13.03.2026, 16:01 - Baxış sayı: 16

MÜASİR AZƏRBAYCAN FƏLSƏFİ FİKRİNİN GÖRKƏMLİ NÜMAYƏNDƏSİ.....


İlham Ramiz oğlu Məmmədzadə Azərbaycan elmi-fəlsəfi mühitində dərin iz qoymuş, zəngin elmi irsi və geniş beynəlxalq nüfuzu ilə tanınan görkəmli alim, filosof və pedaqoqdur.

Onun fəaliyyəti müasir Azərbaycan fəlsəfəsinin inkişafı, etik və siyasi düşüncənin formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır.

İ.R. Məmmədzadə 1975-ci ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirmiş, 1980-ci ildə fəlsəfə doktoru, 1990-cı ildə isə fəlsəfə üzrə elmlər doktoru elmi dərəcələrini qazanmışdır.

Onun elmi yetkinliyi və akademik hazırlığı Sovet və post-sovet fəlsəfə məktəblərinin ən güclü intellektual ənənələri üzərində formalaşmışdır.

Alimin elmi irsi olduqca zəngindir. İlham Ramiz oğlu Məmmədzadə 300-dən çox elmi əsərin, o cümlədən 17 kitab və monoqrafiyanın müəllifidir. “Siyasət və əxlaq”, “Vətəndaş cəmiyyəti və milli ideologiya”, “Etikaya giriş”, “Bir daha fəlsəfə haqqında” kimi fundamental əsərləri onu təkcə Azərbaycan deyil ; beynəlxalq elmi ictimaiyyətdə də tanıtmışdır.

Onun fəlsəfə tarixi, etika, siyasət fəlsəfəsi və mədəniyyətlərarası münasibətlərə dair tədqiqatları yüksək reytinqli yerli və xarici jurnallarda dərc edilmişdir.

İ.R. Məmmədzadənin elmi nüfuzu beynəlxalq səviyyədə də qəbul olunur.

O, bir sıra nüfuzlu elmi jurnalların beynəlxalq redaksiya heyətinin üzvü, çoxsaylı kitab və monoqrafiyaların elmi redaktoru və rəyçisidir.

Alimin əsərləri Rusiya və Avropa fəlsəfə ensiklopediyalarına daxil edilmiş, xüsusilə Nikkolo Makiavellinin fəlsəfəsinə dair araşdırmaları beynəlxalq ensiklopedik mənbələrdə yer almışdır.

Pedaqoji fəaliyyəti də Məmmədzadənin elmi şəxsiyyətinin ayrılmaz hissəsidir. Uzun illər Qərb Universitetində professor kimi çalışan İlham Ramiz oğlu Məmmədzadənin elmi rəhbərliyi altında onlarla gənc alim yetişmiş, 4 elmlər doktoru və 15-dən çox fəlsəfə doktoru dissertasiyası müdafiə olunmuşdur. Bu fakt onun Azərbaycan elminin gələcəyinə verdiyi töhfənin bariz göstəricisidir.

Alimin elmi və ictimai xidmətləri dövlət səviyyəsində yüksək qiymətləndirilmişdir.

O, müxtəlif illərdə Fəxri Fərmanlar və yubiley medalları ilə təltif olunmuşdur.

Bütün bu göstəricilər İlham Ramiz oğlu Məmmədzadəni yalnız məhsuldar tədqiqatçı deyil ; eyni zamanda müasir Azərbaycan fəlsəfi düşüncəsinin görkəmli simalarından biri, elmi məktəb yaradan böyük alim kimi xarakterizə etməyə tam əsas verir.

Qəvami Sadıqbəyli
Xudaferin.eu

https://xudaferin.eu/muasir-azrbaycan-flsfi-fikrinin-gorkmli-numayndsi.html