Xalq şairi Səməd Vurğunun "Komsomol" poemasında yeniliklə köhnəliyin mübarizəsi

Yaradıcılığının ilk dövrlərindən marksizm-leninizm dünyagörüşünə yiyələnməsi böyük şair - Səməd Vurğunu əsrlə ayaqlaşa biləcək, günün tələblərinə, suallarına cavab verməyə qadir olan, hadisələrin mahiyyətini dərindən dərk edə bilən bir sənətkar səviyyəsinə yüksəltdi. Bu yüksəlişdə o, böyük ideallar, böyük duyğular və arzularla yaşamış və sənətini də bu idealların həqiqətinin nədən nəşət etdiyini öz düşüncələri ilə bağlı əlaqələndirmiş, istər sovet dönəmində, istərsə də müstəqillik qazandığımız indiki çağda müasirliyini yaşamaqdadır. Müasirlik anlayışı şairin yaradıcılığında çox dərin məzmun kəsb edir. O, vətənimizin çox qədimdən başlayaraq bu gününə qədər yaşadığı böyük bir tarixin ən mühüm dövrlərini, bu dövrlərin qabarıq cəhətlərini poeziyanın dili ilə, spesifik tərzdə əks etdirməyə müvəffəq olmuşdur. Yaşadığı dövrün ən ziddiyyətli cəhətləri XX əsr dünyasının ən mürəkkəb hadisələri ilə qaynayıb qarışan, yalnız öz xalqının deyil, bütün xalqların həyat və müqəddəratını düşünən, inqilabi humanist amal və ideyaların carçısı olan bu böyük şairin - Səməd Vurğunun yaradıcılığı öz xalqının həyatı ilə yanaşı, həm də ümumbəşəri səciyyə daşıyır. Şair “Yanğın” şeirində bu xüsusda yazır:
Mən indi bildim ki, xeyli ağırdır,
Dünyanı düşünən bir şair olmaq.
"Dünyanı düşünən bir şair olmaq" ideyası mütəfəkkir ədibin yaşadığı dövrünün sosialist ideallarına bağlılığından irəli gəlirdi. Bu bağlılıq hər şeydən əvvəl insanda bəşəri hisslərin baş qaldırmasına, dünyanın əşrəfi sayılan insana, insan anlayışına dərin sevginin oyanmasına xidmət edir. Bu da hər kəs üçün həyati əhəmiyyət kəsb edən "necə olmalı?" sualının düşüncələrdə əks sədası ilə müəyyənləşir, yəni insanın öz idealını, həyatda, işlərdə, hərəkətlərdə, mənəvi simada toplanmış başlıca miqyasını tapmaq səylərini nəzərdə tutur. İdealların böyük ictimai əhəmiyyəti insanlara çoxdan məlumdur. Xalq şairi Səməd Vurğun da bu ideallara biganə qala bilməzdi. O, özünün məzmunlu əsərlərində idealist fəlsəfənin idealları ya ilahi qüvvəyə olan istinadını əsas götürür, ya da idealların mənbəyinin mücərrəd şəkildə başa düşülən insan təbiətində olması fikrinə üstünlük verirdi. Mütəfəkkirin çoxşaxəli yaradıcılığının başlıca ideyaları həm poemalarında, həm də pyeslərində təcəssüm olunmuşdur. S.Vurğunun iyirmi altı başlıqlı poeması içərisində yeniliklə köhnəliyin mübarizəsindən bəhs edən "Komsomol" əsəri yeni həyat, yeni kənd, köhnəliklə barışmamaq, istismarçıları sıxışdırmaq, onları yeni həyatın qanunlarına tabe etmək ideyaları ilə zəngindir və bu mövzu Azərbaycanda XX əsrin 20-ci illərindən başlayaraq aktuallığını itirməmişdir. Bu mövzu C.Cabbarlı, M.Müşfiq , S.Rüstəm və digər sənətkarların əsərlərində olduğu kimi böyük ədibin də maraq dairəsindən kənarda qalmamışdır. C.Cabbarlı o dövrün pavosunu, əsas ideyasını belə ifadə etmişdi:
Vuruş var ha, vuruş var.
Sıralara duraq biz,
İrəliyə, irəliyə,
Yeni dünya quraq biz.
Süleyman Rüstəm də şeirində yeni həyat-yeniliyi belə tərənnüm edirdi:
Yeni həyat başlayarkən üzümüzə gülməyə,
Keçdim artıq gülə-gülə mən ələmdən nəşəyə.
"Komsomol" poeması şərti olaraq 21 sərlövhədən (başlıqdan) ibarətdir. Əsər hadisələrin genişliyi və dövrün hərtərəfli təsviri baxımından şairin ən kamil əsəridir. Azərbaycanın böyük xalq şairi Bəxtiyar Vahabzadə "Komsomol" poeması haqqındakı düşüncələrini belə ifadə edir:
"Natamamlığına baxmayaraq, S.Vurğunun poemaları içərisində həm məzmunu, həm bədii vüsəti, həm də hadisələrin əhatə dairəsinin genişliyi etibarı ilə Azərbaycan sovet poeziyasında mühüm yer tutur. Bu əsər poema janrının ən gözəl nümunəsidir. S. Vurğunun bəzi poemalarında gördüyümüz sözçülük, təsvirçilik burada yoxdur, daha doğrusu şair özü kənara çəkilmiş, bir rəssam sənətkarlığı ilə hadisələrin lövhəsini çəkmiş, insan xarakterləri yaratmış, nəticəni isə oxucunun ixtiyarına buraxmışdır. Poemanın sənətkarlıq cəhətdən üstün olan ən mühüm xüsusiyyəti də budur. Əsərdə adamlar, xarakterlər qarşı-qarşıya gəlir, ehtiraslar toqquşur, əqidələr, fikirlər üz-üzə dayanır. Biz qarşı-qarşıya gələn əqidələrin və bu əqidələri təmsil edən adamların, ehtirasların birinə haqq verir, digərinə qəzəblənir, birini qəbul edir, digərini rədd edirik. Şair isə sanki baş qəhrəmanı Bəxtiyarın çiyinləri arxasından oxucusuna baxır, razılıq əlaməti olaraq gülümsünür [2, səh67].
Böyük şair B.Vahabzadənin "Komsomol" poeması barədə yuxarıda qeyd edilən düşüncələrindən verilən bu iqtibasda əsərin baş qəhrəmanı Bəxtiyarın kontekstindən digər surətlərin formalaşması, onların, tədricən öz xırda səhvlərini, qüsurlarını dərk edib əsil həyatın gedişatına qayıtmalarında bir dönüşlüyün baş verməsi insandakı mənəvi ideala bağlılıqdan irəli gəlir. İnsan özünü dərk etdikcə, özünü qiymətləndirdikcə, özünü digərləri ilə müqayisə etdikcə özünə, öz xarakterinə, həyat tərzinə tənqidi yanaşmağa başlayır, onda özünü dəyişmək arzusu meydana çıxır. Bax ideala, etalona, nümunəyə daxili ehtiyac da bu vaxt baş qaldırır.
Poemada köhnə qolçomaq ünsürlərinin yeni həyata qayda-qanunlarına tabe olmayıb qaçaqçılığa qurşanmaları kənddəki sakit həyat keçirən yoxsullara fəlakət gətirir. Qolçomaq həyatı keçirməyə öyrəncəli olan Gəray bəy kimilər üçün bu cür yeni həyat qurmaq idealına dözmək ölümdən betərdir. Əsərin "Sahildə" başlığı ilə gedən hissəsində qolçomaq Gəray bəyin Kür çayının qumsal sahilində əlindəki qamçı ilə suya hiddətlə zərbə vurmasından oxucuya çox şey bəlli olur:
Kürün qumsal sahilində
qaşlarını çataraq
Qamçısını döyür suya
hiddətindən Gəray bəy...
Üç aydır ki, ormanların
arasında yataraq
Əl üzmüşdür vətənindən, millətindən Gəray bəy.
Qamçısını döyür suya hiddətindən Gəray bəy!
- Nədən mənim qabağımdan artanları yeyənlər,
Köhnə-köşkül paltarımı öz əyninə geyənlər
İndi mənə ağ olsunlar?..
