12.05.2026, 14:21 - Baxış sayı: 30

Professor İlham Məmmədzadə BDU-nun tələbələrinə ustad dərsi keçib



AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda Bakı Dövlət Universitetinin (BDU) Beynəlxaq münasibətlər, iqtisadiyyat , politologiya fakültəsinin və doktorantların iştirakı ilə “Müasir Azərbaycan fəlsəfəsi: çağırışlar və perspektivlər” mövzusunda ustad dərsi keçirilib.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə “Müasir Azərbaycan fəlsəfəsi: çağırışlar və perspektivlər” mövzusunda məruzəsində müasir fəlsəfənin bir sıra aktual problemlərinə toxunaraq bu məsələ ilə bağlı geniş məlumat verib.

Alim qeyd edərək bildirib ki, müasir dövrdə fəlsəfə yalnız nəzəri düşüncə sahəsi deyil, həm də cəmiyyətin mənəvi, siyasi, elmi və mədəni inkişaf istiqamətlərini müəyyən edən əsas intellektual platformalardan biridir. Azərbaycan fəlsəfəsi də qloballaşma, informasiya cəmiyyəti, milli kimlik, multikulturalizm və texnoloji inkişaf kimi mühüm çağırışlar fonunda yeni mərhələyə qədəm qoymuşdur.

Azərbaycanın müstəqillik dövründə milli dövlətçilik ideologiyasının formalaşması, milli-mənəvi dəyərlərin qorunması və dünya fəlsəfi fikri ilə inteqrasiya prosesi müasir fəlsəfi düşüncənin əsas istiqamətlərini müəyyənləşdirir. Bu baxımdan müasir Azərbaycan fəlsəfəsinin qarşısında duran əsas vəzifə milli düşüncə ənənəsini qorumaqla yanaşı, çağdaş dünyanın intellektual tələblərinə cavab verən yeni fəlsəfi yanaşmalar formalaşdırmaqdır.

Azərbaycan fəlsəfəsi bu prosesdə milli dəyərlərin qorunması ilə dünya sivilizasiyasına inteqrasiya arasında balansın müəyyənləşdirilməsinə çalışır. Xüsusilə multikulturalizm və tolerantlıq modeli Azərbaycanın fəlsəfi fikrində mühüm yer tutur və ölkənin sosial-mədəni inkişaf modeli kimi təqdim edilir.

Müasir dövrdə fəlsəfənin əsas çağırışlarından biri texnologiyanın insan həyatına təsirinin öyrənilməsidir. Süni intellekt, bioetika, rəqəmsal cəmiyyət və informasiya təhlükəsizliyi kimi məsələlər Azərbaycan alimlərinin diqqət mərkəzindədir.

Bu istiqamətdə fəlsəfə insanın mənəvi dünyasının texnoloji inkişaf fonunda necə dəyişdiyini araşdırır. Texnoloji tərəqqinin insan azadlığına, etik dəyərlərə və sosial münasibətlərə təsiri yeni fəlsəfi yanaşmalar tələb edir.

Texnoloji tərəqqinin insan azadlığına, etik dəyərlərə və sosial münasibətlərə təsiri yeni fəlsəfi yanaşmalar tələb edir.

Müasir dövrdə texniki və tətbiqi elmlərə marağın artması humanitar elmlərə diqqətin azalmasına səbəb olur. Halbuki fəlsəfə tənqidi düşüncə, analitik təhlil və mənəvi məsuliyyət formalaşdıran mühüm elm sahəsidir.

Azərbaycan fəlsəfəsinin beynəlxalq elmi mühitdə tanıdılması və dünya fəlsəfi məktəbləri ilə əməkdaşlığın genişləndirilməsi vacib məsələlərdəndir. Xarici dillərdə nəşrlərin artırılması və beynəlxalq konfranslarda fəal iştirak bu istiqamətdə mühüm əhəmiyyət daşıyır.

Müasir Azərbaycan fəlsəfəsinin inkişaf perspektivləri kifayət qədər genişdir. Xüsusilə aşağıdakı istiqamətlər gələcək inkişaf üçün mühüm hesab olunur: rəqəmsal fəlsəfə və süni intellekt etikası, milli ideologiyanın fəlsəfi əsasları, davamlı inkişaf, gənclərin fəlsəfi düşüncə mədəniyyətinin formalaşdırılması.

Bu baxımdan fəlsəfə yalnız akademik elm sahəsi deyil, həm də cəmiyyətin mənəvi inkişafına, dövlətçilik təfəkkürünün möhkəmlənməsinə və insanın dünyagörüşünün formalaşmasına xidmət edən mühüm intellektual qüvvədir.- deyə professor vurğuayıb.

Sonda f.e.d. professor Azər Mustafayev, professor Rəna Mirzəzadə, f.ü.f.d. Məhəmməd Cəbrayılov, f.ü.f.d. Radif Mustafayev, doktorant Rauf Abbasov suallar ünvanlayaraq, mövzu ətrafında öz fikirlərini bölüşüblər.