AMEA-da “Ümummilli Lider Heydər Əliyevin ictimai görüşlərində gender amili” mövzusunda dəyirmi masa keçirilib

Dekabrın 3-də AMEA-nın Əsas binasında “Ümummilli Lider Heydər Əliyevin ictimai görüşlərində gender amili” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Ulu Öndər Heydər Əliyevin xatirəsinin həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda dərin hörmət və ehtiramla yad edildiyini bildirərək, Ümummilli Liderin müstəqil dövlətimizin hərtərəfli inkişafı yolundakı əvəzsiz tarixi xidmətlərindən danışıb. Vurğulayıb ki, dünyanın nadir şəxsiyyətlərindən biri olan Heydər Əliyev öz müstəsna xidmətləri ilə xalqın qəlbinə və tarixin yaddaşına əbədi həkk olunub.
“Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsində və tanıdılmasında, dünyada söz sahibi olan ölkələrdən birinə çevrilməsində Ulu Öndərin böyük rolu olub”, - deyən akademik İsa Həbibbəyli Ümummilli Liderin keçdiyi yolun, qazandığı təcrübənin, apardığı mübarizənin, gəldiyi nəticələrin və çatdığı mərhələlərin həm də dünya xalqları üçün bir nümunə, örnək olduğunu bildirib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev dünyaya müstəqil dövlətçilik dərslərinin təlimini təqdim edib. Dahi liderin dövlətçilik təlimi öz ölkəsini bugünlərə gətirib çatdıran böyük siyasi təlimdir, əbədiyaşardır və uzunömürlüdür.
Ümummilli Lider Heydər Əliyevin müstəqilliyimizi əbədiləşdirən, müstəqil dövlətimizi qüdrətləndirən tarixi şəxsiyyət olduğunu söyləyən AMEA rəhbəri onun müstəqil və demokratik Azərbaycan uğrunda apardığı mübarizəsindən, respublikanın ağır faciələrdən, siyasi, sosial-iqtisadi və mənəvi-psixoloji böhrandan qurtuluşu naminə üzərinə götürdüyü xilaskarlıq missiyasından bəhs edib. Vurğulayıb ki, Ümummilli Lider Azərbaycan dövlətini zamanın çətin sınaqlarından məharətlə çıxarıb, ən mürəkkəb vəziyyətlərdə yalnız xalqına arxalanıb, həlledici anlarda böyük liderlik göstərərək Azərbaycanı inamla irəliyə aparıb. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə xalqımıza ləyaqətlə xidmət edib, bütün güc və bacarığını Azərbaycan xalqının rifahına və milli dövlətçilik ideyalarının gerçəkləşdirilməsinə yönəldib. AMEA rəhbəri bildirib ki, Heydər Əliyevin ideyaları, dövlətçilik kursu bu gün də yaşayır, müstəqil Azərbaycan dövlətinin inkişafına, möhkəmlənməsinə xidmət edir və dünyaya müstəqil dövlət olmağın nümunələrini təqdim edir.
“Heydər Əliyev-xalq birliyi Azərbaycanın dövlət müstəqilliyini çətin imtahanlardan keçirib, müstəqilliyimizin möhkəm təməlləri qoyulub. Dahi lider Azərbaycanın müstəqilliyini əbədi və dönməz edib. Bu gün biz tam müstəqil, dinamik inkişaf edən, dünyada sayılıb-seçilən ölkədə yaşadığımıza görə xalqımızın böyük oğlu Heydər Əliyevə əbədi borcluyuq”, - deyə akademik İsa Həbibbəyli əlavə edib.
AMEA rəhbəri Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səylərinin hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və müasir çağırışlara uyğun olaraq inkişaf etdirildiyini söyləyib. Bildirib ki, Heydər Əliyevin müəyyənləşdirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan dünyada layiqli yerini tutub, beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınıb.
O, 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun torpaqlarımızı düşmən işğalından qurtararaq ərazi bütövlüyümüzü bərpa etdiyini deyib. Qeyd edib ki, xalqımızın Müzəffər Ali Baş Komandanın ətrafında “Dəmir yumruq” kimi sıx birləşməsi nəticəsində 30 illik işğala son qoyulub, Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü tam bərpa edilib. Bu tarixi Qələbə həm də Ulu Öndər Heydər Əliyevin Azərbaycanla bağlı ən böyük arzusunun həyata keçdiyinin təsdiqi olub.
Akademik İsa Həbibbəyli bu gün Azərbaycanın bütün ərazilərində Dövlət Bayrağının qürurla dalğalandığını vurğulayıb. Alim ölkəmizdə Böyük Qayıdış hərəkatının uğurla həyata keçirildiyini, Azərbaycanın bütün yönləri ilə inkişaf etdiyini, dünyada nümunəvi inkişaf modelinə və milli tərəqqi yoluna malik dövlət kimi tanındığını bildirib.
AMEA rəhbəri Ümummilli Lider Heydər Əliyevin zəngin həyat yolu və siyasi fəaliyyətinin yeni nəsillərə çatdırılmasının önəmini qeyd edib. O, Heydər Əliyevin böyük Sovet imperiyasının ən nüfuzlu liderlərindən biri, İlham Əliyevin isə yeni dünyanın qüdrətli liderlərindən biri olduğunu söyləyib.
Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dövrdə AMEA-nın inkişafını diqqət mərkəzində saxladığını deyən akademik İsa Həbibbəyli Akademiyanın 80 illik yubiley tədbirlərinin ən parlaq zirvəsinin Prezident İlham Əliyevin 3 noyabr 2025-ci il tarixində Akademiyanın yığıncağında iştirakı və dərin məzmunlu nitqlə çıxışı olduğunu bildirib. Qeyd edib ki, dövlət başçısının yubiley yığıncağında iştirakı və tarixi nitqi Azərbaycan aliminə, elminə, ziyalısına və Milli Elmlər Akademiyasına dövlət səviyyəsində diqqətin ifadəsidir.
Sonra Ulu Öndər Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova çıxış edərək Heydər Əliyevin həyat yolu və dövlətçilik irsinin təkcə müstəqil, suveren və demokratik Azərbaycan Respublikasının quruculuğu ilə deyil, həm də ölkəmizdə hüquqi, sosial və gender bərabərliyi prinsiplərinin formalaşması ilə sıx bağlı olduğunu bildirib. Vurğulayıb ki, müasir dövlətçiliyimizin əsasını təşkil edən milli müstəqillik, suverenlik, demokratik konstitusiya quruluşu və hüquqları Ulu Öndərin strateji baxışları və qətiyyəti nəticəsində real məzmun kəsb edib.
“Ulu Öndərin dövlət siyasətinin mühüm istiqamətlərindən biri qadınların cəmiyyət və dövlət idarəçiliyində, elm və təhsildə rolunun genişləndirilməsi olmuşdur”, - deyən akademik İradə Hüseynova qeyd edib ki, dahi lider qadın hüquqlarını demokratik dövlət quruculuğunun əsas komponentlərindən biri hesab edib. Bu baxış Heydər Əliyevin həm sovet dövründəki rəhbərliyi zamanı, həm də müstəqillik illərində həyata keçirdiyi siyasətdə aydın görünüb. Ulu Öndərin qəbul etdiyi “Azərbaycanda qadınların rolunun artırılması haqqında” Sərəncam, eləcə də 2000-ci ildə təsdiq edilən “Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı” gender bərabərliyini ölkənin hüquqi və sosial inkişafının ayrılmaz tərkib hissəsinə çevirib.
Onun sözlərinə görə, Şərqdə ilk demokratik respublikanın qurulması, gender bərabərliyi ilə bağlı konstitusiya hüquqlarının təsbit olunması, qadınlara ilk dəfə seçmək və seçilmək hüququnun verilməsi ilə fərqlənən Azərbaycan qadın və qızların elmdə iştirakı üzrə də bir çox göstəricilərə görə dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə edilə bilər.
Akademik İradə Hüseynova əlavə edib ki, bu gün qadınlarımız elmdə, təhsildə, dövlət idarəçiliyində, iqtisadiyyatın müxtəlif sahələrində fəal iştirak edir, ölkənin intellektual və innovativ inkişafına ciddi töhfələr verirlər. Ulu Öndərin siyasi və sosial iqtisadi irsinin layiqli davamçısı Prezident İlham Əliyev müasir mərhələdə gender siyasətinə strateji yanaşmanı inkişaf etdirib, qadınların ictimai-siyasi fəallığının genişlənməsi üçün yeni imkanlar yaradıb. Bu istiqamətdə həyata keçirilən dövlət proqramları və institusional islahatlar müasir Azərbaycan cəmiyyətində qadınların iştirakını daha yüksək səviyyəyə qaldırır.
“Ulu Öndərin Azərbaycan qadınına verdiyi yüksək dəyər və etimad, onun hüquqlarının və sosial statusunun möhkəmləndirilməsi üçün gördüyü işlər bu gün də ölkəmizin elmi, ictimai və siyasi həyatında öz real nəticələrini göstərməkdədir. Biz AMEA-da bu siyasətin davamlılığını təmin etməyi, elm sahəsində qadınların aktivliyini daha da genişləndirməyi, onların liderlik potensialına dəstək göstərməyi özümüz üçün vacib prioritet hesab edirik”, - deyə vitse-prezident çıxışını tamamlayıb.
Daha sonra çıxış edən AMEA Qadınlar Şurasının sədri professor Rəna Mirzəzadə bildirib ki, bu gün Azərbaycanda uğurlu gender siyasəti həyata keçirilir. Ölkəmizdə gender məsələləri Ulu Öndər Heydər Əliyevin hər zaman diqqət mərkəzində olub, onun hakimiyyətinin bütün dövrlərində kişi və qadınların siyasətdə və hakimiyyətdə bərabər iştirakına zəmin yaradılıb. Məhz dahi liderin Fərmanı ilə 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, 2000-ci ildə dövlət qadın siyasəti ilə bağlı Fərmanın imzalanması bu sahəyə xüsusi diqqətin ifadəsidir.
Tədbirdə, həmçinin AMEA-nın vitse-prezidenti akademik Gövhər Baxşəliyevanın “Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisidir”, İctimai Elmlər Bölməsinin Elmi Şurasının sədr müavini akademik Nərgiz Axundovanın “Heydər Əliyev Azərbaycan tarixinin Böyük Lideridir”, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri fəlsəfə elmləri doktoru, dosent Xatirə Quliyevanın “XX əsr Azərbaycan dahisi Ulu Öndər Heydər Əliyev”, YAP Veteranlar Şurasının üzvü, AMEA-nın Qadınlar Şurasının İdarə Heyətinin üzvü, həkim-ictimaiyyətçi Zərifə Quliyevanın “ Heydər Əliyev əbədi yaddaşlarda və Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Gülşən Allahverdiyevanın “Heydər Əliyevin xatirəsinə həsr edilmiş şeir” adlı məruzələri dinlənilib.
https://science.gov.az/az/news/open/34266







