17.10.2025, 15:06 - Baxış sayı: 34

Heydər Əliyev və milli dövlətçilik


Müasir Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin dövlət və dövlətçilik barədə söylədiyi fikirlər öz aktuallığını hər zaman qoruyur və vaxt keçdikcə onların yeni aspektdə araşdırılmasına zəmin yaranır. Milli dövlətçiliyin yaranmasında aparılan siyasət, görülən tədbirlər ölkə liderinin illərlə apardığı müdrik işin və gərgin əməyinin nəticəsidir. Təkcə ictimai-siyasi, hüquqi məsələləri deyil, etik, əxlaqi-mənəvi dəyərləri özündə əks etdirən dövlətimiz gündən-günə daha da inkişaf edərək güclənir.

Məhz bu mənada sahəsindən və tutduğu mövqeyindən asılı olmayaraq, hər bir vətəndaş milli dövlətçiliyimizə sədaqətlə yanaşmalı və daim onun qorunmasında xidmət göstərməlidir. Ümummilli Lider Heydər Əliyevin dövlətçilik barədə dəyərli çıxışları, söylədiyi fikirlər təkcə hazırkı dövrümüz üçün deyil, bütün zamanlarda öz qüvvəsini saxlayaraq, gündən-günə daha da əzəmətli xarakter daşıyır. Bizim də məqsədimiz Ulu Öndərin sözlərinə istinad edərək, milli dövlətçilik anlayışı, onun funksiyası, ictimai-siyasi, fəlsəfi, hüquqi, etik, əxlaqi-mənəvi dəyərlər baxımından təhlil etməkdir.

Dövlətçilik ideyası müxtəlif ölkələrdə adət və ənənələrə uyğun olaraq formalaşır. Heydər Əliyevin başçılığı ilə yaranan milli dövlət isə təkcə siyasi bir qurum deyil, həm də Azərbaycan xalqına məxsus milli adət-ənənələri, etik, əxlaqi-mənəvi dəyərləri, sivil qanunları özündə əks etdirən, qoruyan və tətbiq edən ümumbəşəri bir ideyadır. Nəzərə almaq lazımdır ki, milli dövlətçilik digər ölkələrdən fərqli olaraq təkcə ictimai-siyasi, hüquqi və sosioloji məsələləri əhatə edən dövlət qurumu olaraq düşünülməməlidir. Çünki milli dövlətçilik tam, mükəmməl ideya olaraq bütün üstünlükləri əhatə edən ideal bir konsepsiyadır. Məhz buna görə də bu üstünlüklərə nail olmaq həmin ölkənin hər bir vətəndaşı üçün qürurvericidir.

Milli dövlətçilik ideyasını araşdırmazdan əvvəl yaxşı olar ki, "dövlət" sözünün lüğətdə və mövzuda işlənmə mənalarına diqqəti yönəldək. "Dövlət" ərəb sözü olaraq müxtəlif mənalara dəlalət edir. Dövlət latın dilində "status", ingilis dilndə "state", fransız dilində isə "etat" adlanır. Mövzuda işlənmə mənasına gəlincə dövlət dedikdə müəyyən torpaqda məskunlaşmış və müstəqilliyə malik olan insanlar qrupu nəzərdə tutulur. Dövlət tarixi inkişaf yolu keçmiş ictimai hadisədir və o, dəyişdikcə ona olan baxışlar da dəyişir. Bundan əlavə, dövlət müəyyən coğrafi ərazi daxilində məcburiyyət və gücdən düzgün istifadənin inhisarını saxlayan, həmçinin mərkəzləşdirilmiş hökumətə malik olan siyasi bir sistemdir. Ancaq milli dövlətçilik dedikdə geniş bir coğrafi əraziyə və bu ərazidə yaşayan, fəaliyyət göstərən və birlikdə yaşamaq kimi özünəməxsus kimliyə malik olan insanlar qrupu nəzərdə tutulur. Azərbaycan Respublikasında milli dövlətçilik ideyasının əsas prinsiplərinə gəldikdə isə bunu bir neçə aspektdə araşdırmaq zəruridir.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan milli dəyərlərin qorunması, təbliği, milli birlik, milli inkişaf və millətin əsas qayəsi olan yüksək etik, əxlaqi-mənəvi dəyərlər Ulu Öndərin çıxşlarında və tövsiyələrində özünü göstərir. Heydər Əliyev bu çıxışlarında və tövsiyələrində təkcə dövlət səviyyəsində deyil, bütün hallarda ölkədə mövcud olan milli dəyərlərin, həmçinin dövlət və dövlətçiliyin qorunmasını təkidlə bildirirdi və bu istiqamətdə atılan hər bir addımı dəyərləndirirdi. Bu çıxışları mütaliə etdikcə dövlət, milli dövlətçilik ideyasının və burada adət-ənənələrin qorunmasının təkcə bu günümüz üçün deyil, gələcək nəsillər üçün vacib və zəruri olduğunun şahidi oluruq. Ulu Öndər çıxışlarında dövlətin xalqa xidmət etməsini, dövlətin xalq üçün olmasını, həmçinin dövlət müstəqilliyimizin əbədi və möhkəm olmasını bildirirdi: "Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır", "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir".

