02.03.2026, 13:30 - Baxış sayı: 35

Türk Mədəniyyətini Araşdırma İnstitutunun direktoru, prof. Ahmet Bican Ercilasunla müsahibə


Azərbaycan Prezidenti İlham Əliyev "Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında" 2025-ci il 22 oktyabr tarixində sərəncam imzalayıb. Sərəncamda qeyd edildiyi kimi, Bakı şəhəri XX əsrin əvvəllərindən intellektual həyatın yüksək səviyyəsi ilə seçildiyi və dünya türkologiyasının nüfuzlu mərkəzlərindən biri kimi tanındığı üçün Birinci Türkoloji Qurultaya ev sahibliyi edib. Beynəlxalq elmi konfransda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti və digər ölkələrdən gəlmiş tanınmış elm adamları iştirak edib və məruzələri dinlənilib.

- Türkoloji Qurultay Türk xalqlarının milli kimliyinin formalaşmasında hansı rolu oynadı?

Bu gün burada türkoloji elmin gələcəyi və onun məqsədyönlü əsasları haqqında danışmaq mənim üçün böyük şərəfdir. Türkologiya yalnız dilçilik sahəsi deyil, o, türk dünyasının ümumtürk mədəniyyətinin dərki,tarixi yaddaşı, mədəni kimliyi və gələcək inkişafının elmi təminatıdır.Türk dilləri minilliklər boyu geniş coğrafiyada formalaşmış, zəngin yazılı və şifahi irs yaratmışdır. Lakin müasir kürəsəlləşmə şəraitində dillərin assimilyasiya riski, terminoloji pərakəndəlik və elmi əlaqələrin zəifliyi bizi daha sistemli  düşünməyə vadar edir. Buna görə də türkologiyanın inkişafı planlı və uzunmüddətli proqramlara əsaslanmalıdır.

- Türk xalqlarının mədəni elmi birliyinin əlaqələndirməsinə necə təsir edir?

Qurultay miqyasında əməkdaşlıq bu baxımdan mühüm əhəmiyyət daşıyır. Türk dünyasının müxtəlif ölkələrində fəaliyyət göstərən alimlər ortaq elmi platformada birləşməli, vahid terminologiya üzərində işləməli, ortaq layihələr həyata keçirməlidirlər. Bu yalnız elmi nəticələrin keyfiyyətini artırmayacaq, həm də türk xalqları arasında mədəni əlaqəni gücləndirəcəkdir.

- Konfransda ortaq türk əlifbası məsələsi, rəqəmsal dövrdə türk dillərinin qorunması üçün hansı layihələr var?

Əsas istiqamətlərdən biri ortaq əlifba və ortaq elmi ünsiyyət mühitinin formalaşdırılmasıdır. Latın qrafikalı ortaq əlifba təşəbbüsləri türk dilləri arasında qarşılıqlı anlaşmanı artıracaq, elmi ədəbiyyatın mübadiləsini asanlaşdıracaqdır. Bununla yanaşı, rəqəmsal ehtiyatların yaradılması – ortaq lüğətlər, elektron korpuslar və məlumat bazaları – gələcək nəsillər üçün möhkəm elmi zəmin yaradacaqdır.

- Hazırkı Konfransda gənc tədqiqatçılara hansı imkanlar təklif olunur?

Gənc tədqiqatçıların yetişdirilməsi də üstün istiqamətlərdəndir. Türkologiya yalnız keçmişi araşdırmaq deyil, həm də gələcəyi qurmaq missiyasını daşıyır. Bu səbəbdən universitetlərarası əməkdaşlıq proqramları, ortaq konfranslar və elmi mübadilə layihələri genişləndirilməlidir.

- Türk döblətləri arasında elmi iş birliyi necə gücləndirilə bilər?

Bu Konfransın yenidən Bakıda keçirilməsi ortaq tarixi və fəlsəfi köklərə və milli-mənəvi dəyərlərə malik olan türk xalqlarının bu gün qarşılıqlı əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsi üçün böyük perspektivlər açır. Türkologiyanın mühüm əsasları milli çərçivədən çıxaraq ümumtürk miqyasında düşünməyi tələb edir. Əgər biz ortaq hədəflər müəyyənləşdirə, elmi potensialımızı birləşdirə bilsək, türkoloji tədqiqatlar dünya miqyasında daha güclü mövqe qazanacaqdır. İnanıram ki, bu Konfrans türkologiyanın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirərək, əməkdaşlığımızı daha da möhkəmləndirəcək və türk dünyasının elmi birliyinə xidmət edəcəkdir.

Müsahibəni hazırladı

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bahar Məmmədova