11.06.2026, 14:56 - Baxış sayı: 31

“Ulu Öndərin xilaskarlıq missiyası” mövzusunda Dəyirmi masa keçirilib


İyunun 11-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Ulu Öndərin xilaskarlıq missiyası” mövzusunda Dəyirmi masa keçirilib.

Tədbiri giriş sözü ilə Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə açaraq Milli Qurtuluş Günü ilə bağlı institut əməkdaşlarını təbrik edib. Professor bildirib ki, Heydər Əliyevin siyasi fəaliyyətində milli həmrəylik və azərbaycançılıq ideologiyası mühüm yer tuturdu. O, milli birlik ideyasını dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirərək cəmiyyətin müxtəlif təbəqələrinin ümumi dövlətçilik maraqları ətrafında birləşməsinə çalışmışdır. Bu ideoloji yanaşma müasir Azərbaycan dövlətinin inkişaf konsepsiyasının mühüm tərkib hissəsinə çevrilmişdir.

Milli Qurtuluş Günü yalnız tarixi hadisənin xatırlanması deyil, həm də dövlətçilik ənənələrinin, milli həmrəyliyin və siyasi sabitliyin əhəmiyyətini ifadə edən bir gündür. Bu gün Azərbaycanın müstəqil inkişaf yolunun başlanğıc mərhələsini simvolizə edən mühüm siyasi hadisə kimi qiymətləndirilir.

Sonra f.e.d. professor Azər Mustafayev çıxışında qeyd edib ki, Müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Əsrlər boyu yaşayacaq möhtəşəm abidədir. Ulu öndər bütün ömrünü doğma xalqına həsr etmişdi. 1993-cü il iyunun 15-də xalqın tələbi ilə Ali Sovetin sədri seçildiyi gün elan etdiyi kimi, ömrünün qalan hissəsini Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr etdi, xalqın qəlbində, tarixində öz əbədi abidəsini ucaltdı.

Bu gün Azərbaycan xalqı unudulmaz rəhbərin xoşbəxt gələcəyimiz üçün açdığı yolla qətiyyətlə addımlayır. Ümummilli liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inkişafını davam etdirməkdədir. Bu xətti əzmlə, dəyanətlə irəli aparan isə Ulu öndərin layiqli varisi dünya miqyasında böyük hörmətə, nüfuza malik Prezident İlham Əliyevdir. Dövlətimiz və xalqımızın həyatı üçün ən mühüm əhəmiyyət kəsb edən prinsipial məsələlərdə Prezident İlham Əliyev möhkəm iradə və qətiyyətli mövqe nümayiş etdirir, Azərbaycan dövlətinin qüdrətini, sarsılmaz təmələ malik olduğunu sübut edir-deyə vurğulayıb.

Tədbirdə f.ü.f.d., Şölət Zeynalov, elmi işçi Telman Quliyev, f.ü.f.d. Radif Mustafayev çıxışlar edərək mövzu ətrafında öz fikirlərini bölüşüblər.