“Çoxölçülü təhlükəsizlik kontekstində Gürcüstan – Ermənistan münasibətləri” adlı monoqrafiya çapdan çıxıb
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Enerji təhlükəsizliyi siyasəti və gürcüstanşünaslıq şöbəsinin əməkdaşlarının birgə hazırladıqları “Çoxölçülü təhlükəsizlik kontekstində Gürcüstan – Ermənistan münasibətləri” adlı kollektiv monoqrafiya çapdan çıxıb.
Samirə Həbibbəyli, Vahid Ömərov, Naziyə Məmmədova, Şahnaz Rəhimova, Badam Məmmədova və Aisel Zeynalovanın həmmüəllifliyi ilə ərsəyə gəlmiş kitabın elmi redaktoru AMEA-nın həqiqi üzvü, akademik İsmayıl Hacıyev, rəyçiləri siyasi elmlər doktoru, professor Ramiz Sevdimalıyev və siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Şəbnəm Zeynalovadır.
Azərbaycan, gürcü, türk, ingilis, rus və erməni dillərində olan zəngin ədəbiyyata əsaslanaraq yazılmış bu monoqrafiyada Gürcüstan – Ermənistan münasibətləri ilk dəfə çoxölçülü təhlükəsizlik yanaşması əsasında kompleks şəkildə araşdırılmışdır. Tədqiqatda Cənubi Qafqaz regionunun dəyişən geosiyasi və geoiqtisadi reallıqları fonunda iki dövlət arasındakı münasibətlər yalnız siyasi və diplomatik əlaqələr prizmasından deyil, eyni zamanda hərbi, enerji, ekoloji və sosial təhlükəsizlik ölçüləri çərçivəsində təhlil edilmişdir. Əsər siyasi elmlər üzrə mütəxəssislər, politoloqlar, müəllim və tələbələr, müvafiq dövlət qurumları, bütövlükdə Cənubi Qafqazda gedən geosiyasi proseslər və regionun təhlükəsizlik problemləri ilə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.

