15.05.2026, 12:29 - Baxış sayı: 16

AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının iclasında bir sıra məsələlər müzakirə olunub


Mayın 15-də AMEA-nın İctimai Elmlər Bölməsinin Elmi şurasının növbəti iclası keçirilib.

İclası AMEA-nın vitse-prezidenti v.i.e., İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva açaraq tədbirin gündəliyini iştirakçıların diqqətinə çatdırıb.

Akademik Gövhər Baxşəliyeva bildirib ki, iclasda əvvəlcə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru Füzuli Qurbanovun “Posthibrid informasiya müharibəsi” və süni intelekt: Azərbaycançılıq və dövlətçilik konteksti” mövzusunda məruzəsi dinləniləcək.

Sonra çıxış edən fəlsəfə elmləri doktoru Füzuli Qurbanov “Posthibrid informasiya müharibəsi” və süni intelekt: Azərbaycançılıq və dövlətçilik konteksti” mövzusunda məruzə edərək bildirib ki,“Hibrid” latıncadan tərcümədə “qarışıq” anlamını verir. Bu müxtəlif sferalarda istifadə edirlər. Bütün tətbiq istiqamətlərində isə hibrid fərqli keyfiyyətlərin, mexanizmlərin, funksionallığın sinkretik birliyini əks etdirir. Deməli, hibridləşmə ona daxil olan hər bir komponentin daha yüksək və səmərəli nəticələr almaq üçün lazımi səviyyədə istifadə imkanlarını özündə ehtiva edir.

Məruzəçi vurğulayıb ki, bütövlükdə “hibrid müharibə”ni müxtəlif cür izah edirlər. Hətta onun qədimdən mövcud olduğunu yazırlar. Ümumi səviyyədə bu, belə ola bilər. Lakin çağdaş dövr üçün hibrid müharibə müasir texnologiyaların və süni intellektin geniş istifadə edildiyi, həm də konvensional (adi) silahlardan istifadə ilə həyata keçirilən sinkretik (qarışıq) müharibə növüdür. Bu anlayışı 2007-ci ildə amerikan dəniz piyadası, hərbi ekspert Frenk Hofman daxil etmişdir. F.Hofman bu müharibə növü üçün hərbi və qeyri-hərbi alətlərin sinerjisini (sinxronlaşmasını) ön plana çıxarılıb.

Alim qeyd edib ki, termin 2015-ci ildə London Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun “Military Balance 2015” nəşrində yer almaqla beynəlxalq praktikada rəsmi olaraq möhkəmlənib. Bununla yanaşı, XXI əsrin üçüncü onilliyində baş verən bir sıra proseslər artıq hibrid müharibə növünün də yetərli olmadığı reallığını ortaya qoyur. Hesab edirik ki, yeni müharibə növü – “posthibrid informasiya müharibəsi” formalaşmaqdadır.

Fəsəfə elmləri doktoru Füzuli Qurbanov qeyd edib ki, “birincisi, bu müharibə yalnız “yumşaq təsirlər” - informasiya, süni intellekt, kiber, rəqəmsal, hərbi dağıntı yaratmayan “yumşaq sabotajlar” (informasion, iqtisadi, energetik, sosial-psixoloji, mənəvi-əxlaqi, mədəni, geosiyasi, siyasi, ekoloji və s.), təbliğatla təşviqatın təxribatçı və dağıdıcı sintezi, ayrıca xüsusi hədəflərə yönəldilmiş dezinformasiya vasitələri ilə aparılır.

İkincisi, “sərt güc”ün - adi silahlar+nüvə silahının tətbiqi istisnadır! Bu, “posthibridlik” üçün prinsipial məqamdır. Əslində həmin informasiya müharibəsi növünün əsl gücü, potensialı və təhlükə dərəcəsi bu məqamla əlaqəlidir. Çünki kənardan fəzilət nümunəsi kimi görünür – hansı ölkədəsə insanların qayğısına qalındığı, ədalətin bərqərar olmasına çalışıldığı, hədəf seçilən cəmiyyət və dövlətin əsl sivillik nümunəsinə çevrildiyi niyyətinin mövcud olduğu təəssüratı yaradırlar. Bütün bunlar ən yeni informasiya texnologiyaları, süni intellekt nümunələri, güclü kibertəsir vasitələri ilə həyata keçirilir. Bir güllə belə atılmır, bombalanan yer yoxdur, uşaqlar və qadınlar silah vasitəsi ilə həlak edilmir, cəmiyyətin ən sadə kəsiminin müdafiə edildiyi ilğımı yaradılır və s.