Xanimanım dağılır,
Qızılyelin inəklərim yad əllərdə sağılır...
Bu misraların məzmunundan bəlli olur ki, yeni həyat, ümumiyyətlə yeniliklə barışa bilməyən gəraybəylər üçün davam etməkdə olan həyat çox cansıxıcıdır. Qurulan yeni cəmiyyəti dağıtmaq, köhnə cəmiyyəti bərpa etmək istəyən bir adam suların səsində qəzəb, hirs, kin, yeni cəmiyyəti sevənlərin kontekstində isə Cəlalın dünyadan əmin-amanlıq istəməsi, Humay adlı sevgilisinə qovuşmaq arzusu və bu baxımdan Kür sularının səsində sakitlik görməsi təbii və inandırıcıdır. Qamçını suya hiddətlə vurmasından Gəray bəyin niyyəti keyf və əyləncə gördüyü, kasıblara yuxarıdan aşağı baxdığı və yaşamış olduğu zamanı, dövrü saxlamaq, onun yenisi ilə əvəz olunmasını istəməməsidir. Gəray bilir ki, zamanın hökmü yaman olur, onun axar suya bənzər məcrasını döndərmək ağılsızlıqdır. Bəs nə etmək? Gəray bəyin son qərarı qurulan bu yeniliyə, yeni həyatın inkişafına maneçilik göstərmək, əngəl olmaqla yeni hökumətə qarşı mübarizə aparmaqdır. Zaman Gəray bəyin bir zaman at oynatdığı, meydan suladığı yerdə yeni bir quruluş yaratmışdır. Bu nöqtədə poemada Nəcəf bəyə nisbətən Gəray bəy çox irəlidə gedir. Nəcəf bəy dünyanın müvəqqəti olduğunu dərk edib, bu dərdi unutmaq üçün yalnız keyfə qurşanıb, eyş-işrəti bir amil kimi irəli sürməklə kifayətlənirsə, Gəray bəy bütün bunlarla bərabər, bu keyfi, bu ləzzəti saxlamaq üçün əldə tüfəng tutmağın, mübarizə aparmağın vacibliyini irəli sürür:
- Bu dünya beş gündür, beşi də qara,
Dünya qalmamışdır ulu xanlara.
Düşmənə baş əyən arvaddır, arvad!
İgidə lazımdır bir tüfəng, bir at,
Fürsəti bərk tutun, o qanadlı quş
Gündə bir qapıya müsafir olmuş.
Kef çəkin, dünyadan ləzzət aparın!
Səmti dəyişmişdir əsən ruzgarın.
İçin oğlanlarım!.. Dəmlənin hər vaxt!
Ömür dedikləri - qızıldan bir taxt
Olsa da, axırı puçdur, inanın!
Dünya meydanıdır ölümün, qanın...
Dedikcə Gərayın sərt baxışları
Açılır bir sonsuz boşluğa sarı...
Poemanın "Atışma" başlıqlı hissəsində komsomolçuların qaçaqlar üçün pusqu qurduqları bir vaxtda düşmənin qaçmasını əngəlləyən yaralı Şahsuvarın qəhrəmanlıq göstərməsi yoldaşlarını bir tərəfdən fərıhləndirsə də, digər tərəfdən məyus edir. Onlar üçün Şahsuvar kimisini itirmək, onun ayrılığına dözmək çətindən də çətindir:
Şahsuvar gecənin qoynunda sakin,
Qəlbində intiqam, gözlərində kin,
Son dəfə toplayıb yazıq özünü,
Astaca söylədi bu son sözünü:
- Gözləri yoldadır anamın, şəksiz,
Vaxtsız ölməyimi xəbər verin siz!
Deyin ki, arxamca ağlamasınlar,
Yas tutub, qaralar bağlamasınlar.
Bir də ki, Gülcamal... Ah, onu, bilsən,
Bütün varlığımla sevmədəyəm mən.
Nə olur son dəfə görsəydim onu...
... - Deyib vidalaşdı o ömrü yarı,
- Bir daha baxmadı Günəşə sarı...
