10.12.2025, 12:44 - Baxış sayı: 39

Muzeydə “21 Azər – 80” adlı tədbir keçirilib


Milli Azərbaycan Tarixi Muzeyində Cənubi Azərbaycanda 1945–1946-cı illərdə baş vermiş 21 Azər hərəkatının 80 illiyinə həsr olunmuş “21 Azər – 80” adlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirin açılış mərasimində Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi çıxış edərək tədbirin əhəmiyyəti haqqında ətraflı məlumat verib.

Sonra Səməd Bayramzadənin mətnin müəllifi olduğu “21 Azər hərəkatı” adlı 8 dəqiqəlik sənədli film nümayiş etdirilib.

Tədbir zamanı AMEA Z. Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, t.ü.f.d., dosent Sübhan Talıblı “Azərbaycan Milli Hökumətinin qurulmasında Seyid Cəfər Pişəvərinin rolu (1945–1946-cı illər)” , AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.e.d., dosent, Fövqəladə və səlahiyyətli səfir Eynulla Mədətli “S.C. Pişəvərinin ölümünə dair mayor Həsən Nəzərinin xatirələri”, sözügedən şöbənin müdiri Fəridə Şəmsi “Azərbaycan muzeylərində Cənubi Azərbaycanın irsi”, muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Əli Fərhadov “Azərbaycan” qəzeti: Cənubdan Şimala mədəniyyət körpüsü” adlı məruzələrlə çıxış ediblər.

Sonra AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə və S.C. Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının Tərbiyə-təşkilat işləri üzrə direktor müavini Vüsalə Məmmədova çıxış edərək tədbir və mövzu ilə bağlı fikirlərini bölüşüblər.

Tədbirdə şair və yazıçı, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin rəhbəri, AYB sədrinin müşaviri, Güney Azərbaycan İcmasının sədri Sayman Aruz, həmçinin İranlı Mühacirlər Cəmiyyətinin sədri Firuddin İbrahimi çıxış ediblər.

Sonra muzeyin əməkdaşı, dosent Əli Fərhadovun “Azərbaycan” qəzetində (1947–1949) publisistika, mədəniyyət və ictimai-siyasi, iqtisadi məsələlər” adlı yeni nəşri təqdim olunub, eyni zamanda 2025-ci ildə Muzeyin fondlarına daxil edilmiş, 21 Azər hərəkatı və Dr. Cavad Heyətin nəşr etdirdiyi “Varlıq” jurnalı ilə bağlı eksponatlar ilk dəfə olaraq ictimaiyyətə nümayiş etdirilib.

Tədbirdə tarixçi alimlər, S.C. Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının şagirdləri və muzey əməkdaşları iştirak ediblər.

Sonda iştirakçılara təşəkkürnamələr təqdim olunub.

http://azhistorymuseum.gov.az/az/news/5187