04.12.2025, 13:39 - Baxış sayı: 21

Türk dünyası diasporunun vizyonu


Xalqlar da coşqun sular kimi, dəryalar, dənizlər kimidir. Tarixin müxtəlif mərhələlərində qabarmaları, çəkilmələri olur. Uzun susqunluq və zahiri sükutdan sonra növbə mütləq türkündü, bu şansdan istifadə etmək, onu fövtə verməmək gərəkdir. Süquta uğrayan xalq həmişəlik məhvə məhkumdur. XX əsrin sonu, yeni yüzilliyin başlanğıcı türkün yeni intibah, tərəqqi illəridir.

Sancar Mülazimoğlu (TÜRKSOY)

Qloballaşan dünyada aktual hesab edilən, daha çox etnik-milli xarakter daşıyan terminlərdən biri də diaspor fenomenidir. Bu anlayışın hərtərəfli təhlili informasiya axınının gücləndiyi və miqrasiya proseslərinin intensiv xarakter daşıdığı müasir dövrdə vacib əhəmiyyət kəsb edir. Bu gün türklərin qədim və böyük mədəniyyəti Orxon-Yenisey, Qobustan, Anadolu abidələrində, “Dədə Qorqud”, “Manas”, “Koroğlu” dastanlarında, ölməz saz-söz sənətində, Daşkənd, Səmərqənd, Buxara, Almatı, Dərbənd, Şamaxı, Bakı, Gəncə, Şəki, Ərdəbil, Təbriz, İstanbul, Tarsus, Ərzurum, Trabzon, Ankara, Kərkük kimi əski şəhərlərin simasında yaşayır. Sadəcə olaraq ortaq işbirliyi, ortaq strateji, ortaq təşkilat, ortaq kültür-sənət birliyi yaratmaq gərəklidir ki, çağdaş dövrümüzdə gündoğandan günbatanacan səpələnən eyni soylu, eyni köklü xalqı birləşdirə bilsin. “Əgər, “Dədə Qorqud”, “Manas”, “Koroğlu” “Oğuz” dastanları bütün türklərindisə, Mövlanə Rumi, Yunis Əmrə, Qul Nəsimi, Qul Hümmət, Abdal Musa, Şeyx Bedrəddin, Füzuli, Əlişir Nəvai, Qaracaoğlan, Məhdimqulu, Abay, Əhməd Yəsəvi, Hacı Bektaş Vəli, Şeyx Şabani Vəli, İbrahim Hakkı, Pir Sultan Abdal, Şah İsmayıl, Dadaloglu, Dədəmoğlu, Sarı Saltuk, Qələndəroğlu, Baba İlyas, Aşıq Dərtli, Gövhəri, Karacaoğlan, Oljas Süleymanov, Bəxtiyar Vahabzadə, Şəhriyar, Çingiz Aytmatov, Turan Yazqan, Nihal Adsız, Sabir Rüstəmxanlı və minlərlə türk dilində yazıb yaradan fikir adamlarının hər biri türkündürsə, milli düşüncə, milli bilinc eyni kökdən qaynaqlanırsa, Türk dünyası bir bütündür. Türk Birliyini bu ana kök, ana qaynaq üzərində yenidən inşa etməliyik.

Diaspor anlayışı və mahiyyəti

Siyasi lüğətlərdə diaspor anlayışı yunan dilində “dia” söz önü ilə “speirein” sözünün birləşməsindən əmələ gəldiyi, səpələnmə, dağılma, yayılma, xalqın və ya etnik birliyin müəyyən hissəsinin yaşadığı ölkədən xaricdə olması mənasını ifadə etdiyi qeyd edilməkdədir. Tədqiqatçılara görə, antik yunan əsatirlərində, Heredotun və Sofoklun əsərlərində rast gəlinən “diaspor” termini əvvəllər pulu səpələmək, ordunu yaymaq mənasında işlənmiş, sonralar isə daha geniş məna kəsb etmişdi.

Bu termin ilk dəfə İudaizmin müqəddəs kitabı Bibliyanın yunan dilinə tərcüməsində insanların, etnik qrupların səpələnməsi mənasında işlənib. Bu anlayış ərəbcə “calayi-vətən” adlanır, vətənini tərk edən, öz el-obasından kənarda məskunlaşan anlamını daşıyır. Bu anlayışa ikili baxış mövcuddur: Birincisi, diaspor könüllü miqrasiya, rahat şərait qurmaq üçün yerdəyişmə, ticarət məqsədi və s. məqsədlər üçün vətənindən kənara üz tutan şəxsləri əhatə edir; İkincisi, diaspor məcburi miqrasiya, genosid təhlükəsi, iqtisadi və coğrafi kataklizmlərin təsiri nəticəsində əmələ gələn hadisə hesab edilir.