Əsərin baş qəhrəmanı Bəxtiyar üçün yüksək insanlığa comərdlik səviyyəsində olan 7 yoldaşının - 7 qəhrəmanın hər biri olduqca dəyərli, olduqca doğma və istəklidir. Murad, Cəlal, Şahsuvar, Bəxtiyar, Mirpaşa, Şəmistan və Çalpapaq Kərəmin timsalında bütün komsomolçular şairin həm öz döyüşkənliyi, həm mərdliyi, həm humanist rəftarları ilə seçilən obrazları kimi bütün əsərləri üçün xarakterikdir. Mütəfəkkirin öz qəhrəmanlarının keçdikləri şərəfli və rəşadətli yolda sanki özü də bir iştirakçıdır:
Ayazlı, şaxtalı bir qış axşamı
Yeddi yoldaş olub yola düzəldik,
Qarlarla örtülü bir düzə gəldik;
Ayazlı, şaxtalı o qış axşamı,
O, ay dediyimiz göylərin şamı
O qarlı düzlərə baxıb yanırdı,
Yolçular getdikcə yol uzanırdi...
Poemanın 6-cı başlığında Humayı düşündürən, ağladan obrazını şair Puşkinin Tatyanası və Şekspirin Ofeliyası ilə müqayisə edir:
Humay düşündürür, Humay ağladır...
O nə Tatyanadır, nə Ofelyadır.
Həyata gəldiyi o gündən bəri
O küskün baxışlı qara gözləri
Nələr düşündürür... Onun həyatı,
Sevgisi, taleyi, müqəddəratı
Hər zaman andırır vərəmli bir qış,
Bütün diləkləri gözündə qalmış.
Ədib yaşadığı cəmiyyətin çeşidli üzvlərinin əqidə, məslək birliyinə sevgi ilə yanaşanda bəşəriyyətin ideallarına sığınır, məşəqqətli həyat keçirən Afrika, Amerika zəncilərinin, azadlığı buxovlanmış xalqların taleyini düşünür, bu bəşəri hisslərin, insanlığın fövqündə dayanaraq öz xalqının, öz milli varlığının, öz kimliyi uğrunda örtülü qalan məsələləri qabardır:
Şairim! Yaxanı bir qurtar da sən
İnsana dərd verən hadisələrdən.
Bizə yaşamaq da, ölmək da tanış,
Bir az da başqa bir aləmdən danış! (səh.17)
Burjua - meşşan ruhlu köhnə şeir tərəfdarlarının "sənət sənət üçündür" nəzəriyyəsini ədəbiyyata tətbiq etməyə çalışan estetlər (gözəlliyə, dəbdəbəyə uyanlar) sadə əmək adamlarının ədəbi əsərlərə gətirilməsinə etiraz edir, onların həyatından bəhs edən əsərləri sənət əsəri hesab etmirdilər. Qərbin mürtəce şair və nəzəriyyəçilərinə az qala səcdə edənləri şair qamçılayır, professor Mikayıl Rəfilinin fikrini əsas tutaraq "üzümüzü Füzulilərə, Nizamilərə, Vaqiflərə, Mirzə Fətəlilərə, Hüseyn Cavidlərə doğru çevirməyi, Verxarnlar, Uitmenlər, Jül-Romenlərə doğru çevirməkdən daha üstün tutmağı vacib sayır.
Nədən şeirimizin baş qəhrəmanı
Gah Turandan gəlir, gah da İrandan?
Bəs mənim ölkəmin varlığı hanı?
Böyük bir şairin yazdığı dastan
Gah Turandan gəlir, gah da İrandan!..
Budur mən açdığım yarış meydanı!
– Gəlsin Verxarinı yamsılayanlar!..
