01.09.2026, 10:25 - Baxış sayı: 7

Azərbaycan–Özbəkistan: “əbədi dostluğ”un 3 prinsipi


I MƏQALƏ

Müasir geosiyasət və əməkdaşlıq platformaları

Əksər müəlliflər müasir geosiyasi dinamikanın yeni əməkdaşlıq platformalarını motivə etdiyini yazırlar. İndi əməkdaşlıq platformalarının sayı az deyildir və təxmin etmək olar ki, bir müddət onların sayı azalmayacaq. Çünki dünya siyasəti bütövlükdə, yeni məzmun və dinamika alır. Ancaq bu mürəkkəb prosesdə dövlətlərin yaxın coğrafi məkanlarla daha sıx əlaqələr və makroregional əməkdaşlıq platformaları yaratmağa can atdıqları özünü göstərir. Türk dövlətlərinin bir-biri ilə müasir dövrün tələblərinə cavab verən səviyyədə əməkdaşlığa institusional aspektdə daha çox üstünlük vermələri bütün bunlara görə, təsadüfi deyildir.

Türk Dünyasının institusional birliyi məsələsi artıq vədlərdən praktiki reallaşma mərhələsinə qədəm qoymuşdur. Azərbaycan Prezidentinin son Naxçıvan səfəri zamanı verdiyi mesajlar bu baxımdan türk birliyinin fəlsəfəsini (və ya “konseptual şifrələri”ni) adekvat dərk etməyə təkan verir. Bu prizmada dövlət başçısının son Özbəkistan səfəri, orada imzalanan çoxsaylı əməkdaşlıq sənədləri və xüsusilə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” sənədi çox əhəmiyyətlidir.

Bu barədə KİV çox yazır. Azərbaycan–Özbəkistan münasibətlərinin təbiətini, mahiyyətini və dinamik gedişatını olduğu kimi dərk etmək üçün bu, çox lazımlıdır. Çünki həqiqi mənada iki qardaş ölkə arasında əlaqələrin xarakteri və mahiyyətində yeniliklər az deyildir.

Burada müasir geosiyasət üçün xarakterik olan çoxvektorluluq, multilaterallıq, multikulturallıq, Türk Dövlətləri Təşkilatının perspektivli inkişafına xidmət edən faktorlar, çoxqütblü dünya nizamına uyğunluq kimi mühüm məqamlar yer almışdır. Onlar kompleks halında türk dünyasının inteqrasiyası prizmasında da faydalı təcrübə təsiri bağışlayırlar.

Biz, hazırda dövlətlər arasında “əbədi dostluq” adlanan əməkdaşlıq platformasının fəlsəfi və geosiyasi aspektlərini nəzərdə tuturuq. Bu yeni siyasi əməkdaşlıq formulu əslində Azərbaycanla Türkiyənin münasibətlərində daha çox işlənən “qardaşlıq” anlayışı ilə sıx bağlıdır. Çünki faktiki olaraq Azərbaycanla Türkiyənin münasibətləri hansı anlamda “qardaşlıqdır”sa, Azərbaycanla Özbəkistan arasında münasibətlərin “əbədi dostluğu” da ona bənzər məzmun kəsb etməkdədir. Bu kontekstdə Şuşa Bəyannaməsi, Qarabağ Bəyannaməsi və “Əbədi Dostluq haqqında” Müqavilənin fəlsəfi və geosiyasi aspektlərdə müqayisəli semantik təhlili maraqlı olardı.

Azərbaycan-Özbəkistan əlaqələri vurğulanan özəlliklər prizmasında bir sıra maraqlı xüsusiyyətlərə malikdir. Onları izah etmək üçün müasir geosiyasətdə rast gəlinən “əbədi dostluq” əməkdaşlıq formulu üzərində dayanaq.

Müasir siyasətdə “əbədi dostluq”

Ümumi olaraq müasir siyasətdə “əbədi dostluq” dedikdə müsbət anlamda elə diplomatik anlayış nəzərdə tutulur ki, arxasında dövlətlərin praqmatik iqtisadi, nəqliyyat və geosiyasi maraqları dayanır. Bütövlükdə, hər bir əməkdaşlıq platformasında vurğulanan məqamlar nəzərə alınır. “Əbədi dostluğ”un onlardan fərqi uzunmüddətli strateji müttəfiqlik niyyətlərinin aparıcı yer tutması ilə bağlıdır. Eyni zamanda, strateji maraqların praktiki fəaliyyətdə real möhkəmliyi qarşılıqlı faydadan asılıdır. Belə alınır ki, “əbədi dostluğ”un siyasi anlamında müttəfiqlik niyyətləri və qarşılıqlı faydalılıq prinsipləri yüksək səviyyədə bir-biri ilə ahəngdar olmalıdırlar.

