30.06.2025, 14:37 - Baxış sayı: 33

“Siyasətin fəlsəfəsi və sosiologiyası” və “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi” şöbələrinin birgə seminarı keçirilmişdir


İyunun 25-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Siyasətin fəlsəfəsi və sosiologiyası” və “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi” şöbələrinin birgə “Azərbaycan dövlət quruculuğunda Konstitusiya və Suverenlik” mövzusunda elmi-nəzəri seminarı keçirilmişdir.

“Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin müdiri, f.e.d., professor Rəna Mirzəzadə giriş sözu ilə əməkdaşları və seminar iştirakçılarını salamladı və qeyd etdi ki, bu il ölkəmizdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2025-ci il respublikamızda “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə yanaşı, həm də iki başqa əlamətdar tarixi hadisə qeyd ediləcək. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30-cu və 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin 5-ciildönümləri tamam olur.

Seminarda geniş və ətraflı məruzə ilə İnstitutun elmi işlər üzrə direktor müavini, t.e.d. Eynulla Mədətli çoxsahəli, eyni zamanda kompleks bir xarakter daşıyan suverenlik anlayışı, onun müxtəlif növləri və hüquqi əsasları haqda, suverenlik nəzəriyyəsi daxilində dövlət suverenliyi nəzəriyyəsinin ən əsas və mühüm yer tutması haqda öz fikirlərini şərh etdi.

“İdrak nəzəriyyəsi və məntiq” şöbəsinin müdiri, f.e.d. Füzuli Qurbanov və “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin a.e.i., s.e.ü.f.d., dos. Şahin Bağırov çıxışlarında qeyd etdilər ki, müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycan Respublikası Konstitusiyası Azərbaycanı — respublika idarəetmə formasına malik, unitar, demokratik, hüquqi, dünyəvi dövlət kimi müəyyən edir.

Seminarda “Siyasətin fəlsəfəsi və sosiologiyası” və “Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi” şöbələrinin əməkdaşları baş elmi işçilər, f.e.d. Ziba Ağayeva, f.e.d., dos. Lalə Mövsümova, aparıcı elmi işçilər, f.ü.f.d. Təzəgül Qasımova, f.ü.f.d., dos. Məhəmməd Cəbrayılov, f.ü.f.d., dos. Əli İbrahimov, s.e.ü.f.d., dos. Sənan Həsənov, s.e.ü.f.d. Etibar Əsədov, elmi işçilər Nailə Əlicanova, Telman Quliyev, kiçik elmi işçi Ceyran Hüseynli, baş laborant Günay Cabarova və laborant Mehriban Əliyeva iştirak etmişlər.

Seminar mövzusu ətrafında diskusiyalar olmuş, geniş müzakirələr aparılmışdır.