Professor Könül Bünyadzadə Avstriyada beynəlxalq konfransda çıxış edib

Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən “Din və sosial-mədəni transformasiya: Avropa və xaricindəki perspektivlər” adlı nüfuzlu beynəlxalq konfransda dirgər alimlərlə yanaşı Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri AMEA-nın müxbir üzvü Könül Bünyadzadə də iştirak edib.
Qeyd edək ki, bu mötəbər beynəlxalq tədbirdə ilk dəfə olaraq Azərbaycan alimi – professor Könül Bünyadzadənin təşəbbüsü və ideya müəllifliyi ilə elmi panel təşkil olunub.
Professor Könül Bünyadzadə “Sufi fenomenologiya: bölünmüş dünyanın çağırışlarına yeni yanaşma” adlı məruzəsində sufizm və fenomenologiyanın sintezinin çağdaş dünyada müşahidə olunan mənəvi parçalanmaların aradan qaldırılmasında oynaya biləcəyi rolu elmi kontekstdə şərh edib.
Tədbir çərçivəsində Azərbaycanın Avstriyadakı Mədəniyyət Mərkəzində Azərbaycan alimlərinin iştirakı ilə görüş keçirilib.
Görüş zamanı iştirakçılar arasında elmi əməkdaşlıq imkanları və gələcək perspektivlər müzakirə edilib, eyni zamanda, Azərbaycan elmi və mədəniyyətinin beynəlxalq müstəvidə təbliğinin əhəmiyyəti vurğulanıb.
Azərbaycan alimlərinin bu konfransda iştirakı ölkəmizin elmi-intellektual potensialının beynəlxalq elmi ictimaiyyətə təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb edir və din, fəlsəfə və mədəniyyətlərarası dialoqun inkişafına töhfə verir.