Diaspor anlayışı ilk dəfə e.ə. VI əsrin əvvəllərində işlənib. E.ə. 586-cı ildə babillər Yehudeya çarlığını fəth etdilər, Yerusəlim Məbədini dağıtdılar və ölkə sakinlərinin əksəriyyətini əsir apardılar. Bununla da Babilistan əsarəti yəhudi dövlətçiliyinin birinci mərhələsinə son qoydu, amma yəhudi xalqı İsrail torpağı ilə əlaqəsini kəsmədi. Babilistan çarlığında yəhudilər doğma torpaqlarını yaddan çıxarmamağa and içdilər: “Əgər mən səni unutsam Yerusəlim, qoy mənim sağ əlim qurusun, əgər Yerusəlimi öz sevincimin zirvəsinə yüksəltməsəm qoy dilim qırtlağıma yapışsın. Məbədin dağıdılması və bunun ardınca sürgün yəhudi diasporunun başlanğıcını göstərir. Elə o vaxtdan da yəhudi dini İsrail torpağından kənarda yəhudi diasporunun fəaliyyətində dini sistem və həyat tərzi kimi inkişaf etməyə başlayıb”.

Rus tədqiqatçısı N.Lebedeva diaspor termininin çərçivəsini daha da genişləndirir və “diaspor” anlayışının qədim zamanlardan mövcud olduğunu yazır. Bu termini dünyaya təzyiq nəticəsində səpələnmiş insanlara, köçürülmüş xalqlara, ticarətlə məşğul olanlara və əməkçi miqrantlara aid edir. Sonralar miqrasiya proseslərinə yeni baxış, miqrantların müxtəlif tipi üzrə “diaspor” anlamının klassik formasını rədd etdi və yeni, müasir “diaspor” anlamı yarandı. Eyni zamanda, tədqiqatçı alim müasir formanın varlığını xarakterizə etmək üçün öz tədqiqatında “diaspor” termini ilə yanaşı, “beynəlxalq icma” terminini də işlətməyi təklif edir. Diaspor tədqiqatçılarından olan V.Tişkova görə isə diaspor xidmət, müqavimət və intiqamın siyasi missiyasıdır. Diaspor əsasən mənşə ölkəsinin donorluğu hesabına yaranır. Ölkədən çıxış yoxdursa, diaspor yoxdur. Tədqiqatçı qeyd edir ki, “diaspor hər şeydən əvvəl siyasi, eyni zamanda, sosial miqrasiyadır. Diasporun yaranmasının əsas açarı isə etnik icma deyil, milli dövlətdir”. Başqa sözlə, diaspor etnik qruplardan fərqli olaraq özündə təkcə etnik mədəniyyəti deyil, həm də etnik siyasi məzmunu da daşıyır.

Rusiya tədqiqatçısı T.Poloskova diaspor konsepsiyası məsələsinə toxunaraq aşağıdakı əla-mətləri diasporlar üçün səciyyəvi hal hesab edir. Etnik identiklik, Mədəni dəyərlər və sosial-mədəni antitezanın etnik və mədəni kimliyin qorunmasında əks olunması.

Diaspor konsepsiyası üçün zəruri olanlardan biri də diasporların genezisi faktorlarının təhlil edilməsidir. Buradan belə nəticə əldə etmək olar: “Diaspor mədəni fenomen kimi şəxsiyyət və sosioloji mövqedən yaranır”. Deməli, diaspor probleminə bu nəticədən irəli gələrək iki aspektdən baxa bilərik. Xüsusi tarixi fenomen kimi, düşünülmüş həyat tərzinin seçimi kimi. Lakin bu məsələdə yaddan çıxarmamalıyıq ki, təcrübədə “endo diaspor” və “ekzo diaspor” anlayışları mövcuddur. Endo diaspor ölkədən köç etmiş insanları bildirir. Ekzo - diaspor isə heç bir zaman vətənində yaşamayan insanlar anlayışı deməkdir. Endo - diaspor ilk vaxtlar mühacirət edən və ölkəsilə əlaqəni itirməyən insanların nəvə-nəticələridir. Bu fərqlər isə hər iki endo və ekzo diasporlar arasında olan qurumlar və təşkilatlar arasında da özünü büruzə verir.

V.Şnirelman “Diaspor mifləri” adlı məqaləsində “diaspor” anlayışını belə xarakterizə edib: “Diaspor anlayışını mən insanların xoşagəlməz şərait-müharibə, aclıq, zorakı deportasiyalar nəticəsində səpələnməsi kimi başa düşürəm. Bu proses insanlarda milli hisslərin tapdanması, utancaqlıq, təhqir olunma ilə müşayiət olunur və onlara psixoloji baxımdan ağır zərbə vurur”.

