24.10.2025, 13:00 - Baxış sayı: 80

“Şüur və Süni İntellekt fəlsəfəsindən epistemologiya və milli ideologiyaya” mövzusunda ümuminstitut seminarı keçirilib


Oktyabrın 24-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda f.e.d., professor İlham Məmmədzadə və f.e.d., professor Arif Buniyatovun “Süni intellekt fəlsəfəsi və tarixi-mədəni epistemoloji yanaşma” adlı elmi monoqrafiyası əsasında “Şüur və Süni İntellekt fəlsəfəsindən epistemologiya və milli ideologiyaya” mövzusunda ümuminstitut seminarı keçirilib.

Seminarı f.ü.f.d. Məhəmməd Cəbrayılov açaraq tədbir iştirakçılarını salamladıqdan sonra sözü öncə f.e.d.professor İlham Məmmədzadəyə verib. İlham Məmmədzadə çıxışında süni intellekt fəlsəfəsinin tətbiqi əsasında sosio-mədəni sistemlərin tədqiqində müasir epistemoloji yanaşmalara istinadən aparılan formal-məntiqi, məntiqi-semantik, koqnitiv təhlilin metodoloji xüsusiyyətlərinin araşdırıldığını bildirib: “Tədqiqat işində həyata keçirilən tarixi – mədəni epistemoloji yanaşma kollektiv şüurun inkişafında fəlsəfənin və ideologiyanın rolunun dərk olunmasını özündə ehtiva edir. Müasir fəlsəfi tədqiqatlarda milli konseptlərin tədqiqinin konseptual və metodoloji xüsusiyyətlərini araşdırarkən ilk öncə qeyd etmək lazım gəlir ki, müasir fəlsəfə fərqli epistemoloji yanaşmaların mövcudluğu ilə səciyyələnməkdədir”.

Bəzi tədqiqatlarımızda süni intellektin problem kimi bariz surətdə ifadə olunmuş fəlsəfi və etik aspektinin olduğu, onun və o cümlədən, Lütvi Zadənin qeyri-səlis məntiqinin elm fəlsəfəsi üzrə araşdırmaları dərinləşdirməyə, onun məntiqindən, ideyaları, materialları məcmusundan elm fəlsəfəsi və tarixində, o cümlədən fəlsəfə tarixində, fəlsəfənin digər sahələrində istifadə edilməsi ilə məşğul olmağa imkan verəcəyi dərk edilmişdir. Beləliklə, süni intellektdən istifadə cəmiyyət və alimlərin bir-birindən nə gözlədiyi xüsusundakı bütün məsələlər kontekstini aktuallaşdırır, – deyə İlham Məmmədzadə bildirib. 

Kitabın həmmüəllifi professor Arif Buniyatov çıxışında bildirib ki, kitabın Süni intellekt fəlsəfəsi və texno­logiyalarının tətbiqi əsasında tarixi-mədəni sistemlərin tədqi­qində, müasir epistemoloji yanaşmalara istinadən aparılan for­mal məntiqi, məntiqi-semantik, koqnitiv təhlilin metodoloji xüsusiyyətləri araşdırılmış və kitabda müasir Qərb fəlsəfəsinin plyural, çoxsəviyyəli düşüncə ənənəsi olmuşdur və müxtəlif fəlsəfi təlimləri özündə ehtiva etməsi təqdir olunmaqla göstərilir ki, fəlsəfə və elmin qarşılıqlı əlaqəsi prob­lemi, elmi idrakın metodoloji əsasları tədqiq olunub. 

Məruzələrdən sonra f.e.d., professor Əbülhəsən Abbasov, AMEA-nın müxbir üzvü, f.e.d., Könül Bünyadzadə, f.e.d., professor Adil Əsədov, f.ü.f.d., Şölət Zeynalov, f.ü.f.d. Radif Mustafayev, f.e.d. Füzuli Qurbanov müəlliflərə suallar ünvanladılar, mövzu ətrafında müzakirə aparıldı.