12.01.2026, 15:13 - Baxış sayı: 86

“Dövlət cəmiyyət və qlobal çağırışlar: Prezident İlham Əliyevin media müsahibəsinə akademik baxışı” mövzusunda elmi-nəzəri seminar keçirilib


Yanvarın 12-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Dövlət cəmiyyət və qlobal çağırışlar: Prezident İlham Əliyevin media müsahibəsinə akademik baxışı” mövzusunda elmi-nəzəri seminar keçirilib.

Seminarı f.ü.f.d. Məhəmməd Cəbrayılov açaraq tədbir iştirakçılarını salamladıqdan sonra sözü f.e.d. professor İlham Məmmədzadəyə verib. Professor vurğulayıb ki, Prezident İlham Əliyevin media müsahibələri dövlətçilik fəlsəfəsinin, cəmiyyətlə münasibətlərin və qlobal çağırışlara yanaşmanın kompleks ifadəsidir. Akademik təhlil göstərir ki, bu müsahibələr təkcə siyasi mövqelərin deyil, həm də müəyyən ideoloji və elmi- nəzəri, strateji düşüncənin, dövlətçilik fəlsəfəsinin və qlobal proseslərə rasional yanaşmanın sistemli təqdimatıdır. Dövlət, cəmiyyət münasibətlərinin harmoniyası, qlobal çağırışlara çevik adaptasiya və milli maraqların prioritetliyi bu diskursun əsas sütunlarını təşkil edir.

Prezident İlham Əliyevin media müsahibəsində səsləndirilən ideyaların dövlətçilik nəzəriyyəsi, cəmiyyətin inkişaf modeli və qlobal çağrışlar kontekstində elmi əsaslarla təhlil olunmasıdır. Müsahibədə əks olunan siyasi, sosial və beynəlxalq yanaşmaların nəzəri çərçivədə qiymətləndirilməsi seminarın başlıca istiqamətini təşkil edir.

Sonra “İdrak nəzəriyyəsi və məntiq” şöbəsinin müdiri f.e.d. Füzuli Qurbanov “Azərbaycan Prezidentinin televiziyaya müsahibəsinin bir sıra konseptual məqamları” mövzusunda çıxış edərək qeyd edib ki, dövlət başçısı Azərbaycan alimləri qarşısına dövlətçilik baxımında böyük əhəmiyyəti olan vəzifələr qoyur. Azərbaycan Prezidenti yüksək konseptual səviyyədə milli, regional və qlobal miqyaslarda dövlətin həyata keçirdiyi siyasəti xarakterizə etmişdir. Müsahibədə bu prizmada daxili və xarici siyasətin əsas məqamlarını sistemli təhlil etmiş, qarşıda duran vəzifələri vurğulamışdır. O cümlədən, Azərbaycan elmi və təhsili üçün aktual olan məsələlərə aydınlıq gətirmişdir.

Dövlət başçısının müsahibədə ifadə etdiyi fikirlərdən belə nəticə çıxarmaq olar ki, Azərbaycan elmi dövlətə xidmət etməlidir. Bu baxımdan, AMEA rəhbərliyinin müəyyən etdiyi və 2022-ci ilin payızından həyata keçirdiyi Yeniləşmə Kursunun aktuallığı, Akademiyanın strateji inkişaf konsepsiyası və “Yol xəriəsi”nin vacibliyi yeni bucaq altında daha aktual görünür.

Daha sonra AMEA-nın müxbir üzvü, professor Könül Bünyadzadə qeyd edib ki, Azərbaycan dilinin qarşısında müasir dünyanın dinamikasından irəli gələn yeni vəzifələr dayanır. Bu vəzifələr dilin saflığının qorunması, rəqəmsallaşma və yeni texnologiyalara inteqrasiyası, terminologiyaların elmi əsaslarla yenilənməsi və s. ibarətdir. Bütün bu çağırışların təhlili onu göstərir ki, Azərbaycan dilinin yeni inkişaf mərhələsinə qədəm qoyması sistemli, uzunmüddətli və elmi cəhətdən əsaslandırılmış bir yanaşma tələb edir. Odur ki, gələcək dil siyasətinin strateji istiqamətlərini müəyyən etmək ən vacib vəzifələrdən biridir.

Daha sonra İnstitutun direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli çıxış edərək şöbələrin iş və tədbirlər planlarında Prezidentin müsahibəsində irəli sürülən məsələlərin nəzərə alınmasını təklif etmiş, institutun elmi əməkdaşlarının kütləvi informasiya vasitələrində fəal çıxışlarının təqdirəlayiq olduğunu vurğulamışdır.

Seminarda f.e.d., professor Arif Büniyatov, f.ü.f.d., dosent Şölət Zeynalov, f.ü.f.d. Nicat Məmmədov, siy.e.d., dos. Ramilə Dadaşova, f.ü.f.d., dos. İradə Zərqanayeva, çıxış edərək mövzu ətrafında öz fikirlərini bölüşblər.