Diaspor anlayışının mahiyyətini açıqlamağa çalışan tədqiqtçılar klassik və modern anlayışlardan bəhs edirlər. Klassik anlayış savaşlar və işğallar nəticəsində öz ana yurdlarından köç etdirilmiş, öz vətənlərindən sürgün olunmuş etnik-milli qrupların dünyaya səpələnməsi və icma şəklində yaşamaları və təşkilatlanmaları bildirirsə (yəhudi diasporları kimi), modern anlayışa isə qloballaşma, əmək miqrasiyaları nəticəsində formalaşmış diasporlar daxildir. Yəni diaspor anlayışının mənası siyasi, iqtisadi və sosial dəyişikliklər nəticəsində zaman keçdikcə dəyişməyə başlamışdır. Diasporun klassik izahını verən Safrana görə bir topluluğun diaspor ola bilməsi üçün bəzi xüsusiyyətlərə malik olması zəruridir. Bunlar; ana vətənlərindən iki və ya daha çox bölgələrə dağılmış; ana vətənləri (fiziki-coğrafi mövqe, tarix və ya uğrlar) haqqında ortaq bir hafizə, vizyon mifi, gələcək təsəvvürü, sürdürən; getdikləri ölkə xalqları tərəfindən qəbul edilmədiklərindən və edilməyəcəyini bildiklərindən, yadlaşdıqlarına və ötəkiləştirildiklərinə inanan; bir gün şərtlər uyğun olduğunda ana vətənlərinə geri dönəcəklərini düşünən; bir gün ana vətənlərini qorumağa və bərpa etməyə, təhlükəsizlik və rifahına nail olacaqlarına inanan, ana vətənləri ilə bağları və əlaqələri müxtəlif şəkillərdə davam edən etnik-tarixi və ictimai şüurları və həmrəylikləri olan cəmiyyətlərdir. Klassik diaspor anlayışına görə diaspor, köç etmək məcburiyyətində qalaraq dağılan və geri dönmənin bir mif olduğunu bilən qruplardır. Yəni ki, diaspor üzvləri ilə köç edərək yaşadıqları ölkə xalqları ilə bütünləşmənin olmadığı, əksinə aralarında siyasi, etnik, tarixi, kültürəl sərhədlərin olduğu görünməkdədir. Klassik diaspor anlayışının təməlində ana vətənə qayıtma istəyi ilə bərbər, yurdsuz qalmanın verdiyi acı, uyğunlaşmaq prosesinin gətirdiyi çətinliklər ortaq kollektiv bir şüurun meydana gəlməsinə səbəb olur ki, bu da diasporun yaranmasına zəmin olur. Klassik diaspor iki təməl üzərində formalaşmışdır. Ana vətəndən travmatik qopma. Ana vətənə geri dönüş mifinin zehinlərdə yer tutması. Modern diaspor anlayışını isə Cohen belə xarakterizə etmişdir. Ana vətəndən iş tapmaq, ticarət və ya başqa kolonial məskunlaşma məqsədi ilə yayılmaq; vətənin müxtəlif səbəblərdən yaşanılmaz vəziyyətə düşməsi və ya başqa ölkələrdəki eyni etnik qrup üzvləri ilə empati və ortaq məsuliyyət duygusu; multikulturalizm siyasəti və kültürü olan ölkələrdə özünə məxsus yaradıcı, zənginləşdirici bir yaşam sürdürmə mümkünlüyü modern diasporaları yaradan səbəblərdir. Çağdaş diaspor qrupları təbii fəlakətlər, qıtlıq, işsizlik, ana vətəndəki siyasi sistemdən narazılıqlar və.s səbəblərlə ana vətən xaricindəki yer və bölgələrdə yaşayan; daha öncə gedən miqrantları izləyərək ölkə seçimi edən, gedilən ölkədə asimilyasiya olmadan inteqrasiya edilən və güclü bir kimlik bilincinə sahib olan; dağınıq vəziyyətdə olmalarına rəğmən, həm öz içlərində, həm ana vətənlə qurulan əlaqələr vasitəsilə öz kimliklərini, kültürlərini qoruyan və inkişaf etdirən; nəsildən nəsilə öz milli bilinclərini və kimliklərini axtaran, kültürəl, siyasi, dini, peşə dərnək və bənzəri quruluşlarla hem getdikləri ölkədən həm də ana vətənlərindən müstəqil bir sosial quruluş olmağa çalışan qruplardır.

Bəzi tədqiqatçılara görə diaspor müqəddəs qəbilə toplumuna aid bir ana vətən həsrətində olan, dağılmamış, zorla yurdundan uzaqlaşdırılmış insanların məqsəd birliyindən çox, qarışıq və ya heterogen kimlikləri barındıran keçici və daim dəyişən sosial və kültürəl varlıqdır. Qloballaşma prosesi ilə artan iş və təhsil fürsətləri də müasir diasporların formalaşmasına səbəb olmuşdur.