Ulu Öndər Azərbaycan Konstitusiyasına istinad edərək, xalqın suverenliyini (maddə 2), xalqı təmsil etmək hüququnu (maddə 4), xalqın vahidliyini (maddə 5) rəhbər tutaraq müstəqil Azərbaycanın müasir dövlətçiliyinin əsaslarını yaratdı. Məhz bundan sonra dövlət və dövlətçilik anlayışlarında ictimai-siyasi müddəalarla yanaşı, həm də milli, hüquqi, etik, əxlaqi-mənəvi dəyərlər görünməyə başladı. Unutmamalıyıq ki, Ulu Öndər təkcə dövlət və hakimiyyət qurucusu deyildi, həm də bütün sahələrdə milli dövlətçilik adət-ənənələrini, hüquqi, etik, əxlaqi-mənəvi dəyərləri qoruyan, hər addımında bu ənənələrə sadiq, həm də bunların yerinə yetirilməsini tələb edən qüdrətli dövlət başçısı idi. O, hər bir çıxışında Azərbaycanın dövlət müstəqilliyini və bu müstəqilliyin əsasında yaranan milli dövlətçiliyimizi xalqımızın milli sərvəti olduğunu bildirirdi: "Azərbaycanın dövlət müstəqilliyi bütün Azərbaycan xalqının milli sərvətidir", yaxud "Azərbaycan dövləti indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində daim duracaq və bu müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır".

Milli dövlətçilik ideyasının əsas müddəalarından biri də azadlıq və demokratiya prinsipləri əsasında demokratik cəmiyyətin qurulmasıdır. Hər bir cəmiyyətin özünəxas prinsipləri mövcuddur. Lakin Azərbaycan dövlətçiliyində olan milli dəyərlər tamamilə fərqli xarakter daşıyır. Çünki bizim adət-ənənələrimizin çox qədim kökləri vardır. Bu adət-ənənələr zaman keçdikcə öz dəyərini daha da genişləndirərək, digər millətlərə də sirayət etmişdir. Məhz bunun nəticəsidir ki, doğma diyarımız çoxmillətli bir ölkə kimi beynəlxalq səviyyədə hörmətlə qəbul olunur. Dövlətimizin daxili və xarici siyasəti xalqımızın iradəsinin beynəlxalq arenada təsdiqinə, qarşıda duran tarixi vəzifələrin yerinə yetirilməsnə xidmət edir. Milli dəyərlərimiz təkcə ölkəmizdə deyil, ondan kənarda da rəğbətlə qarşılanır. Son illər ölkəmizdə beynəlxalq səviyyədə keçirilən bir çox tədbir, o cümlədən idman yarışları, konfranslar, ən əsası isə Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə dövlətimizin nə qədər güclü və qüdrətli olduğunu bir daha sübuta yetirdi.

