15.09.2026, 11:27 - Baxış sayı: 2

Professor İlham Məmmədzadə: Bakı zəfəri Azərbaycan–Türkiyə qardaşlığının tarixi ifadəsidir


1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi günü Azərbaycan tarixində yalnız hərbi qələbə kimi deyil, milli dövlətçilik iradəsinin, tarixi yaddaşın və Azərbaycan–Türkiyə qardaşlığının mühüm ifadəsi kimi xüsusi əhəmiyyət daşıyır.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə AZƏRTAC-a açıqlamasında bildirib ki, tarix yalnız keçmişdə baş vermiş hadisələrin ardıcıllığı deyil, həm də cəmiyyətin özünü dərk etməsinin, siyasi iradəsini formalaşdırmasının və gələcəyə münasibətinin müəyyənləşməsinin mühüm mənəvi-intellektual mənbəyidir.

Professor vurğulayıb ki, 1918-ci il sentyabrın 15-də Bakının azad edilməsi Azərbaycan tarixinin hərbi-siyasi hadisəsi olmaqla yanaşı, milli dövlətçilik düşüncəsinin və suverenlik iradəsinin tarixi ifadələrindən biridir. Həmin dövrdə Bakı Azərbaycan dövlətçiliyinin siyasi və iqtisadi mərkəzi olmaqla yanaşı, milli iradənin əsas təcəssüm məkanı idi. Buna görə də şəhərin azad edilməsi milli dövlət ideyasının real siyasi məkanda möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyırdı. İ.Məmmədzadə qeyd edib ki, 1918-ci ilin mürəkkəb geosiyasi şəraitində Azərbaycan Xalq Cümhuriyyətinin qarşısında duran əsas vəzifələrdən biri dövlət müstəqilliyinin qorunması və milli suverenliyin siyasi reallığa çevrilməsi idi. Fəlsəfi baxımdan burada mühüm məqam milli iradə ilə tarixi imkanın qarşılıqlı münasibətidir. Dövlətçilik yalnız hüquqi sənədlərin qəbul edilməsi ilə formalaşmır, onun davamlılığı üçün siyasi iradənin, milli şüurun və real dövlət məkanının vəhdəti zəruridir. Bakı zəfəri də bu vəhdətin tarixi ifadələrindən biri kimi qiymətləndirilə bilər. İnstitut direktoru hadisənin digər mühüm aspektinin müttəfiqlik və həmrəylik olduğunu vurğulayıb. Onun sözlərinə görə, müasir siyasi fəlsəfədə müttəfiqlik yalnız təhlükəsizlik və geosiyasi maraqların uzlaşdırılması deyil, eyni zamanda qarşılıqlı etimad, məsuliyyət və strateji həmrəylik münasibətidir.

Professor bildirib ki, Azərbaycan–Türkiyə münasibətlərinin müasir inkişafı tarixi qardaşlığın yeni siyasi, iqtisadi və intellektual məzmun qazanmasının nümunəsidir. Azərbaycan və Türkiyənin enerji, nəqliyyat, iqtisadiyyat və kommunikasiya sahələrində əməkdaşlığı iki ölkənin regional imkanlarını genişləndirir, daha geniş coğrafiyada yeni əlaqə məkanlarının formalaşmasına şərait yaradır. Elmi əməkdaşlığın da bu münasibətlərin mühüm istiqamətlərindən biri olduğunu deyən İ.Məmmədzadə qeyd edib ki, iki ölkənin elmi-tədqiqat müəssisələri, universitetləri və alimləri arasında əlaqələrin genişləndirilməsi yalnız akademik əməkdaşlıq deyil, həm də ortaq intellektual məkanın formalaşması baxımından strateji əhəmiyyət daşıyır. Xüsusilə fəlsəfə və sosial elmlər sahəsində əməkdaşlıq tarixi yaddaşın akademik düşüncə ilə əlaqələndirilməsinə xidmət edir.

İ.Məmmədzadə Azərbaycan–Türkiyə münasibətlərində qarşılıqlı dəstək və qarşılıqlı fayda prinsipinin də mühüm yer tutduğunu vurğulayıb. Qarabağ məsələsində Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək, Azərbaycanın isə enerji resursları və infrastrukturu vasitəsilə Türkiyəyə və regiona verdiyi töhfələr iki ölkə arasındakı münasibətlərin həm mənəvi-siyasi, həm də praktiki-iqtisadi məzmununu nümayiş etdirir.

“Bakı zəfərinin fəlsəfəsi keçmişin xatırlanması ilə məhdudlaşmır. Bu, tarixdən gələcəyə uzanan dövlətçilik düşüncəsidir. 1918-ci il 15 sentyabr milli iradənin və qardaşlıq həmrəyliyinin tarixi yaddaşda möhkəmləndiyi mühüm hadisə olmaqla yanaşı, Azərbaycan–Türkiyə münasibətlərinin sonrakı inkişafı üçün mənəvi-siyasi əsaslardan birini formalaşdırıb”, – deyə professor İlham Məmmədzadə bildirib.

Müxbir - Tünzalə Arazlı