24.06.2026, 15:52 - Baxış sayı: 68

Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” 3 cildliyinin III cildinin təqdimatı keçirilib


İyunun 24-də AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi” şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” 3 cildliyinin III cildinin təqdimatı keçirilib.Tədbirdə institutun rəhbərliyi, əməkdaşlar və bir sıra tədqiqat müəssisələrindən dəvət edilmiş qomnaqlar iştirak edib.

Tədbiri giriş sözü ilə Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə açaraq bildirib ki, milli ideya xalqın tarixi yaddaşını, milli-mənəvi dəyərlərini, dövlətçilik ənənələrini və gələcək inkişaf məqsədlərini özündə birləşdirən əsas mənəvi-siyasi konsepsiyadır.Tarixi-fəlsəfi baxımdan milli ideologiya problemi insan cəmiyyətinin özünü dərk etmə prosesinin nəticəsi kimi meydana çıxmışdır. Qədim dövrlərdə dini və etik sistemlər, yeni dövrdə millətçilik ideyaları, müasir dövrdə isə plüralist və demokratik ideologiyalar bu anlayışın inkişaf mərhələlərini təşkil edir. Milli ideologiya hər bir xalqın tarixi yaddaşını, siyasi varlığını və gələcək inkişaf istiqamətlərini müəyyən edən əsas fəlsəfi-siyasi sistem kimi çıxış edir-deyə vurğulayıb.

Dosent Faiq Ələkbərli çıxışında bildirib ki, çoxcildli əsərin 3-cü cildində XX əsrin sonu, XXI əsrin I rübündə Azərbaycanda və Türk dünyasında gedən fəlsəfi və siyasi-ideoloji prosesləri tədqiq etmiş, özəlliklə, milli ideya və ideyaların çağdaş dövrdə Azərbaycanda və Türk dünyasında nə dərəcədə aktuallığı məsələsi araşdırılmış, yeni fikirlər (klassik azərbaycançılıq, postklassik azərbaycançılıq, türkçülük təlimi) irəli sürülmüşdür. Eyni zamanda, monoqrafiyanın üçüncü cildində Azərbaycançılıq, Bütöv Azərbaycançılıq, Türkçülük ideyaları ilk dəfə sistemli şəkildə tədqiqata cəlb edilmişdir. Azərbaycançılıq və türkçülük ideyaları millətin mənəvi və siyasi inkişafında mühüm rol oynayan dəyərlərdir. Azərbaycan üçün azərbaycançılıq yalnız bir millətçilik anlayışı deyil, həm də türklüklə, islamlıqla və çağdaş dəyərlərlə bağlı milli kimliyin əsasını təşkil edir. Bu səbəbdən, elmi və bədii əsərlərdə azərbaycançılıq ideyalarının ifadə olunması həm tarixi, həm də mədəni əhəmiyyət daşıyır. Milli ideologiyanın formalaşması və inkişafı isə cəmiyyətin birliyini və bütövlüyünü gücləndirir. Eyni zamanda türk birliyi və regional əməkdaşlıq məsələləri də bu ideyaların praktik təzahürüdür. Bu baxımdan, kitabların yazılması, milli ruhu qoruyub saxlamaq və yeni nəsillərə ötürmək üçün əvəzsiz vasitədir. Azərbaycançılıq və türkçülük ideyalarının təbliği həm tarixi, həm də çağdaş dövrdə strateji əhəmiyyət kəsb edir-deyə Faiq Ələkbərli bildirib.

Daha sonra Bakı Dövlət Universitetinin “Fəlsəfə tarixi və mədəniyyətşünaslıq” kafedrasının müdiri f.e.d.,professor Rəbiyyət Aslanova kitab haqqında öz fikirlərini bildirərək qeyd edib ki, bugünkü təqdimat doğurdan da çox əhəmiyyətli bir hadisədir. Çünki, bu yalnız Faiq Ələkbərlinin yazdığı bir kitabın təqdimatı deyil. Bu kitabla əlaqədar hər birimiz öz mövqeyimizi ortaya qoymalıyıq. Milli ideya və ideologiya ilə əlaqədar olaraq fikirlərimizi bölüşdürmək bizim üçün olduqca vacib bir məqamdır. Buna da vəsilə olan bu kitabdır. Professor bildirib ki, müasir dövrdə milli ideologiya çoxaspektli, dinamik və qlobal çağırışlara uyğunlaşan sistem kimi çıxış edir. Onun siyasi, sosial, mədəni, fəlsəfi və qlobal aspektləri dövlətin ideoloji əsaslarını möhkəmləndirir. Bu kontekstdə dövlət başçısının irəli sürdüyü yanaşmalar milli ideologiyanın elmi əsaslandırılmasını, praktik tətbiqini və milli maraqların qorunmasını prioritet istiqamət kimi müəyyən edir.

R.Aslanova qeyd edib ki, Azərbaycan 35 ildən artıqdır ki, müstəqillik dövrünə qədəm qoymuşdur. Bu tarixi mərhələ yalnız siyasi azadlığın əldə olunması ilə məhdudlaşmır, eyni zamanda yeni dövlətçilik şüurunun, milli ideologiyanın və müasir ictimai-fəlsəfi düşüncənin formalaşdığı mühüm bir dövr kimi qiymətləndirilir. Bu baxımdan qarşıda duran əsas vəzifələrdən biri də müstəqillik dövrünün “xəzinə tarixinin” — yəni zəngin dövlət quruculuğu təcrübəsinin, siyasi transformasiyaların, sosial-mədəni inkişaf proseslərinin və milli ideoloji sistemin elmi şəkildə yazılması və sistemləşdirilməsidir. Bu tarix təkcə hadisələrin xronologiyası deyil, həm də onların fəlsəfi mahiyyətinin açılması, səbəb-nəticə əlaqələrinin təhlili və ideoloji nəticələrinin müəyyən edilməsidir.

Tədbirdə f.e.d., professor Əli Abasov, f.e.d.,professor Əbülhəsən Abbasov, t.ü.f.d.Boran Əziz (BDU), f.e.d., professor Rəna Mirzəzadə, İnstitutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli, f.e.d. Füzuli Qurbanov, f.ü.f.d. Zaur Rəşidov, aparıcı elmi işçisi, dosent Ağasəlim Həsənov, t.e.d, dosent Nigar Gözəlova, elmi işçi Kamran Məmmədov kitab haqqında öz fikirlərini bölüşüblər.

Faiq Ələkbərli geniş və maraqlı fikir mübadiləsi, eləcədə xoş sözlər, faydalı tövsiyələr üçün təqdimat iştirakçılarına minnətdarlıq edib.