11.11.2026, 12:36 - Baxış sayı: 6

Zəfər Günü milli birlik və cəmiyyətin mənəvi gücü kontekstində


Zəfərin mənəvi və ictimai mahiyyəti

Tarixi yaddaşın qorunması cəmiyyətin gələcək inkişafına necə təsir edir?

1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası hələ 80-ci illərin sonlarından başlayaraq erməni milliyətçiliyinin, daha sonralar isə, Qarabağ bölgəsində alovlandırılmış separatizmin təcavüzünə məruz qaldı. Odur ki, ölkə müstəqilliyinə qovuşub Sovetlər İttifaqının girdabından qurtula bilsə də, getdikcə şiddətlənən müharibə alovları içində qovrulub ərazi bütövlüyünü itirmiş, qanuni torpaqlarında suverenliyini həyata keçirə bilməmək vəziyyətinə düşmüşdü. Ermənistan Respublikasının bu cür şovinist siyasəti və ölkəmizə qarşı elan edilməmiş müharibədə işğalçı addımları xarici havadarları, başda erməni lobbisi olmaqla dəstəklənməkdə idi. Bir növ təklənmiş Azərbaycan Respublikası xarici düşmənlərə qarşı ölüm-dirim savaşı apardığı halda, ölkə iqtisadiyyatın bərbad vəziyyətdə olması, siyasi çəkişmələr, hakimiyyət böhranları o dövrün səciyyəvi cəhətlərindən idi. Yalnız Azərbaycan xalqının müdrikliyi sayəsində təkrar hakimiyyətə qaytarılmış Ümummilli Lider Heydər Əliyev mövcud vəziyyəti sabitləşdirə, ölkənin iqtisadi və siyasi durğunluqdan çıxmasına nail ola bildi. Onun titanik səyləri nəticəsində Ermənistan Respublikasının təcavüzünün qarşısı alınaraq atəşkəsə nail olunub, daha sonralar bütün mahiyyəti ilə anlaşılacaq siyasi və iqtisadi addımlar atıldı. Ölkə rahat nəfəs almağa başladı. Ulu Öndər parçalanmış və artıq düşmən mövqelərindən çıxış edən bütün qüvvələrin milli birliyinə nail olaraq, Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda da əzmkar carçısına çevrilmişdi. Onun müdrik siyasəti Ermənistan diplomatiyasının əvvəlki şövqlə davrandığının qarşısını alaraq Azərbaycan Respublikasının günü-gündən güclənməsinə xidmət etdi. Bu kursu davam edən siyasi varisi cənab İlham Əliyev artıq hücum diplomatiyasına keçmiş, beynəlxalq təşkilatların fəaliyyətsizliyini hər gün sübut etməkdə idi. Qaçqın və məcburi köçkünlərin dözülməz vəziyyətdə yaşadıqlarını bir an belə unutmayan Azərbaycan rəhbərliyi onlara imkan daxilində şərait yaratdıqları kimi, ümidlərinin heç vaxt qırılmasına imkan vermirdilər. Cənab prezident siyasi xələf kimi hər görüşündə soydaşlarımıza təskinlik verir və gec-tez ədalətə nail olacaqlarına əmin edirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ardıcıl siyasi və iqtisadi uğurları Azərbaycan cəmiyyətinin diqqətindən qaça bilməzdi. Xalq əzmkarlıqla Ali Baş Komandanın ətrafında birləşərək ölkəmizin taleyüklü məsələsini həll etməli idi. Bunu bizdən tarixi yaddaşımız, dağıdılıb xarabazara çevrilmiş yurd yerlərimiz, günahsız yerə öldürülmüş soydaşlarımızın və vətən torpaqları uğrunda şəhid olmuşların ruhu tələb edirdi.

Nəhayət ədalətsiz və işğalçı addımları Ermənistan Respublikasının daxilində də qarmaqarışıqlıq yaradaraq hərbi-siyasi rəhbərliyinin əsl xislətini ortalığa çıxartdı. Adətən başqalarına arxalanan hayların növbəti təxribatları xalqımızın daha da monolitləşib dövlət maraqlarından çıxış etmələrinə gətirib çıxartdı. Aprel, Tovuz döyüşlərindən sonra xalqımız Ali Baş Komandan cənab İlham Əliyevin başçılığı altında Vətən müharibəsinə qalxaraq yağı düşmənə sarsıdıcı zərbələr endirməyə başladı. I Qarabağ savaşından fərqli olaraq, mütəşəkkil və yüksək texnika, silah və sursatlarla təmin edilmiş Azərbaycan Ordusu qələbədən qələbəyə imzalar atdı. Xalq – İqtidar və Ordu birliyi işğalçıları dədə-baba torpaqlarımızdan qovdu və Şanlı Zəfər əldə edildi. Bu zəfərin əldə edilməsində minlərlə hərbiçimizin müqəddəs qanı axıdıldı.

Onlardan biri də artileriya qoşunundakı Şahmuradov Rəvan Dilşad oğlu idi. Düşmən kalonunu məhv etmiş topçumuz, düşmən tərəfindən açılmış atəş nəticəsində ağır yaralanaraq 14 oktyabr 2020-ci il tarixində şəhadətə qovuşdu. Onun və digər qəhrəmanlarımızın şücaəti təkcə torpaqlarımızın deyil, 30 ilə qədər təhqir olunmuş mənəviyyatımızın, milli kimliyimizin təntənəsi, bütövləşməsinə gətirib çıxartdı. Bu Şanlı Zəfər bir daha sübut etdi ki, Azərbaycan xalqı böyük bir millətdir və onun heç kimin torpaqlarında gözü yoxdur. Biz sülh və əminamanlıq tərəfdarıyıq. Zəfərimiz şanlı bir dastan, əbədiyaşar tarixi yaddaşımızdır. 

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, f.ü.f.d., dosent Radif Mustafayev 

science.gov.az