Rusiyada işıq üzü görən “Diaspor” jurnalında qeyd edildiyi kimi, müasir ədəbiyyatlarda diaspor terminindən həddindən çox müxtəlif proseslərin izahında istifadə olunsa da, “universallığı” bildirilsə də, təyinatı etnik qrupun vətəndən kənarda məskunlaşmasında görünür və “milli icma”nın statusu ilə üst-üstə düşür.

Göründüyü kimi, çağdaş diaspora qavramı qloballaşmanın genişlənməsi, yayılması və dövlətlərin zəifləməsi ilə hər cür köç və dağılma, yayılma nəticəsində ortaya çıxan qrupları və icma fəaliyyətlərini ifadə edir. Son illərdə diaspor qlobal güclərin siyasi, iqtisadi və kültürəl fəaliyyətlərinin icraçılarına və önəmli vasitələrindən birinə çevrilmişdir.

Müasiri olduğumuz əsrdə prioritet sayılan, XXI əsrdə qloballaşan dünyada funksiyası əhəmiyyətli dərəcədə artan diaspor fəaliyyəti planetin hər yerində aktual məsələyə çevrilmişdir. Artıq diaspor vətəndən kənarda yaşayan hər bir xalqın sosial-mədəni “milli ordusu” və ya “milli atributu” halına gəlmişdir.

Türk diferensasiya çağı. Türk dünyasını gözləyən təhlükələr

Çindən Adriatikədək geniş sahədə məkan-kültür ilişkisi, zehin hinterlandı, iqlim, topoqrafiya, istehsalistehlak əlaqələri, sosial psixologiya, inanc, davranış formaları, təbiət və əşyanı qavrama biçimlərinin bir bütünü olan Turan-Türk sivilizasiya Hinterlandı 350 milyon türkün yaşadığı 10 milyon kv.km.lik bir coğrafiyanı əhatə edir.

Türklər tarix boyu bu coğrafiyada İslam öncəsində və ortaçağ İslam dönəmindən günümüzə qədər çox saylı boy və qolları vasitəsilə - Hun imperatorluqları (Asiya Hunları, Qərb-Avropa Hunları, Orta Şərq Hunları), Tabğac Dövləti, Göytürklər (I Göytürk Xaqanlığı, Şərqi Göytürk Xaqanlığı, Qərbi Göytürk Xaqanlığı, II Göytürk Xaqanlığı), Uyğurlar (Uyğur Xaqanlığı, Kançou Uyğur Dövləti, Şərqi Türküstan Turfan Uygur dövləti), Qırğızlar, Türgişlər, Oğuzlar, Sabar Dövləti, Avar Xaqanlığı, Xəzər Xaqanlığı, Peçeneqlər, Uzlar və Kuman Qıpçaqları, Bulqar-Oğurlar (Böyük Bulqariya, Dunay Bulqar Dövləti, İtil-Volqa Bulqar Dövləti), 14 imperatorluq, 400 irili xırdalı dövlət, xanlıq, bəylik sistemləri qurmuşlar. Orta çağ İslam dönəmində, XVI əsrdən etibarən türk xalqları geniş coğrafiyalara - Hindistan, orta və ön Asiya torpaqlarına - Anadolu, İran, Ərəb yarımadası, indiki Rusiya torpaqları, Afrika coğrafiyalarına yayldığı üçün bifurkasiya (haçalanma, bir neçə qollara ayrılma) prosesi keçirmiş, Hindistanda Babur, İranda Qəznəvi, Səlçuklu, Elxanlı, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Avşar, Qacar, Anadoluda Osmanlı, Xəzərin quzeyindən başlamış Volqa-Ural Sibirə qədər yayılmış Qızıl Orda imperatorluqları quraraq Türk sivilizasiyasını kürəsəl sosio-kültürəl super sistem, kürəsəl güc səviyyəsinə çatdırmışlar.

Abbasilərdən başlayaraq XX əsrin əvvəllərinə qədər Türk Loqosu İslamla sintez olunaraq, unikal Türk-İslam sivilizasiyasını qurmuş və yüksəltmişlər. Türk Loqosu min il sosio-kültürəl super sistem kimi üç qitəyə hökm edən kürəsəl güc olmuşdur. Lakin təəssüflər olsun ki, günümüzə qədər Türk Sivilizasiya Hinterlandında türk millətini, türk sivilizasiyasını çöktürən çox saylı layihələr həyata keçirilməkdədir. Yaxın və Orta Şərq coğrafiyalarında məskunlaşaraq, imperatorluqlar, bəyliklər, ulus dövlətləri quran türklərin hakim olduqları ərazilər bir sıra dövlətlər tərəfindən bölünmüş, türk cografiyasının daralması prosesi getmişdir.

