03.07.2025, 14:27 - Baxış sayı: 138

Qəlbi daim yaratmaq hissi ilə döyünən Leyla xanım Əliyevanın fəaliyyəti


"Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir".

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev

 

"Əgər fayda verə biləcək bir iş görməyə imkan varsa, mən həmin imkandan məmnuniyyətlə istifadə edirəm, işimizlə, ümidlə, inamla, nəzakətlə və sevgi ilə biz bütün problemləri həll edə və daha parlaq gələcək qura bilərik”sözləri Leyla xanım Əliyevanın həyat devizi olaraq keçirdiyi tədbirlər və qlobal layihələr beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir.

Leyla xanım Əliyeva özündən sonra Yer üzündə qoyduğu möhtəşəm iz və bu gün dünyanı nailiyyətləri ilə heyrətləndirən bir Azərbaycan yaratmış ümummilli lider Heydər Əliyevin nəvəsidir. Azərbaycanın yeni tarixini yaradan Prezident İlham Əliyev və ən yaxın silahdaşı Birinci vitse-prezident Mehriban Əliyevanın ailəsində gözəl gün 3 iyul tarixi mən deyərdim həm də Azərbaycan gəncliyinin şərəfli günüdür. Bu isti gözəl yay günündə Azərbaycan gəncliyi bir bayramını qeyd edir, Leyla xanım Əliyevanın şad gününü. 

Bu gün yamyaşıl örpəyə bürünmüş meşələr və ümumilikdə Azərbaycan dünya körpə təbəssümünə bənzəyir. Bəli, bu gün bənzərsiz şəxsiyyət, könlü, gözü vətən sevgisi, Azərbaycan sevdasıyla dopdolu insan Leyla Əliyevanın doğum günüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bugünün gəncliyinə ünvanlanmış: «Gənclərə müraciət edirəm! Mən sizinləyəm, mən sizi həmişə dəstəkləmişəm. Bu gün də dəstəkləyirəm və gələcəkdə də dəstəkləyəcəyəm» sözləri əslində Azərbaycan gəncliyinin qarşısında açılan aydın üfüqlərdir. Möhtərəm prezidentimizin bu çağırışından gəncliyə olan böyük inamından və sevgisindən ilham alaraq Leyla xanım həmişə gəncliyin yanındadır.

Leyla xanım yaradıcı bir insan, əsl təbiət vurğunudur. Leyla xanımın təşəbbü ilə ölkədə sıralanmış sərv ağacları, bəzək kolları, yaşıl çəmənliklər, güllər, çiçəklər, bütövlükdə bu gözəllik səltənəti həm də gəncliyə bir təbiət dərsi, ana yurdu sevmək, göz bəbəyi kimi qorumaq mesajıdı.

Leyla xanım haqqında düşünəndə hansı kitabdasa oxuduğum bu sözlər yadıma düşür: «Xeyirxahı, güclünü, yaxşını hardasa uzaqlarda axtarmayın. O, öz yanınızdadır, daha doğrusu, o, siz özünüzsünüz».

Romantik bir insan olan Leyla xanımın təbiətlə, gənclərlə bağlı arzuları sonsuzdur. Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva kimi Leyla xanım da ədəbiyyatı, musiqini, gözəl sənət əsərlərini incəliyinə qədər hiss edən, duyan, yaşayan həddindən artıq kövrək, xəlqi insandır. O, Azərbaycan təbiətinin bütün gözəlliklərini, çalarlarını ilmə-ilmə qəlbinə köçürüb. Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyeva bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində çox sistemli fəaliyyət göstərməkdədir. "Xocalıya Ədalət!" kampaniyasının təşəbbüskarı olmaqla, Heydər Əliyev məktəbinin yetirməsi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın siyasi fəaliyyəti ilə müstəqil Azərbaycanın çırpınan ürəyi kimi dünyanın ən mötəbər tribunalarından beynəlxalq terrora "Yox!" deyərək, 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində erməni silahlı qüvvələri, terror dəstələri tərəfindən dinc əhaliyə qarşı törədilmiş Xocalı soyqırımına dair həqiqətlər haqqında dünya ictimaiyyətinə çatdırmağı qarşısına məqsəd qoymuş və davamlı tədbirlər keçirmişdir, haqqın yer üzündə bərqərar olması üçün hamını birliyə səsləmişdir.

