26.05.2026, 11:03 - Baxış sayı: 34

“Azərbaycanın müstəqilliyi və türk xalqlarının həmrəyliyinin perspektivləri” mövzusunda dəyirmi masa keçirilib


 Mayın 25-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda 28 may Respublika gününə həsr olunmuş “Azərbaycanın müstəqilliyi və türk xalqlarının həmrəyliyinin perspektivləri” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Cümhuriyyət qurucularının və şəhidlərimizin  xatirəsi  yad edilib.

Tədbiri İnstitutun direktoru f.e.d., professor İlham Məmmədzadə giriş sözü ilə açaraq 28 May - Azərbaycan xalqının taleyində -xüsusi yer tutan, milli dövlətçilik tariximizin ən şərəfli səhifələrindən biri olan Müstəqillik Günüdür.- deyə vurğulayıb. O, cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoyduğunu, xalqımızın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin yaratdığını söyləyib.

Institutun elmi işlər üzrə direktor müavini t.e.d. Eynulla Mədətli çıxışında Cümhuriyyət qurucuları haqqında geniş və ətraflı məlumat verərək, 1918-ci il mayın 28-də Azərbaycanın istiqlaliyyətinin elan edilməsində, Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində Cümhuriyyətə rəhbərlik etmiş şəxslərin – Azərbaycanın görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin, Əlimərdan bəy Topçubaşovun, Fətəli xan Xoylunun, Həsən bəy Ağayevin, Xəlil bəy Xasməmmədovun, Behbud ağa Şahtaxtinskinin, Nəsib bəy Yusifbəylinin, Səməd bəy Mehmandarovun və başqalarının böyük xidmətləri olduğunu vurğulayıb. Qeyd edib ki, bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların adları xalqımızın yaddaşına əbədi həkk olunub. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsi daim ehtiramla yad edilir və onların qoyduğu müstəqillik yolu Azərbaycan dövləti tərəfindən uğurla davam etdirilir. 

Daha sonra f.ü.f.d.,dosent Faiq Ələkbərli bildirmişdir ki, 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti təkcə xalqımızın deyil, bütün Şərq və müsəlman aləminin tarixində yeni siyasi mərhələnin əsasını qoymuşdur. Azərbaycan xalqı həmin gün öz iradəsini nümayiş etdirərək Şərqdə və müsəlman dünyasında ilk demokratik, hüquqi və dünyəvi parlament respublikasını yaratdı. Bu tarixi hadisə xalqımızın azadlıq arzularının, milli müstəqillik düşüncəsinin və dövlətçilik ənənələrinin təcəssümü idi.

Professor Rafael Əhmədli çıxışında vurğuladı ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə xalqımız əsrlər boyu yaşatdığı milli dövlətçilik ideyalarını reallığa çevirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsi Azərbaycanın müstəqil dövlət olduğunu bütün dünyaya bəyan etdi.

F.e.d. Füzuli Qurbanov çıxışında qeyd etdi ki, İstiqlal Bəyannaməsi xalqımızın milli iradəsini, azad yaşamaq əzmini və öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. İstiqlal Bəyannaməsi həm də Azərbaycan xalqının hüquqi və demokratik dövlət qurmaq niyyətini ortaya qoydu.

Tədbiri yekunlaşdıran   professor İlham Məmmədzadə Azərbaycan Xalq Cümhuriyyəti irsinin daha da dərindən  öyrənilməsi  və təbliği  sahəsində  İnstitut əməkdaşlarının qarşısında duran vəzifələrdən bəhs etdi.