Qubada Qərbi Azərbaycan İcması nümayəndəliyinin açılış mərasimi olub
Noyabrın 30-da Qərbi Azərbaycan İcmasının Quba rayon üzrə nümayəndəliyinin açılış mərasimi olub.
Əvvəlcə qonaqlar Quba şəhərindəki Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Sonra Qərbi Azərbaycan mövzusuna dair sənədlər, kitablar və xəritələrin yer aldığı mərkəz iştirakçılara təqdim olunub. Daha sonra rayon və icma rəhbərliyi, həmçinin elm xadimlərinin iştirakı ilə iclas keçirilib.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab İlqar Mahmudov, Qərbi Azərbaycan İcmasının rəhbər şəxsləri və rayon ziyalıları, rayonun Qərbu Azərbaycanlı sakinlərinin nümayəndələri, eləcə də digər nümayəndələr və tanınmış elm xadimləri iştirak ediblər.
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov çıxışında bildirib ki, Azərbaycanın böyük Zəfərindən sonra regionda yeni reallıqlar yaranıb və bu gün Qərbi Azərbaycan mövzusu ümiddən daha çox əminliyə çevrilib. Onun sözlərinə görə, Qubada istifadəyə verilən bu mərkəz İcmanın fəaliyyətində mühüm rol oynayacaq.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli vurğulayıb ki, Qubada nümayəndəliyin açılması, indiki Ermənistan ərazisindən azərbaycanlıların deportasiya olunduğu günlərə təsadüf etməsi baxımından xüsusi məna kəsb edir. O qeyd edib ki, Quba ictimaiyyəti bu məsələyə həssas yanaşmaqla Qərbi Azərbaycan mövzusunun ümummilli xarakter aldığını bir daha göstərib.

Tədbirdə milli məclisin deputatları, Məlahət İbrahimqızı, Əlibala Məhərrəmzadə, Hikmət Babaoğlu, Şahin İsmayılov, Günay Ağamalı, Müşviq Məmmədli, prof.Vahid Novruzov, prof. Zahid Cəfərov çıxış etmişlər.
Qərbi Azərbaycan İcması Qadınlar Şurasının sədri. Prof. Mahirə Nağıqızı nümayəndəlikdə qadınların fəal rol oynaya biləcəyini qeyd edərək Prezident İlham Əliyevin icma qarşısında qoyduğu vəzifələrdən danışıb.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətli “Qərbi Azərbaycandan qaçqınlığın ilk mərhələsi və qaçqınların taleyi” mövzusunda çıxış edərək öz fikirlərini bildirib.
Digər çıxışçılar da qeyd ediblər ki, Qərbi Azərbaycan İcmasının fəaliyyəti artıq ölkənin bütün bölgələrini əhatə edir. Yeni ofislərin açılması Qayıdış prosesinin möhkəmlənməsinə, ictimai həmrəyliyin genişlənməsinə mühüm töhfə verir.
Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin rəhbəri, tanınmış şair Ramiz Qusarçaylı Nümayəndəliyin zəruri kitablar, deportasiyanı əks etdirən sənədlər, materiallarla təchiz edildiyini, bu məkanın bölgə ziyalılarının birgə fəaliyyət mərkəzinə çevrildiyini vurğuladı.
Quba nümayəndəliyinin yeni ofisi bölgədə yaşayan Qərbi Azərbaycan əsilli soydaşların təşkilatlanması, mədəni irsin qorunması, deportasiya faktlarının toplanması, gənclərin maarifləndirilməsi və Qayıdış Konsepsiyasının yerli səviyyədə icrası üçün geniş imkanlar yaradacağını vurğulayıb.
Sonda nümayəndələyin rəhbəri İlham Qaraqurbanlı çıxış edərək bildirdi ki, Quba rayonunda hazırda Qərbi Azərbaycandan 1988-ci ildə zorla çıxarılmış və Qubada məskunlaşmış soydaşlarımızın sayı 4500 nəfəri keşmişdir və onları təmsil edən nümayəndəlik Qərbi Azərbaycan İcmasının bölgədə fəal təmsilçisi olacaq, Qərbi Azərbaycana qayıdışla əlaqədar dövlət siyasətinin həyata keçrilməsində fəal rol oynayacaq.