Leyla Əliyeva çıxışında qeyd edirdi: "Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırım Azərbaycan tarixinə ən dəhşətli və qara səhifələrdən biri kimi həmişəlik yazılmış faciədir". Məlum olduğu kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva xeyriyyəçilik, təhsil, səhiyyə və digər məsələlərlə bağlı humanitar addımların təşəbbüskarlarıdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çoxşaxəli fəaliyyətində Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin yaradılması və fəaliyyətinin yüksək səviyyədə təmin edilməsi, rəhbərliyi ilə işıq üzü görən “Baku” jurnalı, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxaq dialoq) İctimai Birliyinin fəaliyyəti və digər xeyli sayda işlər mühüm əhəmiyyət kəsb edir.

Heyvanlara Qayğı Mərkəzinin açılışı, pişik və itlər üçün yemlərin istehsalı üzrə fabrik tikilməsi, 5 milyondan çox ağac əkilməsi, “Məktəb bağları” layihəsi və s. Beynəlxalq forumlarda Azərbaycan Respublikasının İDEA İctimai Birliyinin sədri Leyla Əliyeva ölkəmizdə və regionda ekoloji problemlərin aradan qaldırılması, biomüxtəlifliyin mühafizəsi, davamlı inkişafın təşviqi, cəmiyyətimizdə heyvanlara qarşı humanist münasibətin təbliği, gənclərin ətraf mühitlə bağlı biliklərinin dərinləşdirilməsi və sair sahələrdə əldə olunmuş nailiyyətlərdən də bəhs edərək dünya ictimaiyyətinin bu cür problemlərin həllinə diqqətini cəlb edir.

Xeyirxahlıq Leyla Əliyevanın fəaliyyətində əsas amal kimi çıxış edir

Heydər Əliyev Fondunun diqqət yetirdiyi məsələlərdən biri də kimsəsiz uşaqlara göstərilən qayğının artırılmasıdır. Mehriban xanım və Leyla xanım Əliyeva kimsəsiz uşağı, xəstə canı ilə çarpışan balalarımızı özünə yaxınlaşdırır, doğmalaşdırır, bağrına basıb, onların psixologiyasına müsbət təsir edərək, qəlbinə xoş ovqat bəxş edir.

Qeyd edək ki, Leyla Əliyeva həm də yaradıcılıq fəaliyyətilə də məşğuldur, o şeir yazır, rəsm əsərləri çəkir.

Leyla xanımın “Getmə, ana”, “Gedim bir az ağlayım”, “Qu quşu”, “Pərvanə”, “Hərənin öz sonu”, “Gözlərim kor olub”, “Ana, nə olar getmə”, “Sevgi və nifrət”, “Səni atmaq istəmirəm”, “İnsanlar”, “Hardasan, dünyanın yaxşı adamı”, “Üç qoca balıqçı və qızıl balıq”, “Çərçivəyə sığmaram”, “İnsanlar”, “Romada, tozlu oturacaqda”, “Yalan”, “Tanrım, sən mənə güc ver”, “Uşaqlarım” kimi şeir və hekayələrində psixoloji hadisə və hisslərinin təsirlərini böyük qəlbi ilə poeziyaya ötürmək istedadıdır. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti, Leyla Əliyevanın "Dünya yuxutək əriyir…" şeirlər kitabı Özbək dilinə tərcümə olunaraq Daşkənddə çap olunub.

Leyla xanım “Tərəqqi” medalı, Nyu-Yorkda, “Key to life” fəxri mükafatı, BMT-nin sertifikatı, “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” mükafatı, Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya) Təşkilat Komitəsinin idarə heyəti tərəfindən “Ekoloji Mühitin Qorunmasına Görə” xüsusi Beynəlxalq Şərəf Mükafatı, III dərəcəli Müqəddəs Mələksima “Knyaginya Olqa” ordeni və “Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri, Rusiya Federasiyasının “Puşkin” medalı, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Elmi Şurasının qərarı ilə bu ali məktəbin “Xidmətlərə görə” medalı və sair medal və diplomlara layiq görülüb.

Ulu öndər Heydər Əliyevin hər bir kəlməsini həyata keçirən Leyla xanım Əliyevanın fəaliyyəti gördüyü bütün işlər, atılan addımları yalnız bir məqsədə - Prezident İlham Əliyevin inkişaf strategiyasının uğurla reallaşmasına xidmət edir.

Adi günlərin biri olsa da, minlərlə gənclərin qəlbində bu gün əziz, unudulmaz, çiçəklənən bir gündür.

O sizin qəlbinizin işığı, hərarəti, sevgisidir, Leyla xanım!

Ad gününüz mübarək! 

Günel Məlikli

Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, 

siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent