məhz mənəvi-siyasi İnsanlıq Yolunun qətiyyətli təsdiqi idi.
Ziyəddin Göyüşovun bütün tədqiqatlarında bir “qızıl orta” xətti açıq görünür – Milli kimlik milli heysiyyat, zəminində Azərbaycançılıq ideyası və bu ideyanın bu gün reallığı.
Mən Z.Göyüşovu gənclik illərində əsərlərindən qiyabi tanıyırdım. Sonradan isə indiyədək fəaliyyət göstərdiyim AMEA Fəlsəfə və Hüquq İnstitutunda əyani gördüm. Təvazökar, səmimi, diqqətçil və çox məsuliyyətli, intizamlı idi. Kim qarşısına çıxsaydı tanıdı-tanımadı salam verər, bizlərə “Qızlar necədir?” deyə müraciət edərdi. Bütün gün öz otağında yazar, müzakirə edərdi. Sonradan mən onu ailəvi yaxınlıqda bir daha tanıdım. Həyat yoldaşımın atası ilə yaxın dost və öz dili ilə desəm “bir elli, bir aristokrat ziyalılar – Qarabağ torpağından” idi və mənə də daim sorardı “Dünya cənnətə dönsə, yaddan çıxmaz Qarabağ” bilirsənmi nə deməkdir?
Torpağınız nurla dolsun dərin və zəngin ziyalımız Ziyəddin müəllim! O zaman sizə qulaq asardıq, indi cavab verirəm “Siz Qarabağı da daxili aləminizdə məhz “dünya” kəliməsi ilə bağlardız.
Bu gün Prezident İlham Əliyev məntiqi ilə sizin sorğunuzun cavabı belədir: “Qarabağ Azərbaycanındır! Nida işarəsi” ... Və yaşasaydız yəqin ki “Dünyamızda Qarabağ” qismində də nəsə yazardız... Bəli, siz bəşəri Alimsiz, Siz Azərbaycan fəlsəfəsi məktəbinin görkəmli nümayəndəsisiniz və siz əzəli və əbədi torpağımız - Qarabağın seçilən, sayılan ziyalı filosofusunuz!
Fikrimi Ölkənin Birinci Vitse Prezidenti Xanım Mehriban Əliyevanın sözləri ilə bitirirəm: “Bu gün bəşəriyyət çox mürəkkəb bir dilemma qarşısındadır. Bu həm siyasi, həm də elmi müstəvidə olan problemdir”... Bu gün biz sivilizasiyalararası dialoqun keçmişindən söhbət açaraq xüsusi vurğulamalıyıq ki, qədim və zəngin Yunan-Roma sivilizasiyasının ilk varisi Şərq olubdur. Müsəlman renessansı kimi tarixə düşən bu dövr müsəlman ölkələrində ən mütərəqqi, ən qabaqcıl ideyalar yaşadılıb inkişaf etdirilibdir. Şərq alimlərinin və filosoflarının əsəsrləri ilə zənginləşən bu irs orta əsrlərdə yenidən Avropaya qaytarılıbdır. Bütün Şərqin, müsəlman aləminin bu irsin qorunmasında rolu əvəzsizdir. (bax: islamworld.preslib/page/p5phwvaZDB)