08.05.2026, 13:12 - Baxış sayı: 7

Heydər Əliyevin dil siyasəti: Ana dili milli kimliyin daşıyıcısı kimi


Dil hər bir xalqın varlığını, tarixi yaddaşını və mədəni irsini özündə ehtiva edən əsas faktorlardan biridir. Milliliyi və mənəvi dəyərləri yaşadan dil,milli identikliyin və milli kimliyin formalaşmasında aparıcı amil kimi çıxış edir. Azərbaycan xalqı üçün də ana dili tarixi inkişaf prosesində milli şüurun, mədəni irsin və dövlətçilik ənənələrinin qorunmasında həlledici funksiyanı yerinə yetirmiş, milli kimliyin formalaşmasında həlledici rol oynamışdır.

Uzun illər dövlətə rəhbərlik edərək Azərbaycan tarixində silinməz iz qoyan Ulu Öndər Heydər Əliyev dil məsələsinə xüsusi həssaslıqla yanaşaraq, ana dilini dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirmişdir. O, hər zaman ana dilinin dövlət dili kimi tətbiqi məsələlərinə xüsusi diqqət yetirmiş və onun nüfuzunun artırılması üçün ardıcıl siyasət yeritmişdir. Heydər Əliyev hələ SSRİ dövründə (1970-ci illərdə) Azərbaycan dilinə dövlət dili statusunun verilməsinə nail olaraq, milli özünüdərkin güclənməsinə böyük təkan vermişdir. Bu irs bu gün də Azərbaycanın dövlətçilik təliminin ayrılmaz hissəsi kimi qəbul edilir. [8]

Heydər Əliyevin dil siyasəti müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarından biri kimi çıxış edir. Onun konsepsiyasında ana dili milli ideologiyanın əsas sütunlarından biridir. Heydər Əliyevin fikrincə: “Dil xalqın ruhudur. Dilini itirən xalq öz kimliyini itirir.” Bu yanaşma dilin simvolik funksiyasını ön plana çıxarır və onu milli birliyin əsas elementi kimi təqdim edir.

Heydər Əliyev ana dilini yalnız ünsiyyət vasitəsi deyil, milli varlığın təməli kimi qiymətləndirmişdir. Onun çıxışlarında ana dili milli sərvət kimi təqdim olunur. Ulu öndər deyirdi: “Azərbaycan dili bizim milli sərvətimizdir. Bu dili qorumaq və inkişaf etdirmək hər birimizin borcudur.” Bu yanaşma dilin funksional çərçivəsini genişləndirərək onu siyasi və ideoloji kateqoriyaya çevirir.[1]Söylənilən fikir dilin yalnız mədəni deyil, həm də ictimai və siyasi əhəmiyyət daşıdığını göstərir. Burada dil kollektiv identikliyin əsas atributu kimi çıxış edir.

Azərbaycan Respublikasında dil siyasətinin hüquqi bazası Azərbaycan Respublikasının Konstitusiyasıdır. Heydər Əliyevin rəhbərliyi dövründə qəbul edilən Konstitusiya ilə Azərbaycan dili dövlət dili kimi təsbit etmişdir. Heydər Əliyev bu barədə deyirdi: “Biz Azərbaycan dilinin dövlət dili kimi inkişaf etməsinə nail olmuşuq və bundan sonra da onun saflığını qorumaq üçün çalışmalıyıq.” [2] Bu yanaşma dil siyasətinin sistemli və davamlı xarakter daşıdığını göstərir.

Azərbaycan Prezidenti Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladığı fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi elan olundu. Bu da latın qrafikasına tam keçidin baş tutması və dilin tətbiq dairəsinin genişləndirilməsi sahəsində aparılan siyasətin praktik nəticəsi kimi özünü göstərməsinin bariz nümunəsi idi.