Ulu Öndərin fəaliyyəti milli dövlətçiliyimizin qorunmasına və inkişaf etməsinə yönəlmişdi. O, dövlətçiliyin siyasi, hüquqi, etik aspektlərindən bəhs edərkən bir çox məsələyə diqqəti yönəldərək ən əsas məsələlərdən olan dövlət prinsiplərinin etik, əxlaqi-mənəvi dəyərlər əsasında qorunmasını bildirirdi: "Biz Azərbaycan dövlətçiliyini qorumağa qadirik və bundan sonra da qoruyacağıq".

Heydər Əliyev hər bir vətəndaşı mənsub olduğu ölkəsinə ləyaqətlə xidmət etməyi, baş verən hadisələr qarşısında biganə qalmamağı, vətəninə, dövlətinə sədaqətli olmağı tövsiyə edirdi: "Bizim ən böyük vəzifəmiz Azərbaycanda dövlət müstəqilliyini qorumaq, saxlamaq, möhkəmləndirmək, inkişaf etdirmək və onu əbədi etməkdən ibarətdir. Hər bir vətəndaş bunu qiymətləndirərək Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi üçün töhfəsini verməlidir". Yaxud "Bir var dövlət işi ilə məşğul olan adamlar, bir də var adi vətəndaş. Adi vətəndaş da əgər həqiqətən vətəndaşdırsa, vətənin övladıdırsa, deməli, öz Vətəninə, burada gedən proseslərə, dövlətinə biganə qala bilməz", - deyə Heydər Əliyev bildirirdi. Ulu Öndər qeyd edirdi ki, dövlət quruculuğunda nəinki tarixi və milli ənənələrimiz nəzərə alınır, həm də dünya təcrübəsindən, demokratik prinsiplərdən istifadə edilir.

Azərbaycanın dövlətçilik ənənələri özünəxas üstünlüklərə malikdir, çünki vətəndaşı olduğumuz ölkənin idarəetmə sistemi milli dövlətçilik prinsipləri ilə yanaşı, həm də hüquq və etik normaları özündə əks etdirir. Bu prinsip və normaların mövcudluğu və funksiyası hər bir azərbaycanlı üçün dəyərli olmaqdan əlavə, həm də məsuliyyət göstəricisidir. Məhz buna görə də hər bir vətəndaş fəaliyyət sahəsindən və tutduğu mövqedən asılı olmayaraq, idarəçilik sistemində müəyyən məsuliyyətə malikdir və bacardığı qədər öhdəsində olan məsuliyyəti tələb olunan qaydada yerinə yetirməlidir. Ulu Öndərin bu fikirləri hər zaman öz aktuallığını qoruyur: "Hər bir vətəndaş gərək ölkəsinin böyük siyasəti haqqında düşünsün, kiçik mənfəətləri, maraqları haqqında düşünməsin" və yaxud "Respublikamız artıq böyük bir dövlətdir. Bu dövləti biz öz gücümüzlə, vətənpərvər insanların gücü ilə qoruyuruq və qoruyacağıq. Azərbaycan xalqı azadlığını əldə etmiş xalq kimi yaşayacaq, öz müstəqil dövlətini quracaq, saxlayacaq və müstəqil Azərbaycan Respublikası əbədi yaşayacaqdır. Əgər bu gün qarşımızda duran vəzifələri layiqincə yerinə yetirsək, Azərbaycan xalqı, respublikası, müstəqil dövlətimiz üçün gələcəkdə daha gözəl şərait yarada bilərik".

