"Şəhərsalma və Memarlıq İli" çərçivəsində YAP Yasamal rayon təşkilatının nümayəndələri Qarabağa səfər edib
İyun ayının 5-də "Şəhərsalma və Memarlıq İli" çərçivəsində YAP Yasamal rayon təşkilatının təşəbbüsü ilə Qarabağa səfər təşkil edilmişdir. Səfərdə təşkilatın sədri Bəxtiyar Nəbiyev, təşkilatın əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri, sədr müavinləri, bir qrup fəal gənc və könüllülər iştirak etmişlər. Tədbirdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, AMEA Həmkarlar Komitəsinin sədri, s.e.ü.f.d, dosent Sənan Həsənov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə YAP ərazi təşkilatının sədri Şölət Zeynalov iştirak etmişlər. Tədbir iştirakçıları öncə Ağdam şəhərində olmuş, Ağdam Cümə Məscidi vəŞəhidlər Xiyabanını ziyarət etmiş, daha sonra tarixi Əsgəran qalası ilə tanış olmuş, Qarabağ Xanlığının tarixi barədə elmi- tarixi diskurslar aparmışlar. Daha sonra Şuşa şəhərinə gedən nümayəndə heyəti Şuşa Bayraq Meydanı, Prezidentin Şuşadakı Xüsusi Nümayəndəliyinin inzibati binası, Yuxarı Gövhər Ağa məscidi, Şuşa qalası, erməni vandallarının güllələdiyi "Güllələnmiş tarixi abidələr" lə tanış olmuş və Cıdır düzündə olmuşlar. Tədbir iştirakçıları səfərin sonunda Xankəndi şəhərinə gələrək Qarabağ Universitetində, Universitetin kitabxanası və bir sıra fənn auditoriyaları ilə tanış olmuş və Universitet nümayəndələri ilə faydalı söhbətlər etmişlər. Daha sonra səfər iştirakçıları Zəfər parkı, Prezidentin Xankəndindəki Xüsusi Nümayəndəliyinin inzibati binası və Qarabağ stadionunu ziyarət etmişlər. Səfər zamanı nümayəndələr Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə yaxından tanış olmuş, tarixi Zəfərimizin yaratdığı yeni reallığın əsaslarından geniş şəkildə söhbətlər aparmış və fikirlərini bölüşmüşlər.