Ancaq vurğulanan bu xüsusiyyətlər də siyasətdə əbədi dostluğu təmin edən faktorları tam əhatə etmirlər. Burada çoxsaylı və müxtəlif təbiətli məqamlar strateji maraq və faydalılıqdan üstün səviyyədə mövcud olmalıdır. Əks halda, həmin münasibətlər siyasətdə dayanıqlı dostluq prinsipinə uyğun gəlmir. Həmin prizmada bir neçə əsas prinsipləri ayırmaq olar.

Birincisi, əbədi dostluq müqaviləsi müəyyən siyasi jestdir. Onun başlıca mənası liderlər və ölkələr arasında qarşılıqlı etimad və etibarlılığı yüksək formada möhkəmləndirməyin ali forması olması ilə bağlıdır. Qarşılıqlı etimad və etibarlılıq müasir geosiyasi təlimlərdə liderlik nümunəsində çox prinsipial uğur kimi izah edilir. Bir sıra araşdırmalarda isə bu keyfiyyətlər ilk sırada göstərilir. Çünki hüquq normaları və beynəlxalq institutların iş prinsiplərinin işləmədiyi bir dönəmdə liderin etimadı və etibarı münasibətlərdə əsas dayaqlardan biri kimi qəbul edilir.

Buradan əbədi dostluğun birinci əsas prinsipini ala bilərik. Əbədi dostluq siyasi anlamda liderlər arasında qarşılıqlı etimad və etibarın ölkələr arasında qarşılıqlı etimad və etibara elə proyeksiyasıdır ki, onu həm ali səviyyəyə yüksəldir (hüquqi, siyasi və mənəvi bağlılıq aspektlərində), həm də dövlətlərarası münasibətlərin inklüziv legitim faktoruna çevirir.

İkincisi, əbədi dostluqla bağlı imzalanan sənədlər hər şeydən öncə, gələcək birgə layihələr üçün hüquqi baza yaradırlar. Burada da başlıca fərqli xüsusiyyət həmin birgə layihələrin uzunmüddətli perspektivə qədər davam etməsinin təsbit olunmasıdır. Bütün hallarda birgə fəaliyyətin uzunmüddətli perspektiv üçün hüquqi qaydada nəzərə alınması çox əhəmiyyətlidir.

Üçüncüsü, siyasi və geosiyasi anlamda “əbədi dostluq” müqaviləsinin iştirakçıları dünyaya müəyyən mesajlar verirlər. Onun iki tərəfi vardır.

Əvvəla, müttəfiqlər dostluqlarında stabilliyi təmin edəcəklərini bəyan edirlər. Yəni onlar kənardan ola biləcək hər hansı pozucu fəaliyyətə uymayacaqlarını və onunla birgə mübarizə aparacaqlarını ifadə edirlər. Bu cür sabitlik müasir geosiyasətdə çox önəmli faktordur. Çünki təcrübə göstərir ki, əksər dövlətlər bu gün verdikləri vədlərə sabah əməl etmək istəmirlər. Bu da həm dövlətlər arasında münasibətləri qeyri-müəyyən və etibarsız edir, həm də bütövlükdə, qlobal miqyasda qarşılıqlı güvənsizlik, etimadsızlıq və etibarsızlıq mühitinin formalaşmasına yardımçı olur.

Bundan başqa, tərəflər regional təhlükəsizliyə ortaq baxış nümayiş etdirirlər. Ümumi halda təhlükəsizliyin arxitekturasına münasibətdə eyni vizyona malik olduqlarını bəyan edirlər. Bu da çox mühüm məqamdır, çünki müasir geosiyasətdə əməkdaşlıq sabitlik və regional təhlükəsizlik faktorları ilə sıx əlaqəlidir.