Məruzəçi qeyd edib ki, bu cür “yumşaq davranış” hər ölkəyə qarşı edilmir. Burada seçim kriteriyaları mövcuddur. Bizcə, hədəf ölkə əsas üç kriteriya üzrə seçilir”.

Onun sözlərinə görə Birincisi, “posthibridliyin” hədəfi artıq adi və ya nüvə silahı ilə vurulmalı olan ölkə ranqından yüksəkdə olmalıdır. Yəni qəbul edilməlidir ki, elə ölkələr vardır ki, onlara qarşı “sərt güc” tətbiqi səmərəsizdir və yolverilməzdir. Ancaq elə dairələr həmişə tapılır ki, konkret ölkənin bu uğurunu götürmür və ona dağıdıcı zərbə vurmaq niyyətindən çəkinmir.

İkincisi, hədəf seçilən ölkəyə “yumşaq vasitələr”in bütün növlərinin kompleks tətbiqi ilə təsir edilir. Bu, avtomatik olaraq dövlətlə yanaşı cəmiyyətin əsas dəyərlərini hədəfə gətirir. Xüsusi olaraq mənəvi, əxlaqi, mədəni kodlar, cəmiyyətyaradıcı rol oynayan sosial, siyasi, ruhani, intellektual kəsimlər hədəf alınır.

Üçüncüsü, posthibrid informasiya müharibəsində dövlətin və cəmiyyətin aparıcı qüvvələri başlıca zərbə hədəfi olaraq seçilir. Bu zaman dövlətin başçısı, ölkənin və cəmiyyətin real lideri xüsusi təsirlər hədəfi olaraq müəyyən edilir. Həmin bağlılıqda dövlətin başçısının siyasi məharəti, mənəvi-əxlaqi keyfiyyətləri, şəxsiyyəti, fəaliyyətinin müxtəlif istiqamətləri, ailəsi və ən yaxın silahdaşları, sadiq davamçıları, ona dəstək verən müttəfiq və dost ölkə başçıları informasiya təxribatı, dezinformasiya dalğası və süni intellektin müxtəlif simulyasiyalarının “nişanına” alınır.

Bu zaman lider-cəmiyyət münasibətləri və cəmiyyətdaxili mühit əsas hədəflərdən biri olaraq müəyyən edilir.

Füzuli Qurbanov Azərbaycan müasir mərhələdə “posthibrid informasiya müharibəsi”nin hədəflərindən biridir. Müxtəlif istiqamətlər və əhatəli şəkildə dövlət, ölkə və cəmiyyətə qarşı təxribat və dezinformasiya xarakterli məlumatlar yayırlar. Bu zaman, son illər süni intellektin imkanlarından yararlanırlar. Onlar fəaliyyətlərini ciddi işlənmiş siyasi kurslar, ideoloji doktrinalar və kibervasitələr ilə koordinasiya edirlər.

Nəticədə belə mənzərə yaranır ki, müəyyən dairələr Azərbaycana sistemli, asimmetrik və davamlı informasiya təsirləri göstərməkdədirlər. Azərbaycan daha da gücləndikcə və nüfuzu artdıqca həmin dairələrin də şiddəti artır. Bunun səngiməsi ehtimalını çox aşağı qiymətləndiririk. Əksinə, Azərbaycan müstəqil dövlət kimi, TDT isə təşkilat olaraq daha da gücləndikcə qarşı tərəfin yeni üsullara əl atacağı istisna deyildir.

Ayrıca, Azərbaycan orta güc kimi daha çox uğur qazanan, öz müsbət təsirini geniş geosiyasi məkana göstərən dövlət kimi qlobal miqyasda ziddiyyətli və mürəkkəb mübarizəyə dərindən cəlb olunur. Bunlara qarşı konkret strategiya çox lazımlıdır.