Milli dövlətçiliyin digər üstünlüklərindən biri də ölkəmizdə yaşayan müxtəlif azsaylı xalqların dövlətimizin tərəqqisində və möhkəmlənməsində fəaliyyətidir. Ulu Öndər azsaylı xalqların hüquqlarına, onların adət-ənənələrinin qorunmasına xüsusi diqqət yetirirdi: "Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir". Ulu Öndərin nəzərincə, milli ideologiyamız təkcə tarixi keçmişlə deyil, həm də bu günümüzü və gələcəyimizi əhatə etməlidir: "Milli ideologiyamız tarixi keçmişimizlə, millətimizin adət-ənənələri ilə, xüsusiyyətləri ilə xalqımızın, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır". Milli ideologiyanın qorunması və daim fəaliyyətdə olması üçün çalışmaq və bu istiqamətdə fəaliyyət göstərmək çox çətin və məsuliyyətli bir öhdəlikdir. Çünki müəyyən prosesi keçirən dövlətlərdə rəhbərlik etmək istəyən şəxs çox təcrübəli, savadlı olmaqdan əlavə, həm də etik dəyərlərə, əxlaqi-mənəvi məsələlərə diqqətlə yanaşmalı, qəlbində vətəninə, ölkəsinə, dövlətinə qarşı ədalət, insaf, vicdan və sədaqət hissi olmalı və buna bütün fəaliyyətində əməl etməlidir: "İnsan mənəviyyatı üçün yaşamalıdır. Mənəviyyatını qoruyan, yaşadan insan əbədi olacaqdır. Xalqımız öz mənəviyyatına, dininə və ənənələrinə sadiqdir".

Doğma vətənimiz gündən-günə inkişaf edir. Hazırda ölkəmizin dünya birliyində özünəxas sözü və nüfuzu var. Məhz buna görə də Azərbaycan Respublikasının milli dövlətçilik ənənələri digər xalqların dövlətçilik sistemindən fərqlənir. Çünki milli ideologiyaya söykənən dövlətimiz Azərbaycan xalqının iradəsini, etik dəyərlərini, adət-ənənələrini əks etdirən fərqli idarəçilik sisteminə malikdir. Milli dəyərlərə əsaslanan dövlətimiz xalqımızın və burada yaşayan hər bir vətəndaşın ən böyük və şərəfli naliyyətidir.

Ölkəmiz çoxmillətli və müxtəlif xalqları özündə birləşdirən mədəni, sivil bir cəmiyyətdən ibarətdir. Kimliyindən, tutduğu mövqeyindən, irqindən, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının məqsədi dövlətimizi qorumaqdan ibarətdir. "Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyuruq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər üçün yaradaraq, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli vəzifə düşübdür və bunu layiqincə yerinə yetirməliyik. Güman edirəm ki, hər bir vətəndaş bu vəzifənin yerinə yetirilməsində öz yerini tapacaqdır", - deyə Heydər Əliyev bildirib.

Milli dövlətçilik ideyası təkcə bunlarla bitmir. Ümummilli Lider milli dövlətçiliyin möhkəmlənməsində hüquq normalarına əməl etməyin də zəruriliyini bildirirdi. Onun nəzərində Azərbaycan xalqının tutduğu bu şərəfli yol hüquqi cəmiyyətin qurulması deməkdir: "Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur". Heydər Əliyev mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşı məsuliyyətli olmağa çağıraraq, dövlətçiliyimizin qorunmasına dəvət edirdi: "Hamını Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsi, ölkəmizin gələcəyi, müstəqil Azərbaycan dövlətinin qüdrətlənməsi naminə fəaliyyətə, birliyə, əməkdaşlığa dəvət edirəm".

