Fəlsəfə İnstitutunun böyük elmi işçisi Anar Qafarov “Hz. Mövlana və Mədəniyyətlərdə Vəfa” adlı beynəlxalq konfransda iştirak edib
Konfransda Anar Qafarovun “Ahlakın temeli bağlamında Mövlanayı yeniden okumak” (“Əxlaqın mənbəyi müstəvisində Mövlana yaradıcılığının təhlili”) adlı elmi-fəlsəfi məruzəsi maraqla dinlənilmişdir. A.Qafarov öz məruzəsində Mövlanın əxlaq düşüncəsini metafizik, epistemoloji, psixoloji və sosioloji aspektlərdən analiz etmiş, əxlaqın mənbəyi problemini fəlsəfi və dini müstəvidə əsaslandırmışdır. O, bu mənada Mövlana Cəlaləddin Ruminin ağıl-vəhy münasibətlərinə yanaşmasını təhlil edərək dahi mütəfəkkirə görə əxlaqi propozisiyaların mənbəyi problemini metafizik, epistemoloji və psixoloji müstəvidə müzakirə obyketinə çevirmişdir. Məruzəsi əsnasında Mövlananın “Divani-Kəbir”, “Məsnəvi” və “Fihi ma fih” adlı əsərlərində yer alan bir neçə metafordan nümunələr gətirən A. Qafarov, məruzəsini məhz özünün müəllifi olduğu və insanın bugünki mənəvi böhranını dilə gətirən şeiri ilə bitirmişdir. A. Qafarovun Mövlana yaradıcılığına metafizik və epistemoloji yanaşmasını əks etdirən məruzəsi konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.

