Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatı “Xankəndi-Şuşa turu” təşkil edib
18 iyul 2026-cı il tarixində Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatı “Şəhərsalma və Memarlıq İli” çərçivəsində işğaldan azad edilmiş şəhərlərdə bərpa və quruculuq işləri ilə yaxından tanış olmaq məqsədilə “Xankəndi-Şuşa turu” təşkil edib. Turda iştirak edən İnstitut əməkdaşları əvvəlcə Ağdam Cümə Məscidini, Ağdam Şəhidlər Xiyabanını və Əsgəran qalasını ziyarət ediblər.
Sonra İnstitut əməkdaşları Xankəndində aparılan quruculuq işləri ilə yaxından tanış olublar. Fəlsəfə və Sosiologiya İnstitutunun alim və tədqiqatçıları Qarabağ Universitetinin kitabxanası ilə yaxından tanış olub və öz kitablarını kitabxanaya hədiyyə ediblər.
Daha sonra İnstitut əməkdaşları Şuşa şəhərində aprılan təmir-quruculuq işləri ilə də yaxından tanış olaraq, Şuşa Bayraq meydanına, Güllələnmiş büstlərə, Molla Pənah Vaqifin məqbərəsinə baş çəkib, Yuxarı Gövhər Ağa Məscidini ziyarət ediblər. İnstitut əməkdaşları şəhər gəzintisi zamanı Şuşa qalası, Cıdır düzü, Xan qızı bulağı və İsa bulağını da ziyarət ediblər.