1.İmperatorluqların (Qızıl Orda, Osmanlı, Qacar, Babur) dağıdılmsı və ərazilərinin bölüşdürülməsi.Türk dövlətlərinin ləğv edilməsi, türklərin hakimiyyətinə son verilməsi və ikinci qrup azınlıq halına salınması. Hind-Avropa qrupuna məxsus xalqların türk coğrafiyalarında dövlətlərinin qurulması prosesinin aparılması.

2. XX əsrin sonlarından etibarən, Türk Ulus Dövlətlərinin dağıdılmasına cəhd edilməsi.

3. Dövlətlərini itirərək azınlıq durumuna salınmış türklərin assimilyasiya, etnik təmizləmə və soyqırıma uğradılması ilə torpaqlarının mənimsənilməsi.

XX əsr boyu Çindən Adriatikə qədərki coğrafiyada Türk etnik-milli Hinterlandı parçalanmışdır. Belə ki, bir tərəfdən türk imperatorluqları çöktürülərək əraziləri işğal edilmişsə, o biri tərəfdən türk milləti həm Avropa modernizm ideyalarının təsiri ilə, həm də Çar Rusiyasının, sonra isə Sovet Rusiyasının çökməsi ilə başlanan coğrafiyalar üzərindən dövlətləşmə, millətləşmə prosesinə qədəm qoymuşlar. Coğrafiyalar üzərindən dövlətləşmə, millətləşmə prosesi türk millətini fərqli kimliklər formalaşdırmaq məcburiyyətində buraxmışdır. XX əsr boyu qurulan hər türk dövləti özünəməxsus bölgəsəl, coğrafiya mərkəzli millət, dil, əlifba, tarix, kimlik yaratmışdır. Nəticədə türk millətinin tarix hafizəsindəki vahid türk milləti təsəvvürü dağılmış, türk mədəniyyətinin, millətinin bir bütün olaraq dərk edilməsi, vahid orqanizm kimi, sosio-kültürəl sistem kimi təsəvvür edilməsi prosesi dayanmışdır. Məhz buna görə də biz XX əsri vahid türk millətinin, Türk dünyasının, türk tarixinin, dilinin, əlifbasının parçalandığı dövr, türk tarixinin diferensiasiya çağı adlandırırıq.

Diferensiasiyadan inteqrasiya prosesinə keçid. Türk İnteqrasiya Çağında Türk Diasporunun inşası prosesi və vəzifələri.

Günümüzdə Türk Dövlətlər Təşkilatının (TDT) yaradılması ilə, Türk-İslam sosio-kültürəl super sistem kimi min il kürəsəl güc olaraq Asiya, Afrika və Avropa qitələrindəki siyasi və mədəni proseslərə dərindən nüfuz edən, yön verən Türk Loqosunun XXI yüzil tarixi proseslərinə yenidən daxil olması çağı başlanmışdır.

XXI əsr kürəsəl güc olan Qərb dünyasının (Avropa və Amerika) Avropa sərhədlərinə çəkilməsi, lokalizə edilməsi çağıdır. Türk-Turan dünyasının güc mərkəzi kimi yenidən şəkillənməsi çağıdır.

SSRİ-nin 1991-ci ildə dağılmasından sonra, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan müstəqilliklərini elan etdilər və Türkiyə də daxil olmaqla, bu dövlət və cəmiyyətlər arasında minlərcə illik tarixi, kültürəl birlik Türk Dövlətləri Birliyinin təməlini təşkil etmişdir. Türk kimliyinin inşası prosesi türk diasporunun fəaliyyətinin yenidən qurulması və yüksəlməsi zərurətini doğurmuşdur. Türk dövlətlərində tarix boyu ulus üstü və ulus altı kimliklərlə yoğrulmuş milli kimlik çox qatlı sosial əlaqələr və sintezlərdən keçərək formalaşmışdır. SSRİ-nin çöküşündən sonra ortaya çıxan ideoloji və kültürəl boşluğu dolduran tək görüş Türkçülük olsa da, xeyli müddət “Sovet təsirindən arındırılmış” millət dövlət kimlikləri Azərbaycanlı, Qazax, Qırğız,Özbək, Türkmən təsəvvürləri və onun da yanında İslam, Türklük, Avrasiyaçılıq, Asiyaçılıq kimi ulus üstü kimliklər qabardılmışdır. Lakin 1991-ci illdən etibarən, müstəqil Türk dövlətləri arasındakı bölgəsəl təşkilatların qurulması, iqtisadi-siyasi inteqrasiya prosesinin qarşısıalınmaz şəkildə inkişafı türk dövlətlərində türk kimliyinin inşası prosesini sürətləndirmişdir. Türk kimliyinin inşasında və Türk Birliyinin formalaşmasında türk diaspor təşkilatlarının ortaq fəaliyyətləri və iş birlikləri də önəmli rol oynamışdır. Türk Birliyinin qurulması prosesi diaspor fəaliyyətləri sahəsində də özünü göstərmişdir.