Milli dövlətçilik ideyasından bəhs edərkən hüquqi əsasları və etik meyarları unutmaq olmaz. Çünki qəbul olunan hər bir qərarda və verilən əmrdə təkcə milli maraqlar, idarəetmə üsulları deyil, həm də ictimai-siyasi, sosioloji məsələlər və ən əsası isə hüquqi əsaslar və etik meyarlar mövcuddur. Təbii ki, dövlətin yaranmasında hüquq və qanunların mövcudluğu əsas şərtlərdən biridir. Dövlət hər hansı bir fəaliyyətin yerinə yetirilməsində qanunlara söykənir. Məhz buna görə də əgər dövlət və dövlətçilik prinsiplərindən danışırıqsa, bu məsələdə hüquq və qanunlarla yanaşı, qanunverici dövlət anlayışına da diqqət yönəltməliyik. Qanunverici dövlət dedikdə qanunvericilik üçün nəzərdə tutulan dövlət təşkilatı nəzərdə tutulur. Ümummilli Lider çıxışlarında bildirirdi ki, Azərbaycanda demokratiyanı, milli dövlətçiliyimizi qorumaq və inkişaf etdirmək üçün bizim Konstitusiyamız var, qanunlarımız var. Məhz buna görə də milli dövlətin quruculuğunda hüquq və qanunlarla yanaşı, qanunverici dövlətin mövcudluğu və funksiyası əsas hesab olunur: "Hər bir şəxs Konstitusiyaya və qanunlara dönmədən əməl etməlidir, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməlidir, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir", - deyə Heydər Əliyev bildirib. Ulu Öndər nitqində Azərbaycanın demokratik və hüquqi dövlət olduğunu qeyd etməklə yanaşı, həm də insan azadlığının, söz, vicdan azadlığının, müasir plüralizmin təmin edilməsini bildirirdi: "Azərbaycan demokratik dövlətdir, hüquqi dövlətdir", yaxud "Respublikamızda hüquqi dövlət qurulması, demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan azadlığının, söz, vicdan azadlığının, müasir plüralizmin təmin edilməsi, çoxpartiyalı sistemin bərqərar olması bizim əvvəldən qəbul etdiyimiz prinsiplərdir".

Respublikamız milli dövlətçilik ənənəsinə sadiq qalaraq dövlət quruculuğunda siyasi, hüquqi, iqtisadi məsələlərlə yanaşı, etik meyarlara, milli adət-ənənələrə də xüsusi önəm vermişdir. Ulu Öndər hər bir çıxışında etik meyarlara əsaslanan dövlətçiliyimizi və bununla bağlı olan məsələləri önə çəkmiş və bu müqəddəs yolda maneələri aradan qaldırmağa qadir olduğumuzu bildirmişdir: "Bizim tutduğumuz yol doğru yoldur, düzgün yoldur, ədalətli yoldur, bu yolda biz bundan sonra da gedəcəyik, müstəqil Azərbaycanın dövlətçiliyini möhkəmləndirəcəyik, inkişaf etdirəcəyik və kim bu yolda bizimlə bərabərdirsə, o öz xalqına xidmət etmiş olacaqdır. Kim bu yolda bizə mane olacaqsa, o maneələri biz aradan götürməyə qadirik".

Milli dövlətçilik ideyasını ictimai-siyasi, hüquqi və etik prinsiplər baxımından təhlil edərkən belə nəticəyə gəlmək olar ki, dövlət və dövlətçilik anlayışlarında mühüm fərq vardır. Dövlət anlayışı ümumi mənada siyasi quruma şamil olunur, lakin milli dövlətçilik deyəndə burada çoxsaylı xalqları özündə birləşdirən, adət-ənənələrə əsaslanan, etik və əxlaqi-mənəvi dəyərləri əks etdirən milli sərvət nəzərdə tutulur. Təbii ki, belə bir milli sərvəti müəyyən bir dövrə aid etmək olmaz. Çünki bu, milli dəyərləri özündə ehtiva edən ideal bir konsepsiyadır ki, bütün dövrlərdə öyrənilməli və gələcək nəsillərə ötürülməlidir. Bu şərəfli və məsuliyyətli işdə siyasi xadimlərlə, hüquqşünaslarla, iqtisadçılarla yanaşı, elm sahiblərinin də üzərinə böyük məsuliyyət düşür. Hansı sahədə çalışmasından asılı olmayaraq, hər bir vətəndaş ölkənin, dövlətçiliyin inkişafı üçün əzmlə fəaliyyət göstərməlidir.

Ulu Öndər bütün vətəndaşları bu müqəddəs amal uğrunda mübarizə aparmağa və ölkəmizin, milli dövlətçiliyimizin qorunmasında ədalətlə, vicdanla xidmət etməyə çağırırdı. Onun hər bir nitqi və nəsihətləri müstəqil Azərbaycan Respublikasının, milli dövlətçiliyimizin inkişafına və qorunmasına yönəlmişdir.

Əntiqə PAŞAYEVA, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun "Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi" şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

“Azərbaycan” qəzeti