Poemanın bütün yarımfəsillərində (başlıqlarında) mütəfəkkiri düşündürən həyati məsələlərə, yeniliyə, köhnəliyə, milli-mənəvi dəyərlərə, dini ayinlərə, xalqın ürəyində möhkəm kök salmış Allahın yaratdıqlarına, qanunlarına yüksək sevgi, ehtiram duyğularının olması təbii bir hal kimi dəyərləndirilir. Əsərin "Maraqlı bir hadisə" hissəsində komsomolçu Mirpaşanın yenilik adı ilə məscidin qapısına it bağlaması ilə onun xalqın illər boyu qəlbində kök salmış milli-dini-mənəvi dəyərlərə etinasızlığı kəskin şəkildə pislənir və bu iradlar, töhmətlər tədricən mənəviyyatında təbəddülatın yaranmasına səbəb olur. Əsərin “Gözəllik və məhəbbət”, “Dostlar”, “Humay yenə düşünür”, “İlk görüş”, “Novruz bayramında”, “Qanlı çadır”, “Acı xəbər”, “Humayın ölümü” yarımfəsillərində (başlıqlarında) böyük mütəfəkkir qəhrəmanlarına, xüsusən Cəlalın timsalında demək olar ki, bütün obrazlara spesifik cəhətlərinə görə münasibət bəsləyir. Düşmən qızı Humayı bütün varlığı ilə sevməsi nəticəsində Cəlal Bəxtiyarın narazı baxışları ilə toqquşur və ondan ayrılır. Sevgilisi Humay, Cəlala ata-baba, elin qayda-qanunu ilə evlənməyi təklif edir və bunun üçün atası Gəray bəyin yanına elçi göndərməyi məsləhət bilir. Cəlalın Humayı sevməsi ilə bağlı dostcasına Gərayın yanına gəlişi düşməni xeyli düşündürür və nəticə etibarı ilə o, bu izdivacın baş tutmayacağını xəyalından keçirərək Cəlalı öldürür, içindəki kin, qəzəbini büruzə verir.
İgidə ehtiyat və inad gərək!..
Gəray bu fikirlə qeyzə gələrək,
Yanından götürür öz naqanını...
Qatilin o dəmki həyəcanını
Mən necə göstərim?
Cəlal yuxuda...
Humay yol gozləyir qan uda-uda...
Azacıq keçmədən açılır naqan,
Bir də ayılmayır Cəlal yuxudan...
Əsərin ən maraqlı yerlərindən biri də Novruz axşamı Humayın fal açmasının təsvirinə həsr olunan hissədir. Humay bir nimçə suya iki sancaq salmış. Sancaqların su üzərindəki hərəkətilə öz taleyini müəyyənləşdirməyə çalışır. Pambıqlı sancaqlar üz-üzə gəldiyi zaman qız sevinir, lakin bir qədərdən sonra sancağın biri suda qərq olur. Bununla da Cəlalın başında xəta olduğunu müəyyənləşdirən Humay küskünləşir, sancaq falından razı qalmır.
Böyük mütəfəkkirin burada bir anlıq olaraq zərdüştlüyün xeyir və şər allahı fəlsəfəsində təcəssüm olunan əksliklərin vəhdəti və mübarizəsi qanunu ilə səsləşən bir-birinin əksi olan “həyat, ölüm” məsələləri ilə bağlı bədii təzadı, sevinc hissi ilə yaşamağın ardından sonra insana ən əziz bir adamın ölüm xəbərini çatdırmaqla əsərdə böyük bir kontrast yaratması son dərəcə sevinc-qəm, kədər, məyuslluq doğurur.
“İntizar” hissəsində kimsənin öz oğluna “Toyunu görək” misrasına diqqət yetirəndə bəlli olur ki, şair nə üçün kimsənin öz qızına “toyunu görək” ifadəsini işlətməmişdir. Axı Humay qızdır, “toyunu görək” qız uşağına deyilsəydi, Humayın da qız olması ilə əlaqədar alqış sədası daha artıq yerinə düşərdi. Burada əsas olaraq bir məqamı da diqqətə çəkmək vacibdir ki, adət-ənənələrimizin cəmiyyət daxilində “avtoritet” olaraq “kişiyə-oğlana” üstünlük verməsi indiki çağımızda – həyatımızda demək olar ki, köhnəlmiş və arxada qalmış keçmişin bir antipodu kimi yada düşür. Humay üçün Cəlalın ölüm xəbəri Bəxtiyarın önündə qızın sarsılaraq öz huşunu itirməsinə gətirib çıxarır, bundan peşimanlanan Bəxtiyar sevginin nələrə qadir olduğuna heyrət edir.