Heydər Əliyev Azərbaycan dilinin inkişafını və qorunmasını milli dövlətçiliyin ən vacib atributlarından biri kimi qiymətləndirirdi. O, bu məsələni belə şərh edirdi: “Dövlət dili xalqın dövlətçiliyinin əsas atributlarından biridir və onun qorunması strateji vəzifədir.” Ulu öndər tərəfindən söylənilən bu kəlam Azərbaycan dilinin dövlət dili kimi daşıdığı rolu və onun qorunmasının vacibliyini vurğulayan ən mühüm tezislərdən biridir. Bu sitatın əsas məqamları dilin dövlətçilik atributustrateji vəzifə kimi önə çıxarılmasındadır. Heydər Əliyev bu sitatla deyir ki, dil yalnız ünsiyyət vasitəsi deyil, müstəqil dövlətin rəmzlərindən (bayraq, himn, gerb kimi) biridir və ana dilinin saflığının qorunması, inkişafı və təbliği dövlətin milli təhlükəsizliyi və gələcəyi üçün vacib (strateji) məsələ sayılır.[1]

Heydər Əliyev dilin gələcəyini gənc nəslin üzərinə qoyurdu: “Gənclər ana dilini dərindən bilməli və onu inkişaf etdirməlidirlər.” Bu fikir təhsil siyasəti ilə dil siyasətinin inteqrasiyasını zəruri edir. Dilin davamlılığı yalnız hüquqi tədbirlərlə deyil, həm də sosial-mədəni mühitlə təmin olunur.

Heydər Əliyev 29 avqust 1997-ci ildə respublikamızın və xarici ölkələrin ali məktəblərinə qəbul olunmuş tələbələrlə görüşündəki nitqində deyirdi: “Mən keçmişdə də demişəm və bu gün də deyirəm, şəxsən arzum ondan ibarətdir ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini – dövlət dilini yaxşı bilsin. Bizim çox gözəl, zəngin, cazibədar dilimiz var. Bəlkə də biz bu dildə danışmağımıza görə öz dilimizin zənginliyini və gözəlliyini hələ tam dərk edə bilməmişik. Ancaq bilin ki, bu, həqiqətdir. Ona görə də bunu heç bir şeyə dəyişmək olmaz. Xarici dil bilmək, əlbəttə ki, lazımdır, vacibdir. Mən bir daha arzu edirəm ki, vətəndaşlarımız ingilis dilini də, rus dilini də, fransız dilini də, alman dilini də, türk dilini də, ərəb dilini də, fars dilini də, hətta Çin dilini də bilsinlər. Gənclərimiz nə qədər çox dil bilsələr bir o qədər zəngin dünyagörüşünə malik olacaqlar. Bu, müasir dünyanın tələbləridir. Amma ən əsası ondan ibarətdir ki, hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir. Gənclərə tövsiyə edirəm ki, əgər kiminsə bu barədə çatışmazlığı varsa, çalışın, bunu aradan qaldırın. Xarici ölkələrdə təhsil alarkən, həmin ökənin dilini öyrənərkən, eyni zamanda, başqa dilləri öyrənərkən öz dilinizi heç vaxt unutmayın və öz ana dilinizi heç bir başqa dilə dəyişməyin. Xalqın, millətin, insanın öz ana dilindən əziz heç bir şeyi ola bilməz. Hətta öz dilimizdə danışmağı başqalarına da öyrədin».

1997-ci ildə ABŞ-da Azərbaycan diasporu ilə görüş Heydər Əliyevin dil siyasətinin beynəlxalq aspektlərini əks etdirən mühüm hadisədir. ABŞ-da yaşayan azərbaycanlılarla görüşdə Heydər Əliyev ana dili məsələsinə xüsusi diqqət yetirmişdır. O, çıxışında ana dilinin diaspor şəraitində qorunmasının vacibliyini xüsusi vurğulamışdır: “Xaricdə yaşayan azərbaycanlılar üçün ana dili onların milli kimliyinin qorunmasının əsas vasitəsidir.” Bu fikir diaspor tədqiqatlarında geniş istifadə olunan “dil-mədəniyyət bağlılığı” konsepsiyasını təsdiqləyir. Heydər Əliyevin bu çıxışı diaspor siyasəti baxımından mühüm əhəmiyyət daşıyır. O qeyd edirdi: “Xaricdə yaşayan hər bir azərbaycanlı öz ana dilini bilməli, onu yaşatmalı və övladlarına ötürməlidir. Ana dili milli mənsubiyyətin əsas göstəricisidir.” Bu fikir diaspor şəraitində assimilyasiya risklərinə qarşı dilin qoruyucu rolunu ön plana çıxarır. Burada dil assimilyasiyaya qarşı sosial müdafiə mexanizmi kimi çıxış edir. [3]

