Azərbaycan musiqisinin zəngin xəzinəsi - Üzeyir bəy Hacıbəyli
“Bəşəriyyət tarixində elə şəxslər var ki, onlar özləri üçün anadan olmayıblar, bəlkə bütün xalqa və hətta ümuminsaniyyətə xeyir gətirmək və tərəqqisinə səbəb olmaq üçün yaranıblar. ”
Üzeyir bəy Hacıbəyli
2025-ci il Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik, həmçinin görkəmli bəstakar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə təsadüf edilir. Azərbaycan Milli Elmlər Akademiyasını yaradanlardan biri Üzeyir bəy Hacıbəyov olaraq, 1945-ci ildə – akademiya təsis ediləndə həqiqi üzv seçilib.
XX əsrin əvvəlində çarizmin yaratdığı bütün maneələrinə baxmayaraq, Üzeyir Hacıbəyli Azərbaycan və dünya sivilizisaiyasını zənginləşdirən əsərlərində xalqın maariflənməsi yolunda ciddi addım atmışdır.
Cənab İlham Əliyevin Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncamı Prezidentimizin akademikə verdiyi qiymətin ən bariz nümunəsidir. Sərəncamda qeyd edilir: Üzeyir Hacıbəyli çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyəti tarixində silinməz iz qoymuş qüdrətli şəxsiyyətlərdəndir. Azərbaycan bəstəkarlıq məktəbinin banisi olan Üzeyir Hacıbəyli novator sənətkar kimi milli musiqi xəzinəsini unikal forma və janrlarla zənginləşdirmişdir. O, Şərqin və Qərbin musiqi nailiyyətlərinin dərin vəhdətində dünya musiqisinin qızıl fondunda fəxri yer tutan nadir sənət inciləri meydana gətirmiş, Azərbaycan mədəniyyətinə beynəlxalq miqyasda geniş şöhrət qazandırmışdır. Üzeyir Hacıbəyli eyni zamanda parlaq bədii dühası sayəsində Azərbaycan dramaturgiyasına dəyərli töhfələr vermiş, alovlu publisistikası ilə mətbuat salnaməsinə yeni səhifələr yazmışdır. Bu Sərəncam görkəmli akademikin Ulu Öndər Heydər Əliyevin çıxışını xatırladır: “...Xalqımızda milli dirçəliş, milli oyanış, milli özünüdərk hisslərinin yaranmasında, formalaşmasında, inkişaf etməsində Üzeyir Hacıbəyovun əsərləri və onun bilavasitə fəaliyyəti böyük rol oynamışdır. Azərbaycanlılar – gənclər, vətəndaşlarımız məhz Üzeyir Hacıbəylinin əsərlərindən ruhlanaraq Vətənimizi daha da çox sevmişlər; onun musiqisini dinləyərək, onun əsərlərindən irəli gələn fikirlərin təsiri altına düşərək hiss etmişlər ki, Vətən, ölkə, millət hər bir insan üçün nə qədər əzizdir, doğmadır.... Opera teatrının banisi Üzeyir Hacıbəyov "Leyli və Məcnun" operasını yazıb dünyaya təqdim etmişdir."Arşın mal alan", O olmasın, bu olsun" kimi böyük əsərləri, - operettaları ilə fəaliyyətini Azərbaycan mədəniyyətinin inkişafına həsr etmişdir.
Üzeyir Hacıbəyovun ən böyük xidmətlərindən biri müstəqil Azərbaycan Respublikasının ilk himnini yaratmasıdır. Üzeyir Hacıbəyovun yaşadığı hər gün bizim üçün qiymətlidir. Qəlbi daim Azərbaycan sevgisi ilə döyünən böyük siyasət fatehinin ulu öndər Heydər Əliyevin ustalıqla yürütdüyü siyasətin nəticəsi idi ki, Üzeyir Hacıbəyovun ev muzeyi yaradıldı. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Üzeyir Hacıbəyli yaradıcılığında Azərbaycan xalq musiqisinin, muğam və aşıq sənətinin incə xüsusiyyətlərini birləşdirərək özünün orijinal üslubunu yarada bilmişdir. Dərin məzmuna malik olan “Koroğlu” operasını dünya qəhrəmanlıq operasının nadir nümunələrindən biri kimi dəyərləndirib. Azərbaycan elminə dünya şöhrəti gətirmiş, düşmən üzərində qələbədə müqayisəyə gəlməz rol oynamış görkəmli alimlərlə: Üzeyir Hacıbəyov və neçə-neçə başqa alimlərimizlə fəxr edirik. Fədakar alimlərin gərgin əməyi nəticəsində XX əsr Azərbaycan tarixinə ən şanlı və parlaq səhifələrini yazıldı. Azərbaycan SSR EA-nın tərkibinə Elmlər Akademiyasının yaranmasında və təşəkkülündə fəal iştirak etmiş görkəmli elm, mədəniyyət və texnika xadimləri: SSRİ Xalq artisti, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, professor Üzeyir Hacıbəyli daxil edilmişdi.
Azərbaycan bəstəkarları müharibə illərində 400 yeni əsər-marş, simfoniya, mahnı, opera və s. yaratmışlar. Üzeyir Hacıbəyovun "Şəfqət bacısı", "Qələbə himni", Səid Rüstəmovun "Cəbhəyə", Süleyman Ələsgərovun "Gözlə məni" mahnıları dillər əzbəri olmuşdu. Üzeyir bəy Hacıbəyovun “Azərbaycan xalq musiqisinin əsasları” fundamental əsəri elm sahəsində araşdırmalarında xüsusi yer tutaraq, 28 may 1919-cu il tarixli “İstiqlal” qəzetində “Azərbaycan türklərinin musiqisi haqqında” geniş məqaləsini dərc etdirmiş, “Türk-rus, rus-türk lüğəti”ni (1907), “Hesab məsələləri” (1908) dərsliyini nəşr etdirmişdir.
Üzeyir bəy gənclik illərində həmçinin tarixlə bağlı məqalələr və "Azərbaycan", "Maarif və mədəniyyət", "Kaspi", "Bakinskiy raboçiy" qəzetlərində dərc etdirirdi.
Biz gənclərin Akademiyanın təsisçi və banilərinin – Üzeyir Hacıbəyov kimi ilk Azərbaycan akademikinin xatirəsi qarşısında baş əymək mənəvi borcudur.
Günel Məlikli
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