Orta Asiyadan Balkanlara, Orta Şərqdən Qafqaza qədər geniş bir coğrafiyaya səpələnmiş böyük bir əhaliyə və minlərlə illik köç və miqrasiya təcrübələrinə malik olan Türk Milləti və Türk Dövlətləri diaspor quruculuğuna və ortaq diaspor fəaliyyətlərinə son illərdə diqqət yetirməyə başlamışlar. Bu istiqamətdə 2009-cu ildə Türkiyə, Azərbaycan, Qırğızıstan və Qazaxıstan tərəfindən qurulan, 2019-cu ildə Özbəkistanın da üzv olması ilə güclənən Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində “Türk Dili Danışan Diasporlar” başlığı ilə fəaliyyət göstərilməkdədir.

Üzv dövlətlərin mövqelərinin beynəlxalq səviyyədə gücləndirilməsi və türk xalqlarının-yaşadıqları xarici ölkələrin ictimai rəyi üzərində təsiredici gücə sahib olması Türk Dövlətləri Təşkilatının diaspora fəaliyyətində əsas prioritetdir. 2012-ci ildə Nyu-Yorkda TDT Xarici İşlər Nazirlərinin görüşmələrində Türk diasporasının bərabər şəkildə hərəkət etmələri qərara alınmışdır. Bu qərara uyğun olaraq Türk diaspor təşkilatları Bakı-2013, Ankara-2013, Ankara-2018, Türkmənistan-2019, Bursa-2022-ci illərdə birlikdə konfranslar keçirərək ortaq qərarlar almışlar. Eyni zamanda Türk Diasporları arasında sıx işbirliyini artırmaq məqsədilə bu günə qədər beş təmas qrupu iclasları keçirilmişdir. Həmçinin də, 2013-cü ildə Türk Diaspora Ortaq Fəaliyyət Strategiyası qəbul edilmişdir. 2013-cü ildə Bakıda keçirilən TDT Diaspora forumunda 50 ölkədən 600-dən çox türk diaspor təmsilçiləri iştirak etmiş, TDT-nin siyasi, iqtisadi, kültürəl əlaqələrinin və iş birliyinin həyata keçirilməsində diasporun aktiv iştirak etməsi qərara alınmışdır.

Türk dövlətləri arasında iş birliyinin qurulmasında diaspor fəaliyyətinin gərəkliliyi 2009-cu ildəki Naxçıvan müqaviləsində əks olunmuş “Məqsədlər və vəzifələr” bölməsində əks olunmuş - Ortaq mənfəətlərin olduğu xarici siyasət məsələlərində ortaq mövqe qoymaq, beynəlxalq hüquq tərəfindən tanınan prinsip və normalara uyğun olaraq hüququn üstünlüyü, insan haqları və təməl azadlıqların qorunması, türk xalqlarının sahib olduqları zəngin kültür və tarixi mirasın dəyərləndirilməsi, kütlələrə tanıdılması zərurəti diaspor fəaliyyətinin hüquqi və siyasi zəminini təşkil edir. Türk dövlətlərinin qeyri türk dövlətlərində yaşayan diasporlarının güc birliyinin qurulması da xüsusi qeyd edilmişdir.

TDT-nın diaspor fəaliyyətində - siyasi, iqtisadi, gömrük, nəqliyyat, turizm, informasiya və media, gənclik və idman, informasiya texnologiyaları, enerji, köç və miqrasiya, səhiyyə, əkinçilik, məhkəmə, insan qaynaqları və inkişafı, müsəlman dini qurumları arasında birlik, beynəlxalq təşkilatlar sahəsində iş birliyinin qurulması, ortaq strategiyanın həyata keçirilməsi qərara alınmışdır.