Eyni zamanda, TDT özünü yeni müstəqil geosiyasi güc kimi təsdiq etdiyi halda posthibrid təsirlərin yeni səviyyəyə yüksəlməyəcəyinə təminat yoxdur. Və bu məqamda siyasət, geosiyasət və informasiya savaşı daha ciddi şəkildə bir-biri ilə əlaqədə çıxış edəcəklər. Təbii ki, onun mədəniyyət, mənəviyyat və əxlaq sferalarına, adət-ənənələrə ciddi təhdidlər meydana gətirəcəyinə şübhə olmamalıdır.

Belə alınır ki, “posthibrid informasiya” ilə mübarizə dövlət üçün strateji əhəmiyyət kəsb edən məsələyə çevrilmişdir.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.

İclasda, o cümlədən bir sıra elmi-təşkilati və kadr məsələləri də müzakirə olunub. Ölkə başçısının Xaqani Şirvaninin və Əcəmi Naxçıvanin 900 illik yubileylərinin qeyd olunması haqqında Sərəncamına dair Tədbirlər planının icra vəziyyəti haqqında söz açılıb.

Sonra AMEA-nın Fəlsəfə və Sosiologiya, AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutlarının Elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi haqqında müzakirələr olub. İclasda Bölmənin elmi tədqiqat müəssisələrinə daxili imkanlar və mövcud ştat vahidi hesabına rəqəmsallaşma üzrə direktor müəvinləri təyin olunması məsələsi də müzakirə edilib. Tarix elmləri doktoru İlqar Niftəliyevin AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun elmi işlər və rəqəmsallaşma üzrə, tarix üzrə fəlsəfə doktoru Pərviz Qasımovun AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevin AMEA-nın Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun, fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Cəbrayılovun AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun rəqəmsallaşma üzrə direktor müavinləri vəzifəsinə təyin edilməsi məsələləri müzakirə edilib. Qeyd olunan məsələlərlə bağlı AMEA Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

Daha sonra tarix elmləri doktoru Tamilla Kocayevanın Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun baş elmi işçi vəzifəsinə təsdiq edilməsi haqqında məsələyə baxılıb. İclasda həmçinin tarix üzrə fəlsəfə doktoru Nigar Camalovanın Rəqəmsal tarix-etnologiya və süni intellekt şöbəsinin müdiri vəzifəsinə təsdiq edilməsi, institutun Ümumi tarix ixtisasından – ödənişli əsaslarla I kurs əyani doktorantı Nargilə Hacıyevanın əyani doktoranturadan ödənişli əsaslarla qiyabi doktoranturaya keçirilməsi, Fəlsəfə və Sosiologiya İnstitutunun Siyasi nəzəriyyə ixtisasından - I kurs doktorantı Dünya Əhmədovanın əyani təhsildən qiyabi təhsilə keçirilməsi haqqında məsələlər müzakirə edilib. AMEA-nın Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb. AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Sosiologiyanın nəzəriyyəsi, metodologiyası və tarixi ixtisasından - qiyabi doktorantı Xoşgün Qarayevanın dissertasiya mövzusunun adında qismən dəyişiklik edilməsi məsələsinə baxılıb.

Həmçinin siyasi elmlər üzrə fəlsəfə doktoru Yeganə Baxşıyevanın, tarix üzrə fəlsəfə doktoru Əsəd Qurbanlının, iqtisad üzrə fəlsəfə doktoru Liliya Mirzəzadənin, hüquq üzrə fəlsəfə doktoru İlham Əliyevin AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçi, hüquq üzrə fəlsəfə doktoru Lalə Mehdiyevanın, Şərqiyyə İmaməlinin AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun böyük elmi işçi vəzifəsinə təsdiq edilməsi kimi məsələlərə baxılıb.

İclasda AMEA-nın müxbir üzvü Vəli Əliyevin və AMEA-nın müxbir üzvü Fəridə Məmmədovanın, AMEA-nın müxbir üzvü Zakir Məmmədovun 90 illik yubileylərinin AMEA-nın müxbir üzvü Aydın Məmmədovun 85 illiyi haqqında qərar qəbul edilib.

science.gov.az