03.02.2026, 15:35 - Baxış sayı: 80

Gənclər gününə həsr olunmuş konfrans keçirilib



Fevralın 3-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının və AMEA Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncamına əsasən 02 fevral Gənclər gününə həsr olunmuş “Azərbaycanın şəhər mədəniyyətinin fəlsəfəsi və müasirlik” mövzusunda elmi konfrans keçirilib. 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 

Tədbiri giriş sözü ilə Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə açaraq bildirib ki, dövlətin gənclərə göstərdiyi diqqət və dəstək, eyni zamanda, gənclərin fəallığı və təşəbbüskarlığı ölkənin davamlı inkişafında onların rolunu daha da gücləndirir. Azərbaycanda hər il fevralın 2-si Gənclər Günü kimi qeyd olunur. Bu əlamətdar tarix gənclərin cəmiyyətin sosial, mədəni və ictimai-siyasi həyatında artan rolunu, onların potensialını və fəallığını ön plana çıxarır. Bu tarix həm də gənclərin potensialını, cəmiyyətə verdikləri töhfələri ictimaiyyətə nümayiş etdirmək üçün əlamətdar gündür. Bildiyimiz kimi, ölkəmizdə gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət bu gün dövlətimizin başçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir - deyə qeyd edib.

Sonra konfransın moderatoru, Gənc Alim və Mütəxəssislər Şurasının sədri Ceyran Hüseynli Kazımova çıxışında bildirib ki, İnstitutumuz tərəfindən 2 fevral – Gənclər günü ilə bağlı keçirilən konfrans artıq illərdir ki, ənənə halını alaraq silsilə tədbirlər sırasında yer almış və hər il öz dəsti-xəttini qoruyaraq maraqlı çıxışlarla, yeni fikirlərlə və səslənən ideyalarla yaddaşlarda iz saxlaya bilmişdir. İnanıram ki, bugünkü tədbirimizdə yer alan çıxışlar da maraq doğuracaq və maraqlı elmi diskussiyaya səbəb olacaqdır. Daha sonra Gənc Alim və Mütəxəssislər Şurasının yeni tərkibini təqdim edərək AMEA Rəyasət Heyətinin iclasında səslənən fikrə istinad kimi “Biz illərdir ki, gənclər haqqında danışır, bir çox fikirlər səsləndiririk. İndi isə gənclərin özləri ilə danışmağın, onları dinləməyin vaxtıdır.” ifadəsini vurğulayıb.

Daha sonra AMEA-nın Azad Həmkarlar İttifaqının sədri s.e.ü.f.d., dosent Sənan Həsənov 2 Fevral - Gənclər Günü münasibətilə gəncləri təbrik edib. O, vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev gələcəyə yönəlmiş uğurlu gənclər siyasətinin formalaşdırılmasını müstəqil Azərbaycanın dövlət strategiyasının əsas istiqamətlərindən hesab edib və bu baxımdan, Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı Prezident cənab İlham Əliyev ölkəmizin qüdrətinin artırılması naminə onun hərəkətverici qüvvəsi olan gənclərə daim böyük inam bəsləyib, cəmiyyətimizdə onların inkişafının təmin olunması üçün zəruri şərait yaradıb. O, dövlətimizin gənclər siyasətindən, ölkəmizin inkişafında gənclərin rolundan, həmçinin həmkarlar ittifaqlarının gənclərlə bağlı həyata keçirdiyi layihələrdən danışıb.

Daha sonra İnstitutun “Estetika” şöbəsinin müdiri, f.e.d., professor Adil Əsədov “Şəhər mədəniyyəti mədəniyyətlərin dördbölümlü tipologiyası kontekstində”, “Enerji təhlükəsizliyi siyasəti və gürcüstanşünaslıq” şöbəsinin elmi işçisi Badam Məmmədova “Qardaşlaşmış şəhərlərin inkişafa töhfəsi: Azərbaycan və Gürcüstan nümunəsində”, AMEA Arxeologiya və Antropologiya İnstitutunun “Neolit və Xalkolit arxeologiyası” şöbəsinin elmi işçisi, Prezident mükafatçısı (2025) Mircavid Ağalarov “Azərbaycanın Səlcuq dövrü şəhər mədəniyyəti”, ADPU-nun Quba filialı, Sosial və humanitar məsələlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, Aysel Şeydayeva “Azərbaycanın şəhərsalma modeli: Təcrübədən qlobal etimada doğru”, “Beynəlxalq münasibətlər və geosiyasət” şöbəsinin baş mütəxəssisi Lamiyyə Bağırzadə “Şəhər mədəniyyətinin fəlsəfi konteksti çərçivəsində Azərbaycanın qlobal humanitar diplomatiya strategiyası”, Azərbaycan Turizm və Menecment Universitetinin magistrantı, Gültəkin Məmmədova “Əlilliyi olan şəxslərin məşğulluğunda şəhərsalmanın rolu”, ADNSU nəzdində Heydər Əliyev Məktəbinin direktoru, Sənan Hüseynov “Müasir və müstəqil Azərbaycanda memarlıq mədəniyyətinin inkişafına təsir edən mühüm qərar və layihələr” mövzusunda çıxış edərək fikirlərini bölüşüblər.

Sonda elmi işlər üzrə direktor müavini t.e.d. Eynulla Mədətli dolğun çıxışlara görə gənc alimlərə, tədqiqatçılara təşəkkür edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Konfransda Gənc Alim və Mütəxəssislər sertifikat və diplomla təltif olunub.