05.06.2026, 13:45 - Baxış sayı: 12

"Qərbi Azərbaycanda erməni vəhşiliyi: sənədlərin dili ilə" adlı kitabın təqdimatı keçirilib


İyunun 4-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyinin hazırladığı "Qərbi Azərbaycanda erməni vəhşiliyi: sənədlərin dili ilə" adlı kitabın təqdimatı keçirilib. 

Tədbiri Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Eynulla Mədətli açaraq kitabın elmi və siyasi əhəmiyyətindən danışmış, topludakı sənədlərdən bəzi faktları gətirərək nəşrin Azərbaycan tarixşünaslığında mühüm hadisə olduğunu vurğulamışdır. 

Tədbirdə çıxış edən layihə rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Alı Balayev layihə haqqında məlumat vermiş, layihənin həyata keçirilməsində iştirak etmiş şəxsləri tədbir iştirakçılarına təqdim etmişdir.

Sənədlər toplusunun tərtibçilərindən olan “SAVALAN” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri, tarix elmləri doktoru, dosent Kamran İsmayılov layihənin həyata keçirilməsi prosesində görülmüş işlərdən danışaraq toplanmış sənədlərin elmi əhəmiyyəti haqqında tədbir iştirakçılarına məlumat vermişdir. O, sənədlərdən konkret faktlar gətirərək bu gün Ermənistanda revanşist ideyalarla çıxış edən bir sıra siyasətçilərin guya indiki Ermənistan Respublikasının mövcud olduğu ərazilərdə bütün tarixi dövrlərdə azərbaycanlıların azlıq təşkil etmələrinə dair iddiaların tamamilə saxta olduğunu vurğulamışdır.

K.İsmayılov sənədlərin niyə rus dilində nəşr olunması məsələsinə aydınlıq gətirərək hazırda dünya tarixşünaslığında əsas meylin məhz ilkin mənbələrin nəşr olunması olduğunu, dünya ictimaiyyətinə azərbaycanlılara qarşı soyqırımı törədildiyinə inandırmaq baxımından ilkin mənbələrin onların tərtib olunduğu orijinal dildə nəşr olunmasının zəruriliyini diqqətə çatdırmışdır.

Toplunun digər tərtibçisi, tarix elmləri doktoru Vaqif Abışov sənədlərin əks etdirdiyi dövr və hadisələr haqqında danışmış, bu hadisələr haqqında dünya ictimaiyyətinə obyektiv məlumatlandırılması baxımından arxiv sənədlərinin nəşrinin əhəmiyyətindən bəhs etmişdir.

Fəlsəfə elmləri doktoru Füzuli Qurbanov mövzunun aktuallığını elmi-fəlsəfi aspektlərdən əsaslandırmış, Azərbaycanda ictimai fikrin inkişafında, xüsusən Ermənistan-Azərbaycan münaqişəsinin tarixi köklərinin öyrənilməsində topluda öz əksini tapmış sənədlərin mühüm metodoloji əhəmiyyətini vurğulamışdır. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Qərbi Azərbaycana qayıdış siyasəti və ermənişünaslıq şöbəsinin müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Südabə Hüseynova, həmin institutun şöbə müdiri, f.ü.f.d., dosent Məhəmməd Cəbrayılov XIX əsrdə və XX əsrin əvvəllərində İrəvan qəzasında cərəyan edən proseslər, ermənilərin buraya köçürülməsi haqqında danışaraq bu proseslərin qəzanın etnik tərkibində ermənilərin xeyrinə dəyişikliklərə gətirib çıxardığını qeyd etmişdir. 

Tədbirdə çıxış edən digər iştirakçılar “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyinin həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışaraq müzakirə olunan sənədlər toplusunun tarixşünaslıq elminin inkişafında, o cümlədən erməni yalanlarının ifşa edilməsində mühüm vasitə olduğunu bildirmişlər.