11.09.2026, 12:07 - Baxış sayı: 2

Faiq Ələkbərli Beynəlxalq Altay Topluluqları simpoziumunda məruzə edib


09-12 sentyabr 2026-cı il tarixində Bakı şəhərində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş XIV Beynəlxalq Altay topluluqları simpoziumu keçirilir. Simpozium öz işinə AMEA Mərkəzi Elmi Kitabxanasında davam etdirilir. Həmin simpoziumda AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Türk xalqları fəlsəfəsinin çağdaş dövrü: çağrılar və cavablar” mövzusunda məruzə edib.

Faiq Ələkbərli məruzəsində bildirib ki, hazırda “Türk fəlsəfəsi”, “Türk filosofu” anlayışları ilk növbədə və əsasən Türkiyə ilə məhdudlaşdırılır. Halbuki qədim dövr və orta çağda əsasən belə bir problem olmayıb. Yəni Türk xalqlarının mütəfəkkirləri hansı coğrafiyada və dövlətdə yaşmasından asılı olmayaraq Türk mütəfəkkiri, Türk bilgəsi kimi tanınmışdır. Ancaq hazırda müstəqil Türk dövlətlərində və müstəqil olmayan digər Türk xalqlarında “Türk fəlsəfəsi”, “Türk filosofu” anlayışları daha məhdud, milli-coğrafi (Azərbaycan filosofu, Qazax filosofu, Özbək filosofu, Tatar filosofu, Başqırd filosofu və b.) anlamda başa düşülür.Ona görə də, dəqiqləşdirilməlidir: Türk fəlsəfəsi ya da Türk xalqlarının fəlsəfəsi, Türk filosofu ya da Azərbaycan filosofu, Qazax filosofu, Türkmən filosofu və s. Bizcə, ən doğru, optimalı olanı Türk fəlsəfəsi və Türk filosofudur.

Faiq Ələkbərliyə görə, Türk fəlsəfəsi ya da Türk xalqlarının fəlsəfəsi ilə bağlı “Türk fəlsəfə tarixi”nə aid ortaq və ayrı-ayrılıqda nəşr olunmuş əsərlərin mövcudluğu məsələsi dəqiqləşməlidir: ” Türk xalqlarının təhsil sistemində (bakalavratura, magistratura, doktorantura) Türk fəlsəfəsinin, Türk fəlsəfə tarixinin tədrisi məsələsi və real vəziyyəti əsas məsələlərdən biridir. Eyni zamanda, “Türk xalqları fəlsəfə cəmiyyəti”nin yaradılması zərurəti vardır. Türk xalqları filosoflarının irsinin ortaq şəkildə araşdırılması, öyrənilməsi lazımdır”.

Beynəlxalq Altay Topluluqları simpoziumunda Türk dövlətlərindən (Türkiyə, Özbəkistan, Qazaxıstan, Azərbaycan, Qırğızıstan və b.) dünyanın bir çox ölkələrindən elm adamları, tədqiqatçılar iştirak ediblər.

wordpress.com