Vurğuladığımız ümumi prinsiplərdən daha konkret səviyyədə üç faktorun əhəmiyyətini görə bilərik. Birinci faktor iqtisadiyyatla bağlıdır. “Əbədi dostluq” ticarət dövriyyəsinin artımını, sərmayələri və ümumi biznesi ehtiva edir. İkinci faktor logistikaya aiddir. O, nəqliyyat dəhlizlərinin və ticarət yollarının inkişafını əhatə edir. Üçüncü faktor isə təhlükəsizliyin təminidir. Bura ümumi təhdidlərə cavablar və xarici siyasətin koordinasiyası daxildir.

Nəhayət, tədqiqatlarda bir mühüm geosiyasi məqama diqqət ayrılır. O, dünya siyasətinin güc balansı prinsipi üzərində qurulması ilə əlaqəlidir. Belə hesab edirlər ki, “əbədi dostluq” müqavilə iştirakçılarının həyati maraqları üst-üstə düşənə qədər davam edir. Ancaq bu iddianın tam doğru olduğunu demək çətindir. “Əbədi dostluğ”un siyasi anlamında bir əhəmiyyətli xüsusiyyət vardır ki, onun incə bir tərəfini unutmaq olmaz. Həmin məqam “əbədi” anlayışının zamanın xarakteristikası kimi semantik hüdudları ilə bağlıdır. Burada başlıca müəyyənedici prinsip həmin dostluğun hansı baza müddəa üzərində bərqərar olması ilə əlaqəlidir.

Əgər, əbədi dostluq geosiyasətdə güc balansına əsaslanırsa, o, “sonlu əbədidir”. Yəni zamanda, sürəkliliyi “sonlu əbədiliyə” qədərdir. Çünki əbədiliyi geosiyasi anlamı olan “güclərin balansı” anlayışının semantik və funksional hüdudlarından qaynaqlanır. Bu təməl “semantik sərhəd” pozulan kimi “əbədilik də yoxa çıxır”.

Deməli, siyasi kontekstdə əbədi elan edilən dostluq münasibətlərinin kökündə əslində qarşılıqlı faydalılıq prinsipi əsas yer tutur. O da həmişə konkret güc balansına əsaslanır. Balans pozulanda qarşılıqlı faydalılıq da zərər görür. Onun səbəbi strateji marağın dəyişməsi ola bilər.

Bu, əbədi dostluq nümunələrinin bütün hallarındamı belə olur? Azərbaycan–Özbəkistan nümunəsi göstərir ki, fərqli variantlar mümkündür.

Məsələnin bu tərəfinə keçmədən öncə, bir nümunəyə baxaq.

Çin–Tacikistan “əbədi dostluğ”u

Dünya siyasətində belə bir nümunə mövcuddur. 2026-cı ilin may ayında Tacikistan prezidenti İ.Rahmonun Çinə dövlət səfəri zamanı tərəflər 31 sənəd imzalamışlar. Onların sırasında əbədi dostluq haqqında müqavilə də vardır. Onun başlıca tezisi belədir: “Dostluq - əbədi, düşmənçilik – heç vaxt”! Ancaq ekspertlər bu “əbədiliyi” təhlil edərkən bir sıra maraqlı siyasi xüsusiyyətlərə diqqət edirlər.

Bu yanaşmanın təməlində Çinlə Tacikistanın çox fərqli dövlət reytinqlərinə malik olmaları dayanır. Buradan çıxış edərək sual verirlər: Tacikistanla “bədii dostluq” Çinin nəyinə lazımdır?” Bu məqamda strateji maraq və qarşılıqlı faydalılıq prinsipi önə çıxır. Çin İranla sıx strateji əlaqəsini təmin etmək üçün Tehrana yaxın olan Tacikistan faktorundan yararlanır. Aydındır ki, xüsusi geosiyasi marağa əsaslanan Pekin əbədi olaraq bu mövqedə olmaya bilər. Yəni uzunmüddətli perspektivdə tərəfdaşlıq hansısa məqamda qırıla bilər.

İndidən Əfqanıstan məsələsinin Pekinin Mərkəzi Asiya istiqamətində siyasətinə müəyyən düzəlişlər etməsini motivə etdiyi bildirilir. Bu, başlıca olaraq təhlükəsizlik cəhətinə aiddir. Çinin xarici siyasətində bu istiqamətdə transfromasiyada Tacikistanla “əbədi dostluq” formulunun nə dərəcədə təsirli olacağı məlum deyildir.