Ortaq strategiyanın əsas məqsədləri aşağıdakılardır. Diasporların ana vətənlərinə bağlı və ana vətənləri ilə dayanışma içində olmalarının təmin edilməsi, kültürləri və mənəvi dəyərlərini qoruyaraq olduqları ölkələrdə vətəndaşlıq alınmasına nail olunması, olduqları ölkənin sosial-siyasi həyatına qatılma səviyyəsinin yüksəldilməsi, iqtisadi baxımdan rəqabət güclərinin artırılması və türk iş insanları arasında iş birliyinin qurulması, Türk dünyası əleyhinə yeridilən təbliğatların qarşısının alınması, türk dövlət və xalqlarının kültür və dəyərlərinin dünya ictimai rəyində tanıdılması və təbliğ edilməsi, yaşadıqları ölkələrdə təhsil səviyyələrinin yüksəldilməsi, xarici ölkələrdə güclü türk lobbisinin yaradılması, türk diasporlarının ortaq təcrübələrindən türk milli maraqlarının qorunmasında istifadə etmək, türk dövlət və xalqlarının mənfəətlərinin qorunması, türk dövlət və xalqları arasında ayrılıqları ortadan qaldırmaq, birlikdən qüvvət doğar anlayışı ilə hərəkət etmək, türk dövlətlərinin uğurlarının və kültürəl dəyərlərinin dünyaya tanıdılması, iqtisadi potensiallarının diasporlar tərəfindən olduqları ölkələrdə tanıdılması, Türk dünyasına yönəlik təhdid və təhlükələrin qarşısını almaq.

Qeyd etməliyik ki, ortaq türk diaspor fəaliyyətləri, ortaq hədəflər 2021 İstanbul Zirvəsində və 2022 Səmərqənd Zirvəsində qəbul edilən “2040 Türk dünyası Vizyon Bəlgəsi”ndə daha da təkmilləşdirilmiş, Akademik diasporanı fəallaşdıraraq Türk dünyasındakı təhsil və elm qurumlarına dəstək vermələrinə nail olmaq, TDT-nin layihə və proqramlarında aktiv iştirakının təmin edilməsi, türk xalqları arasındakı kültürəl, dil və sosyal bağların gücləndirilməsi qərara alınmışdır. Türk dünyası diasporası bir çox dövlətlərdə yaşayan Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Macarıstan və KKTC toplumlarını və bir sıra coğrafiyalardan üçüncü dövlətlərə köç etmiş diaspor güclərini də içinə qataraq birləşdirə biləcək genişliyə sahibdir.

Burada xatırlatmalıyıq ki, Türk Dövlətləri Təşkilatının və diaspor fəaliyyətinin Türk kimliyi üzərindən inşası, TDT üzvləri olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan dövlətlərinin ayırıcı coğrafiya mərkəzli etnik-tayfa kimliyini arxa plana atmış, bütünləşdirici, üstün, aparıcı aktor olan türk milli kimliyi türk dövlətlərini birləşdirən gücə çevrilmişdir. Artıq günümüzdə TDT içində inteqrasiya prosesi, kültürəl iş birliyi türk dili və türk kimliyi üzərindən aparılmaqdadır. Artıq SSRİ-dən qopmuş müstəqil türk dövlətləri əski sovet kimliklərini tərk etmişlər və TDT çərçivəsində öz türk kimliklərini təsbit etmişlər.

Son 30 ildə türk kimliyinin inşası və Türk Dünyası İnteqrasiya prosesinin sürətləndirilməsi, ortaq diaspora fəaliyyətlərinin yeridilməsi məqsədilə bir çox Türk dünyası dövlətlərarası təşkilatlar qurulmuşdur. Bu təşkilatlardan biri TÜRKSOY-dur.

Uluslararası Türk Kültürü Təşkilatı (TÜRKSOY) 1993-cü ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyə Mədəniyyət Nazirlərinin birlikdə yaratdıqları bölgəsəl təşkilatdır və bir sıra müşahidəçi üzvləri vardır. TÜRKSOY-un fəaliyyəti üzv dövlətlərin mədəniyyət nazirlərindən təşkil olunmuş Daimi Konsey tərəfindən müəyyənləşir və baş katibliyi tərəfindən icra edilir. Türk xalqlarının könül birliyini və qardaşlığını gücləndirmək, ortaq Türk kültürünü gələcək nəsillərə ötürmək və dünyaya tanıtdırmaq məqsədilə fəaliyyət göstərən TÜRKSOY-un “Türk Kültür Paytaxtları” projesi Türk kimliyi acısından çox önəmlidir. 2012-ci ildə Astana (Qazaxıstan), 2013-cü ildə Əskişəhər (Türkiyə), 2014-cü ildə Kazan (Tatarıstan), 2015-ci ildə Merv (Türkmənistan), 2016-cı ildə Şəki (Azərbaycan), 2017-ci ildə Türkistan (Qazaxıstan), 2018-ci ildə Kastamonu (Türkiyə), 2019-cu ildə Oş (Qırğızıstan), 2020-ci ildə Hivə (Özbəkistan), 2022-ci ildə Bursa (Türkiyə) və 2023-cü ildə Şuşa (Azərbaycan) Türk dünyasının kültür mərkəzləri elan edilmişlər.

Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA), 21 noyabr 2008-ci ildə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin parlament sədrlərinin imzası ilə qurulmuşdur və katibliyi Bakıda fəaliyyət göstərir. Türk dövlətlərinin parlamentləri arasında əməktaşlığı və iş birliyini artırmaq, parlament diplomatiyasını gücləndirmək məqsədilə qurulan TÜRKPA, Türk Dünyası İnteqrasiya prosesində aktiv iştirak edən bir qurumdur. Türk Dövlətləri Təşkilatı (TDT), Türk dünyası ilə bağlı fəaliyyət göstərən ən önəmli təşkilatdır. Türk dünyasının inteqrasiyası ilə bağlı bütün təşkilatları öz adı altında birləşdirən və əlaqələndirən TDT-nın təməli Türkiyə Cümhuriyyətinin prezidenti Süleyman Dəmirəl tərəfindən 30-31 oktyabr 1992-ci ildə Ankarada kecirilən “Türk Dili Danışan Dövlətlərin Dövlət Başçıları Zirvəsi”ndə atılmışdır. Zirvə görüşündə Azərbaycan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Qazaxıstan və Türkiyə Cümhuriyyətlərinin iştirakı ilə “Ankara Bildirişi” yayınlanmışdır. 1995-ci ilin avqustunda Bişkəkdə keçirilən Zirvə görüşündə Türk xalqlarının böyük kültür və tarixi mirasının qorunması və bu məqsədlə ortaq iş birliyi qurmaq zərurəti qeyd edildi. 1998-ci ildə Astanada keçirilən zirvə görüşündə TDT-nın Katibliyi yaradıldı və 3 oktyabr 2009-cu ildə Naxçıvan müqaviləsi ilə qurulan TDT-na Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə üzv, Türkmənistan və Macarıstan isə müşahidəçi üzvlər kimi qatıldılar. 2009-cu ildə qurulan “Türk Dili Danışan Dövlətlər İşbirliyi Konseyi” təşkilatı 2021-ci ildə Dövlət Başçıları Zirvəsində adını dəyişdirərək “Türk Dövlətləri Təşkilatı” (TDT) adlandırılmışdır.

Türk İş Konseyi. TDT-nın 16 sentyabr 2010-cu il tarixində İstanbulda keçirilən Zirvəsində Dövlət Başçılarının qərarı ilə yaradılmış, 20 oktyabr 2011-ci ildə Almatı şəhərində keçirilən iclasda Türk İş Konseyi quruluş andlaşması imzalanmışdır. Bu qurumun yaradılmasında əsas məqsəd Türk Dövlətlərinin İş dünyasının Türk İş Konseyi adı altında birləşdirilməsidir.

Uluslararası Türk Akademiyası (TWESCO), 2009-cu ildə Naxçıvanda keçirilən TDT toplantısında prezident Nursultan Nazarbayevin təklifi ilə 25 may 2010-cu il tarixində Astanada qurulmuş, 2014-cü ildən etibarən beynəlxalq təşkilata çevrilmişdir.

Türk Kültür və Mirası Vəqfi 2012-cu ildə Qırğızıstanın Bişkək şəhərində TDT iclasında qurulmuşdur. Mərkəzi Bakıda yerləşən Vəqfin vəzifəsi türk kültürünü və mirasını qorumaq, araşdırmaq və dəstəkləməkdir.

Türk Yatırım Fondu 11 noyabr 2022-ci ildə Səmərqənddə TDT-nın 9 zirvəsində TDT prezidentlərinin qərarı ilə yaradılmışdır. Türk Yatırım Fondu TDT üzv olan dövlətlərin iqtisadi potensiallarını hərəkətə keçirərək aralarındakı ticari və iqtisadi iş birliyini gücləndirməsi, kiçik və orta ölçülü işlətmələri maliyyələştirməsi, üzv dövlətlərdə təşəbbüskarlıq, böyümə, innovasiyaları tətbiq etmək, sosial-iqtisadi yüksəlişi təşviq etmək məqsədilə yaradılmışdır.

Göründüyü kimi, SSRİ-nin çöküşündən sonra 1991-ci ildən etibarən, türk dövlətləri arasındakı əlaqələr inteqrasiya prosesinə qədəm qoymuşdur və 1993-cü ildə Türksoyun qurulmasından 2022-ci ildə Türk Yatırım Fondunun qurulmasına qədərki dövrdə TDT, TÜRKSOY, TÜRKPA, Türk Akademiyası, Türk Kültür və Miras Vakfı kimi təşkilatlar qurulmuş, Türk dünyasının birliyi istiqamətində böyük işlər görülmüşdür ki, bu da Türk Dünyası çalışmalarının önəmli bir qolu olan Türk Diasporunun inkişafı üçün bir təməl yaratmışdır.

Yasəmən Mahmudova Qaraqoyunlu, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi

https://science.gov.az/az/news/open/34258