“Muğamın fəlsəfəsi: Üzeyir Hacıbəyli, Asif Əfəndiyev, Bəxtiyar Vahabzadə” mövzusunda Dəyirmi masa keçirilib
Sentyabrın 11-də AMEA Fəlsəfə və Soiologiya İnstitutunda “Muğamın fəlsəfəsi: Üzeyir Hacıbəyli, Asif Əfəndiyev, Bəxtiyar Vahabzadə” mövzusunda Dəyirmi masa keçirilib. Dəyirmi masanın əsas məruzəçisi fəlsəfə elmləri doktoru, professor Adil Əsədovdur.
Tədbiri giriş sözü ilə İnstitutun direktoru, f.e.d., professor İlham Məmmədzadə açaraq, bu tədbirin mahiyyətindən, Azərbaycan mədəniyyətinin ən mühüm incilərindən biri olan muğamın, həm musiqi janrı, həm də fəlsəfi-estetik düşüncə sistemi kimi dəyərləndirildiyindən bəhs edib. Onun fəlsəfəsi təkcə musiqi forması ilə məhdudlaşmır, insanın varlıq duyumunu, milli kimliyi və bəşəri dəyərləri ifadə edən konseptual bir məna daşıdığını vurğulayıb. Muğamın fəlsəfəsini anlamaq üçün həm musiqişünaslıq, həm fəlsəfə, həm də ədəbiyyat müstəvisində yanaşmağın vacib olduğunu qeyd edib.
Professor çıxışında muğamın Azərbaycan xalqının milli yaddaşının ən mühüm daşıyıcılarından biri olduğunu vurğulayıb. Tarix boyu xalqın sevinci və kədəri, mübarizəsi və ümidləri muğamın musiqi dilində qorunaraq nəsildən-nəsilə ötürülmüşdür. Bəxtiyar Vahabzadə muğamı "xalqın varlığının fəlsəfəsi" adlandıraraq onun milli kimliyin əsas sütunlarından biri olduğunu bildirmişdir. Buradan aydın olur ki, muğamın fəlsəfəsi həm də milli-mənəvi identiklik fəlsəfəsidir.
Sonra professor İ. Məmmədzadə sözü əsas məruzəçi professor Adil Əsədova verib. Professor öz çıxışında muğamın mahiyyətində insanın daxili aləminin bədii ifadəsi dayandığını bildirib. Bu musiqi janrı kədər, sevinc, nisgil, eşq və ümid kimi emosiyaları yüksək bədii dildə təqdim edir. Fəlsəfi baxımdan muğam, ruhun dilə gəlməsi fenomenidir. Üzeyir Hacıbəylinin fikrincə, muğam "xalqın mənəvi ruhunun səsdə təcəssümü" kimi qiymətləndirilə bilər. Muğamın fəlsəfəsi ruh, zaman, kainat və milli kimlik fəlsəfəsidir. O, həm fərdi insanın daxili dünyasını işıqlandırır, həm də xalqın tarixi yaddaşını yaşadır. Muğam, eyni zamanda, ümumbəşəri dəyərləri ifadə etməklə Azərbaycan musiqisini dünyanın mənəvi xəzinəsinə daxil edir.
Asif Əfəndiyevin yanaşmasına görə, muğamın fəlsəfəsi zaman, varlıq, azadlıq və milli kimlik anlayışlarının musiqi dili ilə ifadəsidir.
Əfəndiyev muğamı “zamanın musiqi modeli” adlandırır. Onun fikrincə, muğam ifası heç vaxt eyni şəkildə təkrarlanmır. Bu, həyatın və zamanın təkrarsızlığına bənzəyir. Muğam insanı "hər anın dəyərini anlamağa" yönəldir, həm varlığın fəlsəfəsi kimi muğamda insanın bütün daxili dünyası sevgi, həsrət, ümid və iztirab öz bədii ifadəsini tapır.Muğam varlığı anlamağın, insanın öz daxili aləminə enməsinin musiqi vasitəsidir. Əfəndiyevin əsas vurğuladığı məqamlardan biri muğamın improvizasiya ruhudur. Üzeyir Hacıbəyli muğamı elmi-musiqi baxımından izah etdi və onun universal dəyərini ortaya qoydu. Asif Əfəndiyev muğamın fəlsəfi-estetik qatını açaraq onu həyatın, zamanın və varlığın simvolunu təqdim edərək özünü göstərdi. Bəxtiyar Vahabzadə isə muğamı milli ruh və kimliyin poeziyada ifadəsi kimi şərh etdi. Beləliklə, professor muğam həm elm, həm fəlsəfə, həm də ədəbiyyat prizmasından Azərbaycan xalqının varlığını, ruhunu və bəşəriyyətə bəxş etdiyi böyük mənəvi dəyəri ifadə etdiyini qeyd edib.Tədbirdə fəlsəfə elmləri doktoru, prof. Rafail Əhmədli, İnstitutun elmi işlər üzrə direktor müavini, t.e.d. Eynulla Mədətli, f.ü.f.d, dos. Mətanət Şəkixanova, filologiya üzrə fəlsəfə doktoru, dosent. Firudin Qurbansoy (AMEA Nizami adına Ədəbiyyat İnstitutu), f.ü.f.d.,dos. Radif Mustafayev çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.



