Azərbaycanın tarix salnaməsində qadınların misilsiz xidməti
“Qadın dünyadır, qadın həyatdır, qadın insanlığı yaşadan müqəddəs varlıqdır”
Heydər Əliyev
Azərbaycan xalqının Ümummilli Lideri
Azərbaycan qadını 1918-1919-cu illərdə Azərbaycan Xalq Cümhuriyyəti dönəmində ilk dəfə seçmək və seçilmək hüququ qazanaraq, cəmiyyətdə kişilərlə bərabər hüquqlara malik olaraq, ölkəmizin ictimai-siyasi həyatında mühüm fəaliyyət göstərdi. 1977-ci ildə isə Ulu Öndərimiz Heydər Əliyevin qadınlar haqqında dediyi müdrik sözlər Azərbaycan qadınına inamı, güvəni, qayığını bir daha artırmış oldu: “Azərbaycan qadını öz ağlına, zəkasına, biliyinə güvənən bir qadındır və bu qadın hər zaman Azərbaycanın adını yüksəklərdə tutur”.
Məhz Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra qadınlar ölkənin ictimai-siyasi həyatında önə çəkildilər. “Siz Azərbaycanın ictimai-siyasi həyatının fəal iştirakçılarısız və arzu edirəm ki, bundan sonra da belə fəal olasınız və mən də öz tərəfimdən bütün imkanları yaratmağa çalışacağam”, - Ulu Öndər demişdi və bütün imkanları yaratdı. Azərbaycan qadınının şəxsiyyətinə böyük hörmətlə yanaşan Ulu Öndər Heydər Əliyev ölkəmizdə qadın siyasətinin əsasını qoyaraq, ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı. Qadınların qabiliyyətlərini üzə çıxararaq, onlara dəstək oldu. 1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. 2006-cı ildə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə çevrildi.
Azərbaycan qadını deyəndə, gözümüzün önündə canlı bir obraz əks olunur. Tarixi qadın şəxsiyyətlərimiz, dastanlarımızda, hekayələrimizdə əks olunan qadınlarımızın mərdliyi, fədakarlığı, kinoların qəhrəmanlarına çevrilən xanımlarımızın gözəl simaları, müsbət xasiyyətləri bütün qadınlara örnək olmaqdadır. Azərbaycan qadını davranışı, istedadı, cəsurluğu, mərdliyi və dürüstlüyü, mübarəzliyi ilə dünya ölkələrinin rəğbətini qazanıb. Tarixdə hökmdar Tomrisin mərdanəliyi, ölkələr fatehi İsgəndəri öz ağlı ilə fəth edən Nüşabə, diplomat Sara Xatun kimi sülh və əmin-amanlıq elçisi, Koroğlunun, Nəbinin arxadaşları Nigar və Həcər, xan qızı Natəvanın Azərbaycan qadınının ümumiləşmiş obrazı və digər cəsur qadınlarımız XXI əsrin Azərbaycan qadınına qürur hissi verir. Azərbaycan ədəbiyyatının formalaşmasında yazdığı əsərləri ilə, istedadlı rəssamlığı, şairəliyi, azad düşüncə tərzi ilə tarixdə seçilən Qarabağın fəxri, Mehdi qulu Xanın qızı Xurşudbanu Natəvan əsl Şərq qadını obrazı yaradaraq Azərbaycan qadınına xas ən yüksək keyfiyyətləri bu gün də öz adı ilə yaşadır. Lakin siyahı təkcə bunlarla bitmir. Hökümə Qurbanova, Nəcibə Məlikova, Leyla Bədirbəyli, Nəsibə Zeynalovanın canladırdıqları obrazlar, Şövkət Ələkbərovanın insanı heyran edən avazlı səsi, ürəklərə yol tapan Mirvari Dilbazi kimi şairə və digər yüzlərlə qadın Azərbaycanı daha da məşhur etmişlər. Qadının güvənc yeri oğullarımızın xidmət göstərdiyi Azərbaycan orudusudur. Məhz gələcəyə layiqli övlad yetişdirib, tərbiyə edən də analarımızdır. Analarımız Azərbaycanın tarix salnaməsində də öz izlərini qoymuşdur. Bu gün Yeni Azərbaycan Partiyasının sıralarında yüzlərlə qadın fəaliyyət göstərir.
Cənab Prezidentimiz İlham Əliyev Azərbaycan qadınına böyük diqqət və qayğı göstərərək demişdir: “Əminəm ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəkdir”. Həmçinin 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrikində qeyd etmişdir: “Elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə o, öz nüfuzunu ilbəil artırmağa müvəffəq olmuşdur”.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Qarabağ məsələsinə, diabetli uşaqların müalicəsinə, uşaq evlərinin yeniləşdirilməsinə diqqət ayırması, mədəniyyətin müxtəlif sahələri arasında, təhsil, musiqi, idman sahəsində və s. gördüyü işlər əsl Azərbaycan qadını olaraq onu hər kəsin sevimlisinə çevirmişdir. Mehriban xanım Əliyeva cəmiyyətdə qadınların oynadığı rol barədə demişdir: “Azərbaycan qadınları həyatın bir çox sahələrində əldə etdikləri uğurlarla haqlı olaraq fəxr edirlər”.
Sonda Ulu Öndər Heydər Əliyevin nitqi ilə fikrimi yekunlaşdırmaq istəyirəm: “Azərbaycan qadınına eşq olsun, eşq olsun, eşq olsun!”
Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

