24.04.2026, 21:49 - Baxış sayı: 27

Lətifə Orucla görüş



Aprelin 24-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Qadınlar Şurasının təşkilatçılığı ilə tanınmış hüquqşünas-yazıçı Lətifə Orucla görüş və onun “Sirli gedişlər”, “Oyun dövrəsi” romanlarının müzakirəsi keçirilib.

Tanınmış hüquqşünas, dəyərli qələm sahibi, yazıçı-publisist Lətifə Orucun "Sirli gedişlər” və “Oyun Dövrəsi” kitablarının təqdimat mərasimində Institutun şöbə müdirləri, elmi əməkdaşlar, eləcə də ölkəmizin bir sıra qələm sahibləri, ziyalılar, xanım jurnalist mərhum Qənirə Paşayevanın anası Tehran xanım Nağıyeva, müəllifin qohumları və tələbə yoldaşları da iştirak ediblər.

Tədbiri giriş sözü ilə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, Fövqəladə və səlahiyyətli səfir, t.e.d. Eynulla Mədətli açaraq tədbir iştirakçılarını İnstitutun direktoru f.e.d., prof. İlham Məmmədzadənin adından və öz adından salamlayıb. İnstitut haqqında qonaqlara məlumat verən E.Mədətli Lətifə xanımın müəllifi olduğu "Sirli gedişlər” və “Oyun Dövrəsi” kitabları haqqında tədbir iştirakçılarına ətraflı məlumatlar verib, bu əsərlərin məzmunu və aşıladığı yüksək mənəvi dəyərlər, müəllifin hüquqi-fəlsəfi baxışları, xüsusən ailə dəyərlərinə verdiyi diqqəti təqdir edərək bu əsərlərin yeni nəslin insanlıq və vətənpərvərlik ruhunda yönləndirilməsində çox əhəmiyyətli bir missiyanı yerinə yetirdiyini vurğulayıb. O, Lətifə Orucun “Sirli gedişlər”, “Oyun dövrəsi” adlı romanlarını müasir Azərbaycan avtobioqrafik detektiv romançılığında yeni xətt kimi xarakterizə edib. Tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, hər iki əsər böyük həcimli romanlardır və artıq bir sıra dünya dillərinə tərcümə edilmiş, müxtəlif ölkələrdə təqdimatları keçirilmişdir.

Daha sonra Eynulla Mədətli bildirib ki, həyat və iş təcrübəsinə əsaslanan Lətifə Orucun “Oyun dövrəsi” romanı detektiv janrındadır. Əsərin maraqlı kriminal quraşdırmalı zəngin və çoxşaxəli süjeti müəllifin özünəməxsus bədii-fəlsəfi düşüncələri, hüquqi-əxlaqı mühakimələri ilə zəngindir. O, qeyd etmişdir ki, əxlaq saflığı və mənəvi pozğunluq, dürüstlük və dələduzluq, sağlam həyat tərzi və pis vərdişlər, haqq-ədalət və saxtakarlıq, ağayanalıq və görməmişlik, pulgirlik və nəfsi toxluq, şöhrətpərəstlik və təvazökarlıq, acgözlük və ləyaqət, cinayət və cəza bu əsərlərdə xarakterik formada bədii təhlilə cəlb edilmişdir.
Müəlliif real həyat hadisələrinə münasibətdə şəxsi mövqeyini bildirir, öz fəlsəfi düşüncələrini və bəşəri duyğularını səmimi şəkildə oxucularla bölüşür.
Görüşdə İnstitutun elmi işçisi Vüsalə Gülmalıyeva, f.ü.f.d. aparıcı elmi işçi Samirə Dadaşova Lətifə Orucun “Sirli gedişlər” və “Oyun dövrəsi” əsərlərini ətraflı təhlil ediblər.
Tədbirdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, AMEA Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə, h.e.d., prof. Habil Qurbanov, İnstitutun elmi katibi f.ü.f.d.dosent Sevinc Həsənova, yazıçı Akif Əli, Tehran xanım Nağıyeva, Ahibacı Kadın Kooperatifi Başkanı Muazzez Özdoğan, t.ü.e.d., şairə Arzu Nehrəmli, Azərbaycan Respublikasının Əməkdar artisti Nuriyyə Hüseynova, yazar Aybəniz Gülər, f.ü.f.d., dosent Əli İbrahimov, jurnalist Hacı Quliyev, ziyalı xanım Lalə Bağırova, elmi işçi Xanımağa İsmayılova , Zəminə Əliyeva öz fikilərini bölüşərək istedadlı müəllifi təbrik edib, ona yeni-yeni uğurlar, zəngin yaradıcılıq ömrü arzu ediblər.

Sonda yazar Lətifə Oruc tədbir iştirakçılarına öz dərin minnətdarlığını bildirb. Xatirə şəkli çəkilib.