Bütövlükdə, Çin Mərkəzi Asiyanın rolunu yenidən dərk edir. Bunu Pekin regional və qlobal geosiyasi məkanda baş verən dəyişiklikləri nəzərə alaraq edir. Deməli, hansısa məqamda “əbədi dostluq” kontekstində yuxarıda vurğuladığımız münasibətlərdə sabitlik məsələsi pozula bilər. Buradan, bizcə, ekspertlər Tacikistan üçün Çindən asılılıq riskinin artmasından bəhs edirlər.

“Əbədi dostluğ”un 3 təməl prinsipi

Prezident İlham Əliyev müxtəlif çıxışlarında faktiki olaraq Azərbaycanla Özbəkistan arasında strateji müttəfiqliyə əsaslanan “əbədi dostluğ”un fəlsəfəsini üç prinsipin fonunda dəqiq ifadə etmişdir. Son olaraq Azərbaycan dövlət başçısı Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibədə həmin kontekstdə çox maraqlı, əsaslı və perspektivi yüksək olan prinsipial yanaşma nümayiş etdirmişdir. Təhlillər göstərir ki, Azərbaycan liderinin həmin müsahibədə irəli sürdüyü yığcam tezislər bütövlükdə, Türk Dünyasının inteqrasiyasının yeni mərhələsi üçün müəyyənedici ideyalar və prinsiplər kimi qəbul edilməlidir.

Öncə, bir məqamı mütləq vurğulamaq gərəkdir. Türk dövlətlərinin birliyi ideyasının bünövrəsində ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamı dayanır. Bu kəlam Azərbaycanla Türkiyənin münasibətlərinə aid olsa da, semantik əhatə dairəsi, məzmun zənginliyi və strateji məqsəd xüsusiyyəti bütövlükdə Türk Dünyasını əhatə edir.

Azərbaycan-Türkiyə münasibətlərinin fəlsəfəsi və ümumi ruhu “bir millət, iki dövlət”in timsalında öncə Şuşa Bəyannaməsində siyasi-hüquqi təsbitini tapdı, sonra onu genişləndirərək müstəqil türk dövlətlərinin münasibətlərinə aid olan Qarabağ Bəyannaməsini meydana gətirdi.

Bu sənədlərin funksional və semantik hüdudları fərqlidir. Şuşa Bəyannaməsi iki türk dövlətinin tarixi, siyasi, mənəvi, etnik, dini, kollektiv mövcudluq forması kimi qardaşlığının siyasi-hüquqi təsbitidirsə, Qarabağ Bəyannaməsi bu prosesin genişlənərək bütövlükdə, türk dövlətlərinə kompleks halında tətbiqinin nümunəsidir.

Bununla ulu öndər Heydər Əliyevin həmin məşhur və əbədi kəlamının semantik sahəsinin məna-funksiya-məqsəd “zənciri”ndə genişlənmə prosesinin uğurlu nümunəsini görürük. Həmin aspektdə Şuşa Bəyannaməsindən Qarabağ Bəyannaməsinə keçid “qardaşlıq” və “dostluğ”un iki türk dövlətinin münasibətlərinin siyasi-hüquqi hüdudlarını aşaraq, bütövlükdə türk dünyasına transformasiyasının ifadəçisi kimi qəbul edilə bilər. Vurğuladığımız bu xüsusiyyətləri “əbədi dostluğ”un birinci təməl prinsipi kimi qəbul etmək gərəkdir.

İkinci prinsip bu transformasiyanın fonunda olduqca əhəmiyyətli görünür. Çünki o, faktiki olaraq türk dövlətləri arasında münasibətlərin yeni mərhələdə inkişaf etməsinin ideya təməlini, feili olaraq isə aparıcı fəaliyyət prinsipini təşkil edir.

Prezident İlham Əliyevin Özbəkistanla bağlı vurğuladığı həmin prinsip aşağıdakı kimidir. Dövlət başçısı ifadə etmişdir: “İki qardaş ölkə – Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır. Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb”.

Bu prinsipial məqamın üzərində geniş dayanmaq zəruridir.

(ardı var)

Füzuli QURBANOV,
fəlsəfə elmləri doktoru

xalqqazeti.az

xalqqazeti.az

xalqqazeti.az