23.06.2025, 11:34 - Baxış sayı: 30

Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı Rusiyada keçirilən beynəlxalq konfransda iştirak edib


Rusiya Federasiyasının Altay Respublikasının paytaxtı Qornsk-Altay şəhərində Beynəlxalq Tanrıçılığı Araşdırma Fondunun təşkilatçılığı ilə “Tanrıçılıq və Avrasiya xalqlarının epik irsi: mənbələr və müasirlik” X beynəlxalq elmi-praktiki konfransı keçirilib.Tədbirdə Azərbaycandan onlayn formada AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli (Qəzənfəroğlu) də iştirak edib. O, “Tanrıçılıq fəlsəfəsinin mahiyyətilə bağlı fərqli baxışlara yeni konseptual yanaşma” adlı məruzəsində bildirib ki, Türk xalqlarında Göy Tanrı, Tanrıçılıq fəlsəfəsi formalaşana qədər mifik-dini təfəkkürün bəlli inkişaf dövrlərindən keçmişdir. Hər halda Tanrıçılıq ideyasının müəyyən təkamül prosesinin məhsulu olması artıq çoxlarında şübhə doğurmur. Bu anlamda Tanrıçılıq fəlsəfəsi Türk dini-mifik təfəkkürünün yekun nəticəsidir. Tanrıçılıq fəlsəfəsinin şamanizm, totemizm, bütpərəstlik adları altında verilməsi, üstəlik onun politeizm kimi yozulması qəsdli xarakter daşımış, Göy Tanrı ideyasının - Tanrıçılıq fəlsəfəsinin əsil mahiyyətinin açılmasına əngəllər yaratmışdır. Qədim Türk-Turan xalqlarının bütün başqa dinlərdən fərqli, kifayət qədər inkişaf etmiş, universal dini-fəlsəfi sistemi olmuşdur ki, bu da tenqrizm ya da Tanrıçılıq fəlsəfəsidir.

science.gov.az