Gəncə Bölməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş ustad dərsi keçirilib
Gəncənin başlıca elm ocağındakı tədbir Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun İdentiklik, multikulturalizm və azərbaycançılıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyeva tərəfindən “Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin dövrü və dünyagörüşü və Azərbaycançılıq ideologiyası tarixi və çağdaş kontekstdə” mövzusunda aparılıb.
AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev qonağı salamlayıb, onu respublikamızın ikinci şəhərinin elmi ictimaiyyətini təmsil edən iştirakçılara təqdim edib.
Akademik F.Əliyev xalqımız üçün çox əziz olan bir tarix - Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində, onun əbədi zəkasının işığında keçirilən bu görüşün maraqlı və yaddaşlara həkk olunan bir tərzdə keçəcəyinə inandığını dilə gətirib və sözü mühazirəçiyə verib.
Ustad dərsinin aparıcısı, fəlsəfə elmləri doktoru Xatirə Quliyeva özünün fəaliyyətində dahi Heydər Əliyevin ömür yolu, həyat fəlsəfəsi, real tarixi anı dəqiq qiymətləndirən və gələcəyi görən siyasi fəaliyyəti, taktiki duyum və strateji düşüncəsi kimi ali keyfiyyətlərini, onların qaynaqlarını sırf elmi əsaslara söykənərək, tədqiq və şərh etdiyini və bu mövzudakı neçə-neçə əsərlərini məhz bu prinsiplərə söykənərək ərsəyə gətirdiyini bildirib.
X.Quliyeva iştirakçılara Ulu Öndər Heydər Əliyevin dövrü və dünyagörüşünə dair “Tarixi kontekstdə insan, dövr və dünyagörüşü problemi”, “Ötən əsrin 20 – 40-cı illərində qlobal ictimai-siyasi hadisələri və Heydər Əliyevin dünyagörşü”, “Ulu Öndər Heydər Əliyevin həyat amalı və fəaliyyətinin əsas prinsipləri” mövzularını şərh edib.
Çıxışçı həmçinin “Heydər Əliyevin böyük siyasət yolu” siyasi sisteminin ali ideologiyası – Azərbaycançılıq ideyası haqda danışarkən, “Milli ictimai-tarixi inkişaf və Azərbaycançılıq”, “Azərbaycançılıq – siyasi ideologiya kimi”, “Azərbaycançılıq - mədəniyyətlərarası dialoq – çoxmədəniyyətlilik kontekstində” mövzularını şərh edib.
O, qeyd edib ki, Ümummilli Lider XX əsrin ikinci yarısından etibarən mənsub olduğu xalqın tarixi müqəddəratında həlledici rol oynayıb, hələ keçmiş sovet hakimiyyəti illərində xalqımızın milli mənafelərinin qorunub saxlanılması üçün böyük addımlar atıb, Azərbaycanın dövlət müstəqilliyinin qurulması və möhkəmləndirilməsi də onun adı ilə bağlıdır.
X.Quliyevanın çıxışı dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin mənalı və çoxşaxəli həyat və fəaliyyətinin elmi-fəlsəfi salnaməsi xarakteri daşıyıb.
O, vurğulayıb ki, Ulu Öndərin layiqli davamçısı, cənab Prezident İlham Əliyevin hazırki dünyanın reallıqlarını nəzərə alaraq, apardığı uğurlu siyasət Heydər Əliyev strategiyasının müasir dövrdə də təntənəsinin sübutudur.
Çıxışının sonunda X.Quliyeva Nizami yurdunun bu elm ocağında gördüyü diqqət və xoş münasibətə görə akademik Fuad Əliyevə minnətdarlıq bildirib və Ulu Öndər Heydər Əliyevin fəaliyyətinə dair kitablarını AMEA-nın Gəncə Bölməsinə bağışlayıb.
Qonağa Gəncə Bölməsində nəşr olunmuş bir sıra ktablar hədiyyə edilib.
Görüşü yekunlaşdırarkən, akademik Fuad Əliyev bir daha respublikamızın ikinci şəhəri olan Gəncənin sənayesi, mədəniyyəti, təhsili, səhiyyəsi və digər vacib sahələrinin daim inkişafda olmasının təmin edilməsinin məhz Heydər Əliyevin strateji düşüncə və əməlinin nəticəsi olduğunu vurğulayıb və qərb bölgəsinin davamlı inkişafının elmi əsaslarla qurulması məqsədilə bu şəhərdə çoxşaxəli istiqamətləri əhatə edən elmi mərkəzin qurulmasını da Ulu Öndərin tarixi töhfəsi kimi dəyərləndirib.