Həmin çıxışda Heydər Əliyev Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların vəziyyətinə də toxunmuşdur. İran ərazisində yaşayan milyonlarla azərbaycanlının ana dilində təhsil imkanlarının məhdudluğu onun çıxışında xüsusi yer tutmuşdur: “İranda yaşayan milyonlarla azərbaycanlı ana dilində təhsil ala bilmir. Buna baxmayaraq, onlar öz dillərini qoruyub saxlayıblar. Bu, xalqımızın nə qədər güclü olduğunu göstərir.” [3]Bu sitat dilin sosial və siyasi məhdudiyyətlərə baxmayaraq yaşadılmasının mümkünlüyünü göstərir və milli şüurun gücünü vurğulayır. Eyni zamanda bu yanaşma dil hüquqları məsələsinin beynəlxalq insan hüquqları kontekstində də aktuallığını göstərir. UNESCO və digər beynəlxalq təşkilatlar da ana dilində təhsilin vacibliyini xüsusi vurğulayır. Heydər Əliyevin 1997-ci ildə ABŞ-da etdiyi çıxış ana dili məsələsinin qlobal azərbaycanlı kimliyi çərçivəsində qiymətləndirilməsinin nümunəsidir.

Həmin görüş zamanı Heydər Əliyevin nitqində xüsusilə vurğulanacaq bir hissə də var idi ki, bu da ikiyə bölünməsinə baxmayaraq bütöv Azərbaycan ruhunun bölünmədiyinə, var olduğuna və hər zaman var olacağına işarə idi: “Belə olmasın ki, bu o Azərbaycandandır, bu isə bu Azərbaycandandır. Fərqi yoxdur. Bizim aramızda bir Araz var... İndi nə olsun ki, vaxtilə aramızı kəsdilər. Aramızı Araz kəsmədi, bizi parçaladılar. Nə olsun? Nə fərqi var ki, biri o tayda, biri bu tayda doğulubdur? Hamısı azərbaycanlıdır. Ona görə də gəlin daha da birləşək, bir olaq. Bir daha deyirəm, bütün azərbaycanlıların indi dünyada bir Vətəni var. O da müstəqil Azərbaycan Respublikasıdır. Bir dövləti var. Bu, müstəqil Azərbaycan Respublikasıdır, onun dövlətidir. Gəlin hamımız bu dövlətin, bu Vətənin ətrafında sıx birləşək. Kim harada yaşayır-yaşasın... Amma harada yaşayırsansa-yaşa, öz vətənini həmişə qəlbində saxla. Con Kennedinin sözünə uyğun desək, hər gün fikirləş, sən Azərbaycan üçün nə etmisən? Bu barədə hər gün fikirləş.” [3]

Göründüyü kimi, Heydər Əliyevin dil siyasəti kompleks və çoxşaxəli xarakter daşıyır. Onun ana dili haqqında çox dəyərli və tez-tez sitat gətirilən fikirləri Azərbaycan dövlətçiliyinin, milli kimliyin və mədəni inkişafın əsas sütunlarından biri kimi qiymətləndirilir. Onun çıxışlarında ana dilinə sevgi, qoruma və inkişaf mövzusu əsas yer tutur. Heydər Əliyevin çıxış və nitqlərində Azərbaycan dilinə münasibət yalnız dil siyasəti çərçivəsində deyil, həm də milli ideologiyanın mühüm komponenti kimi təqdim olunur. Söylənilən fikirlərdə əsas mesaj odur ki, dil sadəcə ünsiyyət vasitəsi deyil, həm də milli kimliyin, mədəniyyətin və tarixinin daşıyıcısıdır.

Asya Əhmədova ,

Fəlsəfə və Sosiologiya İnstitutunun

Həmkarlar Təşkilatının sədri

1. Heydər Əliyev. Seçilmiş çıxışlar və nitqlər. Bakı: Azərnəşr, 2001.

2. Heydər Əliyev, rəsmi nitq, Bakı, 1998

3. ABŞ-da Azərbaycan diasporu ilə görüş, 1997, rəsmi arxiv materialları.

4. Təhsil işçiləri ilə görüş, 2000

5. Azərbaycan Respublikasının Konstitusiyası (1995).

6. https://lib.aliyev-heritage.org/az/9154870.html

7. https://az.wikipedia.org/wiki/Az%C9%99rbaycan

8. https://www.yeniazerbaycan.com/YAPxeber_e68358_az.html