Humay bir ah çəkir, gəlir özünə,
Bir məzar görünür dünya gözünə,
- Humay, özünə gəl! Bağışla məni,
Artıq-əskik deyib incitdim səni.
Bilmədim Cəlala vurulduğunu
Sevdalı bir könül əfv edər bunu.
- Bilirəm, Bəxtiyar, səni incidən
Onun, o yazığın fəlakətidir.
Cəlladlıq babamın bir adətidir.
Bəlkə təqsırkaram doğrudan da mən...
- Utanma, gəl bacım, gəl, gedək sizə,
Gəl ötürüm səni öz evinizə...
Xalq şairi “Komsomol” poemasındakı “Dünya” rədifli şeirini məhz Humayın ölümündən sonra verməsi onun bütün yaradıcılığı üçün səciyyəvi sayılan dərin fəlsəfi ümumiləşdirmələr, mühakimələrin sintezindən yaranmışdır. Bu ricətin, fəlsəfi düşüncələrinin ilk və ən gözəl nümunəsi sayılan bu şeir Humayın vaxtsız ölümünə biganə qala bilməməyin, ümumən həyat və xilqət haqqındakı şairin düşüncələri ilə əlaqəli olduğunun bugünkü həyatın elmlə, kainatın sirləri ilə bağlı məlum məsələlərindən baş açmağı tövsiyyə edir:
Səhərin qoynunda ağlaşma səsi
İnsanı yandınr odsuz-ocaqsız.
Nədir kainatın bu mənzərəsi,
Yaşayanmı haqsız, ölənmi haqsız?
İnsanı yandırır odsuz-ocaqsız...
***
Ulduzlar havanın bağrını dəlir,
Qayalı dağlardan duınan ytiksəlir,
Xəyalım gecəni salama gəlir,
Çapdırır atını birbaşa dünya.
***
Yerlərə baxıram - bağçalı, bağlı,
Göylərə baxıraın - qapısı bağlı,
Kainat ixtiyar, sirli, soraqlı,
Əzəldən yaranıb tamaşa dünya.
***
Bir də görürsən ki, açılan solur,
Düşünən bir beyin bir torpaq olur.
Bir yandan boşalır, bir yandan dolur,
Sirrini verməyir sirdaşa dünya.
***
Əzəldən belədir çünki kainat,
Cahan daimidir, ömür amanat.
Əldən ələ keçir vəfasız həyat;
Biz gəldi-gedərik, sən yaşa, dünya!
***
Bir də düşünməyə varmı vaxtımız
Sirri məchul olan bu mənaları?
Şairim, belədir, bizim baxtımız
Bəşər tapmamışdır əzəldən bəri
Sirri məchul olan bu mənaları.
***
Buludlar dağılır uzaqda lay-lay,
Yenə öz yerində yuvarlanır ay;
Fəqət nə Cəlal var, nə də ki, Humay,
Nə ömrə acıyır, nə yaşa dünya. (səh.77)
Bu bəndlərdə kainatın, həyatın, hələlik bəşəriyyətə naməlum olan sirlərindən danışılır. Xalq şairi bəxtiyar Vahabzadənin təbirincə desək “gösləmək olardı ki, bu qoşma bədbin bir nəticə ilə bitəcək, lakin bunlardan sonra gələn bəndin sonluğu nikbindir (2, səh.70). Şeir misralarının arxasınca şairin insanlara nikbinlik fəlsəfəsində dəyər verdiyi məqamlar gələcəyə olan ümidlərimizə işıq saçır:
“Həyat vəfasız olsa da, qoy insanların əlləri ilə gündən-günə gözəlləşən dünyamız yaşasın, çünki insan məhv olub getsə də, dünya, insanların yaratdığı cahanşümul abidələri həmişə öz qoynunda saxlamalıdır, bu isə yenə də insanın ölməzliyinə dəlalət edir:
Əldən-ələ keçir vəfasız dünya,
Biz gəldi-gedərik, sən yaşa dünya.
Əli İbrahimov,
f.ü.f.d.,dosent

